2011-ci ilin birinci üç rübünün nəticələri

23 noyabr 2011

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), Hess (2,72%).

Birinci üç rüb ərzində AÇG layihəsinə $501 milyon əməliyyat məsrəfləri və $1 milyard 352 milyon əsaslı məsrəflər xərclənmişdir. Bütün il üçün AÇG əməliyyatlarına $628 milyon əməliyyat məsrəfləri və $1 milyard 998 milyon əsaslı məsrəflər xərclənəcəyi gözlənilir.

Hasilat 

Bu ilin birinci üç rübü ərzində biz Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından birlikdə gündə orta hesabla 757,500 barel (b/g) (və ya ümumilikdə birinci doqquz ay üçün 206.8 milyon barel yəni 29.9 milyon ton) neft hasil etmişik. 

Üçüncü rübün sonunda bizim ümumilikdə AÇG-də 57 hasilat quyumuz və 27 injektor quyumuz istismarda idi ki, bunlar da aşağıdakılardır: 

Çıraqda 12 quyu istismarda olub (8 hasilat və 4 suvurma quyusu) və üç rüb ərzində oradan orta hesabla gündə təxminən 73,300 barel neft hasil edilib. 

Mərkəzi Azəridə (MA) 19 quyu istismarda idi (13 hasilat, 5 qaz injektor və bir suvurma quyusu) və birinci üç rüb ərzində oradan gündə orta hesabla 209,200 barel hasilat əldə edilib. 

Qərbi Azəridə (QA) 19 quyu istismarda idi (13 hasilat və 6 suvurma quyusu) və birinci üç rüb ərzində oradan gündəlik orta hesabla təxminən 213,800 barel neft hasilatı əldə edilib. 

Şərqi Azəridə (ŞA) 14 quyu istismarda idi (11 hasilat və 3 suvurma quyusu) və birinci üç rüb ərzində oradan gündəlik orta hesabla təxminən 134,300 barel hasilat əldə edilib. 
Dərinsulu Günəşlidə (DərSG) 21 quyu istismarda idi (12 hasilat və 9 suvurma quyusu) və birinci üç rüb ərzində oradan gündəlik orta hesabla təxminən 126,900 barel hasilat əldə edilib. 

Səmt qazı 

AÇG yatağının operatoru olaraq BP 2011-ci ilin birinci üç rübü ərzində üç platformadan (MA, QA və ŞA) səmt qazını 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. 

AÇG platformalarından hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə MA-dakı kompressor və suvurma platformasına (KSVP) göndərilmişdir. Hal-hazırda Mərkəzi Azəridə beş quyudan laya qaz vurma əməliyyatları davam edir. 

Birinci üç rüb ərzində biz ARDNŞ-yə gündə təxminən 10.4 milyon kub metr (təxminən 368 milyon standart kub fut) AÇG səmt qazı vermişik. Ümumilikdə birinci üç rüb ərzində ARDNŞ-yə 2.8 milyard kub metr (100 milyard standart kub futdan artıq) AÇG səmt qazı təhvil verilmişdir. Bu isə artıq bütün il üçün nəzərdə tutulmuş 2.3 milyard kub metr (və ya 80 milyard standart kub fut) plandan çoxdur. 
Bütün layihələr üzrə qazma və tamamlama fəaliyyətləri

Birinci üç rüb ərzində ümumilikdə üç neft və bir qaz hasilat quyusu tamamlanmışdır. Bundan əlavə Çıraq Neft Layihəsi (ÇNL) çərçivəsində üç öncəqazma quyusu 13-3/8” ölçülü qoruyucu boruyadək qazılaraq gələcək istifadə üçün bağlanmışdır. “İstiqlal”da, QA, MA vı DərSG-də SDX7A, C15z, B18y və E15z quyularında qazma əməliyyatları davam etmişdir. ŞA-dəki D20z quyusunda qazma işləri noyabr ayından davam edəcək. 

Bu ilin sonunadək daha bir hasilat və dörd ÇNL öncəqazma quyusunun qazılması planlaşdırılır. Çıraq platformasının qazma qurğusunda planlaşdırılmış profilaktik işlər aparılır. 

Çıraq: Platformanın qazma qurğusunda aparılan planlaşdırılmış profilaktik işlər 2012-ci ilin birinci rübünün sonunadək davam edəcək. Beş quyuda aparılmış intervensiya işləri illik hasilat həcminə gündə 5000 barel neft ekvivalenti əlavə etmişdir. 

Mərkəzi Azəri: Bu ilin mart ayında B04z yanaqazma hasilat quyusu tamamlandıqdan bəri platformadakı qazma qurğusunda profilaktik işlər aparıldı. Bu işlər iyul ayında başa çatdı və bundan sonra B18y hasilat quyusu uğurla qazılaraq oktyabrın sonunda hasilata təhvil verildi. 

Qərbi Azəri: C25z hasilat quyusu apreldə tamamlandı. Bundan sonra daha bir hasilat quyusu – C15z-i uğurla qazdıq, tamamladıq və oktyabrın sonunda istismara təhvil verdik. Üç quyuda aparılmış planlaşdırılmış intervensiya işləri illik hasilat həcminə gündə 8000 barel neft ekvivalenti əlavə etmişdir. 
Şərqi Azəri: Yanvar ayında D19 hasilat quyusu tamamlandı və sonra neft-su kontaktının hazırkı vəziyyətini qiymətləndirmək üçün D20 pilot quyusu qazıldı və qapandı. Sonra həmin lülədən D20z yanquyu 9-5/8” ölçülü qoruyucu boruyadək qazılaraq dayandırıldı. Noyabr ayından başlayaraq həmin quyunun qazılması davam etdirilir və onu bu ilin dekabr ayında bitirməyi planlaşdırırıq. Sentyabr ayında platformada 5-illik qazma qurğusu və qazma nəzarət-monitorinq sistemlərinin modernləşdirilməsi proqramı həyata keçirildi. Hazırda platformada intervensiya əməliyyatları aparılır. Dörd quyuda aparılan intervensiya işləri illik hasilat həcminə gündə 7800 barel neft ekvivalenti əlavə etmişdir. 

Dərinsulu Günəşli: E15z hasilat quyusunu qazıb tamamladıq və oktyabr ayında istismara təhvil verdik. Bundan sonra konduktor borusu keçirmə işləri apardıq. E16 hasilat quyusunun qazılması dekabr ayında başlayacaq. Bu quyunun təhvil verilməsi 2012-ci ilin ikinci rübünə planlaşdırılır. 

Çıraq Neft Layihəsi (ÇNL) öncə qazma işləri: ÇNL layihəsinin öncə qazma proqramı ötən ilin aprel ayında başlayıb və bu il də davam etməkdədir. Bu proqram çərçivəsində üç quyu 13-3/8” ölçülü qoruyucu boruyadək, altı quyu 20” ölçülü qoruyucu boruyadək və üç quyu da 30” ölçülü qoruyucu boruyadək qazılaraq gələcək istifadə üçün bağlanmışdır. Bu proqramda istifadə olunan “Dədə Qorqud” qazma qurğusu planlaşdırıldığı kimi modernləşdirilmə və 5-illik sertifikasiya prosesindən keçəndən sonra ÇNL öncəqazma proqramı iyul ayının sonundan başlayaraq bərpa olundu. Hazırda “Dədə Qorqud” plana əsasən J02 ÇNL öncə qazma quyusunu qazır. 
Şahdəniz qazma əməliyyatları: SDA06 hasilat quyusu may ayında istismara təhvil verildi. Hazırda platformada qazma qurğusunun 5-illik sertifikasiyası və tullayışa qarşı preventorla bağlı işlər aparılır. SDA03y quyusu bu ilin dördüncü rübündə qazılmağa başlanacaq. Bu quyunun təhvil verilməsi 2012-ci ilin birinci rübünə planlaşdırılır. 

Şahdənizin tammiqyaslı işlənməsi üçün qiymətləndirmə qazma əməliyyatları: SDX06 qiymətləndirmə quyusu “İstiqlal” qazma qurğusu vasitəsilə uğurla qazılaraq mart ayında tamamlandı. Bundan sonra yataqda növbəti qiymətləndirmə quyusunu - SDX07A-nı qazmağa başladıq. Bu quyuda qazma işlərinin 2012-ci ilin birinci rübündə başa çatacağı planlaşdırılır. 

İxrac əməliyyatları 

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. 

Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1,2 milyon barel neft və Şahdəniz qazı üçün gündəlik 25,5 milyon kub metr qaz (ümumi qaz emalı gücü isə gündəlik təqribən 39,5 milyon kub metr) təşkil edir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur. 

Birinci üç rüb ərzində terminal təxminən 228,6 milyon barel neft (o cümlədən 201 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 21,7 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və 4,7 milyon barel dəmir yolu vasitəsilə) ixrac etmişdir. Oktyabrın sonunadək bu rəqəmlər müvafiq olaraq belə olub: 252,4 milyon barel neft (o cümlədən 222 milyon barel BTC vasitəsilə, 24 milyon barel QİBK və 5 milyon barel dəmir yolu vasitəsilə) 
İlk üç rüb ərzində terminaldan gündəlik orta hesabla 16,6 milyon standart kub metr (təxminən 586 milyon standart kub fut) Şahdəniz qazı ixrac edilmişdir. Oktyabrın sonunadək bu rəqəmlər müvafiq olaraq belə olub: gündəlik 17 milyon standart kub metr (təxminən 600 milyon standart kub fut). 

Çıraq Neft Layihəsi (ÇNL) 

2011-ci ilin əvvəlindən ÇNL üzrə tikinti fəaliyyətləri qrafik və plana uyğun olaraq davam etmişdir. 

İndiyədək layihə ÇNL-lə bağlı tikini işlərinin aparıldığı bütün tikinti-quraşdırma sahələrində çox yaxşı irəliləyib və ümumilkdə iş həcminin 47,6 %-i artıq tamamlanıb. 

2011-ci ilin birinci üç rübündə ÇNL aşağıdakı işləri başa çatdırıb: 

ATA (Bibi-heybətdəki AMEC-Tekfen-Azfen) tikinti-quraşdırma sahəsində: 
  • heç bir iş günü itirilmədən 5 milyon adam/iş saatı göstəricisinə nail olunmuşdur
  • ölkə daxilindəki tikinti işlərinin həcmini artırmaq üçün ATA tikinti-quraşdırma sahəsinin modernləşdirilməsi proqramı başa çatdırılıb
  • üst tikililərin hazırlanması və quraşdırılması üçün işçilərin işə götürülməsi və yenidən işə bərpası davam etdirilib. Hazırda sahədə işçilərin sayı sifarişçi, podratçı və sub-podratçılar da daxil olmaqla təxminən 3308 nəfərdir.
  • 400 nəfərdən çox qaynaqçı təlim proqramı keçib. Bunlardan 100 nəfəri əvvəllər ölkədən kənarda yerinə yetirilən paslanmayan polad və dupleks materialları üzrə ixtisaslaşıb.
  • ÇNL qazma avadanlıqlarının əvvəllər ölkədən kənarda yerinə yetirilən quraşdırma işləri və tikintisi yaxşı irəliləyir, işlərin artıq 47,6%-i tamamlanıb.
  • taxtabənd işləri üzrə subpodrat müqaviləsi yerli şirkətə verilib.
  • yardımçı qazma avadanlığı modulunun hazırlanması başa çatıb - 02 tavrlı bərkitmə tirləri
  • alt göyərtə birləşmələrinin quraşdırılması başa çatıb
  • bütün alt göyərtə hissələrinin çərçivə üzərində montajı başa çatıb
  • kommutator otağının quraşdırılmasına başlanıb.
  • üst modulların tavrlı bərkitmə tirləri və birləşmələrinin quraşdırılması başa çatıb
  • üst göyərtə hissələrinin quraşdırılması başlanıb
  • üst göyərtənin ilk panelinin (idarəetmə lövhəsinin) montajı və quraşdırılması başa çatıb
  • 01 buruq dayaq modulunun üst göyərtə üzərinə qaldırılmazdan əvvəl sazlanma məqsədilə nizamlanma işləri başa çatıb
  • birinci mexaniki avadanlığın alt göyərtədə montajı başa çatıb
  • karbonlu polad, paslanmayan polad və ikiqat poladdan hazırlanmış boruların quraşdırılması başlanıb və işlər qrafik üzrə gedir.
  • iri mexaniki avadanlıqların qazma modulları üzərinə quraşdırılmasına başlanıb
  • üst modullar və qazma modullarının memarlıq işləri başlanıb
  • buruq modulunın yığılmasına başlanıb
  • buruğun sınaq montajı Polşada başa çatıb
  • boru stellajlarının alt göyərtə üzərinə quraşdırılması başlanıb
ATA tikinti-quraşdırma sahəsində ÇNL tikinti işlərinə podratçı şirkətlər vasitəsilə hazırda 3308 işçi cəlb olunub ki, bunların da 84%-dən çoxu Azərbaycan vətəndaşlarıdır


Bakı Dərin Özüllər Zavodunda (BDÖZ): 
  • Bütün dayaq bloklarının hazırlanmasl işlərinin ölkə daxilində aparılmasını öz üzərinə götürmək üçün Bakı Dərin Özüllər Zavodunun modernləşdirilməsi proqramı başa çatdırılıb, yanalma və lövbəratma kimi bir sıra digər yerlərdə modernləşdirmə işləri həyata keçirilir
  • dayaq bloklarının hazırlanması və quraşdırılması üçün işçilərin işə götürülməsi davam edir. İşçi qüvvəsinin ümumi sayı sifarişçilər, podratçı və sub podratçılar da daxil olmaqla 1321 nəfərdir
  • işçi qüvvəsinin səriştələrinin artırılması üçün şirkətdənkənar təlim proqramı davam edir. İndiyədək 1066 nəfərin 888-si artıq bu proqram üzrə təlim keçmiş və müxtəlif kurslarda iştirak etmişlər
  • işlərin böyük bir hissəsi üstüörtülü yerlərdə aparılmaqla sexlərdə polad təbəqələrin bükülməsi və montaj işləri davam edir
  • Böyük kəsikli metalın qaynaq xəttinə hava şəraitinin vurduğu zədələrin təmir edilməsi işləri artıq başa çatıb və həmin xətt yenidən işlək vəziyyətdədir
  • Işəsalma rotorlarının montajı başa çatıb, 3 və 5 saylı mərkəzi fırlanğıcın çərçivələri və konduktor çərçivələrinin montajı sahədə tamamlanıb. Bükülmə işləri üçün hazırlıq davam edir, 1 və 7 saylı çərçivələr üçün xarici çərçivə hissələri artıq istehsalat sahəsindədir
  • Ayaqların, bərkitmə/dayaq elementlərinin və onlarla əlaqədar digər hissələrin qum şırnağı ilə yuyulması və rənglənməsi davam edir.
  • Paya muftalarının montajına başlanıb
  • Sexlərdə dikboru və j-borusunun montajı başlayıb
  • Mərkəzi qutunu önə itələmək üçün daşınma yolları hazırlanıb
Kaspain Paypkoutinq (CPC) 
  • boru örtükləmə zavodu yenidən işə salınıb
  • örtükləmə işlərinin ilkin qiymətləndirilməsi aparılıb
  • örtüklənmiş əyri borular Avropadan gətirilib
İlin qalan hissəsi üçün ÇNL-in əsas işləri aşağıdakılardır: 


ATA tikinti-quraşdırma sahəsində 
  • yardımçı qazma modulunun tamamlanması –01 polad konstruksiyasının qaldırılması
  • yardımçı qazma modulunun tamamlanması – 02 polad konstruksiyasının qaldırılması
  • qazma avadanlıqları dəstinin başa çatdırılması
  • yardımçı qazma modulu borularının quraşdırılmasının başa çatdırılması
  • birinci qazma modulunun üst göyərtəyə qaldırılmasının başa çatdırılması
  • istehsalat sahəsində planlaşdırılmış əlavə modernləşdirilmə işlərinin başa çatdırılması
Bakı Dərin Özüllər Zavodunda 
  • dayaq blokunun 1-3-cü səviyyə montajına başlamaq
  • dayaq blokunun 5-7-ci səviyyə montajına başlamaq
  • dayaq bloku qülləsi çərçivəsinin montajına başlamaq
  • 3-cü çərçivəni mərkəzi qutuya yerləşdirməyə başlamaq
  • 5-ci çərçivəni mərkəzi qutuya yerləşdirməyə başlamaq
  • birinci paya muftasını (A1) örtüklənmək üçün hazır etmək
Dənizdə və sualtı fəaliyyətlər
  • STB-1-in quru doka gətirilməsi
  • STB-1 əyilmə sınaqları
  • STB-1-ə sponsonların yüklənilməsi və ikinci əyilmə sınağ
  • STB-1-in ARDNŞ-yə təhvil verilməsi
Kaspain Paypkoutinq – (CPC) 
  • boru örtüklənməsi işlərinin aparılması
  • quraşdırılmış 18” sarğac borusunun qismən yüklənməsi
  • 30”/18” sarğac boru birləşmələrinin örtüklənməsi
ÇNL tikinti işlərinə hazırda podratçı şirkətlər vasitəsilə 4500-dən artıq işçi cəlb olunub ki, bunların da 90%-dən çoxu Azərbaycan vətəndaşlarıdır. 

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İtoçu (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Hess (2,36%) şirkətləridir.

Birinci üç ay ərzində BTC üzrə əsaslı xərclərə $19,5 milyon xərclənmişdir. Bütün il üçün əsaslı xərclər $65,9 milyon planlaşdırılır. 

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. 

2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından bu ilin üçüncü rübünün sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 172 milyon ton (təxminən 1287 milyon barel) xam neft Ceyhanda 1660 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir. Oktyabr ayının sonunadək bu rəqəmlər müvafiq olaraq belə olub: 175 milyon ton (təxminən 1308 milyon barel) xam neft Ceyhanda 1689 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir. 

BTC-nin indiyədək bir gün üçün ən yüksək göstəricisi 1,044 milyon barel olub. 

2011-ci ilin ilk üç rübü ərzində BTC vasitəsilə ümumilikdə təqribən 27 milyon ton və ya 201 milyon barel neft ixrac olunub. Bu il oktyabrın sonunadək BTC vasitəsilə 29,7 milyon ton və ya 222 milyon barel xam neft göndərilmişdi. 

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

Hasilat 

Birinci üç rüb ərzində yataq üç quyudan hasilatı davam etdirərək Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına qaz çatdırıb. Şahdəniz Mərhələ 1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılmaqda davam edir. 

Birinci doqquz ay ərzində yataq 4,53 milyard kub metr (160 milyard kub fut) qaz və 1,2 milyon ton (9,6 milyon barel) kondensat və ya gündəlik 16,6 milyon kub metr (586,4 milyon standart kub fut) qaz və 35 000 barel kondensat hasil etmişdir. 

2006-cı ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2011-ci il üçüncü rübün sonunadək yataqdan dünya bazarlarına 7,49 milyon ton (təqribən 59,3 milyon barel) kondensat ixrac edilib. Oktyabr ayının sonunadək bu rəqəmlər 7,67 milyon ton ( 60,65 milyon barel) olub. 

Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilatın artacağı gözlənilir. Hazırda Mərhələ 1-də hasilatın ən yüksək sabit səviyyəsinin ildə təqribən 9 milyard kub metr qaz və gündə təxminən 50,000 barel kondensat olacağı gözlənilir. 

Şahdənizin tammiqyaslı işlənməsi

Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. 
Layihənin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kub metr qaza ildə 16 milyard kub metr qaz əlavə edəcəyi gözlənilir. Bu, dünyanın hər hansı bir yerindəki ən böyük qaz işlənməsi layihələrindən biridir. 

Layihənin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, 2 yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəməri şəbəkəsi, Azərbaycanda və Gürcüstanda əlavə ixrac gücü, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir. 

Xəzər dənizindən Avropaya qaz ixracı ilə bağlı təkliflər hazırda Şahdəniz konsorsiumu tərəfindən qiymətləndirilir və seçim qərarının bu ilin sonlarında qəbul ediləcəyi gözlənilir. Həmin təkliflər bu ilin oktyabr ayının 1-nədək Nabucco, Trans-Adriatik Boru Kəməri və İGİ Poseidon tərəfindən təqdim olunmuşdur. 

Bundan əlavə, Şahdəniz layihəsi qrupu, həmçinin, regional olaraq mövcud və ya gələcək interkonnektor infrastruktur sistemi vasitəsilə cənub-şərqi Avropadakı bazarlara qaz ixrac edə biləcək dördüncü potensial ixrac variantını da qiymətləndirir. 

2011-ci il 25 oktyabr tarixi Şahdəniz 2 layihəsinin yekun investisiya qərarının qəbuluna yönəlmiş davamlı səylərini dəstəkləyən əlamətdar bir gün oldu. Həmin gün Azərbaycanla Türkiyə arasında Türkiyənin Azərbaycandan qaz almasına və Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranzitinə imkan verən bir sıra mühüm qaz ixracı sazişləri imzalandı. Bu sazişlərin imzalanması Şahdənizə Avropaya boru kəməri seçimi prosesini davam etdirməyə və potensial alıcılarla qaz satışı sazişlərini təsdiq etməyə imkan verəcək. 

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator -25,5%), Statoyl (kommersiya operatoru - 25,5%), Azərbaycan CQBK Ltd (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

İlin birinci doqquz ayı ərzində CQBK ilə bağlı fəaliyyətlərə $5,9 milyon əsaslı xərclər sərf edilib. 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. 

Üç rüb ərzində CQBK-nın orta ötürücülük gücü gündə 12,4 milyon kub metr ( təqribən 439 milyon kub fut) qaz və ya gündə təqribən 76,000 barel neft ekvivalenti olmuşdur. 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur. 

Geoloji-kəşfiyyat

Mayın 6-da Azərbaycan Respublikasının Milli Məclisi Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında BP ilə ARDNŞ arasında imzalanmış yeni hasilatın pay bölgüsü sazişini (HPBS) ratifikasiya etdi. 

May ayında bağlanmış müqaviləyə əsasən layihə WesternGeco (Schlumberger) ilə ARDNŞ-nin birgə müəssisəsi olan Kaspiən Ceofizikal şirkətinə Şəfəq-Asiman üzrə 3-ölçülü seysmik tədqiqat aparılmasını həvalə edib. Bu müqavilə çərçivəsində seysmik məlumatların əldə olunmasına artıq başlanıb. Bu işləri Azərbaycanın yeni geoloji-kəşfiyyat erasını başlamaq məqsədilə bu ilin avqust ayının 1-də Xəzərə qayıtmış “Giləvar” seysmik gəmisi aparır. 

Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir. 

İşçi heyətimiz

Hazırda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2297 nəfərdir. Şirkətin ixtisaslı daimi işçilərinin 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir. 

Mühüm davamlı inkişaf təşəbbüsləri

tərəfdaşları irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçirir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir. 

2011-ci ilin birinci üç rübü ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda $3 milyon xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 

Bu qəbildən olan təşəbbüslərin bir sıra nümunələri bunlardır: 
  • BP və onun tərəfdaşlarının BTC/CQBK boyunca kənd təsərrüfatı sektorunda çalışan icma üzvləri üçün yeni davamlı inkişaf təşəbbüsü. Layihənin məqsədi yeni bizneslər və təsərrüfatlar qurmaqla icma üzvləri üçün davamlı gəlir imkanları yaratmaq və onları lazımi bacarıq və vərdişlərlə təmin etməkdir.
  • BP və onun tərəfdaşları “Alıcı ilə tanış ol” adlı sərgiyə ev sahibliyi ediblər. Yerli şirkətlərin BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq öhdəliyimizin bir hissəsi kimi təşkil olunmuş bu tədbir BP və onun tərəfdaşlarının şirkətlərə öz bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və onlara öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etmək məqsədi daşıyırdı. Həmin tədbirdə son bir neçə il ərzində “Sahibkarlığın inkişafı və təlim proqramında iştirak etmiş” 80-dən çox yerli kiçik və orta müəssisə 150-dən çox yerli və beynəlxalq alıcıya öz məhsul və xidmətlərini təqdim edib. Tədbirin illik olacağı planlaşdırılır.
  • BP və onun tərəfdaşlarının Azərbaycanda yaratdığı yeni Layihələrin İdarə Edilməsi Məktəbi. Özəl və ictimai sektor üçün nəzərdə tutulmuş bu məktəb layihə idarə edilməsi üzrə dünyada tanınmış geniş proqrama bağlanmaq imkanı verir. Burada əsas diqqət həm ölkədə layihə idarə edilməsi üzrə mövcud bacarıqların təkmilləşdirilməsinə, həm də bu sahədə uzun müddətli bacarıqların yaradılmasına yönəlib.
  • BP və tərəfdaşlarının neft və qaz xidməti şirkətlərini inkişaf etdirmək məqsədilə həyata keçirdikləri “Sahibkarlığın inkişafı və təlim proqramı”. Proqramı biznes xidməti göstərən yerli şirkət AZERMS MMC icra edir.
  • BP və tərəfdaşlarının Avropa İttifaqındakı tədqiqat mərkəzlərindən biri vasitəsilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə makroiqtisadi analiz və proqnozlaşdırma sahəsində texniki yardımı
  • BP və tərəfdaşlarının gənclər üçün iqtisadi sahədə bacarıqların yaradılması layihəsi. Layihənin məqsədi ilk növbədə gənc sahibkarlara davamlı və bazarın tələb etdiyi həll üsulları vasitəsilə öz bacarıqlarını gücləndirmək, gəlirlərini artırmaq və gənclərin sosial rifahını yüksəltmək səylərinə dəstək verməkdən ibarətdir.
  • BP və tərəfdaşlarının keyfiyyəti yaxşılaşdırılmış və innovative məktəbəqədər proqramlardan istifadə imkanı yaratmaqla uşaqlı ailələrə kömək layihəsi
  • BP və tərəfdaşlarının gənclərə imkanlar yaradan sahibkarlıq mərkəzi (GİYSM) layihəsi. GİYSM Gəncə peşə təlimi mərkəzi daxilində ayrıca biznes və idarəetmə bölümü kimi fəaliyyət göstərir
  • BP və tərəfdaşlarının Goranboy icmalarında istixana təsərrüfatları yaratmaq layihəsi. 2010-cu ilin iyun ayında başlayan bu layihə üzrə artıq Əzizbəyov, Yolpaq, Nadirkənd və Cinli Boluslu kəndlərində belə təsərrüfatlar yaradılıb.
  • BP və tərəfdaşlarının süd məhsulları istehsalçılarına dəstək layihəsi. İcma-əsaslı bu layihənin məqsədi süd məhsulları istehsalçılarına kiçik və orta miqyaslı fermerlərlə əməkdaşlıq vasitəsilə öz istehsal güclərini artırmaqda kömək etməkdir
  • BP-nin Hacı Zeynalabdin Tağıyev haqqında fundamental bir tədqiqatın nəşrinə dəstəyi
  • BP-nin “Azərbaycanın ən tanınmış romanı olan “Əli və Nino”nun müəllifi kimdir?” tədqiqatının nəşrinə dəstəyi
  • BP şirkətinin biznes sahəsində çalışan jurnalistlərin peşəkarlığını artırmaq və onların beynəlxalq standartlarla işləmək səylərinə kömək məqsədi daşıyan “Biznes jurnalistikası” adlı irimiqyaslı təlim proqramı. Təlim proqramının multimedia və video montajı üzrə olan yekun hissəsi 2011-ci ilin sentyabr-oktyabr aylarında həyata keçirildi.
  • BP-nin Dövlət Neft Akademiyasının bir qrup birinci və ikinci kurs tələbələrinə özünün xüsusi illik təqaüd proqramı. Bu proqram BP-nin Azərbaycanda təhsilin inkişafını dəstəkləyən iri layihələrindən biridir və Dövlət Neft Akademiyasında neft-qaz mədən, geoloji kəşfiyyat, neft mexanikası, istehsalat proseslərinin avtomatlaşdırılması, energetika sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır.
  • BP-nin “Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr” adlı təşəbbüsü. Layihə bu sahələri ixtisas kimi seçmiş gənc mühəndis nəslin nümayəndələrinin geologiya, yerşünaslıq, geofizika və texnologiyalar kimi elm sahələrinin Azərbaycanda inkişafına diqqətini artırmaq məqsədi daşıyır
Əlavə məlumat üçün BP şirkətində Tamam Bayatlıya müraciət edə bilərsiniz

Telefon: (994 12) 599 4557