2012-ci ilin birinci yarısının nəticələri

15 avqust 2012

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), Hess (2,72%). 
2012-ci ilin birinci altə ayı ərzində AÇG layihəsinə $346,4 milyon əməliyyat məsrəfləri və $1 209 milyon əsaslı məsrəflər xərclənmişdir. Bütün il üçün AÇG əməliyyatlarına $708 milyon əməliyyat məsrəfləri və $2 milyard 516 milyon əsaslı məsrəflər xərclənəcəyi gözlənilir. 

Hasilat
İlin birinci yarısında biz Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından birlikdə gündə orta hesabla 684 000 barel (b/g) (və ya ümumilikdə altı ay üçün 124,5 milyon barel yəni 16,8 milyon ton) neft hasil etmişik. 

İlin birinci yarısının sonunda bizim ümumilikdə AÇG-də 56 hasilat quyumuz və 30 injektor quyumuz istismarda idi ki, bunlar da aşağıdakılardır: 

Çıraqda 15 quyu istismarda olub (10 hasilat və 5 suvurma quyusu) və rüb ərzində oradan orta hesabla gündə 77 000 barel neft hasil edilib. 

Mərkəzi Azəridə (MA) 16 quyu istismarda idi (11 hasilat, 4 qaz injektor və bir suvurma quyusu) və altı ay ərzində oradan gündə orta hesabla 161 000 barel hasilat əldə edilib. 

Qərbi Azəridə (QA) 16 quyu istismarda idi (13 hasilat və 3 suvurma quyusu) və altı ay ərzində oradan gündəlik orta hesabla 186 000 barel neft hasilatı əldə edilib. 

Şərqi Azəridə (ŞA) 15 quyu istismarda idi (11 hasilat və 4 suvurma quyusu) və yarım il ərzində oradan gündəlik orta hesabla 144 000 barel hasilat əldə edilib. 

Dərinsulu Günəşlidə (DərSG) 24 quyu istismarda idi (11 hasilat və 13 suvurma quyusu) və yarım il ərzində oradan gündəlik orta hesabla 116 000 barel hasilat əldə edilib. 

Səmt qazı
AÇG yatağının operatoru olaraq BP 2012-ci ilin birinci yarısı ərzində üç platformadan (MA, QA və ŞA) səmt qazını 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. 
AÇG platformalarından hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə Mərkəzi Azəridəki kompressor və suvurma platformasına (KSVP) göndərilmişdir. Hal-hazırda Mərkəzi Azəridə dörd quyudan laya qaz vurma əməliyyatları davam edir. 

Birinci altı ay ərzində biz ARDNŞ-yə gündə təxminən 11,5 milyon kub metr (təxminən 405 milyon standart kub fut) AÇG səmt qazı vermişik. Bütün il üçün biz ARDNŞ-yə təqribən 3 milyard kub metr (təqribən 106 milyard standart kub fut) AÇG səmt qazı təhvil verəcəyimizi gözləyirik. 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
2012-ci ildə ümumilikdə altı neft hasilat quyusu qazmağı planlaşdırırıq. Artıq bir qaz injektor quyusu – Mərkəzi Azəridə B01y quyusunu təhvil vermişik. Bundan əlavə, Çıraq Neft Layihəsi (ÇNL) çərçivəsində 9-5/8” ölçülü qoruyucu boruyadək səkkiz topset öncəqazma quyusu qazılmaqla ÇNL öncəqazma proqramı təqribən noyabrın 30-da başa çatacaq. 

Çıraq: Platformanın qazma qurğusunda aparılan planlaşdırılmış profilaktik işlər avqust ayı ərzində də davam edəcək. Bu işlər bitəndən sonra quyularda bir sıra planlaşdırılmış intervensiya işləri aparalıacaq, ondan sonra isə A16 quyusunda qazma və tamamlama əməliyyatları həyata keçiriləcək. 

Mərkəzi Azəri: B01y qaz injeksiya quyusu qazılıb tamamlandı və 2012-ci il fevralın 19-da istismara verildi. Bundan sonra B-24 pilot quyusu ümumi dərinliyinədək qazıldı, bağlandı və aprelin 8-də tərk edildi. İntervensiya əməliyyatları plana əsasən davam edir.Yeni quyuların qazılması B25 hasilat quyusunun qazılması ilə başlandı. Bu quyu 20” ölçülü qoruyucu boruyadək qazılaraq dayandırıldı ki, B03 quyusunda intervensiya əməliyyatları aparılsın. Bu arada B26 qaz injektor quyusu da 20” ölçülü qoruyucu boruyadək qazılaraq dayandırıldı. 

Bu ilin qalan hissəsi üçün plan dördüncü rübdə B-25 hasilat quyusunu təhvil vermək və sonra B-26 qaz injektor quyusunu qazmaqdır. Bu quyunu 2013-cü ilin birinci rübündə təhvil vermək planlaşdırılır. 

Qərbi Azəri: 2012-ci ilin əvvəlində C07 quyusunda qazliftə uyğunlaşdırma əməliyyatları aparılmışdır. Bundan sonra C04 quyusunda yenidən tamamlanma əməliyyatları aparıldı və bu işlər fevral ayında başa çatdı, daha sonra isə eyni əməliyyatlar C16 quyusunda aparıldı və aprel ayında başa çatdı. Yeni quyuların qazılması C26 hasilat quyusu ilə başlandı. Bu quyu 16” ölçülü boruyadək qazılaraq dayandırıldı ki, C03z quyusunda intervensiya əməliyyatları aparılsın. İlin qalan hissəsi üçün plan dördüncü rübdə C26 quyusunu təhvil verməkdir. 

Şərqi Azəri: 2012-ci ilin birinci yarısında D04 quyusunda yenidən tamamlanma əməliyyatları aparıldı. Bundan sonra D16 hasilat quyusunda qazma və tamamlama işləri başlandı. Bu quyunu üçüncü rübdə təhvil verməyi planlaşdırırıq. Bunun ardınca isə daha bir hasilat quyusu – D21-i qazıb dördüncü rübdə təhvil vermək planlaşdırılır. 

Dərinsulu Günəşli: E16 hasilat quyusunu ötən il dekabr ayının 29-da qazmağa başlamışıq və bu quyunu 2012-ci ilin üçüncü rübündə təhvil verməyi planlaşdırırıq. Sonra müvəqqəti olaraq E16y quyusunda qazma əməliyyatlarını dayandırdıq ki, E05 və E09 quyularında bəzi intervensiya işləri aparaq. Daha sonra E16y-də qazma əməliyyatları bərpa olundu və bu quyunu dördüncü rübdə təhvil vermək planlaşdırılır. Növbəti quyunun – E17-nin qazılması isə gələn ilə keçirilib və həmin quyunu 2013-cü ilin üçüncü rübündə təhvil vermək planlaşdırılır. 

2012-ci ilin üçüncü rübündə Dədə Qorqud qazma qurğusu Dərinsulu Günəşlidə sualtı quyular qazılması əməliyyatlarına H05 və H06 quyuları ilə başlayacaq. Hazırkı planlara görə bu quyular üçüncü rübdə qazılacaq və bağlanacaq. Sonra qazma qurğusu öncəqazma proqramını davam etdirmək üçün Çıraq Neft Layihısi (ÇNL) sahəsinə aparılacaq. 

Çıraq Neft Layihəsi (ÇNL) öncə qazma işləri: J02z quyusu 9 5/8” ölçülü qoruyucu boruyadək qazılaraq yanvarın 27-də bağlandı. 

Atqıya qarşı preventorda planlaşdırılmış profilaktik işlər apardıqdan sonra ÇNL öncəqazma proqramı çərçivəsində işləri bərpa etdik və daha üç topset öncəqazma quyusu - J05, J07 və J11-i qazıb bağladıq. Planımızda dördüncü rübdə J10, J14, J08 və J13 quyularını 9 5/8” ölçülü qoruyucu boruyadək qazmaq durur. 

İxrac əməliyyatları
AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. 

Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1,2 milyon barel neft və Şahdəniz qazı üçün gündəlik 25,5 milyon kub metr qaz (ümumi qaz emalı gücü isə gündəlik təqribən 39,5 milyon kub metr) təşkil edir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur. 

Birinci yarım il ərzində terminal təxminən 147 milyondan artıq barel neft (o cümlədən 130 milyondan artıq barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 13 milyondan artıq barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və 3 milyondan artıq barel dəmir yolu vasitəsilə) ixrac etmişdir. 

Yarım il ərzində terminaldan gündəlik orta hesabla təxminən 20.3 milyon standart kub metr (təxminən 715 milyon standart kub fut) Şahdəniz qazı ixrac edilmişdir. 

Çıraq Neft Layihəsi (ÇNL)
Birinci yarım il ərzində ÇNL üzrə tikinti fəaliyyətləri qrafik və plana uyğun olaraq davam edib. 

İndiyədək layihə ÇNL ilə bağlı tikinti işlərinin aparıldığı bütün tikinti-quraşdırma sahələrində çox yaxşı irəliləyib və ümumilikdə iş həcminin 73,1%-i artıq tamamlanıb. Dayaq özülünün tikintisi plan üzrə irəliləyir (işin 90%-i tamamlanıb) və sınaq işləri artıq başlanıb. Plana görə dayaq bloku bu ilin dördüncü rübündə dənizə yola salınacaq. Üst modulların tikintisi 81% tamamlanıb və dənizə yola salma gələn ilin ikinci rübünə planlaşdırılır. 

Azərbaycanın dünya səviyyəli tikinti-quraşdırma sahələrinin tarixində ilk dəfə olaraq ÇNL platformasının quraşdırma işləri 100% ölkə daxilində həyata keçirilir. 

ÇNL tikinti işlərinə hazırda podratçı şirkətlər vasitəsilə bütün tikinti sahələrində ümumilikdə 5 500-dən artıq işçi cəlb olunub ki, bunların da 90%-i Azərbaycan vətəndaşlarıdır. 

2012-ci ilin birinci yarısı ərzində ÇNL aşağıdakı işləri başa çatdırıb: 

ATA (Bibi-Heybətdəki AMEC-Tekfen-Azfen) tikinti-quraşdırma sahəsində: 
  • Üst göyərtə hissələrinin daşınma yolunun quraşdırılması başa çatıb 1-ci rüb
  • Vışkaya dəstək modulunun üst göyərtəyə montaj edilməsi başa çatıb 1-ci rüb
  • Separator modulunun montajı başa çatıb 1-ci rüb
  • Birinci sistem mexaniki tamamlanıb 1-ci rüb •Heç bir iş günü itirilmədən 12 milyon adam iş saatı yerinə yetirilib 2-ci rüb
  • Heç bir iş günü itirilmədən 12 milyon adam iş saatı yerinə yetirilib 2-ci rüb
  • Vışkanın quraşdırılması başa çatıb 2-ci rüb
  • Birinci əsas generatorun mexaniki tamamlanması başa çatıb 2-ci rüb
  • Yaşayış blokunun bütün modulları göyərtəyə qaldırılb 2-ci rüb
Bakı Dərin Özüllər Zavodunda (BDÖZ): 
  • Troslu domkratın montajı və sınağı başa çatıb, bükülməyə hazırdır 1-ci rüb
  • Troslu domkratın montajı və sınağı başa çatıb, bükülməyə hazırdır 1-ci rüb •Çərçivə1-in montajı başa çatdırılıb, bükülməyə hazırdır 1-ci rüb •Paya başlıqlarının bükülməsi (ilk həcm) başa çatıb 1-ci rüb
  • Çərçivə 1-in bükülməsi həyata keçirilib 2-ci rüb
  • Çərçivə 7-nin bükülməsinin həyata keçirilibi 2-ci rüb
  • Çərçivə 1-in bükülməsi həyata keçirilib 2-ci rüb
  • Qüllə çərçivəsi 6-7quraşdırılıb 2-ci rüb
  • Çərçivə 1 üzərinə ponton quraşdırılıb 2-ci rüb
Dənizdə və sualtı fəaliyyətlər
  • STB-1-in sponsonlara qoyulması və birinci əyilmə (meyletmə) sınağı başa çatıb 1-ci rüb
  • STB-1 ARDNŞ-yə təhvil verilib 1-ci rüb
  • İsrafil Hüseynov” borudüzən barjasının yenidən işə salınmasına başlanıb 1-ci rüb
  • Dalğıc işlərinə dəstək gəmisinin BP əməliyyatlarından çıxarılıb MakDermott şirkətinə ötürülməsi üçün QLT və Saipemə təhvil verilib 2-ci rüb
Kaspain Paypkoutinq (CPC) üzrə: 
  • 18” ölçülü kəmər üçün boruların yüklənməsi başa çatıb 1-ci rüb
  • 18” və 30” ölçülü boru birləşmələrinin və əyilmiş boruların boşaldılması başa çatıb 1-ci rüb
  • 16” və 18” ölçülü boruların betonla örtüklənməsi başa çatıb 1-ci rüb
  • 14” və 16” ölçülü boruların ağırlaşdırılmış beton örtüklənməsi başa çatıb 1-ci rüb
  • 16” ölçülü boru kəməri hissələrinin daxili üfürülmə ilə təmizlənməsi başa çatıb 2-ci rüb
  • 14” və 16” ölçülü boruların ağırlaşdırılmış beton örtüklənməsi başa çatıb 1-ci rüb
  • Limana yaxınlaşma kanalının dərinləşdirilmə işi başa çatıb 2-ci rüb
  • Dərinləşdirmədən sonrakı yoxlama və təsdiq başa çatıb 2-ci rüb
  • Kəmər üçün boruların “İsrafil Hüseynov” borudüzən barjasına boşaldılmasına hazırlıq başa çatıb 2-ci rüb
  • Kəmər borularının boşaldılması həyata keçirilib 2-ci rüb
2012-ci ilin qalan hissəsi üçün ÇNL üzrə görüləsi mühüm işlər: 

ATA tikinti-quraşdırma sahəsində
  • Birinci əsas generatorun istismara verilməsinin başa çatdırılması 3-cü rüb
  • İxrac kompressorlarının istismara verilməsinin başa çatdırılması 3-cü rüb
  • Üst tikili və qazma qurğularının mexaniki işlərinin başa çatdırılması 4-cü rüb
  • Qaz-buxarlanma kompressorlarının istismara verilməsinin başa çatdırılması 4-cü rüb
Bakı Dərin Özüllər Zavodunda (BDÖZ): 
  • Çərçivə 7 üzərində pontonun quraşdırılması 3-cü rüb
  • STB1 barjasının sahədə hazır vəziyyətdə olması 3-cü rüb
  • Dayaq blokunun dənizə yola salınmağa hazır olması 3-cü rüb
  • Payaların dənizə yola salınmağa hazır olması 3-cü rüb
Dənizdə və sualtı fəaliyyətlər:
  • ÇNL boru xəttlərinin və birləşmələrinin quraşdırılması 3-cü rüb
  • “İsrafil Hüseynov” borudüzən gəmisinin yenidən işə salınması 3-cü rüb
  • ÇNL boru xəttlərinin və birləşmələrinin quraşdırılması 3-cü rüb
  • Kompressor və suvurma platformasının dayaq blokuna modifikasiya olunmuş dikborular üçün sıxıcı xamıtların quraşdırılması 4-cü rüb
Kaspain Paypkoutinq – (CPC) üzrə: 
  • Ehtiyat borularının və əyilmiş boruların saxlanması, anbarlara yığılması 3-cü rüb
  • Boruların boşaldılmasının başlanması 3-cü rüb

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Hess (2,36%) şirkətləridir.

Birinci yarım il ərzində BTC üzrə əsaslı xərclərə $18,9 milyon xərclənmişdir. Bütün il üçün əsaslı xərclər $61,7 milyon planlaşdırılır. 

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. 

2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından 2012-ci ilin birinci yarısının sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 197 milyon ton (təxminən 1 472 milyon barel) xam neft Ceyhanda 1 909 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir. 

Bu ilin birinci yarısında BTC 17 milyon ton (129 milyon barel) xam neft nəql etmiş və bu neft Ceyhanda 168 tankerə yüklənmişdir. 

Bu günədək (15 avqust) BTC vasitəsilə ümumilikdə 1 946 tankerə yüklənmiş təqribən 197,3 milyon ton və ya 1 474 milyon barel neft ixrac olunub. 

BTC-nin indiyədək bir gün üçün ən yüksək göstəricisi 1,044 milyon barel olub. 

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

Birinci yarım il ərzində Şahdəniz üzrə fəaliyyətlərə $154,6 milyon əməliyyat xərcləri və $471,7 milyon əsaslı xərclər çəkilmişdir. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq $211,5 milyon və $1 milyard 340 milyon olacağı gözlənilir. 

Hasilat
Birinci yarım il ərzində yataq ilk dəfə olaraq beş quyudan hasilata başlayaraq Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına qaz çatdırmışdır. Şahdəniz Mərhələ 1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılmaqda davam edir. 

2012-ci ilin birinci yarım ili ərzində yataq 3,36 milyard kub metr (təqribən 119 milyard kub fut) qaz və 0,9 milyon ton (7,1 milyon barel) kondensat və ya gündəlik 18,5 milyon kub metr (təqribən 653 milyon standart kub fut) qaz və təqribən 39 100 barel kondensat hasil etmişdir. 

2006-cı ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2012-ci ilin birinci yarısının sonunadək yataqdan bazarlara 34 milyard kub metr (1,186 milyard standart kub fut) qaz və 9 milyon ton (71 milyon barel) kondensat ixrac edilib. 

Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilatın artacağı gözlənilir. Hazırda Mərhələ 1-də hasilatın ən yüksək sabit səviyyəsinin ildə təqribən 9 milyard kub metr qaz və gündə təxminən 50 000 barel kondensat olacağı gözlənilir. 

Qazma əməliyyatları
Mərhələ 1: Ötən il dekabrın 26-da SDA05x quyusunda intervensiya işləri aparmağa başladıq və bu il fevralın 25-də bitirdik. Bunun ardınca SDA06 hasilat quyusunda yenidən tamamlanma əməliyyatlarına başladıq və bu işlər ikinci rüb ərzində başa çatdı. 

Hazırda platformada qazma qurğusunun 5-illik sertifikasiyası aparılır və bunun ardınca dördüncü rübdə SDA03y yanaqazma quyusunu qazmağı planlaşdırırıq. 

Şahdənizin tammiqyaslı işlənməsi (Mərhələ 2): SDX07A qiymətləndirmə quyusu 2011-ci ilin mart ayından qazılmaqdadır və bu quyuda qazma işlərinin 2012-ci ilin birinci yarısında başa çatması planlaşdırılır. Qazma müddətinin belə uzanması “İstiqlal” qazma qurğusunda atqıya qarşı preventorun sertifikasiyası ilə əlaqədardır. Bundan sonra dörd quyu 22” ölçülü qoruyucu boruyadək qazılacaq və bağlanacaq. Növbəti quyunu 2013-cü ilin birinci yarısında başlamaq və 2013-cü ilin üçüncü rübündə bitirmək planlaşdırılır. 
Şahdənizin tammiqyaslı işlənməsi
Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. 

Hesablamalara görə $25 milyard dollar dəyərində olan bu layihənin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kub metr qaza ildə 16 milyard kub metr qaz əlavə edəcəyi gözlənilir. Bu, dünyanın hər hansı bir yerindəki ən böyük qaz işlənməsi layihələrindən biridir. 

Sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının işlənməsinin 2-ci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, 2 yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ixrac gücünə ildə 16 milyard kub metr əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir. Şahdəniz qazının Türkiyə və Avropa ərazilərindən daşınması üçün əlavə boru kəmərləri tikilməli və genişləndirilməlidir. 

2012-ci ilin aprel ayında Şahdəniz konsorsiumu mühüm bir irəliləyişə nail oldu və Şahdəniz Mərhələ 2 layihəsinin ilkin mühəndis-layihələşdirmə işlərinə (İMLİ) başlaması qərarını təsdiq etdi. 

İlkin mühəndis-layihələşdirmə işlərinin başlanması layihənin mühüm bir mərhələyə daxil olduğunu bildirir. Bu mərhələdə mühəndis-texniki araşdırmalar təkmilləşdiriləcək, əlavə quyular qazılacaq, kommersiya sazişləri yekunlaşdırılacaq və əsas tikinti müqavilələri başlanacaq. Bu mərhələdə həmçinin Şahdəniz konsorsiumu Türkiyə ərazisində və Avropaya ixrac marşrutlarının seçimini yekunlaşdıracaq. 

Azərbaycan və Gürcüstan ərazilərində qazın ixracı Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə olacaq. Bu məqsədlə CQBK genişləndiriləcək və onun ötürmə gücü artırılacaq ki, ildə əlavə olaraq 16 milyard kub metr qazı nəql edə bilsin. 

2011-ci ilin oktyabr ayında Türkiyənin boru kəməri şirkəti BOTAŞ-la və Türkiyə hökuməti ilə qaz satışı və tranziti sazişləri imzalandı – bunların hamısı Azərbaycan Respublikası və Türkiyə Respublikası tərəfindən imzalanmış Hökumətlərarası Saziş (HAS) çərçivəsindədir. Bu sazişlər Şahdəniz Mərhələ 1 qazının satışına əlavə olaraq ildə 6 milyard kub metr Mərhələ 2 qazının BOTAŞa satışının şərtlərini müəyyənləşdirir. Bu sazişlərə həmçinin ildə 10 milyard kub metr qalan qazın Türkiyə üzərindən Avropaya nəql olunmasının şərtləri daxildir. 

Bu ilin iyun ayında Azərbaycan və Türkiyə hökumətləri Türkiyə ərazisində Trans-Anadolu Boru Kəməri (TANAP) adlanan ayrıca yeni bir boru kəməri tikmək üçün Hökumətlərarası Saziş və Tranzit Ölkə Hökuməti ilə Saziş imzaladılar. Bu sazişlər Şahdəniz qazını Avropaya daşıyacaq cənub qaz dəhlizinin açılmasına doğru atılmış daha bir mühüm addımdır. 

Bu ilin fevral ayında konsorsium 2011-ci ildə ictimaiyyətə açıqlanmış seçim meyarları əsasında Trans Adriatik Boru kəməri (TAP) layihəsini Mərhələ 2 qazının İtaliyaya ixracı üçün potensial marşrut kimi seçdi. Həmin qərardan keçən müddət ərzində Şahdəniz konsorsiumu Trans-Adriatik Boru Kəməri ilə birgə işləyərək bu yaxınlarda həmin layihə ilə bir Əməkdaşlıq Sazişi bağladı. 

İyun ayında Şahdəniz konsorsiumu Nabukko Uest (Nabucco West) layihəsini Şahdəniz Mərhələ 2 qazının Mərkəzi Avropaya potensial ixracı üçün boru kəməri variantı kimi seçdi. Bu layihə Türkiyə-Bolqarıstan sərhədindən Baumqartenədək (Avstriya) bir marşrutu nəzərdə tutur. Bu qərar da TAP-ın seçimi kimi eyni meyarlar əsasında qəbul edildi. Bu o deməkdir ki, konsorsium həmin layihənin miqyası, texniki araşdırmaları və kommersiya təklifinin optimallaşdırılması məqsədilə Nabukko Uest layıhəsi ilə əməkdaşlıq edəcək. 
Şahdəniz konsorsiumu seçilmiş hər iki boru kəməri variantının sahibləri ilə işləməkdə davam edəcək. Şahdəniz bu iki layihə arasında öz yekun seçim qərarını 2013-cü ilin ortaları üçün planlaşdırılmış Mərhələ 2 layihəsinin yekun sərmayə qərarından əvvəl verəcək, həmçinin həmin vaxtadək müvafiq qaz satışı sazişlərini də bağlayacaq

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator -25,5%), Statoyl (kommersiya operatoru - 25,5%), Azərbaycan CQBK Ltd (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

Birinci yarım il ərzində CQBK ilə bağlı fəaliyyətlərə $6,0 milyon əsaslı xərclər sərf edilib. Bütün il üçün bu işlərə $13,1 milyon əsaslı xərclər gözlənilir. 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. 

2012-ci ilin birinci yarısında CQBK-nın orta ötürücülük gücü gündə 12,3 milyon kub metr (434 milyon kub fut) qaz və ya gündə təqribən 75 000 barel neft ekvivalenti olmuşdur. 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur. 

Geoloji-kəşfiyyat

2012-ci il yanvarın 4-də “Giləvar” seysmik gəmisi Şəfəq-Asiman üzrə 3-ölçülü seysmik tədqiqat proqramını başa çatdırdı. 2011-ci ilin noyabr ayında başlanmış bu seysmik tədqiqat proqramı Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında BP ilə ARDNŞ arasında imzalanmış hasilatın pay bölgüsü sazişinin planlarına uyğun olaraq yerinə yetirildi. 

Bu, həmin müqavilə ərazisində indiyədək aparılmış ilk 3-ölçülü seysmik tədqiqatdır. Bunun ardınca əldə edilmiş məlumatın təhlili aparılır. İndiyədək Azərbaycanda aparılan ən böyük 3-ölçülü seysmik məlumat təhlili olan bu işlər 2013-cü ilədək davam edəcək. Bundan sonra məlumatın interpretasiyası üçün 18 ay və ilk kəşfiyyat quyusunun planlaşdırılması üçün isə əlavə bir il vaxt tələb olunur. 

Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1 100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 000 metrdir. 

İşçi heyətimiz

Hazırda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 480 nəfərdir. Şirkətin ixtisaslı daimi işçilərinin 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir.

Mühüm davamlı inkişaf təşəbbüsləri

Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçiririk. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir. 

2012-ci ilin birinci yarısı ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda 2,3 milyon dollar xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. Bu qəbildən olan təşəbbüslərin ən son nümunələri bunlardır 
  • BP və onun tərəfdaşlarının veb-əsaslı Xəzər Ekoloji İnformasiya Mərkəzi (XEİM) təsis etmək məqsədi daşıyan yeni ekoloji layihəsi. Bu layihə Xəzər Ekoloji Proqramı (XEP) çərçivəsində hazırlanıb və onun nəticəsi olaraq Xəzərin ekologiyası üzrə mərkəzləşdirilmiş məlumat mənbəyi kimi istifadə ediləcək onlayn ekoloji məlumat bazasının yaradılması gözlənilir. XEİM həm də regionda davamlı inkişaf və ətraf mühitlə əlaqədar fəaliyyətləri təşviq etmək vasitəsi kimi istifadə ediləcək.
  • BP və tərəfdaşlarının Azərbaycanda BTC/CQBK boru kəməri boyunca yerli idarəetməni, gənclərin bacarıqlarının inkişafını və ətraf mühit təşəbbüslərini dəstəkləmək məqsədilə Avrasiya Tərəfdaşlıq Fondu (ATF) ilə qrant sazişi. Bu layihənin məqsədi bələdiyyələrin davamlı inkişafla bağlı yerli problemləri müəyyən edərək aradan qaldırmaq bacarıqlarını gücləndirməkdən ibarətdir. Layihə həmçinin gənclərin icmalardakı yerli inkişaf və ətraf mühitlə bağlı məsələlərin həllindəki rolunun gücləndirilməsinə yönələcək.
  • BP və tərəfdaşlarının Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə Azərbaycanda kiçik və orta müəssisələr üçün portal yaratmaq məqsədi layihəsi. Yeni www.biznesinfo.az portalı yerli biznesin öz bacarıqlarını artırmaq, normativ tələbləri, o cümlədən biznesi qeydiyyatdan keçirmək və idarə etmək, icazələrin alınması, əmlakın qeydiyyatdan keçirilməsi, yoxlamalar, hökumət tenderləri üçün rəqabət aparmaq, yerli maliyyə mənbələrini qiymətləndirmək və dövlət mühasibat standartlarına riayət etmək sahəsində biliklərini gücləndirmək səylərinə dəstək vermək məqsədilə onları lazımi məlumatlarla təmin etmək üçündür. Portalın həmçinin inkişaf və təlim komponentləri də var.
  • BP və tərəfdaşlarının Azərbaycanda BTC/CQBK boyunca yaşayan icmalara dəstək məqsədilə həyata keçirdikləri yeni bir mühüm davamlı inkişaf təşəbbüsü. Layihənin məqsədi kənd təsərrüfatı sektorunda çalışan icma üzvləri üçün davamlı gəlir imkanları yaratmaq, onları lazımi bacarıq və vərdişlərlə təmin etməkdir. Proqrama 132 istixana təsərrüfatı, bir çörəkbişirmə müəssisəsi və arı pətəkləri, qutular və avadanlıq da daxil olmaqla 96 arıçılıq təsərrüfatının yaradılması daxildir. Layihə həmçinin bu müəssisə və təsərrüfatların dayanıqlı olması üçün onların idarə olunmasına tələb olunan bilik və bacarıqların da ötürülməsini təmin edəcək
  • BP və onun tərəfdaşları “Alıcı ilə tanış ol” adlı sərgiyə ev sahibliyi ediblər. Yerli şirkətlərin BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq öhdəliyimizin bir hissəsi kimi təşkil olunmuş bu tədbir BP və onun tərəfdaşlarının şirkətlərə öz bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və onlara öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etmək məqsədi daşıyırdı. Həmin tədbirdə son bir neçə il ərzində “Sahibkarlığın inkişafı və təlim proqramı”nda iştirak etmiş 80-dən çox yerli kiçik və orta müəssisə 150-dən çox yerli və beynəlxalq alıcıya öz məhsul və xidmətlərini təqdim edib. Tədbirin hər il keçirilməsi planlaşdırılır
  • BP və onun tərəfdaşlarının Azərbaycanda yaratdığı yeni Layihələrin İdarə Edilməsi Məktəbi. Bu layihə özəl və ictimai sektoru təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Məktəb layihələrin idarə edilməsinin təlimi sahəsində aparıcı beynəlxalq şirkət olan “ESI International”ın dünyada tanınmış geniş proqramından istifadə etmək imkanı verir. Burada əsas diqqət həm layihə idarə edilməsi üzrə mövcud bacarıqların təkmilləşdirilməsinə, həm də ölkədə bu sahə üzrə uzun müddətli bacarıqların yaradılmasına yönəlib. Fəaliyyətinin ilk ilində məktəb layihə idarə edilməsi üzrə dünyada tanınmış təlim kurrikulumu əsasında 62 özəl və dövlət təşkilatının 150-yə yaxın nümayəndəsinə təlim verib. Bunlardan 51 nəfəri Corc Vaşinqton Universitetinin Magistr və 92 nəfəri Bakalavr sertifikatına layiq görülüb.
  • BP və tərəfdaşlarının neft və qaz xidməti şirkətlərini inkişaf etdirmək məqsədilə həyata keçirdikləri “Sahibkarlığın inkişafı və təlim proqramı” biznes xidməti göstərən yerli şirkət AZERMS MMC icra edir.
  • BP və tərəfdaşlarının Avropa İttifaqındakı beyin mərkəzlərindən biri vasitəsilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə makroiqtisadi analiz və proqnozlaşdırma sahəsində texniki yardımı.
  • BP və tərəfdaşlarının gənclər üçün iqtisadi sahədə bacarıqların yaradılması layihəsi. Layihənin məqsədi ilk növbədə gənc sahibkarlara davamlı və bazarın tələb etdiyi həll üsulları vasitəsilə öz bacarıqlarını gücləndirmək, gəlirlərini artırmaq və gənclərin sosial rifahını yüksəltmək səylərinə dəstək verməkdən ibarətdir.
  • BP və tərəfdaşlarının daha keyfiyyəti və innovativ məktəbəqədər proqramlardan istifadə imkanı yaratmaqla ehtiyacı olan uşaqlı ailələrə kömək layihəsi
  • BP və tərəfdaşlarının gənclərə imkanlar yaradan sahibkarlıq mərkəzi layihəsi. Mərkəz Gəncə peşə təlimi mərkəzi daxilində ayrıca biznes və idarəetmə bölümü kimi fəaliyyət göstərir
  • BP və tərəfdaşlarının süd məhsulları istehsalçılarına dəstək layihəsi. İcma-əsaslı bu layihənin məqsədi kiçik və orta miqyaslı fermerlərə öz istehsal güclərini artırmaqda kömək etməkdir.
  • BP şirkətinin Qafqaz Universitetinin bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya və mexanika mühəndisliyi də daxil olmaqla üç neft mühəndisliyi ixtisasını əhatə etməsinə dəstəyi. Layihənin bir hissəsi olaraq 2009-cu ildə BP kimya mühəndisliyi fakültəsi, 2011-ci ildə isə həmin fakültə üçün tam təchiz edilmiş və ümumi kimya, analitik kimya, üzvi kimya, kimya-mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşmış beş müasir laboratoriya açıb. Hazırda kimya mühəndisliyi fakültəsində 51 tələbə təhsil alır. 2011-ci ildə isə universitetdə mexanika mühəndisliyi fakültəsi açıldı və həmin fakültəyə 16 tələbə qəbul edildi. 2012-ci ildə BP bu yeni fakültə üçün də tam təchiz edilmiş mexanika mühəndisliyi laboratoriyaları açmağı planlaşdırır.
  • BP şirkətinin biznes sahəsində çalışan jurnalistlərin peşəkarlığını artırmaq və onların beynəlxalq standartlarla işləmək səylərinə kömək məqsədi daşıyan “Biznes jurnalistikası” adlı irimiqyaslı təlim proqramı. Bu təlim proqramı 12 mütəxəssisə biznes jurnalistikası sahəsində beynəlxalq təcrübə keçməklə regionun qabaqcıl jurnalisti olmaqda yardım edib. Onlar milli biznes jurnalistikasında bir yeni istiqamət yaradıblar və çoxsaylı ardıcılları var
  • BP-nin Dövlət Neft Akademiyasının birinci və ikinci kurs tələbələrinin böyük bir qrupu üçün xüsusi illik təqaüd proqramı. Bu proqram BP-nin Azərbaycanda təhsilin inkişafını dəstəkləyən iri layihələrindən biridir və Dövlət Neft Akademiyasında neft-qaz mədən, geoloji kəşfiyyat, neft mexanikası, istehsalat proseslərinin avtomatlaşdırılması, energetika sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır. 2012-ci ilin xüsusi təqaüdləri iyun ayında 30 birinci kurs və 30 ikinci kurs tələbəsinə verildi.
  • BP-nin “Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr” adlı təşəbbüsü. Layihə bu sahələri ixtisas kimi seçmiş gənc mühəndis nəslin nümayəndələrinin geoloji elm sahələrinin Azərbaycanda inkişafına diqqətini artırmaq məqsədi daşıyır.
Əlavə məlumat üçün BP şirkətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994(0) 12 599 4557