2011-ci ilin yekunları

1 mart 2012

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), Hess (2,72%). 

2011-ci il ərzində AÇG layihəsinə $699 milyon əməliyyat məsrəfləri və $1 milyard 912 milyon əsaslı məsrəflər xərclənmişdir. 2012-ci il üçün AÇG əməliyyatlarına $708 milyon əməliyyat məsrəfləri və $2 milyard 516 milyon əsaslı məsrəflər xərclənəcəyi gözlənilir. 

Hasilat 

2011-ci ildə biz Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından birlikdə gündə orta hesabla 717,600 barel (b/g) (və ya ümumilikdə bütün il üçün 261.9 milyon barel yəni 35.4 milyon ton) neft hasil etmişik. 

İlin sonunda bizim ümumilikdə AÇG-də 63 hasilat quyumuz və 32 injektor quyumuz istismarda idi ki, bunlar da aşağıdakılardır: 

Çıraqda 15 quyu istismarda olub (10 hasilat və 5 suvurma quyusu) və il ərzində oradan orta hesabla gündə 74,400 barel neft hasil edilib. 

Mərkəzi Azəridə (MA) 19 quyu istismarda idi (14 hasilat, 4 qaz injektor və bir suvurma quyusu) və il ərzində oradan gündə orta hesabla 192,000 barel hasilat əldə edilib. 

Qərbi Azəridə (QA) 21 quyu istismarda idi (15 hasilat və 6 suvurma quyusu) və il ərzində oradan gündəlik orta hesabla 198,400 barel neft hasilatı əldə edilib. 

Şərqi Azəridə (ŞA) 15 quyu istismarda idi (11 hasilat və 4 suvurma quyusu) və il ərzində oradan gündəlik orta hesabla 125,600 barel hasilat əldə edilib. 

Dərinsulu Günəşlidə (DərSG) 25 quyu istismarda idi (13 hasilat və 12 suvurma quyusu) və il ərzində oradan gündəlik orta hesabla 127,200 barel hasilat əldə edilib. 
Səmt qazı 

AÇG yatağının operatoru olaraq BP 2011-ci il ərzində üç platformadan (MA, QA və ŞA) səmt qazını 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. 

AÇG platformalarından hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə MA-dakı kompressor və suvurma platformasına (KSVP) göndərilmişdir. Hal-hazırda Mərkəzi Azəridə beş quyudan laya qaz vurma əməliyyatları davam edir. 

İl ərzində biz ARDNŞ-yə gündə təxminən 9.1 milyon kub metr (təxminən 320.2 milyon standart kub fut) AÇG səmt qazı vermişik. Ümumilikdə 2011-ci il ərzində ARDNŞ-yə 3.3 milyard kub metr (116,873 milyard standart kub fut) AÇG səmt qazı təhvil verilmişdir. Bu isə bütün il üçün nəzərdə tutulmuş 2.3 milyard kub metr (və ya 80 milyard standart kub fut) plandan çoxdur. 2012-ci ildə biz ARDNŞ-yə təqribən 3 milyard kub metr (təqribən 106 milyard standart kub fut) AÇG səmt qazı təhvil verəcəyimizi gözləyirik. 
Bütün layihələr üzrə qazma və tamamlama fəaliyyətləri

İl ərzində ümumilikdə yeddi AÇG neft quyusu, bir Şahdəniz qiymətləndirmə quyusu və bir Şahdəniz qaz hasilat quyusu tamamlanmışdır. Bundan əlavə, Çıraq Neft Layihəsi (ÇNL) çərçivəsində 13-3/8” ölçülü qoruyucu boruyadək iki öncəqazma quyusu qazılaraq gələcək istifadə üçün bağlanmış və 9-5/8” ölçülü qoruyucu boruyadək isə bir topset öncəqazma quyusu qazılmışdir. Yeni quyuların qazılması əməliyyatları Şahdənizdəki SDX7Ay quyusunda davam etmişdir, bu quyuda işlər 2012-ci ilin ikinci rübündə başa çatacaq. MA və DərSG platformalarında da müvafiq olaraq B01y qaz injektor və E16 neft hasilat quyularında yeni quyular qazılması əməliyyatlarına başlanmışdır. Çıraq platformasının qazma qurğusunda planlaşdırılmış profilaktik işlər davam edir. 

Çıraq: Platformanın qazma qurğusunda aparılan planlaşdırılmış profilaktik işlər 2012-ci ilin ikinci rübünədək davam edəcək. Beş quyuda aparılmış intervensiya işləri illik hasilat həcminə gündə 5000 barel neft ekvivalenti əlavə etmişdir. 

Mərkəzi Azəri: B04z yanaqazma hasilat quyusu 2011-ci ilin mart ayında tamamlanmışdır. Sonra platformadakı qazma qurğusunda aparılan profilaktik işlər iyul ayında başa çatmışdır. Bundan sonra B18y hasilat quyusu uğurla qazılaraq tamamlandı və oktyabrın sonunda istismara verildi. Dekabr ayında B01z quyusunun yanaqazma əməliyyatları başlandı, ardınca isə B01y yanaqazma quyusu qazıldı, tamamlandı və 2012-ci il fevralın 19-da istismara verildi. Bu ilin qalan hissəsi üçün plan ikinci rübdə B-24 pilot quyusunu, üçüncü rübdə B-25 hasilat quyusu və dördüncü rübdə B-26 qaz injektor quyusu qazmaqdır. 
Qərbi Azəri: C25z hasilat quyusu apreldə tamamlandı. Bundan sonra daha bir hasilat quyusu – C15z-i uğurla yana qazdıq, tamamladıq və oktyabrın sonunda istismara verdik. Üç quyuda aparılan planlaşdırılmış intervensiya işləri illik hasilat həcminə gündə 8000 barel neft ekvivalenti əlavə etmişdir. 2011-ci ilin dekabr ayında həmçinin C14 quyusunda (qum hasilatının artması ilə əlaqədar bağlanma) və C07 quyusunda (qazliftə uyğunlaşdırma) intervensiya əməliyyatları aparılmışdır. 

2012-ci ilin əvvəlində C07 quyusunda qazliftə uyğunlaşdırma əməliyyatları bitdikdən sonra C04 quyusunda yenidən tamamlanma əməliyyatları aparılmış və bu işlər fevral ayında başa çatmışdır. Hazırda eyni əməliyyatlar C16 quyusunda aparılır. Bunun ardınca isə biz bir hasilat quyusu – C26-nı qazaraq onu üçüncü rübdə bitirməyi planlaşdırırıq. 

Şərqi Azəri: 2011-ci ilin yanvar ayında D19 hasilat quyusu tamamlandı və sonra neft-su kontaktının hazırkı vəziyyətini müəyyənləşdirmək üçün lay seksiyasında geoloji qiymətləndirmə məqsədilə D20 pilot quyusu qazıldı və bağlandı. Sonra həmin lülədən D20z yanquyusu 9-5/8” ölçülü qoruyucu boruyadək qazılaraq dayandırıldı. Sentyabr ayında platformada 5-illik qazma qurğusu və qazma nəzarət-monitorinq sistemlərinin modernləşdirilməsi proqramı həyata keçirildi. Dörd quyuda aparılan intervensiya işləri illik hasilat həcminə gündə 7800 barel neft ekvivalenti əlavə etməklə nəticələndi. 

Noyabr ayından başlayaraq D20z quyusunda qazma işləri davam etdirildi və quyu uğurla qazılaraq tamamlandı dekabrın 31-də istismara verildi. 

2012-ci il üçün plan bir hasilat quyusu – D16-nı üçüncü rübdə və başqa bir hasilat quyusu – D21-i isə dördüncü rübdə qazmaqdır. 
Dərinsulu Günəşli: E15z hasilat quyusunu qazıb tamamladıq və oktyabr ayında istismara verdik. Bundan sonra konduktor borusu keçirmə işləri apardıq. Bu işləri uğurla başa çatdırdıqdan sonra platformada qazmaya nəzarətin monitorinqi sisteminin modernləşdirilməsi və qazma qurğusunda planlaşdırılmış profilaktik işlər aparılmışdır. Qazma əməliyyatları dekabr ayının 29-da E16 hasilat quyusu ilə başlamışdır və bu quyu 2012-ci ilin ikinci rübündə təhvil veriləcək. 

Növbəti quyunun – E17-nin qazılması bu ilin dördüncü rübünə və həmin quyunun tamamlanması 2013-cü ilin ikinci rübünə planlaşdırılır. 

2012-ci ilin ikinci rübündən başlayaraq Dədə Qorqud qazma qurğusu Dərinsulu Günəşlidə sualtı quyular qazılması əməliyyatlarına H05 və H06 quyuları ilə başlayacaq. Hazırkı planlara görə bu quyuların qazılmasına iyun ayında başlanacaq, quyular 13-3/8” ölçülü qoruyucu boruyadək qazılacaq və üçüncü rübdə bağlanacaq. Sonra qazma qurğusu öncəqazma proqramını davam etdirmək üçün ÇNL sahəsinə aparılacaq. 

Çıraq Neft Layihəsi (ÇNL) öncə qazma işləri: ÇNL layihəsinin öncə qazma proqramı 2010-cu ilin ilin aprel ayında başlayıb və 2011-ci ildə davam edib. 2011-ci ildə “Dədə Qorqud” qazma qurğusu planlaşdırıldığı kimi modernləşdirilmə və 5-illik sertifikasiya prosesindən keçdi. ÇNL öncə qazma proqramı çərçivəsində iki quyu 13-3/8” ölçülü qoruyucu boruyadək, altı quyu 20” ölçülü qoruyucu boruyadək və üç quyu da 30” ölçülü qoruyucu boruyadək qazılaraq gələcək istifadə üçün bağlandı. 

Sonra J03 öncə qazma quyusu 9 5/8” ölçülü qoruyucu boruyadək qazılaraq bağlandı. Bunun ardınca isə dekabr ayının 25-də J02 quyusu qazılmağa başlandı və 2012-ci il yanvarın 27-də başa çatdı. 
Atqıya qarşı preventorda planlaşdırılmış profilaktik işlərdən sonra ÇNL öncə qazma proqramı çərçivəsində işlər J05 quyusu ilə davam edir və bu quyu 2012-ci ilin birinci rübünün sonunda başa çatacaq. Bundan sonra ikinci rübdə J07 və J11, üçüncü rübdə J10 və J14, dördüncü rübdə isə J08, J13 və J12 quyuları qazılacaq. 

Şahdəniz qazma əməliyyatları: SDA06 hasilat quyusu tamamlanaraq mayın 28-də istismara təhvil verildi. Bundan sonra platformada atqıya qarşı preventorun dəyişdirilməsi işləri aparıldı. Həmçinin SDA05x və SDA06 quyularında intervensiya işləri həyata keçirildi. 2012-ci ilin dördüncü rübündə SDA03y yanaqazma quyusunu başlamağı planlaşdırırıq. 

Şahdənizin tammiqyaslı işlənməsi üçün qazma əməliyyatları: SDX06 qiymətləndirmə quyusu “İstiqlal” qazma qurğusu vasitəsilə lay seksiyasınadək uğurla qazıldı və gələcək tamamlanma işləri üçün martın 9-da bağlandı. Bundan sonra yataqda növbəti qiymətləndirmə quyusunu - SDX07A-nı qazmağa başladıq. Bu quyuda qazma işlərinin 2012-ci ilin üçüncü rübündə başa çatacağı planlaşdırılır. Növbəti quyunu 2012-ci ilin dördüncü rübündə başlamaq və 2013-cü ilin ikinci rübündə bitirmək planlaşdırılır. 

İxrac əməliyyatları 
AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. 

Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1,2 milyon barel neft və Şahdəniz qazı üçün gündəlik 25,5 milyon kub metr qaz (ümumi qaz emalı gücü isə gündəlik təqribən 39,5 milyon kub metr) təşkil edir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur. 
2011-ci il ərzində terminal təxminən 291,5 milyon barel neft (o cümlədən 257,3 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 28,3 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və 5,9 milyon barel dəmir yolu vasitəsilə) ixrac etmişdir. 

İl ərzində terminaldan gündəlik orta hesabla təxminən 18,2 milyon standart kub metr (təxminən 644 milyon standart kub fut) Şahdəniz qazı ixrac edilmişdir. 

Çıraq Neft Layihəsi (ÇNL) 

2011-ci ildə ÇNL üzrə tikinti fəaliyyətləri qrafik və plana uyğun olaraq davam edib. 

İndiyədək layihə ÇNL-lə bağlı tikini işlərinin aparıldığı bütün tikinti-quraşdırma sahələrində çox yaxşı irəliləyib və ümumilikdə iş həcminin 54,7 %-i artıq tamamlanıb. 

2011-ci ildə ÇNL aşağıdakı işləri başa çatdırıb: 
ATA (Bibi-Heybətdəki AMEC-Tekfen-Azfen) tikinti-quraşdırma sahəsində: 
  • heç bir iş günü itirilmədən 8,7 milyon adam/iş saatı göstəricisinə nail olunmuşdur
  • göyərtənin hazırlanması və quraşdırılması üçün işçi heyətin işə götürülməsi və yenidən işə bərpası davam etdirilib. Hazırda tikinti sahəsində sifarişçi, podratçı və subpodratçıların işçiləri də daxil olmaqla 3957 nəfər çalışır
  • 400 nəfərdən çox qaynaqçı təlim proqramı keçib. Bunlardan 100 nəfəri əvvəllər ölkədən kənarda yerinə yetirilən paslanmayan polad və dupleks materialları üzrə ixtisaslaşıb.
  • ÇNL qazma avadanlıqlarının əvvəllər ölkədən kənarda yerinə yetirilən quraşdırma işləri və tikintisi yaxşı irəliləyir, işlərin artıq 73,5%-i tamamlanıb.
  • bütün üst göyərtə hissələrinin çərçivə üzərində montajı başa çatıb •platformanın üst tikilisinin göyərtəsinə qazmaya dəstək modulunun montaj edilməsi başa çatıb
  • platformanın üst tikilisi ilə qazma qurğularının inteqrasiyasına başlanıb
  • qazma avadanlıqları dəstinin 01 və 02 modullarının polad konstruksiyalarının montajı başa çatıb
  • birinci mexaniki avadanlığın tamamlanmasının təhvil verilməsi başa çatıb
  • buruq modulunun montajı başa çatmaq üzrədir
  • əsas elektrik generatorlarının quraşdırılması başa çatıb
  • yaşayış bloku modullarının quraşdırılmasına başlanıb
  • separator modulunun montajına başlanıb
ATA tikinti-quraşdırma sahəsində ÇNL tikinti işlərinə podratçı şirkətlər vasitəsilə hazırda 3957 işçi cəlb olunub ki, bunların da 81%-i Azərbaycan vətəndaşlarıdır. 

Bakı Dərin Özüllər Zavodunda (BDÖZ): 
  • bütün dayaq bloklarının hazırlanması işlərinin ölkə daxilində aparılmasını öz üzərinə götürmək üçün Bakı Dərin Özüllər Zavodunun modernləşdirilməsi proqramı başa çatdırılıb, yanalma və lövbəratma kimi bir sıra digər yerlərdə modernləşdirmə işləri həyata keçirilir
  • hazırda işçi qüvvəsi sifarişçi, podratçı və subpodratçıların işçiləri də daxil olmaqla 1321 nəfərdir
  • işçi qüvvəsinin səriştələrinin artırılması üçün şirkətdənkənar təlim proqramı davam edir. İndiyədək 1066 nəfərin 888-si artıq bu proqram üzrə təlim keçmiş və müxtəlif kurslarda iştirak etmişlər
  • işlərin böyük bir hissəsi üstüörtülü yerlərdə aparılmaqla sexlərdə polad təbəqələrin bükülməsi və montaj işləri davam edir
  • işlərin böyük bir hissəsi üstüörtülü yerlərdə aparılmaqla sexlərdə polad təbəqələrin bükülməsi və montaj işləri davam edir
  • böyük kəsikli metalın qaynaq xəttinə hava şəraitinin vurduğu zədələrin təmir edilməsi işləri artıq başa çatıb və həmin xətt yenidən işlək vəziyyətdədir
  • endirmə qurğusunun yönəldici qollarının montajı başa çatıb
  • Mərkəzi dayaq bloku qutusunun 3-cü və 5-ci çərçivəsinin yığılması sahədə başa çatıb
  • 3-cü və 5-ci çərçivələrinin mərkəzi dayaq bloku qutusuna montajı başa çatıb
  • dayaq blokunun səviyyə 1-3 və səviyyə 5-7 yığılmalarına başlanıb
  • 1 və 7 saylı kənar çərçivələrin bükülməsi üçün hazırlıq başlanıb
  • dayaq bloku ayaqlarının, ferma elementlərinin və bunlarla bağlı olan avadanlıqların qum şırnağı ilə təmizlənməsi və rənglənməsi işləri davam edir
  • paya muftalarının montajına başlanıb
  • sexlərdə dikboru və j-borusunun montajı başlayıb
  • dayaq bloku qülləsi çərçivəsinin montajı başlayıb
  • birinci paya komplekti (B1) örtüklənməyə hazırdır
Dənizdə və sualtı fəaliyyətlər: 
  • STB-1-in quru doka gətirilməsi başa çatıb
  • STB-1-in birinci əyilmə sınaqları aparılıb
  • Borudüzən barjanın yenidən işə salınması üçün XVE (xərc, vaxt, imkan) sxeminin hazırlanması başa çatdırılıb
Kaspain Paypkoutinq (CPC)
  • boru örtükləmə zavodu yenidən işə salınıb
  • örtükləmə işlərinin ilkin qiymətləndirilməsi aparılıb
  • örtüklənmiş əyri borular Avropadan gətirilib
  • boru örtüklənməsi işlərinə başlanılıb
  • quraşdırılmış 18” sarğac borusunun qismən yüklənməsi
  • 30”/18” sarğac boru birləşmələrinin örtüklənməsi
ÇNL tikinti işlərinə hazırda podratçı şirkətlər vasitəsilə 5000-dən artıq işçi cəlb olunub ki, bunların da 90%-dən çoxu Azərbaycan vətəndaşlarıdır. 

2012-ci il üçün ÇNL üzrə əldə olunan digər mühüm nailiyyətlərə aşağıdakılar daxildir: ATA tikinti-quraşdırma 
  • üst göyərtənin yardımçı qazma modulu inteqrasiyasının başa çatdırılması 1-ci rüb
  • separator modulunun montajını başa çatdırmaq 1-ci rüb
  • üst göyərtənin yardımçı qazma modulu inteqrasiyasının başa çatdırılması 1-ci rüb
  • birinci əsas generatorun mexaniki işlərinin tamamlanması 2-ci rüb
  • birinci əsas generatorun istismara verilməsini başa çatdırmaq 3-cü rüb
  • ixrac kompressorlarının istismara verilməsini başa çatdırmaq 3-cü rüb
  • ixrac kompressorlarının istismara verilməsinüst tikili və qazma qurğularının mexaniki işlərini başa çatdırmaq 4-cü rü
  • qaz-buxarlanma kompressorlarının istismara verilməsini başa çatdırmaq 4-cü rüb
Bakı Dərin Özüllər Zavodunda
  • çərçivə 1-in bükülməsinin həyata keçirilməsi 2-ci rüb
  • çərçivə 7-nin bükülməsinin həyata keçirilməsi 2-ci rüb
  • qüllə çərçivəsi 1-2-nin quraşdırılması 2–ci rüb
  • qüllə çərçivəsi 6-7-nin quraşdırılması 2-ci rüb
  • çərçivə 1 üzərində pontonun quraşdırılması 2-ci rüb
  • çərçivə 7 üzərində pontonun quraşdırılması 2-ci rüb
  • çərçivə 1 üzərində pontonun quraşdırılması 2-ci rüb
  • dayaq blokunun dənizə yola salınması 3-cü rüb
  • payalar dənizə yola salınmağa hazırdı 3-cü rüb
Dənizdə və sualtı fəaliyyətlər
  • STB-1-ə sponsonların yüklənilməsi və ikinci əyilmə sınağının başa çatdırılması 1-ci rüb
  • STB-1-in ARDNŞ-yə təhvil verilməsi 1-ci rüb
  • Borudüzən barjanın quru doka gətirilməsi 1-ci rüb
  • Borüdüzən barjanın yenidən işə salınması 2-ci rüb
  • Azərbaycan” kran gəmisinin yenidən işə salınması 4-cü rüb
Kaspain Paypkoutinq – (CPC)
  • 16” və 18” ölçülü beton örtüklənməsinin başa çatdırılması 1-ci rüb
  • 14” və 16” ölçülü qatı beton örtüklənməsinin başa çatdırılması 1-ci rüb
  • 14” və 16” sarğac boru birləşmələrinin və əyri boruların boşaldılmasının başa çatdırılması 2-ci rüb
  • limana yaxınlaşma kanalını dərinləşdirilməsi işinin başa çatdırılması 2-ci rüb
  • kəmər üçün boruların borudüzən barjaya boşaldılmasına hazırlıq 2-ci rüb
  • ehtiyat boruların saxlanılması və anbarlara yığılması 3-cü rüb

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İtoçu (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Hess (2,36%) şirkətləridir. 

İl ərzində BTC üzrə əsaslı xərclərə $40,5 milyon xərclənmişdir. 2012-ci il üçün əsaslı xərclər $55,7 milyon planlaşdırılır. 

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. 

2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından 2011-ci ilin sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 180 milyon ton (təxminən 1342 milyon barel) xam neft Ceyhanda 1742 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir. 

BTC-nin indiyədək bir gün üçün ən yüksək göstəricisi 1,044 milyon barel olub. 

Bu günədək BTC vasitəsilə ümumilikdə 1804 tankerə yüklənmiş təqribən 185 milyon ton və ya 1385 milyon barel neft ixrac olunub. 

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%). 

2011-ci il ərzində Şahdəniz üzrə fəaliyyətlərə $190,7 milyon əməliyyat xərcləri və $674,9 milyon əsaslı xərclər çəkilmişdir. 2012-ci il üçün bu rəqəmlərin müvafiq olaraq $211.5 milyon və $1 milyard 340 milyon olacağı gözlənilir. 

Hasilat 
İl ərzində yataq dörd quyudan hasilatı davam etdirərək Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına qaz çatdırıb. Şahdəniz Mərhələ 1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılmaqda davam edir. 

2011-ci il ərzində yataq 6,67 milyard kub metr (235 milyard kub futdan artıq) qaz və 1,8 milyon ton (14 milyon barel) kondensat və ya gündəlik 18,3 milyon kub metr (645 milyon standart kub fut) qaz və təqribən 38300 barel kondensat hasil etmişdir. 

2006-cı ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2011-ci ilin sonunadək yataqdan dünya bazarlarına 29 milyard 902 milyon kub metr (1056 milyard standart kub fut) qaz və 8 milyon ton (63,7 milyon barel) kondensat ixrac edilib. 

Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilatın artacağı gözlənilir. Hazırda Mərhələ 1-də hasilatın ən yüksək sabit səviyyəsinin ildə təqribən 9 milyard kub metr qaz və gündə təxminən 50,000 barel kondensat olacağı gözlənilir. 

Şahdənizin tammiqyaslı işlənməsi 
Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. 

Layihənin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kub metr qaza ildə 16 milyard kub metr qaz əlavə edəcəyi gözlənilir. Bu, dünyanın hər hansı bir yerindəki ən böyük qaz işlənməsi layihələrindən biridir. 
Layihənin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, 2 yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəməri şəbəkəsi, Azərbaycanda və Gürcüstanda əlavə ixrac gücü, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir. 

2011-ci il 25 oktyabr tarixi Şahdəniz 2 layihəsinin yekun investisiya qərarının qəbuluna yönəlmiş davamlı səylərini dəstəkləyən əlamətdar bir gün oldu. Həmin gün Azərbaycanla Türkiyə arasında Türkiyənin Azərbaycandan qaz almasına və Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranzitinə imkan verən bir sıra mühüm qaz ixracı sazişləri imzalandı. Bu sazişlərin imzalanması Şahdənizə Avropaya boru kəməri seçimi prosesini davam etdirməyə və potensial alıcılarla qaz satışı sazişlərini təsdiq etməyə imkan verir. 

Mərhələ 2-dən olan qazın ixrac marşrutu Azərbaycan və Gürcüstan ərazilərində demək olar ki, mövcud Cənubi Qafqaz Boru Kəməri ilə eyni olacaq. Türkiyədə, yeni imzalanmış sazişlərə görə, Mərhələ 2 qazının Avropa bazarlarına nəqli ya BOTAŞ-ın mövcud daşınma şəbəkəsi, ya da Trans-Anadolu-Boru Kəməri adlandırılan yeni boru kəməri infrastrukturu vasitəsilə həyata keçiriləcək. Bu variantlar hazırda qiymətləndirilir və bu haqda qərarın bu il ərzində qəbul ediləcəyi gözlənilir. 
2011-ci ilin oktyabr ayından bəri Şahdəniz həmçinin Mərhələ 2 qazını Türkiyədən o tərəfə -Avropaya çatdıracaq ixrac variantlarını qiymətləndirir. 3 üçüncü tərəf boru kəməri layihəsinə baxılmaqla bu dəyərləndirmə prosesində İndiyədək əhəmiyyətli irəliləyiş əldə olunub. Bunlar İtaliyaya yönəlik İGİ Poseidon və TAP (Trans-Adriatik Boru Kəməri) və Mərkəzi Avropaya yönəlik Nabuccodur. Şahdəniz həmçinin Mərkəzi Avropaya yönəlik və Şahdəniz konsorsiumu uzvləri tərəfindən təklif olunmuş dördüncü bir variantı - Cənub-Şərqi Avropa Boru Kəmərini də (SEEP) nəzərdən keçirir. Qiymətləndirmə prosesində ARDNŞ-nin rəhbərlik etdiyi və BP, Statoyl və Total şirkətlərinin də daxil olduğu Şahdəniz qazının ixracı üzrə danışıqlar qrupu (İDQ) qərara gəlib ki, konsorsium bundan sonra nəzərdən keçirmək üçün İtaliyaya bir boru kəməri variantı və Mərkəzi Avropaya da bir boru kəməri variantı seçsin və sonra konsorsium bu seçilmiş boru kəməri layihələrini daha da inkişaf etdirmək məqsədilə onların sahibləri ilə işləyərək həmin təkliflərə baxılmasını gələn il də davam etdirsin. 

İDQ əvvəlcədən açıqlanmış meyarlar əsasında bu yaxınlarda qərara gəldi ki, Şahdəniz konsorsiumu bundan sonra İtaliyaya yönəlik marşrut üçün Trans-Adriatik Boru Kəməri layihəsi ilə eksklusiv danışıqlar aparsın. Eyni marşrutu nəzərdə tutan İGİ Poseidon layihəsinin təklifinə isə bu mərhələdə daha baxılmayacaq. Mərkəzi Avropaya yönəlik bir boru kəməri marşrutunun seçilməsi ilə bağlı isə hələ heç bir qərar verilməyib. 2012-ci il ərzində bu seçim edildikdən sonra Şahdəniz Mərhələ 2 layihəsinin yekun investisiya qərarından əvvəl Avropaya boru kəməri marşrutunun son seçim qərarı veriləcək. 

Şahdəniz Mərhələ 2-nin indiki planlarına görə 2012-ci ildə mühəndis-layihə işləri davam etməklə layihə növbəti mərhələyə keçəcək və xərclərin dəqiqləşdirilməsi işləri aparılacaq ki, 2013-ci ildə yekun investisiya qərarı (sanksiya) verilə bilsin. 

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator -25,5%), Statoyl (kommersiya operatoru - 25,5%), Azərbaycan CQBK Ltd (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%). 

2011-ci il ərzində CQBK ilə bağlı fəaliyyətlərə $8,8 milyon əsaslı xərclər sərf edilib. 2012-ci ildə bu işlərə $15 milyon əsaslı xərclər gözlənilir. 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. 

2011-ci il ərzində CQBK-nın orta ötürücülük gücü gündə 12,5 milyon kub metr (440 milyon kub fut) qaz və ya gündə təqribən 76,000 barel neft ekvivalenti olmuşdur. 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur. 

Geoloji-kəşfiyyat

Mayın 6-da Azərbaycan Respublikasının Milli Məclisi Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında BP ilə ARDNŞ arasında imzalanmış yeni hasilatın pay bölgüsü sazişini (HPBS) ratifikasiya etdi. 

May ayında bağlanmış müqaviləyə əsasən layihə WesternGeco (Schlumberger) ilə ARDNŞ-nin birgə müəssisəsi olan Kaspiən Ceofizikal şirkətinə Şəfəq-Asiman üzrə 3-ölçülü seysmik tədqiqat aparılmasını həvalə etdi. Bunun nəticəsi olaraq “Giləvar” seysmik gəmisi Azərbaycanın yeni geoloji-kəşfiyyat erasını başlamaq məqsədilə uzunmüddətli ayrılıqdan sonra Xəzərə qayıtdı. Seysmik məlumatların əldə olunmasına noyabr ayında başlandı və 2012-ci ilin yanvar ayında proqram başa çatdı. 

Bu, həmin müqavilə ərazisində indiyədək aparılmış ilk 3-ölçülü seysmik tədqiqatdır. Bunun ardınca 2012-ci il ərzində əldə edilmiş məlumatın təhlili aparılacaq. Kaspiən Ceofizikal şirkətinin aparacağı bu məlumat emalı ölkə daxilində icra edilən ən böyük 3-ölçülü seysmik məlumat təhlili olacaq. Bundan sonra məlumatın interpretasiyası üçün 18 ay və ilk kəşfiyyat quyusunun planlaşdırılması üçün isə əlavə bir il vaxt tələb olunur. 

Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir. 

İşçi heyətimiz

Hazırda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2367 nəfərdir. Şirkətin ixtisaslı daimi işçilərinin 86%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir. 

Mühüm davamlı inkişaf təşəbbüsləri

Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçirir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir. 

2011-ci il ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda $3,12 milyon xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 

Bu qəbildən olan təşəbbüslərin bir sıra nümunələri bunlardır:
  • BP və tərəfdaşlarının Azərbaycanda BTC/CQBK boyunca yaşayan icmalara dəstək məqsədilə həyata keçirdikləri yeni bir mühüm davamlı inkişaf təşəbbüsü. Layihənin məqsədi kənd təsərrüfatı sektorunda çalışan icma üzvləri üçün davamlı gəlir imkanları yaratmaq, onları lazımi bacarıq və vərdişlərlə təmin etməkdir. Proqrama 132 istixana təsərrüfatı, bir çörəkbişirmə müəssisəsi və arı pətəkləri, qutular və avadanlıq da daxil olmaqla 96 arıçılıq təsərrüfatının yaradılması daxildir. Layihə həmçinin bu müəssisə və təsərrüfatların dayanıqlı olması üçün onların idarə olunmasına tələb olunan bilik və bacarıqların da ötürülməsini təmin edəcək.
  • BP və tərəfdaşlarının Azərbaycanda BTC/CQBK boru kəməri boyunca yerli idarəetməni, gənclərin bacarıqlarının inkişafını və ətraf mühit təşəbbüslərini dəstəkləmək məqsədilə Avrasiya Tərəfdaşlıq Fondu (ATF) ilə qrant sazişi. Bu layihənin məqsədi bələdiyyələrin yerli problemləri müəyyən etmək və onları aradan qaldırmaq bacarıqlarını gücləndirməkdən ibarətdir. Layihə həmçinin gənclərin icmalardakı iqtisadi inkişaf və ətraf mühitlə bağlı məsələlərin həllindəki rolunun gücləndirilməsinə yönələcək.
  • BP və onun tərəfdaşları “Alıcı ilə tanış ol” adlı sərgiyə ev sahibliyi ediblər. Yerli şirkətlərin BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq öhdəliyimizin bir hissəsi kimi təşkil olunmuş bu tədbir BP və onun tərəfdaşlarının şirkətlərə öz bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və onlara öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etmək məqsədi daşıyırdı. Həmin tədbirdə son bir neçə il ərzində “Sahibkarlığın inkişafı və təlim proqramında iştirak etmiş” 80-dən çox yerli kiçik və orta müəssisə 150-dən çox yerli və beynəlxalq alıcıya öz məhsul və xidmətlərini təqdim edib. Tədbirin illik olacağı planlaşdırılır.
  • LİM artıq bir ildir ki, böyük bir uğurla fəaliyyət göstərir. Layihələrin İdarə Edilməsi Məktəbi özəl və ictimai sektorda çalışan şəxslərin layihələri idarə etmək bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyır. Aparıcı şirkət olan ESİ İnternational tərəfindən layihə dünyada tanınmış, hərtərəfli layihələrin idarə edilməsi proqramına daxil olmaq imkanını təmin edir. Layihənin əsas diqqəti ölkədə layihələrin idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi və uzun müddətli layihələrin idarə edilməsi sahəsində biliklərin yaradılmasına yönəldilib
  • BP və tərəfdaşlarının neft və qaz xidməti şirkətlərini inkişaf etdirmək məqsədilə həyata keçirdikləri “Sahibkarlığın inkişafı və təlim proqramı”. Proqramı biznes xidməti göstərən yerli şirkət AZERMS MMC icra edir
  • BP və tərəfdaşlarının Avropa İttifaqındakı tədqiqat mərkəzlərindən biri vasitəsilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə makroiqtisadi analiz və proqnozlaşdırma sahəsində texniki yardımı.
  • BP və tərəfdaşlarının gənclər üçün iqtisadi sahədə bacarıqların yaradılması layihəsi. Layihənin məqsədi ilk növbədə gənc sahibkarlara davamlı və bazarın tələb etdiyi həll üsulları vasitəsilə öz bacarıqlarını gücləndirmək, gəlirlərini artırmaq və gənclərin sosial rifahını yüksəltmək səylərinə dəstək verməkdən ibarətdir
  • BP və tərəfdaşlarının keyfiyyəti yaxşılaşdırılmış və innovative məktəbəqədər proqramlardan istifadə imkanı yaratmaqla uşaqlı ailələrə kömək layihəsi.
  • BP və tərəfdaşlarının gənclərə imkanlar yaradan sahibkarlıq mərkəzi (GİYSM) layihəsi. GİYSM Gəncə peşə təlimi mərkəzi daxilində ayrıca biznes və idarəetmə bölümü kimi fəaliyyət göstərir.
  • BP və tərəfdaşlarının süd məhsulları istehsalçılarına dəstək layihəsi. İcma-əsaslı bu layihənin məqsədi süd məhsulları istehsalçılarına kiçik və orta miqyaslı fermerlərlə əməkdaşlıq vasitəsilə öz istehsal güclərini artırmaqda kömək etməkdir.
  • •BP şirkətinin Qafqaz Universitetinin bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya və mexanika mühəndisliyi də daxil olmaqla üç neft mühəndisliyi ixtisasını əhatə etməsinə dəstəyi (layihənin ümumi dəyəri 2 milyon 240,000 dollar, BP-nin payı isə 1 milyon 150,000 dollardır). Layihənin bir hissəsi olaraq 2009-cu ildə BP kimya mühəndisliyi fakültəsi, 2011-ci ildə isə həmin fakültə üçün tam təchiz edilmiş və ümumi kimya, analitik kimya, üzvi kimya, kimya-mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşməş beş müasir laboratoriya açıb. 2011-ci ildə isə universitetdə mexanika mühəndisliyi fakültəsi açıldı və həmin fakültəyə 16 tələbə qəbul edildi. 2012-ci ildə BP bu yeni fakültə üçün də tam təchiz edilmiş mexanika mühəndisliyi laboratoriyaları açmağı planlaşdırır.
  • BP şirkətinin biznes sahəsində çalışan jurnalistlərin peşəkarlığını artırmaq və onların beynəlxalq standartlarla işləmək səylərinə kömək məqsədi daşıyan “Biznes jurnalistikası” adlı irimiqyaslı təlim proqramı. Təlim proqramının multimedia və video montajı üzrə olan yekun hissəsi 2011-ci ilin sentyabr-oktyabr aylarında həyata keçirildi
  • BP-nin Dövlət Neft Akademiyasının bir qrup birinci və ikinci kurs tələbələrinə özünün xüsusi illik təqaüd proqramı. Bu proqram BP-nin Azərbaycanda təhsilin inkişafını dəstəkləyən iri layihələrindən biridir və Dövlət Neft Akademiyasında neft-qaz mədən, geoloji kəşfiyyat, neft mexanikası, istehsalat proseslərinin avtomatlaşdırılması, energetika sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır
  • BP-nin Dövlət Neft Akademiyasının bir qrup birinci və ikinci kurs tələbələrinə özünün xüsusi illik təqaüd proqramı. Bu proqram BP-nin Azərbaycanda təhsilin inkişafını dəstəkləyən iri layihələrindən biridir və Dövlət Neft Akademiyasında neft-qaz mədən, geoloji kəşfiyyat, neft mexanikası, istehsalat proseslərinin avtomatlaşdırılması, energetika sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır

Əlavə məlumat

Əlavə məlumat üçün BP şirkətində Tamam Bayatlıya müraciət edə bilərsiniz
tel.: (994 12) 599 4557