Uğurlu gələcək proqramı

6000 gənc Oyunların keçirilməsində mühüm rol oynamaq imkanı qazanacaq, liderlik, təqdimat, ünsiyyət və ictimaiyyət qarşısında çıxış bacarıqlarını təkmilləşdirməyə yardım edən geniş təlim proqramından faydalanmaq imkanına malik olacaqlar

18 fevral  tarixində Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və BP Şirkətinin birgə tərəfdaşlığı ilə “Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramının açılışı baş tutdu.

Bir neçə treyninq modulundan ibarət  proqram Effektiv Kommunikasiya təlimi ilə başladı. Açılış təlimində Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov və BP şirkətinin vitse prezidenti Bəxtiyar Aslanbəyli də iştirak etdi.
Bəxtiyar Aslanbəyli dedi: "Biz Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının və “Uğurlu gələcək” Könüllülərin İnkişaf Proqramının həyata keçirilməsinə yardım edən tərəfdaş olmaqdan qürur duyuruq. Ölkəmizin həm beynəlxalq səviyyəli oyunların ev sahibi, həm də iştirakçısı kimi qazandığı böyük nailiyyətlərini görmək bizi sevindirir. Könüllülərin inkişafı proqramı gənclərə öz potensiallarını inkişaf etdirməyə şərait yaradacaq. Biz əminik ki, bu şəraiti yaratmaqla biz millətin parlaq gələcəyinin inkişafında yaxından iştirak edirik və biz bundan qürur duyuruq."
400 könüllü  “Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramı çərçivəsində “Effektiv Kommunikasiya” təlimi üçün qeydiyyatdan keçdi. Təlimin sonunda könüllülərə iştiraka dair sertifikat təqdim olunub. 

BP könüllülərə professional təlim proqramları keçməkdə davam edir.

İlk BP təlimini  BP-nin hökumətlə əlaqələr üzrə meneceri Rəşad Bayramov keçdi. O, təsirli ictimai  nitq barədə təqdimatla çıxış etdi. 

Bu günə qədər, BP-nin əməkdaşları müxtəlif mövzularda 13  təlim keçirmişlər.