Şahdəniz Alfa platforması

Bugün, bütün dünyanın diqqəti Şahdəniz layihəsinin 2-ci mərhələsi üzərində cəmləndiyi bir vaxtda mövcud "Şahdəniz Alfa" platforması tam gücü ilə işləməyə davam edir. Həmin dəniz platformasında gündəlik 966 milyon kub fut qaz hasil edilir. O, 500 gündən çox dayandırılmadan fasiləsiz işləmiş və həmin müddətdə əməyin təhlükəsizliyi baxımından heç bir mühüm problem baş verməmişdir. Turxan Əhməd bunları həyata keçirən insanların bəziləri ilə söhbətləşmək üçün sözügedən platformaya səfər etmişdir.

İdarəetmə otağının texniki Etibar Zülfüqarov qurğuda işləyən təxminən 150 nəfərdən biridir. O, çox vacib işlə məşğul olur. Çoxsaylı monitorlar və çoxfunskiyalı düymələr (o cümlədən qəza halında dayandırma sistemi) ilə təchiz edilmiş böyük bir panelin qarşısında oturan operatorun vəzifəsi platformanın hər bir elementinin gecə-gündüz işləməsini və qazın quyulardan Səngəçal terminalına təhlükəsiz hərəkətini təmin etməkdən ibarətdir.

Bu, bacarıq və təcrübə, eləcə də yüksək diqqət və ən xırda dəyişiklikləri sezmə qabiliyyəti tələb edən işlərdəndir. Platformada yeddi il işləyən Etibar deyir, ""Konkret olaraq, biz, quyu parametrlərinin qəbul olunmuş səviyyə və ya məhdudiyyətləri aşmamasını təmin etməliyik." Ona görə də, Etibar və onunla çiyin-çiyinə işləyən həmkarları bütün tədbirlərin razılaşdırılması, həmçinin bütün qayda və prosedurlara riayət olunmasını təmin etmək məqsədilə terminal ilə daim əlaqədədirlər. Hər hansı dəyişiklik işə başlamazdan əvvəl terminal ilə  razılaşdırılır.

Sözügedən vəzifənin əhəmiyyətini başa düşmək üçün, terminalda müəyyən texniki və ya kommersiya xarakterli səbəbdən qazın nəqlində məhdudiyyət yarandığını təsəvvür edin. Hər hansı fəsadın qarşısını almaq üçün quyunu tədricən bağlamaq və quyu təzyiqlərini idarə etmək məqsədilə müvafiq düymələri basan məhz "Şahdəniz Alfa" platformasındakı idarəetmə otağının texnikləri olacaq.

Quyuların mühafizəsi

İdarəetmə otağının texnikləri tərəfindən yerinə yetirilən vacib işlərdən biri də qoruyucu kəmərlər və bilavasitə onların ətrafındakı avadanlıqlar arasındakı həlqəvi fəzada təzyiqi idarə etməkdir. Şahdəniz yatağında istismarda olan altı quyu üzrə üç halqa var. Quyu borularının və ya avadanlıqlarının sıradan çıxmasına yol verməmək üçün həmin həlqəvi fəzalardakı flüid təzyiqi dəqiq tənzimlənməlidir.Hər bir həlqəvi fəzanın təhlükəsiz istismar təzyiqi hədləri var və təcrübəli idarəetmə otağı texnikinin vəzifəsi quyunun zədələnməsinə və ya gələcək hasilatda zərərə yol verməmək üçün təzyiqləri tənzimləməkdir.

Platformada əsas risk quyunun bütövlüyünün pozulması nəticəsində quyu üzərində nəzarətin itirilməsidir. "Şahdəniz Alfa" platformasında quyuların bütövlüyü ilə bağlı mühüm proseslərə əməliyyatlar üzrə növbə rəhbərləri nəzarət edir. İdarəetmə otağındakı monitorlarda əks etdirilən diaqramlara baxmaqla, əməliyyatlar üzrə növbə rəhbəri quyunun razılaşdırılmış parametrlər çərçivəsində işləməsini və hər hansı müdaxilənin səriştəli texnik tərəfindən aparılmasını təmin edir. Əgər quyu həddən artıq tez açılarsa bu, həlqəvi fəzada və ya quyu içərisində potensial problemlərə  işarədir. Məhz həmin zaman idarəetmə otağının texniki əməliyyatlar üzrə növbə rəhbərinin göstərişlərinə uyğun olaraq hərəkət etməlidir.İdarəetmə otağının bütün texnikləri, eləcə də platformadakı hər bir kəs üçün, qeyri-müntəzəm şəkildə  icra olunan  işlər risklərin qiymətləndirilməsindən başlanır. Prosesin və ya işçilərin təhlükəsizliyini riskə məruz qoyan hallara yol verilmir. Kəskin səslənə bilər, amma Şahdəniz platformasında dəniz qurğusu üzrə menecer Con Redpatın sözlərinə görə, platformanın müvəffəqiyyətini məhz bu təmin edir. "Platformada bir sıra yüksək risklər var. Biz həmişə hazır vəziyyətdə olmalıyıq."

Risklərin idarə edilməsi

Şahdəniz platformasında əsas risklərdən biri quyu növləri və onların idarə edilməsi ilə bağlıdır. Ötən üç il ərzində Şahdəniz heyəti quyuları təhlükəsiz idarə etmək məqsədilə dəqiq və etibarlı sistem yaratmaq üçün çox iş görmüşdür. Con hesab edir ki, ən böyük problem quyulardakı həlqəvi fəza təzyiqidir. "Quyulardakı həlqəvi fəzada təzyiqi idarə etmək üçün biz indi olduqca intensiv bir proqram həyata keçirməkdəyik", o deyir.

Həmin fəaliyyət çərçivəsində heyət qoşa imza metodu işləyib hazırlamışdır. Texniklərdən biri prosedura riayət edir, ikincisi isə prosedurlara əməl edildiyini göstərmək üçün möhürü imzalayır. "Bu o deməkdir ki, texniklər həlqəvi fəzadakı təzyiqi ikilikdə artırır və ya azaldır. Onların hər ikisi səriştəli olmalıdır," Con deyir. "Biz, heyətin hər bir üzvünün lazımi səriştəyə malik olmasını təmin edirik." Həmin qoşa imza prosesi 2012-ci ildə aparılmış audit zamanı BP şirkətlər qrupunun əməyin təhlükəsizliyi və əməliyyat riskləri (ƏTvəƏR) departamenti tərəfindən təqdirəlayiq və ƏTvəƏR departamentinin dünyada gördüyü ən etibarlı sistemlərdən biri hesab edilmişdir.

2012-ci ildə platformanın ötürücülük qabiliyyəti artırıldıqdan sonra vibrasiya daha bir problemə çevrilmişdir. Həmin hal əsas etibarilə quyulardan çıxan boru sisteminə mənfi təsir göstərir. Onun təsir miqyasını başa düşmək məqsədilə, platforma heyəti quyular, axın xətləri və əlaqədar avadanlıq üzərində vibrasiya monitorinqi üzrə dəqiq bir proqram həyata keçirmişdir.

Riskləri minimuma endirmək və vibrasiyanı azaltmaq üçün, təsirə məruz qalmış axın xətlərində bəzi modifikasiyalar edilmişdir. Eyni zamanda, Şahdəniz heyəti vibrasiyanın davamlı monitorinqi proqramını işləyib hazırlamışdır. Həmin proqram quruda həyata keçirilir. Monitorinq təlim keçmiş əməkdaşlar tərəfindən aparılır. Onlar sahəyə çıxır, vibrasiyanı əl cihazları ilə fiziki olaraq yoxlayır, sonra məlumatları kompüterə yükləyir və rəylərini/nəticələrini sahilə göndərir.

Platformada ciddi monitorinqin aparılmasını tələb edən əsas risklərdən biri də  ultrabənövşəyi şüaların təsirindən keyfiyyətin pisləşməsi və yanğına müqavimət səbəbindən kabellərin izolyasiyasında meydana çıxan problemlərdir. Yeddi il fasiləsiz istifadədən sonra Alfa platformasındakı kabellərin standarta uyğun olmadığı müəyyən edilmişdir. Conun sözlərinə görə, bu halda risk amili yüksəkdir, çünki əgər qaz  sızması zamanı kabellərdən biri qığılcım yarada biləcək həddə qədər köhnəlmiş olarsa, partlayış baş verə bilər. "Platformada təhlükəsizlik baxımdan mühüm olan zədələnmiş kabelləri 2016-cı ilin birinci rübünədək sistemli şəkildə dəyişmək üçün planımız var," Con deyir.

İntensiv təlimlər

Şahdəniz platformasının rəhbərliyi qurğuda fəaliyyət göstəricilərini yaxşılaşdırmaq üçün də davamlı işlər görür. İstiqamətlərdən biri əməkdaşların təlim və inkişafına böyük həcmdə investisiyanın yatırılmasıdır.  "Təlim məsələsinə sistemli və fərdi yanaşmamız var," Şahdəniz platformasında Əməliyyatlar üzrə qrup rəhbəri Nadir Əfəndiyev deyir.

Əməkdaşların bacarıqlarını və fəaliyyət göstəricilərini yaxşılaşdırmaq üçün platformanın rəhbərliyi effektiv təlim vasitələri tətbiq edir. Nadirin sözlərinə görə, işdən ayrılmadan aparılan praktiki təlim yeni konsepsiya və ideyaların aşılanması üçün özünü ən səmərəli üsul kimi doğrultmuşdur. "Həmin təlim, kurs iştirakçılarının tam təlim keçdikdən sonra istifadə edəcəkləri faktiki alət və vasitələr, avadanlıq, sənəd və ya materialların istifadəsilə  adi iş şəraitində aparılır," deyə o, izah edir. Buna misal olaraq, Şahdəniz platformasındakı təlimatçılar tərəfindən hazırlanmış "qərarların qəbul edilməsi ardıcıllığı"nın mənimsənilməsini qeyd etmək olar. Həmin vasitə Şahdəniz platformasında quyuların idarə edilməsi üçün "quyu istismarı sxemi" təlimatına əsaslanır və quyular ilə bağlı hər hansı problemə dair əvvəlki dövrlərə aid məlumatları,  məsələn, həlqəvi fəzanın idarə edilməsi və ya hər hansı həlqəvi fəzada baş vermiş sızma barədə məlumatları ehtiva edir. "Əgər quyuda hər hansı problem olarsa, qərarların qəbul edilmə ardıcıllığı quyunu lazımi şəkildə qiymətləndirməyimizə və müvafiq qaydada hərəkət etməyimizə imkan verir," Nadir deyir. "Əgər işçiləriniz tam səriştəlidirsə, işi daha asan və təhlükəsiz yerinə yetirmək mümkündür."

Təlim proqramının birinci bölümü ərzində işçilər müzakirələrdə və qərarların qəbulu prosesində iştirak etməklə və quyuların idarə edilməsinin incəliklərini mənimsəməklə ofis təcrübəsi qazanırlar. İkinci, praktiki hissə çərçivəsində isə işçilər təzyiqin artırılması prosesini fiziki olaraq təcrübədən keçirir, həlqəvi fəzaya MEQ adlandırılan, donma və korroziya əleyhinə vasitə yerləşdirməklə həlqəvi fəzada təzyiqi artırmağın yollarını  mənimsəyirlər. Onlar həmçinin həlqəvi fəzadakı təzyiqi münasib həddə qədər azaltmaqla yığılmış enerjini boşaltmağı öyrənirlər.

Platformaya nisbətən yeni gəlmiş hasilat üzrə texnik Vüqar İsmayılov həftəlik qərar qəbuletmə məşğələlərinin bir neçəsində iştirak etmişdir və özünü indi daha inamlı hiss edir. "Təlim quyunun işləməsini daha dərindən başa düşməyimizə kömək edir və hər hansı problemli vəziyyətdə konkret tədbirin yerinə yetirilməsinə imkan verir", o, deyir.

Bugün, bu cür sistematik təlim və fərdi inkişaf sayəsində, quyunun istismarının dayandırılmasına başlamaq və ya yol verilən hədlərə qədər istismarı davam etdirmək barədə qərarı yalnız dəniz qurğusu üzrə menecer və əməliyyatlar üzrə qrup rəhbəri qəbul etmir. Son nəticədə yüksək səviyyəli əməliyyat qərarının qəbulunda idarəetmə otağının texniki də iştirak edə bilər.