2010-cu ilin birinci yarısının nəticələri

10 avqust 2010

Biznes əməliyyatları haqqında bu məlumat AÇG yatağı və BP Exploration (Shah Deniz) Limited şirkətinin əməliyyatçısı kimi, həmçinin Şahdəniz yatağının, Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin və Cənubi Qafqaz Boru Kəməri şirkətinin əməliyyatçısı kimi BP Exploration (Caspian Sea) Limited şirkəti tərəfindən, bu qurumların hər biri öz layihəsinə aid məlumatı təmin etməklə və öz layihəsinə tətbiq edilən açıqlamaları verməklə, mətbuata açıqlanan birgə pres relizdir.

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 34,1%), Şevron (10,2%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İTOÇU (3,9%), Hess (2,7%).

2010-cu ilin birinci altı ayı ərzində AÇG layihəsinə $189.7 milyon əməliyyat məsrəfləri və $774 milyon əsaslı məsrəflər xərclənmişdir. 

Bütün il üçün isə AÇG fəaliyyətləri üzrə əməliyyat məsrəflərinin $587 milyon və əsaslı məsrəflərin $1 milyard 584 milyon olacağı planlaşdırılır. 
Hasilat 

2010-cu ilin birinci yarım ili ərzində biz Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından ümumilikdə gündə orta hesabla 827,600 barel (b/g) (və yaxud altı ay üçün ümumilikdə 150 milyon barel və ya 20.2 milyon tondan artıq) neft hasil etmişik. 

Bütün il üçün plan beş platformadan ümumilikdə gündə orta hesabla 854,000 barel (b/g) (bütün il üçün 42.1 milyon ton) neft hasil etməkdir. Platformalar üzrə bu hasilatın gündəlik orta hesabla 90,900 b/g-nü Çıraq, 184,200 b/g-nü Mərkəzi Azəri, 285,700 b/g-nü Qərbi Azəri, 158,100 b/g-nü Şərqi Azəri və 135,100 b/g-nü Dərinsulu Günəşli platformasının payına düşür. 

I yarım il ərzində 

Çıraqda 19 quyu istismarda idi (13 hasilat və 6 suvurma quyusu) və oradan orta hesabla gündə təxminən 104,300 barel neft hasil edilmişdir. 

Mərkəzi Azəridə (MA) 18 quyu istismarda idi (13 hasilat və 5 qaz injektor quyusu) və oradan gündə orta hesabla 202,500 barel hasilat əldə edilmişdir. 

Qərbi Azəridə (QA) 21 quyu istismarda idi (15 hasilat və 6 suvurma quyusu) və oradan gündəlik orta hesabla təxminən 256,000 barel hasilat əldə edilmişdir. 

Şərqi Azəridə (ŞA) 14 quyu istismarda idi (9 hasilat və 5 suvurma quyusu) və oradan gündəlik orta hesabla təxminən 138,400 barel hasilat əldə edilmişdir. 
Dərinsulu Günəşlidə (DərSG) 22 quyu istismarda idi (12 hasilat və 10 suvurma quyusu) oradan gündəlik orta hesabla təxminən 126,400 barel hasilat əldə edilmişdir. 

Səmt qazı 

AÇG yatağının operatoru olaraq BP 2010-cu ilin birinci yarım ilində üç platformadan (MA, QA və ŞA platformalarından) səmt qazının 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. 

AÇG platformalarından hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə MA-dakı kompressor və suvurma platformasına (KSVP) göndərilmişdir. Hal-hazırda Mərkəzi Azəridə beş quyudan laya qaz vurma əməliyyatları davam edir. 

2010-cu ilin birinci yarısı ərzində biz ARDNŞ-yə gündə təxminən 9.5 milyon kub metr (təxminən 334.5 milyon standart kub fut) AÇG səmt qazı vermişik. Ümumilikdə I rüb ərzində 1.7 milyard kub metr (təxminən 60.5 milyard standart kub fut) AÇG səmt qazı təhvil verilmişdir. 

Bütün il üçün biz ARDNŞ-yə AÇG əməliyyatlarından 1.9 milyard kub metr səmt qazı çatdırmağı planlaşdırırıq. 

Qazma 

Çıraq: Bu ilin mart ayında biz A-08x hasilat quyusunu tamamladıq. Bundan sonra isə aprel ayında A-22 hasilat quyusunu qazmağa başladıq və 16”-lik qoruyucu boruyadək qazdıq. Quyunun qazılmasını hazırda davam edən kran dəyişmək əməliyyatına görə müvəqqəti dayandırmışıq. 2010-cu il üçün qalan planlarımıza həmçinin A-07y yanaqazma hasilat quyusu qazmaq da daxildir. 
Mərkəzi Azəri: MA-da bərpa əməliyyatları bu ilin mart ayında başa çatdı və aprelin 7-dən başlayaraq yeni quyuların qazılması işləri bərpa olundu. İkinci rüb ərzində biz B10y yana qazma hasilat quyusunu tamamladıq. İlin qalan hissəsində qazma işlərini davam etdirərək B-22z inyektor quyusunu qazacaq və dördüncü rübdə onu tamamlayacağıq. 

Qərbi Azəri: Bu ilin əvvəlində C-19 hasilat quyusunu tamamladıq və qazma qurğusu üzərində bəzi təmir işləri apardıq. Əlavə olaraq, fevral ayında C-23 suvurma quyusunu qazmağa başladıq. Hazırda biz C24 hasilat quyusunu bitiririk. İlin qalan hissəsi üçün planlarımıza yeni istismar quyularının qazılması və ilin ikinci yarısında qazma qurğusunda aparılacaq profilaktik işlər daxildir. 

Şərqi Azəri: İkinci rüb ərzində D-17z suvurma quyusunda qazma və tamamlama əməliyyatlarını başa vurduq. 2010-cu ilin qalan hissəsi üçün planlarımız daha iki hasilat quyusunu - D-18 və D-19-u - qazmaq və tamamlamaqdır. 

Dərinsulu Günəşli: Birinci rüb ərzində E-13 hasilat quyusunu tamamladıq. İkinci rübdə E14 hasilat quyusunu qazmağa başladıq və bu yazınlarda onu da tamamladıq. Hazırda platformada E-04 yanaqazma hasilat quyusunu qazırıq və onu 2010-cu ilin sonunadək tamamlamağı planlaşdırırıq. 

Əlavə olaraq, “Dədə Qorqud” qazma qurğusu vasitəsilə DərSG sualtı suvurma qazması proqramı çərçivəsində qazma və tamamlama əməliyyatları da davam etmişdir. Birinci yarım il ərzində biz H-03 və F-06 suvurma quyularını qazıb tamamlamışıq. 
İxrac əməliyyatları 

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. 

Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1.2 milyon barel neft və Şahdəniz qazı üçün gündəlik 25.5 milyon kub metr qaz (ümumi qaz emalı gücü 39.5 milyon kub metr olmaqla) təşkil edir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur. 

Birinci yarım il ərzində terminal təxminən 156.4 milyon barel neft (o cümlədən 136 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 16 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və 4.7 milyon barel dəmir yolu vasitəsilə) ixrac etmişdir. Bundan əlavə, birinci yarım il ərzində terminaldan gündəlik orta hesabla 20 milyon kub metr (700 milyon standart kub fut) Şahdəniz qazı ixrac edilmişdir.

Çıraq Neft Layihəsi (ÇNL)

2010-cu ilin birinci yarısı ərzində AÇG üzrə tikinti fəaliyyətləri qrafik və plana uyğun olaraq davam etmişdir. 

Martın 9-da 6 milyard dollarlıq layihə olan Çıraq Neft Layihəsinin (ÇNL) tikinti işlərinin başlanması üçün sərmayə qoyulmasına qərar verildi. 
O vaxtdan bəri layihə çox yaxşı irəliləyiş etmiş və ümumi məbləği 814 milyon dollar olan altı əsas müqavilə imzalanmışdır. Bu əsas müqavilələr geniş danışıqlar və tender prosesi nəticəsində seçildi. Bu müqavilələrə platformanın dayaq blokunun, sualtı dayaq tavasının və bununla bağlı olan bərkitmə payaları, həmçinin Dərinsulu Günəşlidəki mövcud texnoloji emal, qaz kompressoru, suvurma və texnoloji təchizat platformasının üstündəki boş saxlanmış yerdə dikborunun dayaq çərçivəsinin quraşdırılması; platformanın birləşmiş göyərtəsinin (üst modulların) o cümlədən qazma obyektlərinin quraşdırılması, yığılması, nizamlanması və istismar sınaqları; dayaq tavasının daşınması və dənizdə quraşdırılması; platformanın yaşayış blokunun mühəndis-layihə, tədarük və tikinti işləri; dəniz obyektlərinin mühəndis-layihə işləri; və platformanın qazma modullarının mühəndis-layihə işləri üçün müqavilələr daxildir. 

Bu yeni imzalanmış müqavilələrdə də ABƏŞ Azərbaycanın yerli ehtiyatlarından optimal istifadə öhdəliyinə sadiq qalıb. ÇNL layihəsinin tikinti işlərinə 9 milyon adam-iş saatı sərf olunacaq ki, bu işlərin də 90%-i Azərbaycanda yerinə yetiriləcək və onun da 80%-i Azərbaycanın yerli işçi qüvvəsi tərəfindən həyata keçiriləcək. Bundan əlavə, müqavilələri udmuş şirkətlərə yerli subpodratçılardan maksimum istifadə etmək tövsiyə olunur və bunun nəticəsində də ÇNL üzrə ümumi xərclərin 30%-dən çox hissəsinin Azərbaycanda sərf ediləcəyi gözlənilir. 

Qalan əsas podratçı müqavilələrinin verilməsi hazırda yekunlaşmaq üzrədir. Sualtı boru kəmərlərinin inşası və dalğıc işləri, dayaq bloku və üst modulların dənizə daşınması və quraşdırılması kimi müqavilələr haqqında məlumat gələcəkdə açıqlanacaq. 
İyunun 21-də ÇNL mühüm bir işi yekinlaşdırdı - layihənin birinci əsas dəniz qurğusu olan öncəqazma tavası və 4 istiqamətləndirici paya təhlükəsiz şəkildə dənizin dibində quraşdırıldı. Bu işlər layihənin tələblərinə cavab vermək üçün modernləşdirilmiş “Azərbaycan” kran barjı vasitəsilə həyata keçirildi. Dayaq tavası dəqiq şəkildə əvvəlcədən qazılmış quyu ağzının üzərində quraşdırıldı və ağırlığı yayan iri dənizdibi plitələrin üzərinə oturduldu. 

Dayaq tavası layihə infrastrukturunun əsas komponentlərindən biridir və 2012-ci ildə platformanın dayaq blokunun quraşdırılacağı vaxtadək geniş öncə-qazma işləri üçün bünövrə rolunu oynayacaq. Çəkisi 218 ton olan bu konstruksiya bu günədək inşa edilmiş AÇG öncəqazma tavalarından ən böyüyüdür və əvvəlki 12 şaxtalı bütün dayaq tavaları ilə müqayisədə onun daha çox - 20 qazma şaxtası vardır. ÇNL öncəqazma proqramına 15 “topset” quyusu və bir şlamların yenidən laya vurulması quyusu (cəmi 16 quyu) daxildir. 

ÇNL öncə qazma planları: 

İkinci rüb ərzində İstiqlal qazma qurğusu ilə ilk ÇNL öncə qazma quyusunu – J-01-i qazmağa başladıq. Həmçinin ÇNL ərazisində bir geotexniki quyu da qazdıq. İlin ikinci yarısında isə artıq dənizdə quraşdırılmış dayaq tavasından Dədə Qorqud qurğusu vasitəsilə öncə qazma quyularının qazılması davam edəcək. 

İlin qalan hissəsi üçün ÇNL-in əsas işləri: 
  • Daşıma və quraşdırma üzrə əsas müqaviləni bağlamaq - 3-cü rüb
  • Sualtı boru kəmərlərinin örtüklənməsi müqaviləsini bağlamaq - 3-cü rüb
  • Boru kəmərlərinin quraşdırılması və dalğıc işləri müqaviləsini bağlamaq - 3-cü rüb
  • Dayaq blokunun quraşdırılmasına başlamaq - 4-cü rüb
  • İlk iri avadanlıq yüklərini Bakıya çatdırmaq - 4-cü rüb
AÇG tikinti işlərinə hazırda podratçı şirkətlər vasitəsilə 800-dən artıq işçi cəlb olunmuşdur ki, bunların da 95%-dən çoxu yerli Azərbaycan vətəndaşlarıdır.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İtoçu (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Hess (2,36%) şirkətləridir.

2010-cu ilin birinci yarısı ərzində BTC üzrə əsaslı xərclərə $13,4 milyon xərclənmişdir. Bütün il üçün BTC əsaslı xərclərinin $69 milyon olacağı planlaşdırılır. 

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. 

2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhanda yüklənməsindən 2010-cu il ikinci rübün sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 125.6 milyon ton (təxminən 938 milyon barel) xam neft Ceyhanda 1195 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir. 

İyulun 21-də BTC 1.057 milyon barel xam neft nəql etməklə özünün indiyədək ən yüksək gündəlik ötürmə gücünə nail olmuşdur. 

BTC vasitəsilə bu ilin birinci yarısında təqribən 18 milyon ton və ya 136 milyon barel neft ixrac olunmuşdur. 

Hazırda BTC boru kəməri Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. İyul ayında yeni nəql sazişi imzalandıqdan sonra BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. BTC-nin həmçinin Qazaxıstandakı Tengiz yatağından neft həcmlərini daşımaq haqqında sazişləri də var.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

2010-cu ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə $ 81,3 milyon əməliyyat xərcləri və $162,2 milyon əsaslı xərclər çəkilmişdir. 

Bütün il üçün biz Şahdəniz üzrə fəaliyyətlərə $177,8 milyon əməliyyat xərcləri və $604,8 milyon əsaslı xərclər qoymağı planlaşdırırıq. 

Hasilat İlin birinci yarısı ərzində yataq dörd quyudan sabit şəkildə Azərbaycandakı, Gürcüstandakı və Türkiyə sərhədindəki satış məntəqələrinə qaz çatdırmaqda davam etmişdir. Şahdəniz Mərhələ 1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC Ko-ya satılmaqda davam edir. 

2010-cu ilin birinci yarısı ərzində yataq təxminən 3,6 milyard kub metr (təxminən 127 milyard kub fut) qaz və 1 milyon ton (təqribən 7,7 milyon barel) kondensat və ya gündəlik orta hesabla təxminən 20 milyon kub metr (700 milyon standart kub fut) qaz və 42.700 barel kondensat hasil etmişdir. 

Bütün il üçün Şahdəniz hasilat planı 7,6 milyard kub metr (təqribən 269 milyard kub fut) qaz və 2,01 milyon ton (təqribən 16 milyon barel) kondensat təşkil edir. 

2006-ci ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2010-cu il ikinci rübün sonunadək yataqdan dünya bazarlarına 42,4 milyon barel (təqribən 5,3 milyon ton) kondensat ixrac edilmişdir. 

Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilat da get-gedə artacaq. Mərhələ 1-də hasilatın ən yüksək sabit səviyyəsinin ildə 8.6 milyard kub metr qaz və gündə təxminən 45,000 barel kondensat olacağı gözlənilir. 
Qazma 

2010-cu ilin əvvəlində biz yeni quyular sistemini istismara verdik və fevral ayında platformadan yeni bir quyunu SDA-06-nı qazmağa başladıq. Bundan başqa biz bu ilin dördüncü rübündə mövcud SDA-04 quyusunda bəzi yoxlama əməliyyatları da aparacağıq. 

Şahdəniz mərhələ 2 

Şahdəniz işlənməsinin ikinci mərhələsi və bununla bağlı Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələrini irəli aparmaq məqsədi ilə mühəndis-layihə və qiymətləndirmə işləri ikinci rübdə davam etmişdir və 2010-cu ilin qalan hissəsində də bu işlər davam edəcəkdir. 

2010-ci ilin iyun ayının 7-də İstanbulda Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında Azərbaycan qazının Türkiyəyə satışını və Türkiyə ərazisi ilə Avropa bazarlarına nəqlini tənzimləyən sənədlər paketinin bir hissəsi olaraq Anlaşma Memorandumu imzalandı. Bu, Mərhələ 2 qazının Türkiyəyə və digər ölkələrə satışı üçün tələb olunan müqavilələrin yekunlaşdırılmasına doğru irəli atılmış bir addımdır və Şahdəniz Mərhələ 2-nin işlənməsi planlarının əhəmiyyətini əsaslandırmaqla Şahdəniz tərəfdaşlarının yekun sərmayə qoyuluşu qərarına yol açır. Hazırda qazın sonrakı marketinqi və satışı üçün ən yaxşı variantın müəyyən edilməsi üzrə danışıqlar davam edir və bu danışıqlara Şahdəniz tərəfdaşlığının iştirakı ilə Azərbaycan hökuməti/ARDNŞ rəhbərlik edir. 

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator -25,5%), Statoyl (kommersiya operatoru - 25,5%), Azərbaycan CQBK Ltd (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

2010-cu ilin birinci yarısı ərzində CQBK ilə bağlı fəaliyyətlərə $4,9 milyon əsaslı xərclər sərf edilmişdir. Bütün il üçün biz CQBK üzrə əsaslı xərclərin $12,7 milyon olacağını planlaşdırırıq. 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. 

Birinci yarım ildə CQBK-nıin orta ötürücülük gücü gündə təxminən 15 milyon kub metr (təxminən 524 milyon kub fut) qaz və ya gündə 93,000 bareldən artıq neft ekvivalenti olmuşdur. 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes inkişafı və idarəetmə üzrə məsul kommersiya operatorudur. 

Geoloji-kəşfiyyat

2009-cu ilin iyul ayının 13-də BP və ARDNŞ Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq- Asiman” perspektiv strukturunun birgə kəşfiyyatı və işlənməsi üzrə anlaşma memorandumu imzaladı. Dərinliyi təxminən 650-800 metr olan dərinsulu hissədə yerləşən, kollektorunun dərinliyi təxminən 7000 metr olan bu struktur təqribən 1100 kvadrat kilometr ərazini əhatə edir və əvvəllər orada heç bir geoloji-kəşfiyyat işləri aparılmamışdır. Bu memorandum BP-yə müstəsna hüquq verir ki, həmin strukturun geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi bağlamaq üçün danışıqlar aparsın. 

O vaxtdan indiyədək görülmüş işlərin nəticəsi olaraq BP və ARDNŞ bu yaxınlarda “Sazişin Əsas Prinsipləri “ adlı sənəd imzaladı. Bu sənəd “Şəfəq-Asiman” dəniz bloku üçün Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) əsas kommersiya prinsiplərini müəyyən edir. 

İşçi heyətimiz

2010-cu ilin ikinci rübünün sonunda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2051 nəfər olub. Şirkətin ixtisaslı daimi işçilərinin 86%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir. 

2010-cu ilin qalan hissəsində biz işçi heyətimizin milliləşdirilməsi proqramını diqqətdə saxlamaqla texniki ixtisaslar üzrə yerli mütəxəssislərin işə qəbulu və yerli menecerlərin inkişafı səylərimizi davam etdirəcəyik. Bu il biz neft və qaz əməliyyatlarımızı aparmaq üçün əlavə 120 texniki ixtisaslı işçi və 50 yerli azərbaycanlı çalencer işə götürməyi planlaşdırırıq. Bu məqsədə uyğun olaraq Səngəçal terminalında yerləşən texniki təlim mərkəzimizdə və digər vasitələrlə geniş təlim proqramlarımızı davam etdirəcəyik. 

Mühüm davamlı inkişaf təşəbbüsləri

Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq və yerli icmaların dəstəyini qazanmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçirir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir. 

2010-cu ilin birinci yarısında BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda $2,63 milyon xərcləmişlər. 

Azərbaycanın iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədi ilə BP və onun tərəfdaşları yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 

Bu qəbildən olan təşəbbüslərin ən son nümunələri bunlardır: 
  • BP və tərəfdaşlarının bu yaxınlarda Ucar rayonunun Qaradağlı icmasında kənd təsərrüfatı sektorunu gücləndirmək vasitəsilə iqtisadi inkişafı artırmaq üçün yeni qrantı;
  • BP və onun tərəfdaşlarının Goranboy rayonunda istixana təsərrüfatı yaratmaq məqsədi ilə yeni icma layihəsi. Layihənin əsas məqsədi BTC və CQBK boyunca yaşayan icmaların davamlı iqtisadi inkişaf imkanlarına kömək etməkdir;
  • “İcma mikro-layihələrinin idarə olunması” çərçivəsində altı icma infrastrukturu layihəsinin başa çatdırılması. Bunlara kənd yollarının bərpası və kəndlərdə içməli su sistemlərinin tikilməsi daxildir;
  • BP və tərəfdaşlarının neft və qaz xidməti şirkətlərini inkişaf etdirmək məqsədilə 2007-ci ildə başladığı “Sahibkarlığın inkişafı və təlim proqramı”nın həyata keçirilməsi üçün yerli biznes xidməti göstərən şirkət olan AZERMS MMC-yə verdikləri irimiqyaslı qrant. Bunadək proqramı beynəlxalq şirkət həyata keçirirdi;
  • BP və onun BTC/CQBK layihələrindəki tərəfdaşlarının mədəni irs üzrə bacarıq və səriştələrin yaradılmasına dəstəyi. Bunun üçün Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun, Azərbaycan Arxeologiya İnstitutunun və Gürcüstan Milli Muzeyinin 43 nəfərə yaxın əməkdaşına təlim keçilmişdir;
  • BP-nin Dövlət Neft Akademiyasının bir qrup birinci və ikinci kurs tələbəsinə özünün xüsusi illik təqaüdlərini təqdim etməsi. Bu təqaüd proqramı BP-nin Azərbaycanda təhsilin inkişafını dəstəkləyən iri layihələrindən biridir. Təqaüd Dövlət Neft Akademiyasında neft-qaz mədən və geoloji kəşfiyyat sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədini daşıyır. BP-nin mayın 26-da keçirdiyi tədbirdə Neft Akademiyasının 58 tələbəsinə 2010-cu ilin xüsusi təqaüdləri təqdim edildi;
  • BP şirkətinin Qafqaz Universitetində bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrini əhatə etmək imkanı verən dəstəyi;
  • BP-nin “Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr” adlı təşəbbüsü. Layihə bu sahələri ixtisas kimi seçmiş gənc nəslin nümayəndələrinin geologiya, yerşünaslıq, geofizika və texnologiyalar kimi elm sahələrinin Azərbaycanda inkişafına diqqətini artırmaq məqsədini daşıyır;
  • BP-nin Hacı Zeynalabdin Tağıyev haqqında fundamental bir tədqiqatın nəşrinə dəstəyi
Əlavə məlumat üçün BP şirkətində Tamam Bayatlıya müraciət edə bilərsiniz
tel.: (994 12) 599 4557