2009-cu ilin yekunları və 2010-cu il üçün planlar

23 fevral 2010

Biznes əməliyyatları haqqında bu məlumat AÇG yatağı və BP Exploration (Shah Deniz) Limited şirkətinin əməliyyatçısı kimi, həmçinin Şahdəniz yatağının, Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin və Cənubi Qafqaz Boru Kəməri şirkətinin əməliyyatçısı kimi BP Exploration (Caspian Sea) Limited şirkəti tərəfindən, bu qurumların hər biri öz layihəsinə aid məlumatı təmin etməklə və öz layihəsinə tətbiq edilən açıqlamaları verməklə, mətbuata açıqlanan birgə pres relizdir. 

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 34,1%), Şevron (10,2%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İTOÇU (3,9%), Hess (2,7%).

2009-cu il ərzində AÇG layihəsinə $659 milyon əməliyyat məsrəfləri və $1 milyard 51 milyon əsaslı məsrəflər xərclənmişdir. 

2010-cu ildə AÇG fəaliyyətləri üzrə əməliyyat məsrəflərinin $587 milyon və əsaslı məsrəflərin $1 milyard 584 milyon olacağı planlaşdıırılır. 

Hasilat 

2009-cu il ərzində biz Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından ümumilikdə gündə orta hesabla 817,700 barel (b/g) (bütün il üçün 298 milyon bareldən və yaxud 40.3 milyon tondan artıq) neft hasil etmişik. 

2010-cu il üçün plan beş platformadan ümümilikdə gündə orta hesabla 854,000 barel (b/g) (bütün il üçün 42.1 milyon ton) neft hasil etməkdir. Platformalar üzrə bu hasilatın gündəlik orta hesabla 90,900 b/g-nü Çıraq, 184,200 b/g-nü Mərkəzi Azəri, 285,700 b/g-nü Qərbi Azəri, 158,100 b/g-nü Şərqi Azəri və 135,100 b/g-nü Dərinsulu Günəşli platformasının payına düşür. 

2009-cu ilin sonunda: 

Çıraqda 19 quyu istismarda idi (13 hasilat və 6 suvurma quyusu) və bütün il ərzində oradan orta hesabla gündə təxminən 106,100 barel neft hasil edilmişdir. 

Mərkəzi Azəridə (MA) 16 quyu istismarda idi (12 hasilat və 4 qaz injektor quyusu) və bütün il ərzində oradan gündə orta hesabla 190,800 barel hasilat əldə edilmişdir. 

Qərbi Azəridə (QA) 19 quyu istismarda idi (14 hasilat və 5 suvurma quyusu) və bütün il ərzində oradan gündəlik orta hesabla təxminən 268,400 barel hasilat əldə edilmişdir. 
Şərqi Azəridə (ŞA) 13 quyu istismarda idi (9 hasilat və 4 suvurma quyusu) və il ərzində oradan gündəlik orta hesabla təxminən 135,800 barel hasilat əldə edilmişdir. 

Dərinsulu Günəşlidə (DərSG) 20 quyu istismarda idi (11 hasilat və 9 suvurma quyusu) və il ərzində oradan gündəlik orta hesabla təxminən 116,600 barel hasilat əldə edilmişdir. 

Səmt qazı 

AÇG yatağının operatoru olaraq BP 2009-cu ildə üç platformadan (MA, QA və ŞA platformalarından) səmt qazının 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. 

AÇG platformalarından hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə MA-dakı kompressor və suvurma platformasına (KSVP) göndərilmişdir. Hal-hazırda Mərkəzi Azəridə dörd quyudan laya qaz vurma əməliyyatları davam edir. 

2009-cu il ərzində biz ARDNŞ-yə gündə təxminən 377.5 milyon standart kub fut (10.7 milyon kub metr) AÇG səmt qazı vermişik. 2009-cu il üçün ARDNŞ-yə təhvil veriləsi səmt qazı planımızın ən azı 1.45 milyard kub metr olmasına rəğmən bütün il ərzində təqribən 4 milyard kub metr qaz çatdırmaqla bu rəqəmi üstələmişik. 

2010-cu ildə biz ARDNŞ-yə AÇG əməliyyatlarından 1.9 milyard kub metr səmt qazı çatdırmağı planlaşdırırıq. 
Qazma 

Çıraq: 2009-cu ilin aprel ayında biz A12v hasilat quyusunu, iyul ayında isə daha bir yanaqazma hasilat quyusunu - A20z-i tamamladıq. Hazırda A-08x yanaqazma quyusunu başa çatdırmaq üzərində işləyirik, sonra isə daha bir quyulara müdaxilə proqramı həyata keçirəcək və A-22 hasilat quyusunu qazacağıq. 2010-cu il üçün planlarımıza həmçinin A-07y yanaqazma hasilat quyusu, qazma qurğusunda profilaktik işlər və çoxtərəfli quyu olan A-23-ü qazmağa başlamaq da daxildir. 

Mərkəzi Azəri: MA-da bərpa əməliyyatları bütün 2009-cu il ərzində davam etmişdir. Hal-hazırda da aparılmaqda olan bu işlər bitdikdən sonra biz B-24 və B-25 suvurma quyuları ilə qazma işlərimizi davam etdirəcəyik. 

Qərbi Azəri: 2009-cu ilin may ayında Qərbi Azəridə bir suvurma quyusunu (C-20z), 3-cü və 4-cü rüblər ərzində isə bir hasilat quyusunu (C-21) və daha bir suvurma quyusunu (C-22) tamamladıq. Noyabr ayında hasilat quyusu olan C-19-u qazmağa başladıq və həmin quyunu 2010-cu ilin yanvar ayında tamamladıq. 2010-cu ilin qalan hissəsi üçün plan bir hasilat və bir suvurma quyusu qazmaqdır. 

Şərqi Azəri: 2009-cu ildə ŞA-də aparılan qazma əməliyyatları bir suvurma quyusunu (D-15) tamamlamaq, D-09 quyusunda bərpa işlərini uğurla başa vurmaq və noyabr ayında D-14 hasilat quyusunu tamamlamaqdan ibarət olub. Bu işlərdən sonra isə daha bir suvurma quyusu – D-17-ni qazmağa başladıq və hal-hazırda da bu quyuda qazma əməliyyatlarımız davam edir. 2010-cu il üçün planlarımız daha iki hasilat quyusu qazmaq və tamamlamaqdır – D-18 və D-16. 
Dərinsulu Günəşli : 10 öncə qazma quyusunun hamısının istismara verilməsi ilə öncə qazma quyuları proqramının başa çatmasından və birinci qazma kampaniyasının uğurla yerinə yetirilməsindən sonra avqust ayında platformadan birinci quyunu (E-11z) qazıb tamamladıq. Bundan sonra isə yatağın cənub cinahında platformadan ikinci quyunu – E-12 hasilat quyusunu qazdıq. Hazırda isə biz başa çatdırılması 2010-cu ilin birinci rübünə planlaşdırılan E-13 hasilat quyusunu qazırıq. 2010-cu ilin sonunadək daha iki hasilat quyusunun qazılması nəzərdə tutulur, həmçinin birinci və ikinci rüb ərzində beş konduktor yarığının keçirilməsi də planlaşdırılır. 

Bundan başqa, “Dədə Qorqud” qazma qurğusu vasitəsilə DərSG sualtı suvurma qazması proqramı çərçivəsində qazma və tamamlama əməliyyatları da davam etmişdir. 2009-cu il ərzində H-01z/y, H-02, H-04 and F-04 suvurma quyularını qazıb tamamlamışıq, bununla belə bu ilin birinci və ikinci rübü ərzində DərSG sualtı suvurma qazması proqramı davam edəcək və bunun ardınca üçüncü rüb ərzində Çıraq Neft Layihəsi üçün öncə qazma işlərinə başlayacağıq. 

İxrac əməliyyatları 

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. 

Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1.2 milyon barel neft və Şahdəniz qazı üçün 25.5 milyon kub metr qaz (ümümi qaz emalı gücü 39.5 milyon kub metr olmaqla) təşkil edir. 
2009-cu il ərzində terminal təxminən 326.8 milyon barel neft (o cümlədən 285 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 31.4 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və 10.4 milyon barel dəmir yolu vasitəsilə) ixrac etmişdir. Bundan əlavə, terminaldan gündəlik orta hesabla 16.91 milyon kub metr (597.16 milyon standart kub fut) Şahdəniz qazı ixrac edilmişdir. Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur. 

Terminalın 2009-cu ildə ən yüksək gündəlik ixrac göstəricisi sentyabr ayının 23-də olmuşdur. Həmin gün Səngəçal terminalı 1,112,470 barel nefti texniki emaldan keçirmiş və ixrac etmişdir (bunun 946,297 bareli BTC boru kəməri ilə, 89,967 bareli Qərb İxrac Boru Kəməri ilə ötürülmüş və qalan 76,138 bareli dəmir yolu ilə ixrac edilmişdir). 

AÇG tikinti işləri 

2009-cu il ərzində AÇG üzrə tikinti fəaliyyətləri qrafik və plana uyğun olaraq davam etmişdir. 

Biz Dərinsulu Günəşlidə (DərSG) on quyu üçün suvurma sistemlərinin quraşdırılması və istismara verilməsi işlərini bitirdik. Quyulardan 4-ü şimal, 3-ü cənub və 3-ü şərq manifoldunda yerləşir. Qalan üç quyu üçün – biri şərq, ikisi isə şimal manifoldunda olmaqla - belə sistemlərin quraşdırılması və istismara verilməsi 2010-cu ilin üçüncü rübünə planlaşdırılır. Ümumilikdə bu sistemlər bizə DərSG platformasından 3.2 km və 5.2 km arasında bir məsafədə yerləşən üç sualtı qazma mərkəzindən qazılan 13 sualtı quyu vasitəsilə DərSG kollektoruna gündə təqribən 400,000 barel su vurmağa imkan verəcək. 

Bu sualtı qurğuların işlənməsi Xəzər dənizində ilk mühüm sualtı işlənmələrdir və gələcəkdə Xəzərdə AÇG, Şahdəniz və digər yataqlarda sualtı işlənmələr üçün yol açır. 
2009-cu il ərzində həmçinin Səngəçalda terminalın genişləndirilməsi proqramının (STGP) bir hissəsi kimi lay suyu qurğularının tamamlanması və istismara verilməsi işləri başa çatmışdır. Bunun nəticəsi olaraq 2009-cu ilin mart ayında həmin system vasitəsilə lay sularını terminaldan Mərkəzi Azəriyə göndərməyə başladıq, iyul ayının əvvəllərindən etibarən isə lay suları artıq yenidən dənizdə ACG yatağına vurulur. Layihənin qalan 4-cü və 5-ci fazası üçün nəzərdə tutulmuş qurğular isə sentyabr ayının ortalarında istismar üçün təhvil verildi və biz hazırda lazım gəldikcə AÇG neftindən ayrılan 20.000-25.000 barel lay suyunu gündəlik yenidən qaytarıb kollektora vururuq. 

AÇG layihəsi çərçivəsində növbəti addım Çıraq Neft Layihəsidir (ÇNL). Biz bu layihəyə üzrə tikinti işlərinə başlamaq qərarının verilməsini 2010-cu ilin birinci rübünə planlaşdırırıq. 

2009-cu ilin dekabr ayında həmin layihə üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi ictimaiyyətə açıqlandı. Sənəd layihə üzrə aparılacaq bütün fəailyyətlərin potensial olaraq ətraf mühitə və sosial sahəyə təsirini araşdırır və təsiri azaltmaq üçün tövsiyə edilən tədbirləri müəyyənləşdirir. ÇNL-in təsviri və layihə üzrə nəzərdə tutulmuş fəaliyyətlər haqqında məlumat elmi ictimaiyyətə, qeyri-hökumət təşkilatlarına, mətbuata və bütün maraqlananlara təqdim olundu. Bundan başqa, ictimaiyyətlə bir sıra görüşlər keçirilmiş və onların rəy və təklifləri nəzərə alınmışdır ki, ÇNL həm ətraf mühiti qorumaq, həm də sosial baxımdan samballı bir layihə olsun. Dekabr ayında biz həmçinin ÇNL üçün qazma tavasının inşasına da başladıq. 
AÇG iri tikinti layihələri üzrə 2010-cu il planına aşağıdakılar daxildir: 
  • Çıraq Neft Layihəsinin icra mərhələsinə keçmək - 1-ci rüb
  • DərSG şərq manifoldunu istismara vermək - 1-ci rüb
  • Çıraq Neft Layihəsinin icra mərhələsinə keçmək - 1-ci rüb
AÇG tikinti işlərinə hazırda podratçı şirkətlər vasitəsilə 800-dən artıq işçi cəlb olunmuşdur ki, bunların da 95%-dən çoxu yerli Azərbaycan vətəndaşlarıdır. 

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İtoçu (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Hess (2,36%) şirkətləridir.

2009-cu ildə BTC üzrə əsaslı xərclərə $92 milyon xərclənmişdir. 2010-cu il üçün BTC əsaslı xərclərinin $69 milyon olacağı planlaşdırılır. 

2006-cı ildə BTC ixrac əməliyyatlarına başlanmasından bəri boru kəmərinin ötürmə gücü daim artmaqla 2008-ci ilin ortalarında gündə bir milyon barelə çatdı və 2009-cu ilin mart ayında biz BTC-nin gündəlik ötürmə gücünü sürtküyə qarşı reagentlərdən (SQR) istifadə etməklə 1,2 milyon barelədək artırmaq layihəsini başa çatdırdıq, 

2009-cu ildə BTC-də həyata keçirilmiş ən mühüm işlərdən biri dekabrın 18-də Səngəçal terminalından kəmərə vurulan və Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Ceyhana daşınan neftlə yüklənmiş 1000-ci tankerin dünya bazarlarına yola salınması oldu. 

2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhanda yüklənməsindən 2010-cu il fevralın 20-dək BTC vasitəsilə nəql edilmiş 837 milyon bareldən artıq (təxminən 112 milyon ton) xam neft Ceyhanda 1065 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir. 

BTC vasitəsilə yalnız 2009-cu ildə 285 milyon barel və ya təqribən 38 milyon ton neft ixrac olunmuşdur. 

Hazırda BTC boru kəməri Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. BTC-nin həmçinin Qazaxıstandakı Tengiz yatağından gələn neft həcmlərini daşımaq haqqında sazişləri də var. 

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

2009-cu il ərzində Şahdəniz üzrə fəaliyyətlərə $ 192 milyon əməliyyat xərcləri və $289 milyon əsaslı xərclər çəkilmişdir. 

2010-cu il üçün biz Şahdəniz üzrə fəaliyyətlərə $177,8 milyon əməliyyat xərcləri və $604,8 milyon əsaslı xərclər qoymağı planlaşdırırıq. 

Hasilat 

2009-cu ildə yataq dörd quyudan sabit şəkildə Azərbaycandakı, Gürcüstandakı və Türkiyə sərhədindəki satış məntəqələrinə qaz çatdırmaqda davam etmişdir. Şahdəniz Mərhələ 1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC Ko-ya satılmaqda davam edır. 

2009-cu il ərzində yataq 6,2 milyard kub metr (təqribən 218 milyard kub fut) qaz və 1.7 milyon ton (təqribən 13 milyon barel) kondensat və ya gündəlik orta hesabla 16.9 milyon kub metr (təqribən 597milyon standart kub fut) qaz və 35.800 barel kondensat hasil etmişdir. 

2010-cu il üçün Şahdəniz hasilat planı 7,6 milyard kub metr (təqribən 269 milyard kub fut) qaz və 2,01 milyon ton (təqribən 16 milyon barel) kondensat təşkil edir. 

2006-ci ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2009-cu ilin sonunadək yataqdan dünya bazarlarına 35,08 milyon barel (təqribən 4,45 milyon ton) kondensat ixrac edilmişdir. 

Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilat da get-gedə artacaq. Mərhələ 1-də hasilatın ən yüksək sabit səviyyəsinin ildə 8.6 milyard kub metr qaz və gündə təxminən 45,000 barel kondensat olacağı gözlənilir. 
Qazma 

2009-cu ilin əvvəlində biz platformadan qazılan birinci SDA-05 quyusunda qazma işlərini davam etdirdik. Quyu mart ayında uğurla istismara verildi. Biz bu il platformadan yeni bir quyunun SDA-06-nın qazılmasını və həmçinin mövcud quyularda bəzi işləri başa çatdırmağı planlaşdırırıq. 

Şahdəniz mərhələ 2 

Şahdəniz işlənməsinin ikinci mərhələsi və bununla bağlı Cənubi Qafqaz Boru Kəmərinin genişlındirilməsi layihələri üzrə işləri irəli aparmaq məqsədi ilə 2010-cu il ərzində mühəndis-layihə və qiymətləndirmə işləri davam edəcəkdir.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator -25,5%), Statoyl (kommersiya operatoru - 25,5%), Azərbaycan CQBK Ltd (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

2009-cu il ərzində CQBK ilə bağlı fəaliyyətlərə $7 milyon əsaslı xərclər sərf edilmişdir. 2010-cu ildə biz CQBK üzrə əsaslı xərclərin $12,7 milyon olacağını plalaşdırırıq. 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. 

2009-cu il üçün CQBK-nıin orta ötürücülük gücü gündə təxminən 15 milyon kub metr (519 milyon kub fut) qaz və ya gündə 92,000 bareldən artıq neft ekvivalenti olmuşdur. 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes inkişafı və idarəetmə üzrə məsul kommersiya operatorudur. 

Geoloji-kəşfiyyat

2009-cu ilin iyul ayının 13-də BP və ARDNŞ Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq” və “Asiman” perspektiv strukturlarının birgə kəşfiyyatı və işlənməsi üzrə anlaşma memorandumu imzaladı. Dərinliyi təxminən 650-800 metr olan dərinsulu hissədə yerləşən, kollektorunun dərinliyi təxminən 7000 metr olan bu iki struktur təqribən 1100 kvadrat kilometr ərazini əhatə edir və əvvəllər orada heç bir geoloji-kəşfiyyat işləri aparılmamışdır. Bu memorandum BP-yə müstəsna hüquq verir ki, həmin iki strukturun geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi bağlamaq üçün danışıqlar aparsın. 

İşçi heyətimiz

2009-cu ilin sonunda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 1992 nəfər olub. Şirkətin ixtisaslı daimi işçilərinin 84%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir. 

2010-cu ildə biz işçi heyətimizin milliləşdirilməsi proqramını diqqətdə saxlamaqla texniki ixtisaslar üzrə yerli mütəxəssislərin işə qəbulu və yerli menecerlərin inkişafı səylərimizi davam etdirəcəyik. Bu məqsədə uyğun olaraq Səngəçal terminalında yerləşən texniki təlim mərkərizimizdə və digər vasitələrlə geniz təlim proqramlarımızı davam etdirəcəyik

Mühüm davamlı inkişaf təşəbbüsləri

Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq və yerli icmaların dəstəyini qazanmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçirir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir. 

2009-cu ildə BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda $3 milyon xərcləmişlər. 

Azərbaycanın iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədi ilə BP və onun tərəfdaşları yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 
Bu qəbildən olan təşəbbüslərin ən son nümunələri bunlardır
  • Azərbaycanda təhsilə dəstəyini davam etdirmək niyyətilə BP şirkətinin Qafqaz Universiteti ilə imzaladığı anlaşma memorandumu. Bu sənəd həmin universitetə özünün bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrini əhatə etmək imkanı yaradır;
  • BP və onun tərəfdaşlarının BTC və CQBK boyunca yerləşən Kürdəmir, Ucar və Ağdaş rayonları icmalarında iqtisadi imkanları artırmaq və yerli bacarıqların inkişafını gücləndirmək üçün ayırdığı qrant
  • BP və tərəfdaşlarının bu yaxınlarda Ucar rayonunun Qaradağlı icmasında kənd təsərrüfatı sektorunu gücləndirmək vasitəsilə iqtisadi inkişafı artırmaq üçün yeni qrantı.
  • BP və tərəfdaşlarının BTC və CQBK boyunca yerləşən Şəmkir, Samuğ, Ağstafa, Tovuz və Goranboy rayonlarının 10 icmasında yeni iqtisadi və sahibkarlıq imkanları yaratmaq məqsədiilə ayırdıqları qrant;
  • BP-nin “Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr” adlı yeni təşəbbüsü. Bu layihə geologiya, yerşünaslıq, geofizika və texnologiyalar üzrə yerli və beynəlxalq mütəxəssisləri bu sahələri ixtisas kimi seçmiş gənc nəslin nümayəndələri ilə bir araya gətirərək diqqətin bu elmlərə yönəldilməsi məqsədini daşıyır.
Əlavə məlumat üçün BP şirkətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Tel.: (994 12 599 4557