2012-ci ilin birinci rübünün nəticələri

21 may 2012

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), Hess (2,72%). 
2012-ci ilin birinci rübü ərzində AÇG layihəsinə $169.1 milyon əməliyyat məsrəfləri və $571.4 milyon əsaslı məsrəflər xərclənmişdir. Bütün il üçün AÇG əməliyyatlarına $708 milyon əməliyyat məsrəfləri və $2 milyard 516 milyon əsaslı məsrəflər xərclənəcəyi gözlənilir. 

Hasilat
Birinci rübdə biz Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından birlikdə gündə orta hesabla 711,800 barel (b/g) (və ya ümumilikdə bütün rüb üçün 64.8 milyon barel yəni 8.8 milyon ton) neft hasil etmişik. 

Rübün sonunda bizim ümumilikdə AÇG-də 60 hasilat quyumuz və 30 injektor quyumuz istismarda idi ki, bunlar da aşağıdakılardır: 

Çıraqda 14 quyu istismarda olub (9 hasilat və 5 suvurma quyusu) və rüb ərzində oradan orta hesabla gündə 80,200 barel neft hasil edilib. 

Mərkəzi Azəridə (MA)17 quyu istismarda idi (12 hasilat, 4 qaz injektor və bir suvurma quyusu) və rüb ərzində oradan gündə orta hesabla 180,000 barel hasilat əldə edilib. 

Qərbi Azəridə (QA) 21 quyu istismarda idi (16 hasilat və 5 suvurma quyusu) və rüb ərzində oradan gündəlik orta hesabla 190,300 barel neft hasilatı əldə edilib. 

Şərqi Azəridə (ŞA) 16 quyu istismarda idi (12 hasilat və 4 suvurma quyusu) və rüb ərzində oradan gündəlik orta hesabla 142,100 barel hasilat əldə edilib. 

Dərinsulu Günəşlidə (DərSG) 22 quyu istismarda idi (11 hasilat və 11 suvurma quyusu) və rüb ərzində oradan gündəlik orta hesabla 119,300 barel hasilat əldə edilib. 

Səmt qazı
AÇG yatağının operatoru olaraq BP 2012-ci ilin birinci rübü ərzində üç platformadan (MA, QA və ŞA) səmt qazını 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. 

AÇG platformalarından hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə MA-dakı kompressor və suvurma platformasına (KSVP) göndərilmişdir. Hal-hazırda Mərkəzi Azəridə dörd quyudan laya qaz vurma əməliyyatları davam edir. 

Birinci rüb ərzində biz ARDNŞ-yə gündə təxminən 11.1 milyon kub metr (təxminən 391 milyon standart kub fut) AÇG səmt qazı vermişik. Bütün il üçün biz ARDNŞ-yə təqribən 3 milyard kub metr (təqribən 106 milyard standart kub fut) AÇG səmt qazı təhvil verəcəyimizi gözləyirik. 

Bütün layihələr üzrə qazma və tamamlama fəaliyyətləri
2012-ci ildə ümumilikdə altı AÇG neft hasilat quyusu qazmağı planlaşdırırıq. Artıq bir qaz injektor quyusu – B01y təhvil verilib. Bundan əlavə, Çıraq Neft Layihəsi (ÇNL) çərçivəsində 13-3/8” ölçülü qoruyucu boruyadək dörd öncəqazma quyusu, 9-5/8” ölçülü qoruyucu boruyadək isə əlavə dörd topset öncəqazma quyusu qazılmaqla ÇNL öncəqazma proqramı təqribən noyabrın 30-da başa çatacaq. 

Çıraq: Platformanın qazma qurğusunda aparılan planlaşdırılmış profilaktik işlər iyun ayı ərzində də davam edəcək. Bu işlər bitəndən sonra quyularda bir sıra intervensiya işləri aparalıacaq, ondan sonra isə A16 quyusunda qazma və tamamlama əməliyyatları həyata keçiriləcək. 

Mərkəzi Azəri: B01y qaz injeksiya quyusu qazılıb tamamlandı və 2012-ci il fevralın 19-da istismara verildi. Bundan sonra B-24 pilot quyusu ümumi dərinliyinədək qazıldı, bağlandı və aprelin 8-də tərk edildi. 

Bu ilin qalan hissəsi üçün plan quyularda bir sıra intervensiya işləri aparmaq, sonra isə üçüncü rübdə B-25 hasilat quyusu və dördüncü rübdə B-26 qaz injektor quyusu qazmaqdır. Bu quyunu 2013-cü ilin birinci rübündə təhvil vermək planlaşdırılır. 

Qərbi Azəri: 2012-ci ilin əvvəlində C07 quyusunda qazliftə uyğunlaşdırma əməliyyatları aparılmışdır. Bundan sonra C04 quyusunda yenidən tamamlanma əməliyyatları aparıldı və bu işlər fevral ayında başa çatdı, daha sonra isə eyni əməliyyatlar C16 quyusunda aparıldı və aprel ayında başa çatdı. İlin qalan hissəsində biz bir hasilat quyusu – C26-nı qazıb üçüncü rübdə təhvil verməyi və C27 quyusunu qazmağa başlamağı planlaşdırırıq. Bu quyu 2013-cü ilin birinci rübündə təhvil veriləcək. 

Şərqi Azəri: 2012-ci ilin birinci rübündə D04 quyusunda yenidən tamamlanma əməliyyatları aparıldı. Bundan sonra D16 hasilat quyusunu qazmağa başladıq və bu quyunu ikinci rüb ərzində təhvil verməyi planlaşdırırıq. Bunun ardınca isə daha bir hasilat quyusu – D21-i qazıb dördüncü rübdə təhvil vermək planlaşdırılır. 

Dərinsulu Günəşli: Qazma əməliyyatları dekabr ayının 29-da E16 hasilat quyusu ilə başlamışdır və bu quyu 2012-ci ilin üçüncü rübündə təhvil veriləcək. Hazırda müvəqqəti olaraq E16y quyusunda qazma əməliyyatlarını dayandırmışıq ki, E05 və E09 quyularında bəzi intervensiya işləri aparaq. 

Növbəti quyunun – E17-nin qazılması bu ilin dördüncü rübünə və həmin quyunun tamamlanması 2013-cü ilin ikinci rübünə planlaşdırılır. 

2012-ci ilin ikinci rübündən başlayaraq Dədə Qorqud qazma qurğusu Dərinsulu Günəşlidə sualtı quyular qazılması əməliyyatlarına H05 və H06 quyuları ilə başlayacaq. Hazırkı planlara görə bu quyuların qazılmasına iyun ayında başlanacaq, quyular 13-3/8” ölçülü qoruyucu boruyadək qazılacaq və üçüncü rübdə bağlanacaq. Sonra qazma qurğusu öncəqazma proqramını davam etdirmək üçün ÇNL sahəsinə aparılacaq. 

Çıraq Neft Layihəsi (ÇNL) öncə qazma işləri: Bu il J02 quyusunun qazılması ilə başlandı. Bu quyu dekabr ayının 25-dən qazılırdı və onu 9 5/8” ölçülü qoruyucu boruyadək qazaraq yanvarın 27-də bağladıq. 

Atqıya qarşı preventorda planlaşdırılmış profilaktik işlər apardıqdan sonra ÇNL öncə qazma proqramı çərçivəsində işləri J05 quyusu ilə davam etdirdik və bu quyunu da 9 5/8” ölçülü qoruyucu boruyadək qazaraq aprelin 2-də bağladıq. Bundan sonra qazma qurğusunu eyni əməliyyatları aparmaq üçün J07 quyusuna keçirdik. Planımızda ikinci rübdə J11, üçüncü rübdə J10 və J14, dördüncü rübdə isə J08, J13 və J12 quyularını 9 5/8” ölçülü qoruyucu boruyadək qazmaq durur. 

Şahdəniz qazma əməliyyatları: Dekabrın 26-da SDA05x quyusunda intervensiya işləri aparmağa başladıq və fevralın 25-də bitirdik. Bunun ardınca SDA06 hasilat quyusunda yenidən tamamlanma əməliyyatlarına başladıq və bu işlər ikinci rüb ərzində başa çatacaq. Bundan sonra platformada qazma qurğusunun 5-illik sertifikasiyası olacaq və ardınca da dördüncü rübdə SDA03y yanaqazma quyusunu qazmağı planlaşdırırıq. 

Şahdənizin tammiqyaslı işlənməsi üçün qazma əməliyyatları: SDX07A qiymətləndirmə quyusu 2011-ci ilin mart ayından qazılmaqdadır və bu quyuda qazma işlərinin 2012-ci ilin üçüncü rübündə başa çatacağı planlaşdırılır. Növbəti quyunu 2012-ci ilin dördüncü rübündə başlamaq və 2013-cü ilin ikinci rübündə bitirmək planlaşdırılır 

İxrac əməliyyatları
AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. 

Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1,2 milyon barel neft və Şahdəniz qazı üçün gündəlik 25,5 milyon kub metr qaz (ümumi qaz emalı gücü isə gündəlik təqribən 39,5 milyon kub metr) təşkil edir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur. 

Birinci rüb ərzində terminal təxminən 76,6 milyon barel neft (o cümlədən 66,7 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 8,1 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və 1,55 milyon barel dəmir yolu vasitəsilə) ixrac etmişdir. 

Rüb ərzində terminaldan gündəlik orta hesabla təxminən 22 milyon standart kub metr (təxminən 777 milyon standart kub fut) Şahdəniz qazı ixrac edilmişdir. 

Çıraq Neft Layihəsi (ÇNL)
Birinci rüb ərzində ÇNL üzrə tikinti fəaliyyətləri qrafik və plana uyğun olaraq davam edib. 

İndiyədək layihə ÇNL-lə bağlı tikini işlərinin aparıldığı bütün tikinti-quraşdırma sahələrində çox yaxşı irəliləyib və ümumilikdə iş həcminin 62%-i artıq tamamlanıb. 

ÇNL tikinti işlərinə hazırda podratçı şirkətlər vasitəsilə 5500-dən artıq işçi cəlb olunub ki, bunların da 90%-dən çoxu Azərbaycan vətəndaşlarıdır. 

2012-ci ilin birinci rübü ərzində ÇNL aşağıdakı işləri başa çatdırıb: 

ATA (Bibi-Heybətdəki AMEC-Tekfen-Azfen) tikinti-quraşdırma sahəsində: 
  • Üst göyərtə hissələrinin daşınma yolunun quraşdırılması başa çatıb
  • Vışkaya dəstək modulunun üst göyərtəyə montaj edilməsi başa çatıb
  • Separator modulunun montajı başa çatıb
  • Birinci sistem mexaniki tamamlanıb
Bakı Dərin Özüllər Zavodunda (BDÖZ): 
  • Troslu domkratın montajı başa çatıb və sınaq üçün hazırdır
  • Çərçivə1-in montajı başa çatdırılıb, bükülməyə hazırdır
  • Paya başlıqlarının bükülməsi (ilk həcm) başa çatıb
Dənizdə və sualtı fəaliyyətlər: 
  • STB-1-in sponsonlara qoyulması və birinci əyilmə (meyletmə) sınağı başa çatıb
  • STB-1 ARDNŞ-yə təhvil verilib
  • “İsrafil Hüseynov” borudüzən barjasının yenidən işə salınmasına başlanıb
Kaspain Paypkoutinq (CPC) üzrə: 
  • 18” ölçülü kəmər üçün boruların yüklənməsi başa çatıb
  • 18” və 30” ölçülü boru birləşmələrinin və əyilmiş boruların boşaldılması başa çatıb
  • 16” və 18” ölçülü boruların betonla örtüklənməsi başa çatıb
  • 14” və 16” ölçülü boruların ağırlaşdırılmış beton örtüklənməsi başa çatir
  • 16” ölçülü boru kəməri hissələrinin daxili üfürülmə ilə təmizlənməsi başa çatıb
2012-ci ilin qalan hissəsi üçün ÇNL üzrə görüləsi mühüm işlər: 

ATA tikinti-quraşdırma sahəsində:
  • Vışkanın quraşdırılmasının başa çatdırılması 2-ci rüb
  • Birinci əsas generatorun mexaniki tamamlanmasının başa çatdırəlması 2-ci rüb
  • Birinci əsas generatorun istismara verilməsinin başa çatdırılması 3-cü rüb
  • İxrac kompressorlarının istismara verilməsinin başa çatdırılması 3-cü rüb
  • Üst tikili və qazma qurğularının mexaniki işlərinin başa çatdırılması 4-cü rüb
  • Qaz-buxarlanma kompressorlarının istismara verilməsinin başa çatdırılması 4-cü rüb
Bakı Dərin Özüllər Zavodunda (BDÖZ): 
  • çərçivə 1-in bükülməsinin həyata keçirilməsi 2-ci rüb
  • çərçivə 7-nin bükülməsinin həyata keçirilməsi 2-ci rüb
  • qüllə çərçivəsi 1-2-nin quraşdırılması 2-ci rüb
  • qüllə çərçivəsi 6-7-nin quraşdırılması 2-ci rüb
  • çərçivə 1 üzərində pontonun quraşdırılması 2-ci rüb
  • çərçivə 7 üzərində pontonun quraşdırılması 3-cü rüb
  • STB1 barjasının sahədə hazır vəziyyətdə olması 3-cü rüb
  • dayaq blokunun dənizə yola salınmağa hazır olması 3-cü rüb
  • payaların dənizə yola salınmağa hazır olması 3-cü rüb
Dənizdə və sualtı fəaliyyətlər:
  • borüdüzən “İsrafil Hüseynov” barjasının yenidən işə salınması 2-ci rüb
  • dalğıc işlərinə dəstək gəmisinin BP əməliyyatlarından çıxarılıb MakDermott şirkətinə ötürülməsi üçün QLT və Saipemə təhvil verilməsi 2-ci rüb
  • Azərbaycan” kran gəmisinin yenidən işə salınması 4-cü rüb
Kaspain Paypkoutinq – (CPC) üzrə
  • 14” və 16” ölçülü boru kəməri hissələrinin və əyilmiş boruların boşaldılmasını başa çatdırılması 2-ci rüb
  • limana yaxınlaşma kanalını dərinləşdirilmə işinin başa çatdırılması 2-ci rüb
  • dərinləşdirmədən sonrakı yoxlama və sınağı başa çatdırması 2-ci rüb
  • kəmər üçün boruların “İsrafil Hüseynov” borudüzən barjasına boşaldılmasına hazırlıq 2-ci rüb
  • kəmər borularının boşaldılması 2-ci rüb
  • ehtiyat və əyilmiş boruların saxlanılması və anbarlara yığılması 3-cü rüb

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İtoçu (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Hess (2,36%) şirkətləridir. 
Birinci rüb ərzində BTC üzrə əsaslı xərclərə $7,1 milyon xərclənmişdir. Bütün il üçün əsaslı xərclər $61,7 milyon planlaşdırılır. 

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. 

2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından 2012-ci ilin birinci rübünün sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 188 milyon ton (təxminən 1408 milyon barel) xam neft Ceyhanda 1827 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir. 

BTC-nin indiyədək bir gün üçün ən yüksək göstəricisi 1,044 milyon barel olub. 

Bu günədək BTC vasitəsilə ümumilikdə 1870 tankerə yüklənmiş təqribən 193 milyon ton və ya 1440 milyon barel neft ixrac olunub. 

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%). 
Birinci rüb ərzində Şahdəniz üzrə fəaliyyətlərə $81,5 milyon əməliyyat xərcləri və $220,6 milyon əsaslı xərclər çəkilmişdir. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq $211.5 milyon və $1 milyard 340 milyon olacağı gözlənilir. 

Hasilat
Rüb ərzində yataq dörd quyudan hasilatı davam etdirərək Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına qaz çatdırıb. Şahdəniz Mərhələ 1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılmaqda davam edir. 

Birinci rüb ərzində yataq 2,00 milyard kub metr (70,7 milyard kub futdan artıq) qaz və 0,5 milyon ton (4,1 milyon barel) kondensat və ya gündəlik 22 milyon kub metr (777,2 milyon standart kub fut) qaz və təqribən 45400 barel kondensat hasil etmişdir. 

2006-cı ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2012-ci ilin birinci rübünün sonunadək yataqdan bazarlara 32 milyard 389 milyon kub metr (1,144 milyard standart kub fut) qaz və 8,6 milyon ton (67,9 milyon barel) kondensat ixrac edilib. 

Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilatın artacağı gözlənilir. Hazırda Mərhələ 1-də hasilatın ən yüksək sabit səviyyəsinin ildə təqribən 9 milyard kub metr qaz və gündə təxminən 50,000 barel kondensat olacağı gözlənilir. 

Şahdənizin tammiqyaslı işlənməsi
Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. 

Hesablamalara görə $25 milyard dollar dəyərində olan bu layihənin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kub metr qaza ildə 16 milyard kub metr qaz əlavə edəcəyi gözlənilir. Bu, dünyanın hər hansı bir yerindəki ən böyük qaz işlənməsi layihələrindən biridir. 

Sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının işlənməsinin 2-ci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, 2 yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəməri şəbəkəsi, Azərbaycanda və Gürcüstanda əlavə ixrac gücü, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir. Şahdəniz qazının Türkiyə və Avropa ərazilərindən daşınması üçün əlavə boru kəmərləri tikilməli və genişləndirilməlidir. 

2012-ci ilin aprel ayında Şahdəniz konsorsiumu mühüm bir irəliləyişə nail olmuş və Şahdəniz Mərhələ 2 layihəsinin ilkin mühəndis-layihələşdirmə işlərinə (İMLİ) başlaması qərarını təsdiq etmişdir. Bu qərar Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevlə Şahdənizin operatoru olan BP-nin Bakıda işgüzar səfərdə olan Baş İcraçı Direktoru Robert Dadli arasında keçirilmiş görüş zamanı rəsmən elan edildi. 

Şahdəniz Mərhələ 2 layihəsi “Cənub qaz dəhlizi”ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. Aprel ayında elan edilmiş bu mühüm irəliləyişin əldə olunması konsorsiuma ilk qaz ixracına təqribən 2017-ci ilin sonlarında başlamaq məqsədini qüvvədə saxlamağa imkan verir. 

İlkin mühəndis-layihələşdirmə işlərinin başlanması layihənin mühüm bir mərhələyə daxil olduğunu bildirir. Bu mərhələdə mühəndis-texniki araşdırmalar təkmilləşdiriləcək, əlavə quyular qazılacaq, kommersiya sazişləri yekunlaşdırılacaq və əsas tikinti müqavilələri başlanacaq. Bu mərhələdə həmçinin Şahdəniz konsorsiumu Türkiyə ərazisində və Avropaya ixrac marşrutlarının seçimini yekunlaşdıracaq. 

2011-ci ilin oktyabr ayında Türkiyənin boru kəməri şirkəti BOTAŞ-la və Türkiyə hökuməti ilə qaz satışı və tranziti sazişləri imzalanmışdır – bunların hamısı Azərbaycan Respublikası və Türkiyə Respublikası tərəfindən imzalanmış Hökumətlərarası Saziş (HAS) çərçivəsindədir. 

Həmin tarixdən bəri, Türkiyə ərazisindən potensial qaz nəqli üçün Trans Anadolu Boru kəməri layihəsinə mühəndis-texniki araşdırmalara başlamaq imkanı verən sazişlər imzalanmışdır. Qazın Avropaya daşınması üçün üç variant nəzərdən keçirilir: İtaliya marşrutu olan Trans Adriatik Boru kəməri (TAP), Türkiyə-Avropa sərhədindən qazı Şərqi Avropadan keçməklə qərbə aparacaq Nabukko Uest (Nabucco West) və qazı Macarıstan, Bolqarıstan və Rumıniyaya nəql edəcək Cənub-Şərqi Avropa Boru kəməri (SEEP). Şahdəniz konsorsiumu marşrutun son seçimini 2013-cü ildə edəcək.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator -25,5%), Statoyl (kommersiya operatoru - 25,5%), Azərbaycan CQBK Ltd (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%). 
Birinci rüb ərzində CQBK ilə bağlı fəaliyyətlərə $1,0 milyon əsaslı xərclər sərf edilib. Bütün il üçün bu işlərə $13.1 milyon əsaslı xərclər gözlənilir. 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. 

2012-ci ilin birinci rübündə CQBK-nın orta ötürücülük gücü gündə 15 milyon kub metr (518 milyon kub fut) qaz və ya gündə təqribən 89,000 barel neft ekvivalenti olmuşdur. 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Geoloji-kəşfiyyat

2012-ci ilin yanvar ayında “Giləvar” seysmik gəmisi Şəfəq-Asiman üzrə 3-ölçülü seysmik tədqiqat proqramını başa çatdırdı. 2011-ci ilin noyabr ayında başlanmış bu seysmik tədqiqat proqramı Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında BP ilə ARDNŞ arasında imzalanmış hasilatın pay bölgüsü sazişinin planlarına uyğun olaraq yerinə yetirildi. 
Bu, həmin müqavilə ərazisində indiyədək aparılmış ilk 3-ölçülü seysmik tədqiqatdır. Bunun ardınca 2012-ci il ərzində əldə edilmiş məlumatın təhlili aparılacaq. Bundan sonra məlumatın interpretasiyası üçün 18 ay və ilk kəşfiyyat quyusunun planlaşdırılması üçün isə əlavə bir il vaxt tələb olunur. 

Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir.

İşçi heyətimiz

Hazırda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2492 nəfərdir. Şirkətin ixtisaslı daimi işçilərinin 86%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir. 

Mühüm davamlı inkişaf təşəbbüsləri

zBizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçirir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir. 

2012-ci ilin birinci rübü ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda $0,44 milyon xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 

Bu qəbildən olan təşəbbüslərin bir sıra nümunələri bunlardır:
  • BP və onun tərəfdaşlarının veb-əsaslı Xəzər Ekoloji İnformasiya Mərkəzi (XEİM) təsis etmək məqsədi daşıyan yeni ekoloji layihəsi. Bu layihə Xəzər Ekoloji Proqramı (XEP) çərçivəsində hazırlanıb və onun nəticəsi olaraq Xəzərin ekologiyası üzrə mərkəzləşdirilmiş məlumat mənbəyi kimi istifadə ediləcək onlayn ekoloji məlumat bazasının yaradılması gözlənilir. XEİM həm də regionda davamlı inkişaf və ətraf mühitlə əlaqədar fəaliyyətləri təşviq etmək vasitəsi kimi istifadə ediləcək.
  • BP və tərəfdaşlarının Azərbaycanda BTC/CQBK boru kəməri boyunca yerli idarəetməni, gənclərin bacarıqlarının inkişafını və ətraf mühit təşəbbüslərini dəstəkləmək məqsədilə Avrasiya Tərəfdaşlıq Fondu (ATF) ilə qrant sazişi. Bu layihənin məqsədi bələdiyyələrin yerli problemləri müəyyən etmək və onları aradan qaldırmaq bacarıqlarını gücləndirməkdən ibarətdir. Layihə həmçinin gənclərin icmalardakı iqtisadi inkişaf və ətraf mühitlə bağlı məsələlərin həllindəki rolunun gücləndirilməsinə yönələcək.
  • BP və tərəfdaşlarının Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə Azərbaycanda kiçik və orta müəssisələr üçün portal yaratmaq məqsədi layihəsi. Yeni www.biznesinfo.az portalı yerli biznesin öz bacarıqlarını artırmaq, nəzarət qanunvericiliyi və tələbləri, o cümlədən biznesi qeydiyyatdan keçirmək və idarə etmək, icazələrin alınması, əmlakın qeydiyyatdan keçirilməsi, yoxlamalar, hökumət tenderləri üçün rəqabət aparmaq, yerli maliyyə mənbələrini qiymətləndirmək və dövlət mühasibat standartlarına riayət etmək sahəsində bilgilərini gücləndirmək səylərinə dəstək vermək məqsədilə onları lazımi məlumatlarla təmin etmək üçündür. Portalın həmçinin inkişaf və təlim komponentləri də var.
  • BP və tərəfdaşlarının Azərbaycanda BTC/CQBK boyunca yaşayan icmalara dəstək məqsədilə həyata keçirdikləri yeni bir mühüm davamlı inkişaf təşəbbüsü. Layihənin məqsədi kənd təsərrüfatı sektorunda çalışan icma üzvləri üçün davamlı gəlir imkanları yaratmaq, onları lazımi bacarıq və vərdişlərlə təmin etməkdir. Proqrama 132 istixana təsərrüfatı, bir çörəkbişirmə müəssisəsi və arı pətəkləri, qutular və avadanlıq da daxil olmaqla 96 arıçılıq təsərrüfatının yaradılması daxildir. Layihə həmçinin bu müəssisə və təsərrüfatların dayanıqlı olması üçün onların idarə olunmasına tələb olunan bilik və bacarıqların da ötürülməsini təmin edəcək.
  • BP və onun tərəfdaşları “Alıcı ilə tanış ol” adlı sərgiyə ev sahibliyi ediblər. Yerli şirkətlərin BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq öhdəliyimizin bir hissəsi kimi təşkil olunmuş bu tədbir BP və onun tərəfdaşlarının şirkətlərə öz bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və onlara öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etmək məqsədi daşıyırdı. Həmin tədbirdə son bir neçə il ərzində “Sahibkarlığın inkişafı və təlim proqramında iştirak etmiş” 80-dən çox yerli kiçik və orta müəssisə 150-dən çox yerli və beynəlxalq alıcıya öz məhsul və xidmətlərini təqdim edib. Tədbirin illik olacağı planlaşdırılır
  • BP və onun tərəfdaşlarının Azərbaycanda yaratdığı yeni Layihələrin İdarə Edilməsi Məktəbi. Məktəb artıq çox uğurlu birinci fəaliyyət ilini arxada qoyub. Bu proqram özəl və ictimai sektoru təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Məktəb layihələrin idarə edilməsinin təlimi sahəsində aparıcı beynəlxalq şirkət olan :ESI International”ın dünyada tanınmış geniş proqramına bağlanmaq imkanı verir. Burada əsas diqqət həm ölkədə layihə idarə edilməsi üzrə mövcud bacarıqların təkmilləşdirilməsinə, həm də bu sahədə uzun müddətli bacarıqların yaradılmasına yönəlib. Bu günədək 120 yerli mütəxəssis məktəb təlim kurslarında iştirak edib.
  • BP və tərəfdaşlarının neft və qaz xidməti şirkətlərini inkişaf etdirmək məqsədilə həyata keçirdikləri “Sahibkarlığın inkişafı və təlim proqramı”. Proqramı biznes xidməti göstərən yerli şirkət AZERMS MMC icra edir.
  • BP və tərəfdaşlarının Avropa İttifaqındakı beyin mərkəzlərindən biri vasitəsilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə makroiqtisadi analiz və proqnozlaşdırma sahəsində texniki yardımı.
  • BP və tərəfdaşlarının gənclər üçün iqtisadi sahədə bacarıqların yaradılması layihəsi. Layihənin məqsədi ilk növbədə gənc sahibkarlara davamlı və bazarın tələb etdiyi həll üsulları vasitəsilə öz bacarıqlarını gücləndirmək, gəlirlərini artırmaq və gənclərin sosial rifahını yüksəltmək səylərinə dəstək verməkdən ibarətdir
  • BP və tərəfdaşlarının keyfiyyəti yaxşılaşdırılmış və innovative məktəbəqədər proqramlardan istifadə imkanı yaratmaqla uşaqlı ailələrə kömək layihəsi.
  • BP və tərəfdaşlarının gənclərə imkanlar yaradan sahibkarlıq mərkəzi (GİYSM) layihəsi. GİYSM Gəncə peşə təlimi mərkəzi daxilində ayrıca biznes və idarəetmə bölümü kimi fəaliyyət göstərir
  • BP və tərəfdaşlarının süd məhsulları istehsalçılarına dəstək layihəsi. İcma-əsaslı bu layihənin məqsədi süd məhsulları istehsalçılarına kiçik və orta miqyaslı fermerlərlə əməkdaşlıq vasitəsilə öz istehsal güclərini artırmaqda kömək etməkdir.
  • BP şirkətinin Qafqaz Universitetinin bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya və mexanika mühəndisliyi də daxil olmaqla üç neft mühəndisliyi ixtisasını əhatə etməsinə dəstəyi. Layihənin bir hissəsi olaraq 2009-cu ildə BP kimya mühəndisliyi fakültəsi, 2011-ci ildə isə həmin fakültə üçün tam təchiz edilmiş və ümumi kimya, analitik kimya, üzvi kimya, kimya-mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşməş beş müasir laboratoriya açıb. Hazırda kimya mühəndisliyi fakültəsində 51 tələbə təhsil alır. 2011-ci ildə isə universitetdə mexanika mühəndisliyi fakültəsi açıldı və həmin fakültəyə 16 tələbə qəbul edildi. 2012-ci ildə BP bu yeni fakültə üçün də tam təchiz edilmiş mexanika mühəndisliyi laboratoriyaları açmağı planlaşdırır
  • BP şirkətinin biznes sahəsində çalışan jurnalistlərin peşəkarlığını artırmaq və onların beynəlxalq standartlarla işləmək səylərinə kömək məqsədi daşıyan “Biznes jurnalistikası” adlı irimiqyaslı təlim proqramı. Təlim proqramının multimedia və video montajı üzrə olan yekun hissəsi 2011-ci ilin sentyabr-oktyabr aylarında həyata keçirildi.
  • BP-nin Dövlət Neft Akademiyasının bir qrup birinci və ikinci kurs tələbələrinə özünün xüsusi illik təqaüd proqramı. Bu proqram BP-nin Azərbaycanda təhsilin inkişafını dəstəkləyən iri layihələrindən biridir və Dövlət Neft Akademiyasında neft-qaz mədən, geoloji kəşfiyyat, neft mexanikası, istehsalat proseslərinin avtomatlaşdırılması, energetika sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır.
  • BP-nin “Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr” adlı təşəbbüsü. Layihə bu sahələri ixtisas kimi seçmiş gənc mühəndis nəslin nümayəndələrinin geologiya, yerşünaslıq, geofizika və texnologiyalar kimi elm sahələrinin Azərbaycanda inkişafına diqqətini artırmaq məqsədi daşıyır.
Əlavə məlumat üçün BP şirkətində Tamam Bayatlıya müraciət edə bilərsiniz Telefon: (994 12) 599 4557