BP Azərbaycan 2009-cu Il 2-ci Rübün Nəticələri

17 avqust 2009

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 34,1%), Şevron (10,2%), ARDNŞ (10%), İNPEKS (10%), StatoylHydro (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İTOÇU (3,9%), Hess (2,7%).

2009-cu ilin birinci yarısı ərzində AÇG layihəsinə $348 milyon əməliyyat məsrəfləri və $488 milyon əsaslı məsrəflər xərclənmişdir. Bütün il üçün AÇG fəaliyyətləri ilə əlaqədar əməliyyat məsrəfləri $839 milyon və əsaslı məsrəflər $1 milyard 639 milyon olacaqdır. 

Hasilat
2009-cu ilin birinci yarısı ərzində biz Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından cəmi təxminən 146 milyon barel (təxminən 20 milyon ton) neft hasil etmişik ki, bu da gündə orta hesabla 806,000 bareldən (b/g) çoxdur. Bu gündəlik orta hesabla cəmi 806,000 hasilatın 111,700 b/g-nü Çıraq platformasının, 173,200 b/g-nü Mərkəzi Azəri platformasının, 266,800 b/g-nü Qərbi Azəri platformasının, 142,800 b/g-nü Şərqi Azəri platformasının və 111,600 b/g-nü Dərinsulu Günəşli platformasının payına düşür. 

2009-cu ilin iyun ayının sonunda: 

Çıraqda 19 quyu var idi (13 hasilat və 6 suvurma quyusu) və ilin birinci yarısı ərzində oradan orta hesabla gündə təxminən 111,700 barel neft hasil edilmişdir. 

Mərkəzi Azəridə (MA) 18 quyu var idi (13 hasilat və 5 qaz injektor quyusu) və ilin birinci yarısı ərzində oradan gündə 173,200 bareldən artıq hasilat alınmışdır. Keçən ilin sentyabr ayında baş vermiş qaz sızma hadisəsinin hərtərəfli araşdırılması və sonrakı bərpa işlərinin aparılması MA-da 12 quyudan hasilatın gündə 220,000 bareldən yuxarı bir səviyyəyə çatdırılması ilə nəticələnmişdir. 

Qərbi Azəridə (QA) 17 quyu var idi (onlardan 12-si hasilat və 5-i suvurma quyusudur) və ilin birinci yarısı ərzində oradan gündəlik orta hesabla təxminən 266,800 barel hasilat əldə edilmişdir. 

Şərqi Azəridə (ŞA) 13 quyu var idi (onlardan 9-u hasilat və 4-ü suvurma quyusudur) və ilin birinci yarısı ərzində oradan gündəlik orta hesabla təxminən 142,800 barel hasilat əldə edilmişdir. 

Dərinsulu Günəşlidə (DərSG) 17 quyu var idi (9 hasilat və 8 suvurma quyusu) və ilin birinci yarısı ərzində oradan gündəlik orta hesabla təxminən 111,600 barel hasilat əldə edilmişdir. 

Səmt qazı
2009-cu ildə biz üç platformadan (MA, QA və ŞA platformalarından) səmt qazının 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına və daxili istifadə üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməyi davam etdirmişik. Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir.

AÇG platformalarından hasil edilən səmt qazının qalan hissəsinin təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulması üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə Kompressor və Suvurma Platformasına (KSVP) göndərilməsi də davam etdirilmişdir. Hal-hazırda MA platformasında üç quyudan laya qaz vurma əməliyyatları davam edir. 

Bu ilin əvvəlindən bəri biz ARDNŞ-yə gündə təxminən 406 milyon standart kub fut (11,5 milyon kub metr) AÇG səmt qazı vermişik. Bizim planımız 2009-cu ildə ARDNŞ-yə ən azı 1,45 milyard kub metr səmt qazı çatdırmaq idi və biz 2009-cu ilin birinci yarısı ərzində artıq 2,1 milyard kub metr qaz çatdırmaqla bu rəqəmi ötüb keçmişik. 

Qazma
Çıraq: 2009-cu ilin aprel ayında biz A12v hasilat quyusunu tamamladıq. Hazırda biz kollektorun şimal ərazisi istiqamətində bir yanaqazma quyusunun (A20z) tamamlanması üzərində işləyirik. Bundan sonra isə digər bir quyulara müdaxilə kampaniyası ilə qazma işlərini davam etdirməyi planlaşdırırıq. Çıraq platforması üzrə bu ilki plana qalan iki axırıncı quyu ağzının da istismara verilməsi və bəzi digər yanaqazma işlərinin aparılması daxildir. 

Mərkəzi Azəri: MA-da bərpa əməliyyatları bütün 2009-cu il ərzində davam edəcəkdir. 

Qərbi Azəri: 2009-cu ilin may ayında biz Qərbi Azəridə bir suvurma quyusunu (C20) tamamladıq. İndi yatağın şimal cinahında bir hasilat quyusu (C21) qazırıq. İlin qalan hissəsi üçün plan C22 su vurma quyusunun və C19 hasilat quyusunun qazılması və tamamlanmasıdır. 

Şərqi Azəri: ŞA-də qazma əməliyyatları bir suvurma quyusunu (D15) tamamlamaqla davam etdirilmişdir. Bundan sonra isə D09 quyusunda bəzi bərpa işləri apardıq. Hazırda daha bir hasilat quyusu (D14) qazırıq və bu quyunu 2009-cu ilin sentyabr ayında tamamlamağı planlaşdırırıq. İlin axırınadək isə əlavə bir suvurma quyusu (D17) qazmağı və tamamlamağı planlaşdırırıq. 

Dərinsulu Günəşli : 10 öncə qazma quyusunun hamısının istismara verilməsi ilə öncə qazma quyuları proqramının başa çatmasından və birinci qazma kampaniyasının uğurla yerinə yetirilməsindən sonra biz hazırda platformadan birinci quyunu (E11z) qazırıq və onu avqust ayının sonlarında tamamlamağı planlaşdırırıq. Planımız ilin qalan müddəti ərzində bir hasilat quyusunu (E12) qazmaq və tamamlamaq və başa çatdırılması 2010-cu ilə nəzərdə tutulan E13 quyusunun qazılmasına başlamaqdır. 

Bundan başqa, 2009-cu ilin əvvəlindən bəri “Dədə Qorqud” qazma qurğusu DərSG sualtı suvurma qazması proqramı çərçivəsində qazma və tamamlama əməliyyatlarını davam etmişdir. 

2009-cu ilin iyun ayının 15-də “Dədə Qorqud” qazma qurğusunda baş vermiş faciəli hadisə ilə əlaqədar kədərləndiyimizi bir daha bildiririk. Həmin hadisə zamanı qazma podratçımız Kaspian Drillinq Kompani şirkətinin “Dədə Qorqud” qazma qurğusunda çalışan bir işçisinin həyatını itirməsi ilə əlaqədar biz həmin işçinin ailəsinə, onun dostlarına və həmkarlarına bir daha dərin hüznlə baş sağlığı veririk. Bir daha bildirmək istərdik ki, bu hadisə ətraflı şəkildə araşdırılacaq və gələcəkdə buna bənzər hadisələrin baş verməməsi üçün bütün tədbirlər görüləcəkdir. Bizim özümüzün və ya podratçı və subpodratçılarımızın əməkdaşları olmasından asılı olmayaraq, bütün insanların təhlükəsizliyi bizim ümdə vəzifəmiz olaraq qalır. 

“Dədə Qorqud” qazma qurğusu artıq H01z/y, H02 və H04 quyularını qazmış və tamamlamışdır. 2009-cu ilin qalan hissəsi və 2010-cu ilin birinci rübündə biz bu əməliyyatları Şərq manifoldunda qalan iki və Şimal və Cənub manifoldlarının hər birində qalan bir quyu ilə davam etdirəcəyik. 

İxrac əməliyyatları
AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın bütün texniki emal sistemlərinin gücü hazırda gündə 1.2 milyon barel neft və 39,5 milyon kub metr qaz təşkil edir.

2009-cu ilin ilk altı ayı ərzində terminal gündə orta hesabla 806,000 bareldən artıq neft və 665.5 milyon standart kub futdan artıq qaz ixrac etmişdir. Səngəçal terminalından dünya bazarlarına neft əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) və qaz isə Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə nəql edilir. Qərb İxrac Boru Kəməri Marşrutu (QİBKM) da hazırda istismardadır və 2009-cu ilin birinci yarısında Qara dəniz sahilindəki Supsa terminalına gündə 91,000 bareldən artıq neft nəql etmişdir.

Terminalın 2009-cu ildə ən yüksək gündəlik ixrac göstəricisi may ayının 1-də olmuşdur. Həmin gün Səngəçal terminalı 1,001,270 barel nefti texniki emaldan keçirmiş və ixrac etmişdir (bunun 846,340 bareli BTC boru kəməri ilə, 88,674 bareli Qərb İxrac Boru Kəməri ilə ötürülmüş və qalan 66,256 bareli dəmir yolu ilə ixrac edilmişdir).

AÇG tikinti işləri
Bizim tikinti fəaliyyətlərimiz qrafik və plana uyğun olaraq davam etmişdir. 

Keçən ilin yayında Dərinsulu Günəşli (DərSG) yatağında suvurma işlərinə başlamağa imkan verən Cənub və Şimal manifoldlarının suvurma sistemlərinin quraşdırılmasından və istismara verilməsindən sonra biz DərSG-nin Şərq manifoldunun və çərçivə üzərinə bərkidilmiş müvafiq sualtı paylama şlanqlarının (SPŞ) quraşdırılmasını başa çatdırdıq. 

Bu günədək ümumilikdə səkkiz quyu üçün suvurma sistemlərinin quraşdırılması və istismara verilməsini başa çatdırmışıq. Qalan beş quyu üçün bu sistemlərin quraşdırılması və istismara verilməsinin başa çatdırılması 2010-cu ilin ikinci rübünə planlaşdırılır – bunlardan ikisi DərSG Şərq manifoldu quyularıdır və üçü Şimal və Cənub manifoldlarındadır. Ümumiyyətlə, bu sistemlər bizə DərSG platformasından 3,2 km və 5,2 km arasında bir məsafədə yerləşən üç sualtı qazma mərkəzindən qazılan 13 sualtı quyu vasitəsilə DərSG kollektoruna gündə 530,000 barel su vurmağa imkan verəcəkdir. 

Bu sualtı qurğuların işlənməsi Xəzər dənizində ilk əhəmiyyətli sualtı işlənmələridir və AÇG, Şahdəniz və digər yataqlarda Xəzər sualtı işlənmələri üçün yol açır.

Səngəçalda Terminalın Genişləndirmə Proqramının (STGP) bir hissəsi kimi lay suyu qurğularının tamamlanması və istismara verilməsi işləri irəli getmişdir. Keçən ilin sonlarında layihənin ilkin fazalarını – Faza 1-3 – başa çatdırdıq və bu ilin mart ayında lay sularını Mərkəzi Azəriyə göndərməyə başladıq, iyul ayının əvvəllərindən etibarən isə lay suları artıq yenidən dənizdə ACG yatağına vurulur. Layihənin qalan 4-cü və 5-ci fazası üçün nəzərdə tutulmuş qurğuları bu il sentyabr ayının sonunadək terminalda istismara veriləcək

AÇG səmt qazı üçün yeni qaz kondensasiya temperaturuna nəzarət qurğusunun (QKTNQ 2) quraşdırılması başa çatmışdır. Hazırda istismar sınaqları keçirilir və qurğunun istismara verilməsi bu ilin sentyabr ayına planlaşdırılır. 

Bizim iri tikinti layihələri üzrə gələcək planlarımıza aşağıdakılar daxildir:
  • Lay suları qurğularını tam istismara vermək - 3-cü rüb, 2009
  • DərSG Şərq manifoldunu istismara vermək - 4-cü, 2009
  • Şimal və Cənub manifoldlarında əlavə DərSG suvurma qurğuları quraşdırmaq - 4-cü rüb, 2009 və 1-ci rüb, 2010
  • Çıraq Neft Layihəsinin icra mərhələsinə keçmək - 1-ci rüb, 2010
Tikinti işlərimizdə podratçılarımız vasitəsilə hazırda 200 nəfər çalışır ki, onların da 88%-ni Azərbaycan vətəndaşları təşkil edir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl Hydro (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İtoçu (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Hess (2,36%) şirkətləridir.

 2009-cu ildə BTC üzrə əsaslı xərclər $143 milyon məbləğində planlaşdırılmışdır. İlin birinci yarısında biz bu məbləğdən $38 milyon xərcləmişik. 

2006-cı ildə BTC ixrac əməliyyatlarına başlanmasından bəri boru kəmərinin ötürmə gücü daim artmaqla 2008-ci ilin ortalarında gündə bir milyon barelə çatdı və 2009-cu ilin mart ayında biz BTC-nin gündəlik ötürmə gücünü sürtküyə qarşı reagentlərdən (SQR) istifadə etməklə 1,2 milyon barelədək artırmaq layihəsini başa çatdırdıq.

2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhanda yüklənməsindən 2009-cu ilin ikinci rübünün sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 650 milyon bareldən artıq (87 milyon tondan çox) xam neft Ceyhanda 824 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir.

Həmin müddət ərzində BTC ilə ixrac edilmiş kondensatın həcmi təxminən 8 milyon barel (təxminən 2 milyon ton) olmuşdur. 

Hazırda BTC boru kəməri Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı və Şimali Xəzərdən müəyyən xam neft həcmlərini daşıyır. Qazaxıstandakı Tengiz yatağından ilk neft həcmləri keçən ilin oktyabr ayında BTC-yə daxil olmuşdu. Qazax neftinin BTC vasitəsilə nəql edilməsi BTC Ko və Tengiz yatağının operatoru Tengizşevroyl arasında bağlanmış Nəqletmə Sazişinə uyğun olaraq davam edir.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 25,5%), StatoylHydro (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

2009-cu ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə $ 74 milyon əməliyyat xərcləri və $204 milyon əsaslı xərclər çəkilmişdir.

Bütün il üçün biz Şahdəniz üzrə fəaliyyətlərə $322 milyon əməliyyat xərcləri və $369 milyon əsaslı xərclər qoymağı planlaşdırırıq.

Hasilat 
2009-cu ilin birinci yarısında yataq dörd öncəqazma quyusundan sabit şəkildə Azərbaycandakı, Gürcüstandakı və Türkiyə sərhədindəki satış məntəqələrinə qaz çatdırmaqda davam etmişdir. Şahdəniz Mərhələ 1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC Ko-ya satılmaqda davam edır.

Bizim 2009-cu il üçün planımız 7,5 milyon kub metr qaz və 1,9 milyon ton kondensat hasil etməkdir.

2009-cu ilin ilk altı ayı ərzində yataq 3.4 milyard kub metr qaz və 0, 9 milyon ton kondensat hasil etmişdir.

2009-cu ilin birinci yarısında Şahdənizdəki beş quyudan gündə orta hesabla 664 milyon standart kub futdan artıq qaz (gündə təxminən 19 milyon kub metr) və gündə təxminən 40,000 barel kondensat hasil edilib. Növbəti bir neçə il ərzində platformadan qazılan yeni quyular işə salındıqca hasilat da artacaq.

Mərhələ 1-də hasilatın ən yüksək sabit səviyyəsinin ildə 8,6 milyard kub metr qaz və gündə təxminən 45,000 barel kondensat olacağı gözlənilir.

Qazma
2009-cu ilin əvvəllərindən bəri biz platformadan qazılan birinci SDA-05 quyusunda qazma işlərini davam etdirdik. Quyu mart ayının 14-də uğurla istismara verildi. Biz bu il platformadan yeni quyuların qazılmasını planlaşdırmırıq və mövcud quyulara qayıdacağıq ki, orada bəzi quyu işlərini başa çatdıraq.

Qiymətləndirmə qazması 
Şahdəniz işlənməsinin ikinci mərhələsi planlarına dəstək vermək məqsədi ilə qiymətləndirmə işlərinin aparılması davam etmişdir.

2008-ci ilin iyun ayında “İstiqlal” qazma qurğusu ilə qazılmasına başlanan SDX-05 qiymətləndirmə quyusu 2009-cu ilin yanvar ayında 6559 metr layihə dərinliyinə çatdırıldı. Quyudan süxur kernləri, zond karotajları və ölçülmüş təzyiq məlumatları əldə edildi. Bundan başqa, kollektorun iki müxtəlif hissəsində lay yoxlayıcısı ilə iki sınaq (LYS) uğurla tamamlandı. Quyuya uzun müddətli təzyiq təmayüllərinə nəzarət etmək üçün kanatsız manometrlər qoyuldu və quyu müvəqqəti olaraq bağlandı. Quyudan əldə edilmiş nəticələrdən indi üzərində mühəndis işlərinin aparıldığı Şahdəniz Mərhələ 2 işlənməsinin planlaşdırılmasında istifadə olunacaqdır.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri Şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator -25,5%), StatoylHydro (kommersiya operatoru - 25,5%), Azərbaycan CQBK Ltd (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

2009-cu ilin birinci yarısında biz CQBK ilə əlaqədar fəaliyyətlərə $1 milyon məbləğində əsaslı xərclər sərf etmişik. Bütün il üçün CQBK üzrə əsaslı xərclərin $15 milyon olacağını gözləyirik.

Bu boru kəməri 2006-cı ilin sonlarında işə salınaraq Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır.

2009-cu ilin birinci yarısında CQBK-nıin orta ötürücülük gücü gündə təxminən 17 milyon kub metr qaz və ya gündə 99.000 bareldən artıq neft ekvivalenti olmuşdur.

CQBK-nın iki operatoru vardır – BP şirkəti CQBK qurğularının tikintisi və istismarı üzrə məsul texniki operator və StatoylHydro şirkəti CQBK-nın biznesin inkişafı və inzibati idarəetmə üzrə məsul kommersiya operatorurudur.

Geoloji-kəşfiyyat

2009-cu ilin iyul ayının 13-də BP və ARDNŞ Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq” və “Asiman” perspektiv strukturlarının birgə kəşfiyyatı və işlənməsi üzrə anlaşma memorandumu imzaladı. Dərinliyi təxminən 650-800 metr olan dərinsulu hissədə yerləşən, kollektorunun dərinliyi təxminən 7000 metr olan bu strukturlar təqribən 1100 kvadrat kilometr ərazini əhatə edir və əvvəllər orada heç bir geoloji-kəşfiyyat işləri aparılmamışdır.

Bu memorandum BP-yə müstəsna hüquq verir ki, həmin iki strukturun geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi bağlamaq üçün danışıqlar aparsın. Memorandum Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevin və Böyük Britaniyanın Baş Naziri Qordon Braunun iştirakı ilə, Londonda ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev və BP-nin Geoloji-Kəşfiyyat və Hasilat üzrə Baş İcraçı Direktoru Əndi İnqlis tərəfindən imzalanmışdır.

İşçi heyətimiz

Bu yaxınlarda biz Rəşid Cavanşirin 2009-cu ilin sentyabr ayının 1-dən etibarən BP Azərbaycan şirkətinin prezidenti təyin olunmasını elan etdik. Bu yalnız BP Azərbaycan şirkətinin deyil, eləcə də bütün ölkənin tarixində əlamətdar bir hadisədir. Rəşid Cavanşir BP Azərbaycan şirkətinə rəhbərlik edən ilk Azərbaycan vətəndaşı olacaq. Onun rəhbərlik edəcəyi işlər BP-nin Azərbaycan və Gürcüstandakı bütün fəaliyyətini, həmçinin Türkiyədəki ixrac əməliyyatlarımızı əhatə edir. Yerli Azərbaycan vətəndaşının BP-nin rəhbəri təyin edilməsi şirkətin milli kadrlarla bağlı planının uğurlu nəticəsidir. Bu planının əsas məqsədi yerli işçilərin inkişafına şərait yaratmaqla fəaliyyətimizin bütün sahələrində onların rəhbər vəzifələri tutmasına nail olmaqdır.

Rəşid Cavanşir bu vəzifədə TNK-BP-nin baş əməliyyat direktoru təyin olunmuş Bill Şreyderi əvəz edəcək.

BP-nin axtarış-kəşfiyyat və hasilat üzrə baş icracı direktoru Əndi İnqlisin ifadə etdiyi kimi, BP rəhbərliyinin rəyi belədir ki, Rəşid bu vəzifəyə Xəzərlə bağlı dərin geoloji və texniki bilgilərini və ötən 14 iI ərzində BP-dəki təcrübəsindən toplanmış geniş biznes perspektivini gətirir. O, BP-nin Azərbycandakı işlərinə rəhbərliyi elə həlledici bir vaxtda öz üzərinə götürür ki, irəlidə Şahdənizin işlənməsinin ikinci mərhələsi durur, həmçinin Şəfəq və Asiman strukturlarının axtarış-kəşfiyyat işləri də hələ qabaqdadır.

Bu təyinatı elan etmək üçün Əndi İnqlis Bakıya gələrək zati-aliləri Prezident İlham Əliyevlə görüşdü. Bu görüş zamanı İnqlis BP Azərbaycan şirkətinin yeni prezidentini dövlət başçısına təqdim etdi.

Əndi İnqlis həmçinin Azərbaycanda bizim işlərimizə üç il uğurla rəhbərlik etdikdən sonra TNK-BP şirkətinə keçən Bill Şreyderə də təşəkkür etdi. Bu müddət ərzində Billin rəhbərliyi altında Şahdənizin birinci mərhələsinin hasilata başlamasına, BTC-nin normal rejimdə çalışması və onun gündəlik nəql gücünün 1.2 milyon barelə çatdırılmasına və Dərinsulu Günəşlidən ilk neftin əldə olunmasına nail olmuşuq. O həmçinin Azərbaycanlı işçilərimizin inkişafı ilə bağlı proqramımızı da davam etdirib, bu isə bizə imkan verir ki, indi də yerli Azərbaycan mütəxəssisinin rəhbərliyi altında öz dünya səviyyəli biznesimizi daha da genişləndirək.

Hazırda BP-də şirkətin birbaşa işçisi olan 1954 nəfər Azərbaycan vətəndaşı çalışır. Şirkətin ixtisaslı daimi işçilərinin 82%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir.

Bundan başqa, biz həm də məmnuniyyətlə elan edirik ki, bizim dənizdə çalışan üç əməkdaşımız (bir nəfər qrup rərbəri və iki nəfər texnik) BP-nin səriştəlilik təminatı prosesi (iCAn) vasitəsi ilə ən yüksək (100%) mütəxəssis dərəcəsi almışlar. Bu işçilər heç bir nəzarət olmadan öz vəzifələrini yüksək keyfiyyətlə yerinə yetirməkdə onlara lazım olan bütün zəruri təlim kurslarını keçmişlər. Gələn bir neçə ay ərzində həm dənizdə, həm də quruda çalışan daha çox işçimiz belə qiymətləndirilmədən keçəcək və BP Azərbaycanın səriştəli işçi qüvvəsinə malik olduğunu və dünya səviyyəli təhlükəsizlik və səmərəlilik əldə etməsinə öz töhvələrini verəcəklər.

Mühüm davamlı inkişaf təşəbbüsləri

Bizim Xəzərdəki layihələrimizin uğuru həm də ictimaiyyət üçün hiss edilən faydalar yaratmaq və yerli icmaların dəstəyini əldə etmək bacarığımızdan asılıdır. Buna nail olmaq üçün biz mühüm davamlı inkişaf təşəbbüsləri həyat keçiririk. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastruktura çıxışının təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsi və eləcə də hökumət qurumlarına texniki yardım göstərilməsi daxildir. 

2009-cu ilin birinci yarısında BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə yalnız Azərbaycanda $1.87 milyon xərcləmişlər. 

Azərbaycanın iqtisadiyyatının güclənməsində bu ölkəyə kömək etmək məqsədi ilə BP və onun tərəfdaşları yerli sahibkarlığın inkişafını və bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər.

Bu qəbildən olan təhsil proqramlarının ən son nümunəsi 2009-cu il üçün Azərbaycan Neft və Qaz Təqaüd Proqramının elan edilməsidir. Bu proqram Azərbaycan vətəndaşlarını Türkiyənin dörd nüfuzlu universitetində təhsil almaq üçün təqaüdlə təmin edəcəkdir
Əlavə məlumat üçün BP şirkətində Tamam Bayatlıya müraciət edə bilərsiniz Telefon: (994 12) 599 4557