2011-ci ilin birinci rübünün nəticələri

17 may 2011

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 37,4%), Şevron (11,3%), ARDNŞ (10%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,7%), İTOÇU (4,3%), Hess (2,7%).

Birinci rüb ərzində AÇG layihəsinə $140,6 milyon əməliyyat məsrəfləri və $419 milyon əsaslı məsrəflər xərclənmişdir. Bütün il üçün AÇG əməliyyatlarına $628 milyon əməliyyat məsrəfləri və $1 milyard 998 milyon əsaslı məsrəflər xərclənəcəyi gözlənilir. 

Hasilat 

Bu ilin ilk üç ayı ərzində biz Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından birlikdə gündə orta hesabla 785,500 barel (b/g) (və ya ümumilikdə birinci rüb üçün 70,74 milyon barel yəni 9,6 milyon ton) neft hasil etmişik. 

Birinci rübün sonunda -
Çıraqda 10 quyu istismarda olub (6 hasilat və 4 suvurma quyusu) və birinci rüb ərzində oradan orta hesabla gündə təxminən 81,800 barel neft hasil edilmişdir. 

Mərkəzi Azəridə (MA) 18 quyu istismarda idi (12 hasilat, 5 qaz injektor quyusu və bir suvurma quyusu) və birinci rüb ərzində oradan gündə orta hesabla 216,000 barel hasilat əldə edilmişdir. 

Qərbi Azəridə (QA) 19 quyu istismarda idi (14 hasilat və 5 suvurma quyusu) və birinci rüb ərzində oradan gündəlik orta hesabla təxminən 225,300 barel hasilat əldə edilmişdir. 

Şərqi Azəridə (ŞA) 14 quyu istismarda idi (10 hasilat və 4 suvurma quyusu) və birinci rüb ərzində oradan gündəlik orta hesabla təxminən 130,700 barel hasilat əldə edilmişdir. 

Dərinsulu Günəşlidə (DərSG) 21 quyu istismarda idi (12 hasilat və 9 suvurma quyusu) və birinci rüb ərzində oradan gündəlik orta hesabla təxminən 131,800 barel hasilat əldə edilmişdir. 
Səmt qazı 

AÇG yatağının operatoru olaraq BP 2011-ci ilin birinci rübü ərzində üç platformadan (MA, QA və ŞA platformalarından) səmt qazını 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. 

AÇG platformalarından hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə MA-dakı kompressor və suvurma platformasına (KSVP) göndərilmişdir. Hal-hazırda Mərkəzi Azəridə beş quyudan laya qaz vurma əməliyyatları davam edir. 

Birinci rüb ərzində biz ARDNŞ-yə gündə təxminən 10,6 milyon kub metr (təxminən 374 milyon standart kub fut) AÇG səmt qazı vermişik. Ümumilikdə birinci rüb ərzində ARDNŞ-yə 1 milyard kub metr (təxminən 33.7 milyard standart kub fut) AÇG səmt qazı təhvil verilmişdir. Bütün il ərzində 2,3 milyard kub metr (və ya 80 milyard standart kub futdan artıq) AÇG səmt qazı təhvil veriləcəyi planlaşdırılır. 

Qazma və tamamlama fəaliyyətləri
Çıraq: Ötən ilin noyabr ayında Çıraq platformasındakı qazma qurğusunda başlanmış profilaktik işlər davam etməkdədir və bu işlərin 2012-ci ilin birinci rübündə başa çatdırılması planlaşdırılır. 

Mərkəzi Azəri: Bu ilin mart ayında B04z yanaqazma hasilat quyusunu tamamladıq. Hazırda MA-da qazma qurğusunda profilaktik işlər aparılır və bu işlər may ayının sonunadək başa çatacaq. İlin qalan hissəsi üçün plan B18y hasilat quyusunu üçüncü rübdə təhvil vermək və sonra B01y qaz injektor quyusunu qazmağa başlamaqdır. Bu quyunun 2012-ci ilin birinci rübündə təhvil veriləcəyi planlaşdırılır. 
Qərbi Azəri: Ötən ilin sonlarında QA qazma qurğusunda başladığımız planlaşdırılmış profilaktik işləri başa çatdırdıqdan sonra biz C25z hasilat quyusunda qazma işlərini bərpa etdik və quyunu 2011-ci ilin birinci rübündə başa çatdırdıq. Bu ilin dördüncü rübündə daha bir hasilat quyusu – C15z-i təhvil verməyi planlaşdırırıq. 

Şərqi Azəri: Birinci rüb ərzində D19 hasilat quyusunda qazma işlərini bitirdik (bu quyunu ötən ilin sentyabr ayında qazmağa başlamışdıq). Sonra D-18 hasilat quyusunu qazdıq və bu quyunu avqust ayında tamamladıq. Hazırda daha bir hasilat quyusu – D20-ni qazırıq. Bu quyunu 2011-ci ilin dördüncü rübündə bitirməyi planlaşdırırıq. 

Dərinsulu Günəşli: Hazırda bu platformada E15 hasilat quyusunu qazırıq və onu 2011-cu ilin ikinci rübündə tamamlamağı planlaşdırırıq. İlin qalan hissəsində isə növbəti quyunu - E16-nı qazacağıq. Bu quyunun təhvil verilməsi 2012-ci ilin birinci rübünə planlaşdırılır. 

Çıraq Neft Layihəsi (ÇNL) öncə qazma işləri: ÇNL layihəsinin öncə qazma proqramı ötən ilin aprel ayında başlayıb və bu il də davam etməkdədir. 16 quyudan ibarət bu proqram çərçivəsində J03, J-04 və J06 quyuları 13-3/8” ölçülü qoruyucu boruyadək, J08, J09 və J05 quyuları isə 30”-lük konduktor nöqtəsinədək qazılaraq gələcək istifadə üçün bağlanmışdır. Bu proqramda istifadə olunan “Dədə Qorqud” qazma qurğusu hazırda modernləşdirmə və tullayışa qarşı preventor avadanlığının sertifikasiya olunması prosesindədir. Qazma proqramı bu ilin iyun ayının sonundan başlayaraq davam etdiriləcək. Ümumilikdə bu il üçün plan altı ÇNL öncə qazma quyusu təhvil verməkdir. 
Şahdəniz qazma əməliyyatları: SDA06 hasilat quyusu üzərində işlər hələ davam edir. SDA06 quyusunun başa çatması və istismara təhvil verilməsi 2011-ci ilin ikinci rübünə planlaşdırılır. Bundan sonra biz növbəti SDA03z hasilat quyusu üzərində işləyəcəyik. Bu quyunu 2012-ci ilin birinci rübündə bitirməyi planlaşdırırıq. 

Şahdənizin tammiqyaslı işlənməsi üçün qiymətləndirmə qazma əməliyyatları: Şahdənizin tammiqyaslı işlənməsi planlarını dəstəkləmək məqsədilə qiymətləndirmə qazma əməliyyatları davam edir. Bu əməliyyatların bir hissəsi olaraq SDX06 qiymətləndirmə quyusu uğurla qazılıb mart ayında başa çatdı. Sonra “İstiqlal” qazma qurğusu yataqda növbəti qiymətləndirmə qazma əməliyyatlarına keçərək SDX07 quyusunu qazmağa başladı. Hazırda bu quyu qazılmaqdadır. Quyunun ümumi dərinliyi plan üzrə 6170 metr olacaq. Quyu yatağın qərb hissəsində yerləşir. Quyuda qazma işlərinin 2012-ci ilin birinci rübündə başa çatacağı planlaşdırılır. 

İxrac əməliyyatları 
AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. 

Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1.2 milyon barel neft və Şahdəniz qazı üçün gündəlik 25.5 milyon kub metr qaz (ümumi qaz emalı gücü isə gündəlik təqribən 39.5 milyon kub metrdir) təşkil edir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur. 

Birinci rüb ərzində terminal təxminən 78 milyon barel neft (o cümlədən 68,7 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 7,5 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və 1,8 milyon barel dəmir yolu vasitəsilə) ixrac etmişdir. Bundan əlavə, rüb ərzində terminaldan gündəlik orta hesabla 16,2 milyon standart kub metr (təxminən 571,5 milyon standart kub fut) Şahdəniz qazı ixrac edilmişdir. 
Çıraq Neft Layihəsi (ÇNL) 2011-ci ilin birinci rübü ərzində ÇNL üzrə tikinti fəaliyyətləri qrafik və plana uyğun olaraq davam etmişdir. 

İndiyədək ÇNL çox yaxşı irəliləyib. Layihənin dəniz işləri üzrə qalan 3 əsas müqaviləsi də bu ilin yanvar ayında yekunlaşdırıldı və bağlandı. Bunlar aşağıdakılardır: 
  • boru kəmərinin örtüklənməsi üçün müqavilə Kaspian Payplayn Koutinq (CPC -Caspian Pipeline Coating) şirkətinə verildi;
  • sualtı boru kəmərlərinin inşası və dalğıc işləri üçün müqavilə McDermott Caspian Contractors İnc. şirkətinə verildi.
  • sualtı boru kəmərlərinin inşası və dalğıc işləri üçün müqavilə McDermott Caspian Contractors İnc. şirkətinə verildi.
2011-ci ilin birinci rübündə ÇNL üzrə aşağıdakı fəaliyyətlər yerinə yetirilib: 

Bakı Dərin Özüllər Zavodunda: 
  • Bakı Dərin Özüllər Zavodunun modernləşdirilməsi proqramı başa çatdırıldı, bu proqram dayaq blokunun quraşdırılması üzrə bütün işlərin ölkə daxilində aparılmasına imkan verəcək;
  • dayaq blokunun tikintisi üçün işçi heyətinin təmin edilməsi;
  • işçilər üçün təlim proqramının seçilməsi və başlanması;
  • polad təbəqələrin bükülməsi və quraşdırılmasına başlanması, bu işlərin daha çox hissəsi indi üstüörtülü yerlərdə aparılır;
  • sahənin hazırlanması və endirmə qurğusunun yönəldici qolları və dayaq bloku mərkəzi qutusunun 3-cü və 5-ci çərçivəsinin yığılmasına başlanması;
  • qum şırnağı ilə təmizləmə və rəngləmə işlərinin aparılması üçün avadanlığın modernləşdirilməsi və bu işlərin başlanması.
ATA tikinti-quraşdırma sahəsində: 
  • ölkə daxilində aparılacaq işlərin həcmini artırmaq üçün ATA tikinti-quraşdırma sahəsinin modernləşdirilməsi proqramının başa çatdırılması;
  • üst modulların quraşdırılması üçün işçilərin təmin edilməsi;
  • 300 nəfərdən çox qaynaqçıya təlim keçilməsi, bunlardan 100 nəfəri elə materiallar üzrə ixtisaslaşdı ki, belə qaynaq işləri əvvəllər ölkədən kənarda yerinə yetirilirdi;
  • ÇNL qazma avadanlıqlarının quraşdırılmasına başlandı, əvvəllər bu işlər ölkədən kənarda yerinə yetirilirdi
  • taxtabənd işləri üzrə subpodratçı müqaviləsi bağlandı;
  • taxtabənd işləri üzrə subpodratçı müqaviləsi bağlandı;
  • platformanın alt göyərtəsi birləşmələrinin quraşdırılması;
  • boruların quraşdırılması başlandı;
  • platformanın alt göyərtəsi birləşmələrinin quraşdırılması;
İlin qalan hissəsi üçün ÇNL-in əsas işləri aşağıdakılardır: 

Bakı Dərin Özüllər Zavodunda: 
  • payaların quraşdırılmasına başlamaq ( 2-ci rüb)
  • mərkəzi qutunu sahilə gətirmək üçün daşınma yolunun hazırlanması (3-cü rübdən başlayaraq gələn ilədək
  • dikborunun dayaq çərçivəsinin quraşdırılmasına başlamaq ( 4-cü rüb)
  • 3-cü və 5-ci çərçivəni dayaq bloku mərkəzi qutusuna keçirmək ( 4-cü rüb)
  • dikborunun dayaq çərçivəsinin quraşdırılmasına başlamaq ( 4-cü rüb)
ATA tikinti-quraşdırma sahəsində:
  • alt göyərtənin 1 –ci panelinin montajı və quraşdırılmasını başa çatdırmaq ( 2-ci rüb)
  • yardımçı qazma avadanlığı modulunun - 02 polad konstruksiyanın montajını başa çatdırmaq – (2-ci rüb)
  • alt göyərtənin 3 –cü panelinin montajı və quraşdırılmasını başa çatdırmaq ( 2-ci rüb)
  • qazma avadanlığı dəstinin 02 polad konstruksiyanın montajını bitirmək ( 3-cü rüb)
  • üst göyərtənin 1 –ci panelinin montajını və quraşdırılmasını bitirmək (3-cü rüb)
  • üst modulların ikitavrlı bərkitmə tirləri və birləşmələrinin quraşdırılmasını bitirmək (3-cü rüb)
  • yardımçı qazma avadanlığı modulunun - 01 polad konstruksiyanın montajını bitirmək (4-cü rüb )
  • yardımçı qazma avadanlığı modulunun borularının quraşdırılmasını başa çatdırmaq (4-cü rüb
  • üst göyərtənin daşınma yollarını tamamlamaq (4 cü rüb)
  • ÇNL tikinti işlərinə hazırda podratçı şirkətlər vasitəsilə 3200-dən artıq işçi cəlb olunub ki, bunların da 95%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İtoçu (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Hess (2,36%) şirkətləridir.

Birinci rüb ərzində BTC üzrə əsaslı xərclərə $7,3 milyon xərclənmişdir. Bütün il üçün əsaslı xərclər $65,9 milyon planlaşdırılır. 

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. 

BTC nefti yüklənmiş 1500-cü tanker 2011-ci il aprelin 17-də Ceyhandan yola salınmışdır. 

2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından may ayının 15-dək BTC vasitəsilə nəql edilmiş təxminən 159 milyon ton (təxminən 1188 milyon barel) xam neft Ceyhanda 1525 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir. 

BTC-nin indiyədək bir gün üçün ən yüksək göstəricisi 1,044 milyon barel olub. 

2011-ci ilin birinci rübündə BTC vasitəsilə ümumilikdə təqribən 9,2 milyon ton və ya 68,7 milyon barel neft ixrac olunmuşdur. 

Hazırda BTC boru kəməri Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

Birinci rüb ərzində Şahdəniz üzrə fəaliyyətlərə $47,9 milyon əməliyyat xərcləri və $125,8 milyon əsaslı xərclər çəkilmişdir. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq $169.9 milyon və $791.6 milyon olacağı gözlənilir

Hasilat 
Birinci rüb ərzində yataq dörd quyudan sabit şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına qaz çatdırmaqda davam edib. Şahdəniz Mərhələ 1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılmaqda davam edir. 

Birinci rüb ərzində yataq təqribən 1,84 milyard kub metr (64,8 milyard kub futdan artıq) qaz və 0,4 milyon ton (təqribən 3,1 milyon barel) kondensat və ya gündəlik təqribən 20,4 milyon kub metr (725 milyon standart kub fut) qaz və 34 400 barel kondensat hasil etmişdir. 

2006-cı ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2011-ci ilin birinci rübün sonunadək yataqdan dünya bazarlarına təqribən 52,9 milyon barel (təqribən 6,7 milyon ton) kondensat ixrac edilmişdir. 

Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilat da get-gedə artacaq. Mərhələ 1-də hasilatın ən yüksək sabit səviyyəsinin ildə təqribən 9 milyard kub metr qaz və gündə təxminən 50,000 barel kondensat olacağı gözlənilir. 
Şahdənizin tammiqyaslı işlənməsi 

Şahdənizin tammiqyaslı işlənməsi yeni cənub qaz dəhlizi vasitəsilə Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdırmaqla Avropa bazarlarının qaz təchizatını və enerji mənbələrinin müxtəlifliyini artırmaq məqsədi daşıyan nəhəng bir layihədir. Bu layihənin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kub metr qaza ildə 16 milyard kub metr qaz əlavə edəcəyi nəzərdə tutulur. Şahdənizin tammiqyaslı işlənməsi hazırda dünyanın ən böyük qaz işlənməsi layihələrindən biridir və yeni cənub dəhlizi isə Avropa qaz idxalının təhlükəsizliyi və çoxşaxəliliyini əsaslı şəkildə artıracaq. 

İndiki planlara görı Şahdənizin tammiqyaslı işlənməsi konsepsiyasına dənizdə emal gücü ildə 16 milyard kub metr qaz olan və körpü ilə birləşdirilmiş iki yeni platforma, 2 yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində 500 kilometr uzunluğunda sualtı boru kəməri şəbəkəsi, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ildə 16 milyard kub metr əlavə qaz daşımaq üçün genişləndirilməsi və Səngəçal terminalının Şahdənizin tammiqyaslı işlənməsi və CQBK üçün kompressorlar vasitəsilə genişləndirilməsi daxildir. 
Layihə artıq son mərhələlərədək irəliləyib və ilk qazın 2017-ci ildə əldə ediləcəyi gözlənilir. Bu irəliləyişin əsas məqamları bunlardır: SDX06 qiymətləndirmə quyusu uğurla qazılaraq kollektora çatıb və gələcək işlənmə üçün bağlanıb; növbəti quyu –SDX07 qazılmağa başlayıb; həm hasilat, həm də ixrac sahələri üzrə növbəti mərhələ mühəndis-layihə işləri davam edir; Şahdənizin uzun müddətli qaz satışı sazişlərinə kömək məqsədilə ARDNŞ və Şahdəniz tərəfdaşları hasilatın pay bölgüsü sazişinin 2031-ci ildən 2036-cı ilədək beş illik uzadılması sənədini imzalayıblar; BOTAŞ-la və Avropa İttifaqının əsas perspektiv boru kəməri qrupları ilə, o cümlədən İTGİ (İnterkonnekt Türkiyə-Yunanıstan-İtaliya) Poseydon, TAP (Trans-Adriatik boru kəməri) və Nabukko ilə, işləmək məqsədilə Ankarada Şahdəniz ixrac tranzit təşkilatı yaradılıb; Şahdəniz bütün boru kəməri qruplarından bu ilin oktyabr ayının 1-ədək qaz nəqli üçün qəti təklif təqdim etməyi istəyib. İxrac marşrutunun seçilməsi qərarı təkliflərin kommersiya, texniki və strateji meyarları əsasında qəbul ediləcək

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator -25,5%), Statoyl (kommersiya operatoru - 25,5%), Azərbaycan CQBK Ltd (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

Birinci rüb ərzində CQBK ilə bağlı fəaliyyətlərə $2,1 milyon əsaslı xərclər sərf edilmişdir. 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. 

Birinci rüb ərzində CQBK-nıin orta ötürücülük gücü gündə 15 milyon kub metr ( təqribən 530,7 milyon kub fut) qaz və ya gündə təqribən 92,000 barel neft ekvivalenti olmuşdur. 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur. 

Geoloji-kəşfiyyat

Mayın 6-da Azərbaycan Respublikasının Milli Məclisi Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında BP ilə ARDNŞ arasında imzalanmış yeni hasilatın pay bölgüsü sazişini (HPBS) ratifikasiya etdi. 

Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi 2010-cu ilin oktyabrında Bakı şəhərində imzalanmışdı. HPBS-nin müddəti 30 ildir və sazişə əsasən BP Eksploreyşn (Azərbaycan) Limitid şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya və ARDNŞ isə qalan 50% paya malikdir. 

Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir. 

İşçi heyətimiz

Hazırda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2169 nəfərdir. Şirkətin ixtisaslı daimi işçilərinin 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir

Mühüm davamlı inkişaf təşəbbüsləri

Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçirir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir. 

2011-ci ilin birinci rübü ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda $0,87 milyon xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 

Bu qəbildən olan təşəbbüslərin bir sıra nümunələri bunlardır: 
  • BP və onun tərəfdaşlarının Azərbaycanda yaratdığı yeni Layihələrin İdarə edilməsi Məktəbi. Özəl və ictimai sektor üçün nəzərdə tutulmuş bu məktəb layihə idarə edilməsi üzrə dünyada tanınmış geniş proqrama bağlanmaq imkanı verir. Burada əsas diqqət həm ölkədə layihə idarə edilməsi üzrə mövcud bacarıqların təkmilləşdirilməsinə, həm də bu sahədə uzun müddətli bacarıqların yaradılmasına yönəlib;
  • BP və tərəfdaşlarının neft və qaz xidməti şirkətlərini inkişaf etdirmək məqsədilə həyata keçirdikləri “Sahibkarlığın inkişafı və təlim proqramı”. Proqramı biznes xidməti göstərən yerli şirkət AZERMS MMC icra edir;
  • BP və tərəfdaşlarının Avropa İttifaqındakı tədqiqat mərkəzlərindən biri vasitəsilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə makroiqtisadi analiz və proqnozlaşdırma sahəsində texniki yardımı;
  • BP və tərəfdaşlarının Gənclər üçün iqtisadi sahədə bacarıqların yaradılması layihəsi. Layihənin məqsədi ilk növbədə gənc sahibkarlara davamlı və bazarın tələb etdiyi həll üsulları vasitəsilə öz bacarıqlarını gücləndirmək, gəlirlərini artırmaq və gənclərin sosial rifahını yüksəltmək səylərinə dəstək verməkdən ibarətdir;
  • BP və tərəfdaşlarının keyfiyyəti yaxşılaşdırılmış və innovative məktəbəqədər proqramlardan istifadə imkanı yaratmaqla uşaqlı ailələrə kömək layihəsi;
  • BP və tərəfdaşlarının gənclərə imkanlar yaradan sahibkarlıq mərkəzi (GİYSM) layihəsi. GİYSM Gəncə peşə təlimi mərkəzi daxilində ayrıca biznes və idarəetmə bölümü kimi fəaliyyət göstərir;
  • BP-nin Hacı Zeynalabdin Tağıyev haqqında fundamental bir tədqiqatın nəşrinə dəstəyi; BP-nin “Azərbaycanın ən tanınmış romanı olan “Əli və Nino”nun müəllifi kimdir?” tədqiqatının nəşrinə dəstəyi;
  • BP şirkətinin Qafqaz Universitetində bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrini əhatə etmək imkanı verən dəstəyi;
  • BP şirkətinin biznes sahəsində çalışan jurnalistlərin peşəkarlığını artırmaq və onların beynəlxalq standartlarla işləmək səylərinə kömək məqsədi daşıyan “Biznes jurnalistikası” adlı irimiqyaslı təlim proqramı;
  • BP-nin Dövlət Neft Akademiyasının bir qrup birinci və ikinci kurs tələbələrinə özünün xüsusi illik təqaüd proqramı. Bu proqram BP-nin Azərbaycanda təhsilin inkişafını dəstəkləyən iri layihələrindən biridir. Təqaüd Dövlət Neft Akademiyasında neft-qaz mədən və geoloji kəşfiyyat sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır;
  • BP-nin “Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr” adlı təşəbbüsü. Layihə bu sahələri ixtisas kimi seçmiş gənc nəslin nümayəndələrinin geologiya, yerşünaslıq, geofizika və texnologiyalar kimi elm sahələrinin Azərbaycanda inkişafına diqqətini artırmaq məqsədi daşıyır.
Əlavə məlumat üçün BP şirkətində Tamam Bayatlıya müraciət edə bilərsiniz
tel.: (994 12) 599 4557