2009-cu il 3-cü Rübün Nəticələri

19 noyabr 2009

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 34,1%), Şevron (10,2%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İTOÇU (3,9%), Hess (2,7%).

2009-cu ilin birinci üç rübü ərzində AÇG layihəsinə $540 milyon əməliyyat məsrəfləri və $723 milyon əsaslı məsrəflər xərclənmişdir. Bütün il üçün AÇG fəaliyyətləri üzrə əməliyyat məsrəflərinin $839 milyon və əsaslı məsrəflərin $1 milyard 639 milyon olacağı planlaşdıırılır
Hasilat

2009-cu ilin birinci üç rübü ərzində biz Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından ümumilikdə 224 milyon bareldən artıq (təxminən 30 milyon tondan artıq və yaxud gündə orta hesabla 822,100 barel (b/g)) neft hasil etmişik.

Platformalar üzrə 822,100 barel neftin gündəlik orta hesabla 105,300 b/g-nü Çıraq platformasının, 185,800 b/g-nü Mərkəzi Azəri platformasının, 275,200 b/g-nü Qərbi Azəri platformasının, 139,400 b/g-nü Şərqi Azəri platformasının və 116,400 b/g-nü Dərinsulu Günəşli platformasının payına düşür.

2009-cu ilin sentyabr ayının sonunda:

Çıraqda 19 quyu istismarda idi (13 hasilat və 6 suvurma quyusu) və ilin birinci üç rübü ərzində oradan orta hesabla gündə təxminən 105,300 barel neft hasil edilmişdir. 

Mərkəzi Azəridə (MA) 18 quyu istismarda idi (13 hasilat və 5 qaz injektor quyusu) və ilin birinci üç rübü ərzində oradan gündə orta hesabla 185,800 barel hasilat əldə edilmişdir. Keçən ilin sentyabr ayında baş vermiş qaz sızma hadisəsinin hərtərəfli araşdırılması və sonrakı bərpa işlərinin aparılması MA-da 12 quyudan hasilatın gündə 220,000 bareldən yuxarı bir səviyyəyə çatdırılması ilə nəticələnmişdir.

Qərbi Azəridə (QA) 18 quyu istismarda idi (14 hasilat və 4 suvurma quyusu) və ilin birinci üç rübü ərzində oradan gündəlik orta hesabla təxminən 275,200 barel hasilat əldə edilmişdir.

Şərqi Azəridə (ŞA) 13 quyu istismarda idi (9 hasilat və 4 suvurma quyusu) və ilin birinci üç rübü ərzində oradan gündəlik orta hesabla təxminən 139,400 barel hasilat əldə edilmişdir. 

Dərinsulu Günəşlidə (DərSG) 17 quyu istismarda idi (9 hasilat və 8 suvurma quyusu) və ilin birinci üç rübü ərzində oradan gündəlik orta hesabla təxminən 116,400 barel hasilat əldə edilmişdir.

Səmt qazı

AÇG yatağının operatoru olaraq BP 2009-cu ildə üç platformadan (MA, QA və ŞA platformalarından) səmt qazının 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir.

AÇG platformalarından hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə MA-dakı kompressor və suvurma platformasına (KSVP) göndərilmişdir. Hal-hazırda MA platformasında dörd quyudan laya qaz vurma əməliyyatları davam edir.

Bu ilin əvvəlindən bəri biz ARDNŞ-yə gündə təxminən 392 milyon standart kub fut (11.1 milyon kub metr) AÇG səmt qazı vermişik. Bizim planımız 2009-cu il ərzində ARDNŞ-yə ən azı 1,45 milyard kub metr səmt qazı çatdırmaq idi və biz artıq 2009-cu ilin birinci üç rübü ərzində təqribən 3 milyard kub metr qaz çatdırmaqla bu rəqəmi ötüb keçmişik.

Qazma

Çıraq: 2009-cu ilin aprel ayında biz A12v hasilat quyusunu, iyul ayında isə kollektorun şimal ərazisi istiqamətində qazılmış bir yanaqazma hasilat quyusunu - A20z-i tamamladıq. Hazırda A-08z suvurma quyusundan yanaqazma üzərində işləyirik ki, onu A-08y hasilat quyusuna çevirək.

Mərkəzi Azəri: MA-da bərpa əməliyyatları bütün 2009-cu il ərzində davam edəcəkdir.

Qərbi Azəri: 2009-cu ilin may ayında Qərbi Azəridə bir suvurma quyusunu (C20z), avqust ayında isə yatağın şimal cinahında bir hasilat quyusunu (C21) tamamladıq. İlin qalan hissəsi üçün plan C22 su vurma quyusunun və C19 hasilat quyusunun qazılması və tamamlanmasıdır.

Şərqi Azəri: ŞA-də qazma əməliyyatları bir suvurma quyusunu (D15) tamamlamaqla davam etdirilmişdir. Bundan sonra isə D09 quyusunda bəzi bərpa işləri apardıq. Hazırda daha bir hasilat quyusu (D14) qazırıq və bu quyunu noyabr ayının sonunadək tamamlamağı planlaşdırırıq. İlin axırınadək isə əlavə bir suvurma quyusu (D17) qazmağa başlayacağıq.

Dərinsulu Günəşli: 10 öncə qazma quyusunun hamısının istismara verilməsi ilə öncə qazma quyuları proqramının başa çatmasından və birinci qazma kampaniyasının uğurla yerinə yetirilməsindən sonra avqust ayında platformadan birinci quyunu (E11z) qazıb tamamladıq və hazırda yatağın cənub cinahında platformadan ikinci quyunu - E12 hasilat quyusunu qazırıq. İlin qalan müddəti ərzində bundan əlavə başa çatdırılması 2010-cu ilə nəzərdə tutulan E13 quyusunun qazılmasına başlamağı planlaşdırırıq.

Bundan başqa, “Dədə Qorqud” qazma qurğusu vasitəsilə DərSG sualtı suvurma qazması proqramı çərçivəsində qazma və tamamlama əməliyyatları da davam etmişdir.

“Dədə Qorqud” qazma qurğusu artıq H01z/y, H02 və H04 quyularını qazmış və tamamlamışdır. Hazırda qurğu vasitəsilə F-04 suvurma quyusu qazılır. Sualtı quyuları qazma əməliyyatları 2009-cu ilin qalan hissəsində və 2010-cu ilin avqust ayınadək Şərq manifoldunda qalan bir quyunu, Şimal manifoldunda qalan iki quyunu və Cənub manifoldunda qalan bir quyunu qazmaqla davam edəcək.

İxrac əməliyyatları

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1.2 milyon barel neft və Şahdəniz qazı üçün 25.5 milyon kub metr qaz (ümümi qaz emalı gücü 39.5 milyon kub metr olmaqla) təşkil edir.

2009-cu ilin ilk doqquz ayı ərzində terminal gündə orta hesabla 941,400 bareldən artıq neft (AÇG, Şahdəniz və Tengiz nefti ümimilikdə) və 17.5 milyon kub metrdən artıq (619.6 milyon standart kub fut) Şahdəniz qazı ixrac etmişdir. Neft Səngəçal terminalından dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) və Şahdəniz qazı isə Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə nəql edilir. Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) da hazırda istismardadır və 2009-cu ilin ilk üç rübü ərzində Qara dəniz sahilindəki Supsa terminalına gündə 85,000 bareldən artıq neft nəql etmişdir.

Terminalın 2009-cu ildə ən yüksək gündəlik ixrac göstəricisi sentyabr ayının 23-də olmuşdur. Həmin gün Səngəçal terminalı 1,112,470 barel nefti texniki emaldan keçirmiş və ixrac etmişdir (bunun 946,297 bareli BTC boru kəməri ilə, 89,967 bareli Qərb İxrac Boru Kəməri ilə ötürülmüş və qalan 76,138 bareli dəmir yolu ilə ixrac edilmişdir).

AÇG tikinti işləri

AÇG üzrə tikinti fəaliyyətləri qrafik və plana uyğun olaraq davam etmişdir.

Keçən ilin yayında Dərinsulu Günəşli (DərSG) yatağında altı quyudan suvurma işlərinə başlamağa imkan verən Cənub və Şimal manifoldlarının suvurma sistemlərinin quraşdırılmasından və istismara verilməsindən sonra biz DərSG-nin Şərq manifoldunun və çərçivə üzərinə bərkidilmiş müvafiq sualtı paylama şlanqlarının (SPŞ) quraşdırılmasını başa çatdırdıq.

Bu günədək ümumilikdə doqquz quyu üçün – 3-ü Şimal, 3-ü Cənub və 3-ü Şərq manifoldunda olmaqla, suvurma sistemlərinin quraşdırılması və istismara verilməsini başa çatdırmışıq. Qalan beş quyu üçün bu sistemlərin quraşdırılması və istismara verilməsinin başa çatdırılması 2010-cu ilin üçüncü rübünə planlaşdırılır – bunlardan biri Şərq manifoldunda, üçü Şimal və qalan biri isə Cənub manifoldundadır. Ümumiyyətlə, bu sistemlər bizə DərSG platformasından 3.2 km və 5.2 km arasında bir məsafədə yerləşən üç sualtı qazma mərkəzindən qazılan 14 sualtı quyu vasitəsilə DərSG kollektoruna gündə 500,000 barel su vurmağa imkan verəcəkdir.

Bu sualtı qurğuların işlənməsi Xəzər dənizində ilk mühüm sualtı işlənmələridir və gələcəkdə Xəzərdə AÇG, Şahdəniz və digər yataqlarda sualtı işlənmələr üçün yol açır.

Səngəçalda terminalın genişləndirilməsi proqramının (STGP) bir hissəsi kimi lay suyu qurğularının tamamlanması və istismara verilməsi işləri irəli getmişdir. Keçən ilin sonlarında layihənin ilkin fazalarını – Faza 1-3 – başa çatdırdıq və bu ilin mart ayında lay sularını Mərkəzi Azəriyə göndərməyə başladıq, iyul ayının əvvəllərindən etibarən isə lay suları artıq yenidən dənizdə ACG yatağına vurulur. Layihənin qalan 4-cü və 5-ci fazası üçün nəzərdə tutulmuş qurğular isə bu il sentyabr ayının ortalarında istiamar üçün təhvil verilmişdir.

AÇG səmt qazı üçün qaz kondensasiya temperaturuna yeni nəzarət qurğusunun (QKTNQ 2) quraşdırılması başa çatmışdır. Hazırda qurğunun işə salınması əməliyyatları aparılır və bu işlər 2010-cu ilin birinci rübündə də davam etdiriləcək.

AÇG iri tikinti layihələri üzrə gələcək planlara aşağıdakılar daxildir:
  • Əlavə quyu birləşdirmələrinin quraşdırılmasına imkan vermək üçün DərSG Şərq manifoldunun istismara verilməsi uzadılmışdır - 1-ci rüb 2010
  • Şimal və Cənub manifoldlarında əlavə DərSG suvurma qurğuları quraşdırmaq və istismara vermək - 4-cü rüb 2009 və 1-3-cü rüblər 2010
  • Çıraq Neft Layihəsinin icra mərhələsinə keçmək - 1-ci rüb 2010

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İtoçu (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Hess (2,36%) şirkətləridir.

2009-cu ildə BTC üzrə əsaslı xərclər $143 milyon məbləğində planlaşdırılmışdır. İlin birinci üç rübü ərzində bu məbləğdən $59 milyon xərclənmişdir.

2006-cı ildə BTC-nin ixrac əməliyyatlarının başlanmasından bəri boru kəmərinin ötürmə gücü daim artmaqla 2008-ci ilin ortalarında gündə bir milyon barelə çatdırılmış və 2009-cu ilin mart ayından isə kəmərin gündəlik ötürmə gücü sürtküyə qarşı reagentlərdən (SQR) istifadə etməklə 1,2 milyon barelədək artırilmişdır.

2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından 2009-cu ilin üçüncü rübünün sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 729 milyon bareldən artıq (97.7 milyon ton) xam neft Ceyhanda 918 tankerə yüklənmiş və dünya bazarlarına göndərilmişdir.

2009-cu il noyabr ayının 9-dək isə BTC ilə ixrac edilmiş 758.6 milyon barel (101.5 milyon ton) xam neft 959 tankerə yüklənərək dünya bazarlarına yola salınmışdır.

Hazırda BTC boru kəməri Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı, həmçinin Şimali Xəzərdən müəyyən xam neft həcmlərini daşıyır. Qazaxıstandakı Tengiz yatağından ilk neft həcmləri keçən ilin oktyabr ayında BTC-yə daxil oldu. Hazırda qazax neftinin BTC vasitəsilə nəql edilməsi BTC Ko və Tengiz yatağının operatoru olan Tengizşevroyl arasında bağlanmış Nəqletmə Sazişinə uyğun olaraq davam edir.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

2009-cu ilin birinci üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərin əməliyyat xərcləri $114 milyon və əsaslı xərcləri isə $255 milyon təşkil etmişdir.

Bütün il üçün Şahdəniz üzrə fəaliyyətlərə $322 milyon əməliyyat xərcləri və $369 milyon əsaslı xərclər qoymağı planlaşdırırıq.

Hasilat

2009-cu ilin birinci üç rübü ərzində yataq dörd quyudan sabit şəkildə Azərbaycandakı, Gürcüstandakı və Türkiyə sərhədindəki satış məntəqələrinə qaz çatdırmaqda davam etmişdir. Şahdəniz Mərhələ 1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC Ko-ya satılmaqda davam edır.

2009-cu il üçün Şahdəniz hasilat planı 7.5 milyard kub metr qaz və 1.9 milyon ton kondensat təşkil edir.

2009-cu ilin ilk doqquz ayı ərzində yataq 4.4 milyard kub metr qaz və 1.2 milyon ton kondensat və ya gündəlik orta hesabla 16.3 milyon kub metr (574 milyon standart kub futdan artıq) qaz və 34,000 barel kondensat hasil etmişdir.

2006-cı ilin sonunda Şahdənizdən hasilatın başlandığı vaxtdan 2009-cu ilin üçüncü rübünün sonunadək yataqdan təqribən 31 milyon barel (3.9 milyon ton) kondensat hasil edilərək BTC ilə dünya bazarlarına göndərilmişdir. Bu ilin noyabr ayının 9-dək olan rəqəm isə təqribən 32.4 milyon barel (4.1 milyon ton) təşkil edir.

Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilat da get-gedə artacaq. Mərhələ 1-də hasilatın ən yüksək sabit səviyyəsinin ildə 8.6 milyard kub metr qaz və gündə təxminən 45,000 barel kondensat olacağı gözlənilir.

Qazma

2009-cu ilin əvvəllərindən bəri biz platformadan qazılan birinci SDA-05 quyusunda qazma işlərini davam etdirdik. Quyu mart ayında uğurla istismara verildi. Hazırda mövcud quyularla bağlı bəzi planlaşdırılmış tərk etmə işləri və əlavə işlər aparılır və bu il platformadan yeni quyuların qazılması planlaşdırmır.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri Şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator -25,5%), Statoyl (kommersiya operatoru - 25,5%), Azərbaycan CQBK Ltd (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

2009-cu ilin birinci üç rübü ərzində CQBK ilə bağlı fəaliyyətlərə $2 milyon əsaslı xərclər sərf edilmişdir.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır.

2009-cu ilin ilk doqquz ayı üçün CQBK-nıin orta ötürücülük gücü gündə təxminən 14 milyon kub metr (510 milyon kub fut) qaz və ya gündə 91,000 bareldən artıq neft ekvivalenti olmuşdur.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes inkişafı və idarəetmə üzrə məsul kommersiya operatorudur

Geoloji-kəşfiyyat

2009-cu ilin iyul ayının 13-də BP və ARDNŞ Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq” və “Asiman” perspektiv strukturlarının birgə kəşfiyyatı və işlənməsi üzrə anlaşma memorandumu imzaladı. Dərinliyi təxminən 650-800 metr olan dərinsulu hissədə yerləşən, kollektorunun dərinliyi təxminən 7000 metr olan bu iki struktur təqribən 1100 kvadrat kilometr ərazini əhatə edir və əvvəllər orada heç bir geoloji-kəşfiyyat işləri aparılmamışdır. Bu memorandum BP-yə müstəsna hüquq verir ki, həmin iki strukturun geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi bağlamaq üçün danışıqlar aparsın. 

İşçi heyətimiz

Sentyabrın 20-də BP və onun tərəfdaşları tarixə “Əsrin Kontraktı” kimi düşmüş AÇG muqaviləsinin 15 illiyini qeyd etdilər. Bu əlamətdar hadisə münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları müqavilənin operatoru olan BP şirkətinin bir qrup əməkdaşını ötən 15 il ərzində Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə dövlət fəxri adları, orden və medalları ilə təltif etdi.

BP şikətinin Azərbaycandakı keçmiş prezidenti Bill Şreyder “Dostluq” ordeni, şirkətin ixrac kəmərləri əməliyyatları üzrə məsul işçisi Tapdıq Əhmədov “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adı və şirkətin 15 əməkdaşı “Tərəqqi” medalı ilə təltif edildilər.

Hazırda 1978 nəfər Azərbaycan vətəndaşı BP-də şirkətin birbaşa işçisi kimi çalışır. Şirkətin ixtisaslı daimi işçilərinin 84%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir.

Mühüm davamlı inkişaf təşəbbüsləri

Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq və yerli icmaların dəstəyini qazanmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçirir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2009-cu ilin ilk üç rübü ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda $2.38 milyon xərcləmişlər.

Azərbaycanın iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədi ilə BP və onun tərəfdaşları yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər.

Bu qəbildən olan təşəbbüslərin ən son nümunələri bunlardır:
  • BP və onun tərəfdaşları BTC və CQBK boyunca yerləşən Kürdəmir, Ucar və Ağdaş rayonları icmalarında iqtisadi imkanları artırmaq və yerli bacarıqların inkişafını gücləndirmək üçün oktyabr ayında yeni qrant ayırdılar
  • BP-nin “Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr” adlı yeni təşəbbüsü geologiya, yerşünaslıq, geofizika və texnologiyalar üzrə yerli və beynəlxalq mütəxəssisləri bu sahələri ixtisas kimi seçmiş gənc nəslin nümayəndələri ilə bir araya gətirərək diqqətin bu elmlərə yönəldilməsi məqsədini daşıyır. Bu təşəbbüs çərçivəsində keçirilən tədbirlər həmin elmlər, onların sənayeyə tətbiqi və BP-nin bu sahələrdə öz qabaqcıl təcrübəsini bölüşməsi üçün çox yaxşı fikir mübadiləsi və müzakirə imkanı yaradacaq. Bu silsilədən olan ilk tədbir noyabrın 23-də Azərbaycan Dövlət Neft Akademiyasında olacaq. Tədbirdə BP-nin prezidenti Rəşid Cavanşir “Cənubi Xəzər hövzəsi: nadir geologiya və nadir neft sistemi”mövzusunda təqdimatla çıxış edəcək.
Əlavə məlumat üçün BP şirkətində Tamam Bayatlıya müraciət edə bilərsiniz Telefon: (994 12) 599 4557