Bizim idmançılarımız

BP öz xüsusi nümayəndələri kimi seçdiyi altı Azərbaycan idmançısının həm Bakı 2015 Oyunlarına hazırlığını, həm də oyunlarda iştirakını dəstəkləyir

Fəridə Əzizova

BP şirkətinin xüsusi nümayəndəsi seçilmiş  yeganə xanım  idmançı Fəridə Əzizova 6 iyun 1995-ci il tarixində Azərbaycanın Qusar rayonunda anadan olub. Taekvondo ilə yeddi yaşından məşğul olmağa başlayıb. 

Onun karyerası çox sürətlə irəliləyib və 12 yaşınadək o, 2008-ci ildə Türkiyədə gənclər arasında Dünya çempionatında bürünc medal qazanıb. Növbəti il o, gənclər arasında Avropa çempionatında qızıl medal, yeniyetmələr arasında Avropa çempionatında isə bürünc medal qazanıb. 2011-ci ildə daha yaşlılar arasındakı yarışlarda iştirak etməklə Fəridə beynəlxalq turnirlərdə iki qızıl medal qazanıb.

2011-ci ildə Bakıda taekvondo üzrə olimpiadaya hazırlıq oyunlarında ikinci yeri tutduqdan sonra o, London Oyunlarına vəsiqə qazanıb. Hələ 17 yaşında olarkən o, ölkə tarixində ən gənc olimpiyaçı və Azərbaycanı taekvondo üzrə beynəlxalq Olimpiya yarışlarında təmsil edən ilk xanım idmançı olub.

London 2012 Oyunlarında BP şirkətinin xüsusi nümayəndəsi  olan idmançı deyir ki, London Oyunlarında böyük təcrübə əldə edib və çox inanır ki, BP şirkətinin dəstəyi ilə öz vətənində müvəffəqiyyət qazanacaq.

Elxan Məmmədov

Azərbaycandan cüdo üzrə yeganə dünya çempionu və BP şirkətinin xüsusi nümayəndəsi olan Elxan Məmmədov 26 fevral 1982-ci il tarixində Azərbaycanın Bakı şəhərində anadan olub.

2013-cü ildə o, Rio de Janeyro şəhərində keçirilən Dünya Çempionatı zamanı 100 kq-dək çəki kateqoriyasındakı final görüşündə Niderlandlı Henk Qrolu məğlub edərək qızıl medal qazanıb. Daha bir qızıl medalı o, 2011-ci ildə Beynəlxalq Cüdo Federasiyasının himayəsi ilə Bakıda keçirilən "World Masters" turnirində qazanıb.

Elxan 2008-2010-cu illərdə keçirilmiş Dünya və Avropa Çempionatlarında bir gümüş və üç bürünc medal qazanıb.

O, idmançıların BP şirkəti ilə tərəfdaşlığı barədə öyrənəndə çox şad olub. Həmin xəbər onu özünü dəyərli hiss etməyə və qarşıda duran çətinliyə daha məsuliyyətlə yanaşmağa sövq edib.

Hacı Əliyev

Avropa və Dünya çempionatlarında iki dəfə qızıl medal qazanmış və BP şirkətinin xüsusi nümayəndəsi olan Hacı Əliyev 21 aprel 1991-ci ildə Naxçıvanda anadan olub. O, sərbəst güləş növü ilə məşğul olur.

2014-cü ildə o, güləş üzrə Avropa çempionatında 61 kq çəki kateqoriyasında iştirak edib və Rusiya güləşçisini məğlub etdikdən sonra qızıl medal qazanıb. 2014-cü ildə güləş üzrə keçirilən dünya çempionatında Hacı sərbəst güləş üzrə 61 kq çəki kateqoriyasında daha bir qızıl medal əldə edib.

O, qarşıdan gələn Avropa Oyunlarını böyük həvəslə gözləyir və Oyunlar zamanı daha bir qızıl medal qazanacağına inanır.

Hacı hesab edir ki, BP şirkəti idmançıların səylərini və gərgin əməyini dəyərləndirməklə və onları dəstəkləməklə gözəl bir iş görür.

İlham Zəkiyev

Azərbaycanın paralimpiya hərəkatının siması və BP-nin xüsusi nümayəndəsi seçilmiş çoxsaylı medal sahibi İlham Zəkiyev 3 mart 1980-ci il tarixində Azərbaycanın Sumqayıt şəhərində anadan olub. 18 yaşında o, vətəninin düşmənlərinə qarşı vuruşmaq üçün orduya gedib və 1999-cu ilin fevral ayında döyüş tapşırığını yerinə yetirərkən erməni snayperinin açdığı atəş nəticəsində yaralanıb və görmə qabiliyyətini tamamilə itirib. Uzunmüddətli müalicədən sonra o, idmana qayıda bilib, amma yalnız paralimpiya oyunlarında iştirak edir.

O, 6-cı dan qara kəmər sahibidir. O, 2004-cü ildə Afinada və 2008-ci ildə Pekində keçirilmiş Paralimpiya Oyunlarında 100kq-dan artıq çəki kateqoriyasında qızıl medallar qazanıb. O, 5-qat Avropa çempionu və 2-qat dünya çempionudur.

2008-ci ildə o, Azərbaycan idmanının inkişafına verdiyi böyük töhfəsinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

O, London 2012 Oyunlarında BP şirkətinin xüsusi nümayəndəsi olub və Azərbaycana bürünc medal ilə qayıdıb.

İlham üçün bu, tarixi bir hadisədir. O, Azərbaycanın bu Oyunlara ev sahibliyi etməsindən fərəh hissi duyur və Oyunlar zamanı öz ölkəsini təmsil edəcəyinə görə fəxr edir.

Uluxan Musayev

Bir neçə qızıl medal qazanmış və BP şirkətinin xüsusi nümayəndəsi olan Uluxan Musayev 30 may 1979-cu il tarixində Azərbaycanın Balakən rayonunda anadan olub.

O, öz idman karyerasına ağırlıq qaldırma ilə başlayıb, amma 2007-ci ildə sol qolundan travma alandan sonra bu idman növünü tərk edib. Daha sonra o, nüvə itələmə ilə məşğul olub.

Qısa bir müddət sonra o, Tailandda keçirilən dünya turnirində qalib gələrək uğur qazanıb, amma həmin ilin sonunda əlindən daha bir travma alıb. Buna baxmayaraq o, 2008-ci ildə Pekində keçirilən Paralimpiya Oyunlarında iştirak edib və orada yeni dünya rekordu müəyyən edərək qızıl medal qazanıb. Bundan sonra Uluxan 2009-cu və 2011-ci illərdə keçirilən Dünya Çempionatlarında birinci yerləri tutub.

O, 2014-cü ildə Beynəlxalq Paralimpiya Komitəsinin himayəsi ilə Suonsi şəhərində yüngül atletika üzrə keçirilən Avropa Çempionatında qızıl medal qazanıb.

O inanır ki, uğur qazanmaq üçün idmançı həmişə öz ailəsi, dostları və yaxınlarının dəstəyinə arxalanmalıdır. Uluxan BP şirkəti ilə 2011-ci ildən əməkdaşlıq edir. Həmin il o da BP şirkətinin xüsusi nümayəndəsi olub. Uluxan BP şirkətini öz ailəsinin bir hissəsi hesab edir. Onun fikrincə, BP şirkəti hər bir idmançıya böyük önəm verir.

Oleg Panyutin

BP şirkətinin xüsusi nümayəndəsi olan,  çoxsaylı qızıl medalların sahibi Oleq Panyutin 10 may 1983-cü il tarixində Bakı şəhərində anadan olub. 2004-cü ildə Afinada keçirilən Paralimpiya Oyunlarında o, uzunluğa tullanma üzrə yeni dünya rekordu müəyyən edib və qızıl medal qazanıb.

2005-ci ildə o, həm Avropa, həm də Açıq Avropa çempionatlarında qızıl medallar əldə edib. Ciddi travmasına baxmayaraq, Oleq milli və beynəlxalq səviyyədə müvəffəqiyyət qazanıb. 2008-ci ildə travmasından hələ də əziyyət çəkən Oleq ikinci dəfə Paralimpiya yarışlarında iştirak edib. Aldığı travmaya görə o, tam potensialına nail ola bilməyib, amma yenə də bürünc medal əldə etməyə müvəffəq olub. 2009-cu ildə o, uzunluğa tullanma yarışlarında qızıl, üç təkanla tullanma yarışlarında isə gümüş medala layiq görülüb. İtaliyada keçirilmiş Açıq Çempionatda o, eyni nəticələri nümayiş etdirib.

2012-ci ildə Londonda BP şirkətinin xüsusi nümayəndəsi olarkən, Oleq uzunluğa tullanma üzrə qızıl medal qazanıb.

BP tərəfindən Oleqə verilən dəstək digər şirkətlərin də Azərbaycanda və bütün dünyada idman növlərinə sponsorluq etməyə cəlb olunması üçün gözəl bir nümunədir.