Daha bir milli kadrımız yüksək beynəlxalq vəzifəyə təyin olunub

8 aprel 2019

BP Azərbaycan şirkəti böyük məmnuniyyətlə bildirir ki, hazırda Şahdəniz layihəsi, layların işlənməsi üzrə qrup rəhbəri olan Əfqan Hüseynov şirkətimizin Rusiyada layların işlənməsi üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub. O, 15 iyun 2019-cu il tarixindən etibarən öz vəzifəsini icra etməyə başlayacaq.

Həmin vəzifəsində Əfqan BP Rusiya şirkətinin Rosneft şirkətində 19,75% iştirak payımızı əhatə edən bütün yataqların işlənməsi fəaliyyətinə və operator olmadığımız birgə müəssisə fəaliyyətlərinə görə cavabdeh olacaq. O, BP Rusiya şirkətində layların işlənməsi sektorunun rəhbərinə və Apstrim seqmenti üzrə birinci vitse-prezidentə tabe olacaq. Əfqan layların işlənməsi üzrə geniş tərkibli rəhbərlik qrupunun və BP Rusiya şirkətinin rəhbərlik qrupunun üzvü olacaq.

Əfqanın geologiya-geofizika sahəsində 15 ildən çox iş təcrübəsi var. O, Birləşmiş Krallıq, Azərbaycan və İraqda müxtəlif rəhbər və texniki vəzifələrdə işləmişdir. Ən son vəzifəsində Əfqan Şahdəniz yatağının tammiqyaslı işlənməsi çərçivəsində lay-kollektorun idarə olunması qrupunun rəhbəri, ondan əvvəl isə BP-nin Yaxın Şərq biznes bölümündə əsasən İraqdakı Rumaila yatağı üzrə fəaliyyət göstərməklə yeni quyuların təhvil verilməsi üzrə menecer olub.  

Əfqan Azərbaycan Dövlət Neft Akademiyasını (Bakı) mühəndis-geoloq ixtisası üzrə bakalavr dərəcəsi və Yaxın Şərq Texniki Universitetini (Ankara) geoloji mühəndislik üzrə magistr dərəcəsi ilə bitirmişdir. O, həmçinin BP-nin sponsorluğu ilə Stənford Universitetinin Ali Biznes Məktəbinin Londonda təşkil olunmuş Sahibkarlıq Proqramını bitirmişdir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Əfqan bizim regiondakı biznesimizin uğuruna böyük töhfələr verib, bunun üçün ona çox təşəkkür edirik. Peşəkar azərbaycanlı kadrların belə yüksək beynəlxalq vəzifələrə təyin olunması hallarının artması çox sevindirici haldır. “Əfqana BP-dəki davamlı karyerasında yeni uğurlar diləyirik!”