Səngəçal terminalı

Dənizdən gələn nefti və qazı ixracdan əvvəl quruda texnoloji emaldan keçirən bir mərkəz haqqında ətraflı məlumat alın.

Səngəçal terminalı

Əsas faktlar

  • Sahəsi: Təxminən 550 hektar
  • Yerləşdiyi ərazi: Bakıdan 55 km cənubda, Qaradağ rayonu
  • Texnoloji emal gücü: gün ərzində 1,2 milyon barel neft və 49,3 milyon kubmetr qaz
  • Maksimum tutumu: təxminən 4 milyon barel
  • İşlək tutumu: təxminən 3,2 milyon barel
Bakıdan 55 km cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində həyati əhəmiyyətə malik obyektlərdən biridir.

Terminal Xəzər hövzəsində BP tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil edilən xam nefti və qazı qəbul etmək, texnoloji emaldan keçirmək, saxlamaq, ixrac etmək üçün nəzərdə tutulub və genişləndirilmək imkanı var. Terminala neft və qazı texnoloji emal edən qurğular, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin birinci nasos stansiyası, Cənubi Qafqaz boru kəmərinin (CQBK) kompressor stansiyası və digər qurğular daxildir. 

Dənizdəki qurğulardan terminala səkkiz müxtəlif boru kəməri daxil olur və terminaldan da səkkiz boru kəməri çıxır. Onlar müxtəlif marşrutlara istiqamətlənməklə yüksək keyfiyyətli Azərbaycan xam neftini və qazını dünya bazarlarına nəql edir. Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistandan daxil olan üçüncü tərəfə aid nefti də qəbul edir.

Səngəçal terminalı təxminən 550 hektar bir ərazini əhatə edir və bu onu dünyanın ən böyük neft və qaz terminallarından biri edir. Terminal iki əsas hissədən ibarətdir: İlkin Neft Layihəsi (İNL) və Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP). 

Terminalın İNL hissəsi Xəzərdəki Çıraq dəniz yatağından hasil edilən nefti texnoloji emaldan keçirmək, anbarlarda toplamaq və ixrac etmək üçün inşa edilmişdir. İNL terminalında hər birinin tutumu 25 500 barel olan 4 ədəd xam neft saxlama çəni var və terminal ildə 6 milyon tondan artıq xam nefti texnoloji emaldan keçirə, anbarlarda saxlaya və ixrac edə bilir. 

Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP) terminalın bir hissəsidir və o, Azəri-Çıraq-Günəşli yatağının Azəri və Dərinsulu Günəşli hissələrindən hasil olunan nefti və Şahdəniz yatağından hasil edilən qazı qəbul etmək, anbarlarda saxlamaq və texnoloji emaldan keçirmək üçün genişləndirilmişdir. Terminalda hər birinin tutumu 880 000 barel olan 3 xam neft çəni də daxil olmaqla bir sıra qurğular vardır. 

Səngəçal terminalında eləcə də BTC boru kəməri üçün çox mühüm iki qurğu vardır: əsas nasos stansiyası və dipetçer otağı. Dispetçer otağı  bütün boru kəmərinə nəzarət edir, problemləri aşkara çıxara bilir və hər üç ölkədə boru kəmərinin lazımi hissələrini təcrid edə bilir və  ya fövqəladə halda qurğunun işini dayandırır. 

Terminalın operatoru BP şirkətidir.

2018-ci ilin 1-ci yarısı ərzində AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 32 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 milyon standart kubmetrdir. 

İlin ilk iki rübü ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 141 milyon bareldən çox neft və kondensat, o cümlədən təqribən 124 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 16 milyon bareldən çox Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1 milyon barelə yaxın ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac etmişdir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

6 ay ərzində terminaldan həmçinin gündəlik orta hesabla 27 milyon standart kub metr (963 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.

Səngəçal terminalının genişləndirilməsi

Şahdəniz Mərhələ 2 çərçivəsində Səngəçal terminalında əsas genişləndirilmə aparılır. Bu genişləndirmə terminalın demək olar ki, ümumi qaz emalı həcminin üç misli qədər, yəni ildə əlavə 16 milyard kubmetr qaz emal etməsinə imkan verəcək və terminalın Azərbaycanın neft-qaz sənayesi üçün əhəmiyyətini daha da artıracaq. 

Səngəçal terminalının genişləndirilməsi ilə bağlı videoya baxın

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...