2012-ci ilin nəticələri və 2013-cü ilin planları

28 fevral 2013

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), Hess (2,72%). 

2012-ci il ərzində AÇG layihəsinə $725 milyon əməliyyat məsrəfləri və $2 milyard 495 milyon əsaslı məsrəflər xərclənmişdir. 2013-cü il üçün AÇG əməliyyatlarına $758 milyon əməliyyat məsrəfləri və $2 milyard 514 milyon əsaslı məsrəflər xərclənəcəyi gözlənilir. 

Hasilat

2012-ci ildə AÇG-nin Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından birlikdə gündə orta hesabla 664 400 barel (b/g) (və ya ümumilikdə bütün il üçün 243 milyon barel yəni təqribən 32,9 milyon ton) neft hasil edilib. 

İlin sonunda bizim ümumilikdə AÇG-də 65 hasilat quyumuz və 29 injektor quyumuz istismarda idi ki, bunlar da aşağıdakılardır: 

Çıraqda 14 quyu istismarda olub (10 hasilat və 4 suvurma quyusu) və il ərzində oradan orta hesabla gündə 74 440 barel neft hasil edilib. 

Mərkəzi Azəridə (MA) 20 quyu istismarda idi (14 hasilat, 5 qaz injektor və bir suvurma quyusu) və ötən il ərzində oradan gündə orta hesabla 158 430 barel hasilat əldə edilib. 

Qərbi Azəridə (QA) 21 quyu istismarda idi (16 hasilat və 5 suvurma quyusu) və 2012-ci il ərzində oradan gündəlik orta hesabla 190 540 barel neft hasilatı əldə edilib. 

Şərqi Azəridə (ŞA) 18 quyu istismarda idi (14 hasilat və 4 suvurma quyusu) və oradan ötən il gündəlik orta hesabla 134 000 barel hasilat əldə edilib. 

Dərinsulu Günəşlidə (DərSG) 21 quyu istismarda idi (11 hasilat və 10 suvurma quyusu) və il ərzində oradan gündəlik orta hesabla 107 000 barel hasilat əldə edilib. 


Səmt qazı

AÇG yatağının operatoru olaraq BP 2012-ci il ərzində Dərinsulu Günəşli platformasından hasil edilən səmt qazını 28” ölçülü sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. 

Azəridəki üç platformadan - Mərkəzi, Qərbi və Şərqi Azəri – səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə Mərkəzi Azəridəki kompressor və suvurma platformasına (KSVP) göndərilmiş və oradan da onun bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə elə həmin 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına nəql edilərək ölkənin daxili istifadəsi üçün Azəriqaz şəbəkəsinə təhvil verilmişdir. Hal-hazırda Mərkəzi Azəridə beş quyudan laya qaz vurma əməliyyatları davam edir. 

Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. 

İl ərzində biz ARDNŞ-yə gündə təxminən 9,2 milyon kub metr (təxminən 324 milyon standart kub fut) AÇG səmt qazı vermişik. Bütün il üçün ARDNŞ-yə təqribən 3,4 milyard kub metr (təqribən 119 milyard standart kub fut) AÇG səmt qazı təhvil verilmişdir ki, bu da il üçün planlaşdırılmış 3 milyard kub metrdən (106 milyard kub fut) 13% çoxdur. 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

2012-ci ildə AÇG-də ümumilikdə dörd neft hasilat quyusu və bir qaz injektor quyusu qazılmışdır. Artıq bir qaz injektor quyusu – Mərkəzi Azəridə B01y quyusunu təhvil vermişik. Bundan əlavə, Qərbi Azəridə və Çıraqda C27 and A16w quyularının qazılması başlanmışdır ki, bu quyuların 2013-cü ildə təhvil verilməsi planlaşdırılır. 


Çıraq Neft Layihəsi (ÇNL) öncəqazma proqramı çərçivəsində yeddi quyu qazılmışdır. Bunlardan dördü 9-5/8” ölçülü, qalan üçü isə 13-3/8” ölçülü qoruyucu boruyadək qazılaraq müvəqqəti bağlanmışdır. 

Çıraq: Platformanın qazma qurğusunda planlaşdırılmış profilaktik işlər, təhvil verilmə də daxil olmaqla, noyabr ayında başa çatdı. A13, A17, A03 və A14 quyularında planlaşdırılmış intervensiya işləri aparıldı. A16 quyusunu yanaqazma əməliyyatlarına hazırlamaq məqsədilə yenidən tamamlama əməliyyatları aparıldı. 

A16y quyusunda yanaqazma əməliyyatları bu ilin yanvar ayının 17-də başlayıb və bu quyu 2013-cü il martın sonunda təhvil veriləcək. Bu il üçün qalan planlar daha iki hasilat quyusunu – üçüncü rübdə A14u və dördüncü rübdə A06x quyularını, təhvil verməkdir. Bundan əlavə ikinci və dördüncü rüblərdə intervensiya əməliyyatları da nəzədə tutulur. 

Mərkəzi Azəri: B01y qaz injeksiya quyusu qazılıb tamamlanaraq 2012-ci ilin fevralında istismara verildi. Bundan sonra B-24 pilot quyusu uğurla qazıldı, bağlandı və aprel ayında tərk edildi, B07, B16 və B03 quyularında intervensiya əməliyyatları aparıldı və B25 hasilat quyusu qazıldı, tamamlandı və dekabr ayında təhvil verildi. Daha sonra B14z quyusunda yenidən tamamlanma əmliyyatları aparıldı və bu işlər 2013-cü ilin yanvarında başa çatdı. 

Yanvar ayında biz həmçinin B18y quyusunda intervensiya əməliyyatları apardıq. B02-də bu işlər bu ilin may ayına planlaşdırılır. Bundan əlavə bu il biz digər intervensiya əməliyyatları aparmağı, ikinci rübdə bir suvurma quyusu – B23z-i təhvil verməyi, üçüncü rübdə B26 qaz injektor quyusunu təhvil verməyi və dördüncü rübdə B27 hasilat quyusuna başlamağı planlaşdırırıq. 


Qərbi Azəri: 2012-ci ilin əvvəlində C07 quyusunda qazliftə uyğunlaşdırma əməliyyatları aparıldı. Bundan sonra C04 quyusunda yenidən tamamlanma əməliyyatları aparıldı və bu işlər fevral ayında başa çatdı, daha sonra isə eyni əməliyyatlar C16 quyusunda aparıldı və aprel ayında başa çatdı. Ötən il həmçinin C03, C18, C24 və C08 quyularında intervensiya əməliyyatları aparıldı. Üçüncü rübdə C27 quyusunda qazma əməliyyatları başlandı ki, bu quyu C26 quyusu ilə calaşdırılsın. Bu quyunun 2013-cü ilin birinci rübündə təhvil veriləcəyi planlaşdırılır. 

Bu ilin qalan hissəsi üçün planlar ikinci rübdə intervensiya əməliyyatlarını başa çatdırmaq, üçüncü və dördüncü rüblərdə C30 və C28 hasilat quyularını qazmaqdır. Bunun ardınca isə C29 hasilat quyusunun qazma əməliyyatları başlayacaq ki, onun da təhvil verilməsi 2014-cü ilə planlaşdırılır. 

Şərqi Azəri: 2012-ci ilin əvvəlində D04 quyusunda yenidən tamamlanma əməliyyatları aparıldı. Bundan sonra D16 hasilat quyusu qazıldı, tamamlandı və üçüncü rübdə təhvil verildi. Bunun ardınca isə D18 və D07 quyularında intervensiya əməliyyatları aparıldı. D21 hasilat quyusunun qazılması üçüncü rübdə başlandı və bu quyu tamamlanaraq dekabr ayında təhvil verildi. 

Daha sonra D07 quyusunda intervensiya əməliyyatlarına başladıq və bu quyu 2013-cü ilin yanvar ayında təhvil verildi. Ilin qalan hissəsi üçün planlar ikinci rübdə D22 hasilat quyusunu, dördüncü rübdə D23 suvurma quyusunu qazmaq və arada isə intervensiya əməliyyatları aparmaqdır. 

D24 hasilat quyusuna 2013-cü ilin sonunda başlamaq planlaşdırılır. 

Dərinsulu Günəşli: 2012-ci ildə E05 və E09 quyularında intervensiya işləri aparıldı. Daha sonra E01 quyusunda intervensiya əməliyyatları apardıq və bu quyu 2013-cü ilin yanvar ayında başa çatdırıldı. Bundan əlavə noyabr ayında E16y quyusunda qazma əməliyyatları bərpa olundu və bu quyu dekabr ayında təhvil verildi. 


Dədə Qorqud qazma qurğusu 2012-ci ilin üçüncü rübündə Dərinsulu Günəşlidə sualtı quyular qazılması əməliyyatlarına H05 və H06 quyuları ilə başladı. Bu quyular qazıldı və üçüncü rübdə bağlandı. Sonra isə qazma qurğusu öncəqazma proqramını davam etdirmək üçün Çıraq Neft Layihısi (ÇNL) sahəsinə aparıldı. 

2013-cü il üçün planlar E17 hasilat quyusunu qazıb üçüncü rübdə təhvil vermək, ardınca isə qazma qurğusunda beş ildən bir olan profilaktik işlər aparmaq və bu işləri dördüncü rübdə başa çatdırmaqdır. Bundan sonra isə E18 hasilat quyusunu qazmağa başlayacağıq. 

Dədə Qorqud qazma qurğusu 2013-cü ildə Dərinsulu Günəşlidə ikinci rübdə H05 və H06 sualtı quyularını, dördüncü rübdə isə H07 quyusunu qazacaq. Bundan əlavə üçüncü rübdə GCA07 quyusunda karotaj əməliyyatı aparmaq da planlaşdırılır. H08 sualtı suvurma quyusunun qazılmasına dördüncü rübdə başlanacaq. 

Çıraq Neft Layihəsi (ÇNL) öncə qazma işləri: Dədə Qorqud ötən ilin yanvar ayında J02z quyusunda öncəqazma və müvəqqəti qapanma əməliyyatları apardı. 

Atqıya qarşı preventorda planlaşdırılmış profilaktik işlər apardıqdan sonra ÇNL öncəqazma proqramı çərçivəsində işləri bərpa etdik və daha üç öncəqazma quyusunu - J05, J07 və J11-i qazıb müvəqqəti bağladıq. J14, J10 və J13 öncəqazma quyularını da 13-3/8” ölçülü qoruyucu boruyadək qazaraq müvəqqəti bağlamışıq. 

İxrac əməliyyatları

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. 

Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1,2 milyon barel neft və Şahdəniz qazı üçün gündəlik 25,5 milyon kub metr qaz (ümumi qaz emalı gücü isə gündəlik təqribən 39,5 milyon kub metr) təşkil edir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur. 


2012-ci il ərzində terminal 282,9 milyon barel neft (o cümlədən 246,4 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 29,1 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təxminən 6 milyon barel dəmir yolu vasitəsilə və 1,4 milyon barel kondensat ixrac kəməri vasitəsilə ) ixrac etmişdir. 

Terminal həmçinin il ərzində gündəlik orta hesabla 21,1 milyon standart kub metr (təxminən 745,4 milyon standart kub fut) Şahdəniz qazı ixrac etmişdir. 

Çıraq Neft Layihəsi (ÇNL) 

2012-ci il ərzində ÇNL üzrə tikinti fəaliyyətləri təhlükəsizlik qaydalarına, qrafik və plana uyğun şəkildə davam edib. 

İndiyədək layihə ÇNL ilə bağlı tikinti işlərinin aparıldığı bütün tikinti-quraşdırma sahələrində çox yaxşı irəliləyib və ümumilikdə iş həcminin 86%-i əməyin təhlükəsizliyinə çox yüksək səviyyədə nail olmaqla tamamlanıb. 

ÇNL platforması üçün dayaq blokunun tikintisi artıq tam başa çatıb. Bu, Xəzərdə indiyədək tikilmiş ən ağır dayaq blokudur və onu oktyabr ayının 20-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsinin yanalma limanında təhlükəsiz şəkildə STB-1 daşıma barjasına yükləmişik. Dayaq bloku dənizə aparılmağa tam hazırdır və ÇNL ərazisində hazırda davam edən sualtı boru kəməri inşası işləri başa çatdıqdan sonra əraziyə yola salınacaq. Dayaq blokunun dənizdə quraşdırılması birinci rübün sonlarına planlaşdırılır. 

Dayaq blokunun tikintisi 2010-cu ildə başlanmışdı və qrafikə uyğun başa çatdı. Onun tikintisinə 2 000 insan, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb olunmuşdu. İşçi qüvvəsinin təxminən 96% yerli azərbaycanlılar idi. Dayaq blokunu yerli şirkət olan və indi bütünlüklə ARDNŞ-yə məxsus BOS Şelf şirkəti inşa edib və bu işlər BDÖZ-dəki yerli tikinti-quraşdırma infrastrukturundan istifadə edilməklə həyata keçirilib. 


ATA (Bibi-Heybətdəki AMEC-Tekfen-Azfen) tikinti-quraşdırma sahəsində üst modulların tikintisi təxminən 97% tamamlanıb və dənizə yola salınması bu ilin ikinci rübünə planlaşdırılır. 

Azərbaycanın dünya səviyyəli tikinti-quraşdırma sahələrinin tarixində ilk dəfə olaraq ÇNL platformasının quraşdırma işləri 100% ölkə daxilində həyata keçirilir. 

ÇNL tikinti işlərinin ən qızğın vaxtında podratçı şirkətlər vasitəsilə bütün tikinti sahələrində ümumilikdə bu işlərə 8 000-dən artıq işçi cəlb olunmuşdu ki, bunların da 90%-i Azərbaycan vətəndaşları olub. 

Layihə 2012-ci il üçün nəzərdə tutulmuş bütün işləri vaxtında başa çatdırıb. Bu işlər aşağıdakılardır: 

ATA (Bibi-Heybətdəki AMEC-Tekfen-Azfen) tikinti-quraşdırma sahəsində: 
  • Üst göyərtə hissələrinin daşınma yolunun quraşdırılması başa çatıb 1-ci rüb
  • Vışkaya dəstək modulunun üst göyərtəyə montaj edilməsi başa çatıb 1-ci rüb
  • Separator modulunun montajı başa çatıb 1-ci rüb
  • Birinci sistem mexaniki tamamlanıb 1-ci rüb
  • Heç bir iş günü itirilmədən 12 milyon adam iş saatı yerinə yetirilib 2-ci rüb
  • Vışkanın quraşdırılması başa çatıb 2-ci rüb
  • Birinci əsas generatorun mexaniki tamamlanması başa çatıb 2-ci rüb
  • Yaşayış blokunun bütün modulları göyərtəyə qaldırılıb 2-ci rüb
  • İxrac kompressorlarının istismar sınağı başa çatıb 3-cü rüb
  • Birinci əsas generatorun istismar sınağı başa çatıb 4-cü rüb
  • İxrac kompressorlarının istismar sınağı başa çatıb 3-cü rüb
  • Qaz-buxarlanma kompressorlarının istismar sınağı başa çatıb 4-cü rüb
Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) 2012-ci il üçün planlaşdırılmış bütün işlər başa çatıb. Orada inşa olunan dayaq bloku tam hazırdır və dənizə aparılmaq üçün barjanın üzərinə yüklənib. 2012-ci ildə BDÖZ-də başa çatdırılmış işlər bunlardır: 
  • Troslu domkratın montajı və sınağı başa çatıb, bükülməyə hazırdır 1-ci rüb
  • Çərçivə1-in montajı başa çatdırılıb, bükülməyə hazırdır 1-ci rüb
  • Paya başlıqlarının bükülməsi (ilk həcm) başa çatıb 1-ci rüb
  • Çərçivə 1-in bükülməsi həyata keçirilib 2-ci rüb
  • Çərçivə 7-nin bükülməsinin həyata keçirilib 2-ci rüb
  • Qüllə çərçivəsi 1-2 quraşdırılıb 2-ci rüb
  • Qüllə çərçivəsi 6-7 quraşdırılıb 2-ci rüb
  • Çərçivə 1 üzərinə ponton quraşdırılıb 2-ci rüb
  • Çərçivə 7 üzərinə ponton quraşdırılıb 3-cü rüb
  • STB-1 barjası sahəyə gətirilib 3-cü rüb
  • Dayaq blokunun inşası bitib və dənizə aparılmağa hazırdır 3-cü rüb
  • Payaların inşası bitib və dənizə aparılmağa hazırdır 3-cü rüb
Dənizdə və sualtı fəaliyyətlər:
  • STB-1-in sponsonlara qoyulması və birinci əyilmə (meyletmə) sınağı başa çatıb 1-ci rüb
  • STB-1 ARDNŞ-yə təhvil verilib 1-ci rüb
  • “İsrafil Hüseynov” borudüzən barjasının yenidən işə salınmasına başlanıb 1-ci rüb
  • Dalğıc işlərinə dəstək gəmisinin BP əməliyyatlar bölümündən iri layihələr bölümünə, yəni Saipemdən MakDermott şirkətinə təhvil verilib 2-ci rüb
  • ÇNL boru xəttlərinin və birləşmələrinin quraşdırılması başa çatıb 3-cü rüb
  • “İsrafil Hüseynov” borudüzən gəmisi yenidən işə salınıb 3-cü rüb
  • Azərbaycan” kran gəmisi yenidən işə salınıb 4-cü rüb
  • ÇNL dayaq bloku STB-1 barjasının üzərinə bərkidilib 4-cü rüb
  • Kompressor və suvurma platformasının dayaq blokuna modifikasiya olunmuş dikborular üçün sıxıcı xamıtlar quraşdırılıb 4-cü rüb
  • ÇNL sualtı boru kəmərlərinin inşası başlanıb 4-cü rüb
Kaspain Paypkoutinq (CPC) üçün planlaşdırılmış bütün işlər tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb. 2012-ci ildə CPC-də aşağıdakı işlər görülüb: 
  • 18” ölçülü kəmər üçün boruların yüklənməsi başa çatıb 1-ci rüb 18” və 30” ölçülü boru birləşmələrinin və əyilmiş boruların boşaldılması başa çatıb 1-ci rüb
  • 16” və 18” ölçülü boruların betonla örtüklənməsi başa çatıb 1-ci rüb
  • 14” və 16” ölçülü boruların ağırlaşdırılmış beton örtüklənməsi başa çatıb 1-ci rüb
  • Sualtı kəmər üçün boruların “İsrafil Hüseynov” borudüzən barjasına boşaldılmasına hazırlıq başa çatıb 2-ci rüb
  • Kəmər borularının boşaldılması həyata keçirilib 2-ci rüb
  • Ehtiyat borularının və əyilmiş boruların saxlanması, anbarlara yığılması başa çatıb 3-cü rüb
  • Boruların boşaldılması başlanıb 3-cü rüb
  • Sualtı kəmər üçün boruların “İsrafil Hüseynov” borudüzən barjasına boşaldılmasına hazırlıq başa çatıb 2-ci rüb
  • Kəmər borularının boşaldılması həyata keçirilib 2-ci rüb
  • Ehtiyat borularının və əyilmiş boruların saxlanması, anbarlara yığılması başa çatıb 3-cü rüb
  • Boruların boşaldılması başlanıb 3-cü rüb
2013-cü il üçün ÇNL üzrə görüləcək işlər bunlardır: 

ATA tikinti-quraşdırma sahəsində: 
  • Birinci əsas neft xətti nasosunun istismar sınağının başa çatması 1-ci rüb
  • xrac kompressorlarının istismar sınağının başa çatması 2-ci rüb
  • Qazma qurğusu və avadanlıqlarının istismar sınağının başa çatması 2-ci rüb
  • ÇNL üst modulları dənizə aparılmağa hazırdır 2-ci rüb
Dənizdə və sualtı fəaliyyətlər: 
  • Sualtı boru kəmərlərinin inşasının başa çatması 1-ci rüb
  • Dik boruların Dərinsulu Günəşli platformasına bağlanmasının başa çatması 2-ci rüb
  • Sualtı boru kəmərlərinin bağlanmasının başa çatması 3-cü rüb

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Hess (2,36%) şirkətləridir. 

2012-ci il ərzində BTC üzrə əsaslı xərclərə $64 milyon xərclənmişdir. 2013-cü il üçün əsaslı xərclər $97 milyon planlaşdırılır. 

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. 

2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından 2012-ci ilin sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 213 milyon ton (təxminən 1 milyard 588 milyon barel) xam neft Ceyhanda 2 061 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir. 

2012-ci il ərzində BTC vasitəsilə 32,8 milyon ton (245,8 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 320 tankerə yüklənərək bazarlara yola salınıb. 

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%). 

2012-ci il ərzində Şahdəniz üzrə fəaliyyətlərə $269 milyon əməliyyat xərcləri və $1 miyard 99 milyon əsaslı xərclər çəkilmişdir. 2013-cü il üçün bu rəqəmlərin müvafiq olaraq $222 milyon və $2 milyard 660 milyon olacağı gözlənilir. 

Hasilat

Ötən il ərzində yataq Azərbaycan, Gürcüstan və Türkiyə bazarları üçün qaz hasilatını davam etdirmişdir. Şahdəniz Mərhələ 1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılmaqda davam edir. 

2012-ci ildə yataq təqribən 7,73 milyard kub metr (təqribən 273 milyard kub fut) qaz və 2,0 milyon ton (16,1 milyon barel) kondensat və ya gündəlik 21,1 milyon kub metr (745,4 milyon standart kub fut) qaz və təqribən 44 100 barel kondensat hasil etmişdir. 

2006-cı ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2012-ci ilin sonunadək yataqdan bazarlara təqribən 37,6 milyard kub metr (1 327 milyard standart kub fut) qaz və 10,1 milyon ton (80 milyon barel) kondensat ixrac edilib. 

Şahdənizin hasilat sistemi hazırda özünün gündəlik maksimum gücü olan 966 standart kub fut qaz və 55 000 barel kondensat səviyyəsində çalışır və beləliklə də hasilat bazar tələb etdikdə ən yüksək sabit səviyyədə olur.

Qazma əməliyyatları

Mərhələ 1: SDA05x quyusunda intervensiya işləri ötən ilin fevlarında başa çatdı. Bunun ardınca SDA06 hasilat quyusunda yenidən tamamlanma əməliyyatlarına başladıq və bu işlər ikinci rüb ərzində başa çatdı. 


Sentyabr ayında platformadakı qazma qurğusunun hər 5 ildən bir aparılan profilaktik işləri başa çatdı və bunun ardınca SDA03y quyusunu yanaqazma əməliyyatları üçün hazırlamağa başladıq. Bu quyunun yanaqazma əməliyyatları bu il aparılacaq və 2013-cü ilin üçüncü rübündə təhvil veriləcək. Bu il üçün qalan planalr SDA02 quyusunda intervensiya əməliyyatları aparmaq və sonda quyunu yenidən tamamlayaraq 2014-cü ilin birinci rübündə təhvil verməkdir. 

Şahdənizin tammiqyaslı işlənməsi (Mərhələ 2): Ötən ilin ikinci rübündə üç quyu ağzı səviyyəsində qazma işləri aparıldı. Bundan sonra SDX06 quyusunda sınaq əmliyyatları apardıq və bu işlər dekabrın sonunda başa çatdı. 

2013-cü ildə İstiqlal qazma qurğusu SDC02 quyusunun aşağı hissəsində qazma əmliyyatlarına başladı və bu işlərin bu ilin üçüncü rübündə başa çatması planlaşdırılır. Sonra qazma qurğusunda kiçik modernləşmə işləri aparılacaq və daha sonra isə SDC03 quyusu qazılmağa başlanacaq. 

Heydər Əliyev qazma qurğusu ötən il dördüncü rübün sonundan SDX07Ay quyusunda qazma əməliyyatlarını bərpa edib və bu quyu bu ilin birinci yarısında təhvil veriləcək. 

Bu qazma qurğusu üçün 2013-cü ildə qalan planlar belədir: qurğuda müəyyən modifikasiyaları və hər 5 ildən bir keçirilən sertifikatlaşdırmanı başa çatdırmaq, sonra isə üçüncü rübdə SDD02 quyusunda qazma əməliyyatlarına başlamaq. Bu quyunun 2014-cü ilin ikinci rübündə təhvil veriləcəyi planlaşdırılır. 

Şahdənizin tammiqyaslı işlənməsi

Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. 


Hesablamalara görə $25 milyard dollar dəyərində olan bu layihənin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kub metr qaza ildə 16 milyard kub metr qaz əlavə edəcəyi gözlənilir. Bu, dünyanın hər hansı bir yerindəki ən böyük qaz işlənməsi layihələrindən biridir. 

Sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının işlənməsinin 2-ci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, 2 yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ixrac gücünə ildə 16 milyard kub metr əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir. Şahdəniz qazının Türkiyə və Avropa ərazilərindən daşınması üçün əlavə boru kəmərləri tikilməli və genişləndirilməlidir. 

Shahdəniz Mərhələ 2 ötən ilin aprel ayında layihə ilkin mühəndis-layihələşdirmə işləri (İMLİ) mərhələsinə daxil olandan bəri çox yaxşı irəliləyib. 

2012-ci ilin iyun ayında Azərbaycan və Türkiyə hökumətləri Türkiyə ərazisində Trans-Anadolu Boru Kəməri (TANAP) adlanan ayrıca yeni bir boru kəməri tikmək üçün Hökumətlərarası Saziş və Tranzit Ölkə Hökuməti ilə Saziş imzaladılar. Shahdəniz konsorsiumu Azərbaycan və Türkiyə hökumətlərinin TANAP layihəsinin Şahdəniz Mərhələ 2 layihəsi ilə əlaqəli şəkildə işlənməsi məqsədlərini dəstəkləyir. ARDNŞ BP-nin TANAP-da 12%-lik payla iştirak etməsi üçün edilmiş təklifi təsdiqləyib və biz bununla bağlı şərtləri növbəti bir neçə ay ərzində yekunlaşdırmaq ümidindəyik. Bu arada BP bu vacib boru kəməri layihəsinin texniki və kommersiya məsələlərinin müəyyənləşməsinin sürətləndirilməsi məqsədilə Azərbaycan və Türkiyə hökumətləri tərəfindən TANAP layihəsinə dəvət olunmuş bütün iştirakçılarla yaxından işləyir. 


Dekabrın 18-də Shahdəniz konsorsiumu ilə ARDNŞ arasında bir sıra sazişlər imzalandı ki, bunlar da 2013-cü ilə planlaşdırılmış yekun investisiya qərarı üçün inam yaradıb. 

Trans Adriatik Boru kəməri (TAP) və Nabukko Uest (Nabucco West) layihələri Shahdəniz konsorsiumunun Mərhələ 2 qazını qərbi Türkiyə sərhədindən Avropanın likvid və böyüməkdə olan bazarlarına çatdıracaq cənub dəhlizinin son hissəsi kimi qiymətləndirməkdə olduğu iki variantdır. Konsorsium həm TAP, həm də Nabukko Uest-in sahibkarları ilə işləməkdə davam edir ki, bunlardan hansının son seçim variantı olacağı qərarını verə bilsin. 
Şahdəniz tərəfdaşlarından BP də daxil olmaqla bəziləri Avropaya qaz nəql edəcək boru kəməri sisteminin hər bir hissəsində iştirak etməyi planlaşdırırlar. Bu sistemə Cənubi Qafqaz Boru Kəməri, TANAP və qazı Avropaya çatdırmaq üçün seçiləcək son boru kəməri variantı, yəni ya TAP, ya da Nabukko Uest daxildir. Həm TAP, həm də Nabukko Uestlə iştirak payı almaq hüququ və maliyyələşmə haqqında sazişlər artıq bağlanıb. Bu sazişlər həmin layihələri qısa müddətli maliyyələşmə ilə təmin edir, həmçinin Şahdəniz konsorsiumu iki variantdan hansını Avropa marşrutu kimi seçəcəksə, o boru kəmərinə qoşulmaq hüququnu təmin edir. 

İndi diqqət Avropa marşrutunun yekun seçim prosesinə yönəlib. Bu prosesə TAP və Nabukko Uest layihələrinin növbəti bir neçə ay ərzində tam qiymətləndirilməsi daxildir. Konsorsium bu iki layihə arasında yekun seçim qərarının verilməsini 2013-cü ilin ortalarına planlaşdırır. Bundan sonra isə bu il ərzində Şahdəniz Mərhələ 2-nin yekun investisiya qərarının verilməsi gözlənililir. Bu günədək əldə edilmiş irəliləyişin nəticəsi olaraq layihə 2013-cü il ərzində təxminən 2,3 milyard dollar vəsait xərcləməyi planlaşdırır ki, Şahdəniz Mərhələ 2 layihəsi 2018-ci ildə ilk qazın əldə edilməsinə hazır olsun. 

Cənubi Qafqaz Boru Kəməri

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator -25,5%), Statoyl (kommersiya operatoru - 25,5%), Azərbaycan CQBK Ltd (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%). 

2012-ci il ərzində CQBK ilə bağlı fəaliyyətlərə $11 milyon əsaslı xərclər sərf edilib. 2013-cü ildə bu işlərə $13 milyon əsaslı xərclər gözlənilir. 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. 

2012-ci ildə CQBK-nın gündəlik orta ötürücülük gücü 11,1 milyon kub metrdən artıq (393 milyon kub futdan artıq) qaz və ya gündə təqribən 68 000 barel neft ekvivalenti olmuşdur. 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur. 

Geoloji-kəşfiyyat

2012-ci il yanvarın 4-də “Giləvar” seysmik gəmisi Şəfəq-Asiman üzrə 3-ölçülü seysmik tədqiqat proqramını başa çatdırdı. 2011-ci ilin noyabr ayında başlanmış bu seysmik tədqiqat proqramı Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında BP ilə ARDNŞ arasında imzalanmış hasilatın pay bölgüsü sazişinin planlarına uyğun olaraq yerinə yetirildi. 

Bu, həmin müqavilə ərazisində indiyədək aparılmış ilk 3-ölçülü seysmik tədqiqat idi. Proqram hazırda əldə edilmiş məlumatın təhlili mərhələsindədir. İndiyədək Azərbaycanda aparılan ən böyük 3-ölçülü seysmik məlumat təhlili olan bu işlər bütün 2012-ci il boyu aparılıb və 2013-cü ildə də davam edəcək. Bu mərhələdən sonra məlumatın interpretasiyası üçün 18 ay və ilk kəşfiyyat quyusunun planlaşdırılması üçün isə əlavə bir il vaxt tələb olunur. 

Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir. 

İşçi heyətimiz

Hazırda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 620 nəfərdir. Şirkətin ixtisaslı daimi işçilərinin 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir.

Mühüm davamlı inkişaf təşəbbüsləri

Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçiririk. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir. 

2012-ci ildə BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda 4,55 milyon dollar xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 

Bu qəbildən olan təşəbbüslərin bəzi nümunələri bunlardır: 
  • BP və onun tərəfdaşlarının gənclər üçün 2-illik Biznes Rəhbərliyi Layihəsi (BRL). Bu layihə ABŞ-ın USAİD təşkilatı və Amerika Ticarət Palatası (AmCham) ilə tərəfdaşlıqda həyata keçirilir. Layihənin məqsədi tələbə gəncləri sahibkarlığa və gələcəkdə biznesə rəhbərlik etmək karyerasına hazırlamaqdır. Bunun üçün onlara bir sıra özəl şirkətlərdə təcrübə keçməklə əsl beynəlxalq iş mühitində çalışmaq imkanları yaradılacaq. Bu yolla onlar öz biznes idarəçiliyi bilgilərini dərs otaqlarının hüdudlarından kənara çıxararaq inkişaf etdirəcəklər.
  • BP və onun tərəfdaşlarının icmalarda məktəbəqədər təhsil, ibtidai təhsil və qadınların sahibkarlıq imkanlarının təkmilləşdirilməsinə yönəlmiş yeni layihəsi. Bu layihə vasitəsilə məktəbə hazırlıq üzrə təkmilləşmiş proqramlara, kənd uşaq bağçalarında daha keyfiyyətli xidmətə, yeni ibtidai təhsil kurrikulumunun təkmilləşmiş tətbiqinə və qadınların sahibkarlıq bacarıqlarının inkişafına dəstək veriləcək
  • BP və onun tərəfdaşlarının veb-əsaslı Xəzər Ekoloji İnformasiya Mərkəzi (XEİM) təsis etmək məqsədi daşıyan yeni ekoloji layihəsi. Bu layihə Xəzər Ekoloji Proqramı (XEP) çərçivəsində hazırlanıb və onun nəticəsi olaraq Xəzərin ekologiyası üzrə mərkəzləşdirilmiş məlumat mənbəyi kimi istifadə ediləcək onlayn ekoloji məlumat bazasının yaradılması gözlənilir. XEİM həm də regionda davamlı inkişaf və ətraf mühitlə əlaqədar fəaliyyətləri təşviq etmək vasitəsi kimi istifadə ediləcək.
  • BP və tərəfdaşlarının Azərbaycanda BTC/CQBK boru kəməri boyunca yerli idarəetməni, gənclərin bacarıqlarının inkişafını və ətraf mühit təşəbbüslərini dəstəkləmək məqsədilə Avrasiya Tərəfdaşlıq Fondu (ATF) ilə qrant sazişi. Bu layihənin məqsədi bələdiyyələrin davamlı inkişafla bağlı yerli problemləri müəyyən edərək aradan qaldırmaq bacarıqlarını gücləndirməkdən ibarətdir. Layihə həmçinin gənclərin icmalardakı yerli inkişaf və ətraf mühitlə bağlı məsələlərin həllindəki rolunun gücləndirilməsinə yönələcək
  • BP və tərəfdaşlarının Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə Azərbaycanda kiçik və orta müəssisələr üçün portal yaratmaq məqsədi layihəsi. Yeni www.biznesinfo.az portalı yerli biznesin öz bacarıqlarını artırmaq, normativ tələbləri, o cümlədən biznesi qeydiyyatdan keçirmək və idarə etmək, icazələrin alınması, əmlakın qeydiyyatdan keçirilməsi, yoxlamalar, hökumət tenderləri üçün rəqabət aparmaq, yerli maliyyə mənbələrini qiymətləndirmək və dövlət mühasibat standartlarına riayət etmək sahəsində biliklərini gücləndirmək səylərinə dəstək vermək məqsədilə onları lazımi məlumatlarla təmin etmək üçündür. Portalın həmçinin inkişaf və təlim komponentləri də var.
  • BP və onun tərəfdaşları “Alıcı ilə tanış ol” adlı sərgi təşkili layihəsi. Yerli şirkətlərin BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq öhdəliyimizin bir hissəsi kimi təşkil olunmuş bu tədbirlər BP və onun tərəfdaşlarının şirkətlərə öz bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və onlara öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etmək məqsədi daşıyır. Həmin tədbirdə son bir neçə il ərzində “Sahibkarlığın inkişafı və təlim proqramı”nda iştirak etmiş 80-dən çox yerli kiçik və orta müəssisə 150-dən çox yerli və beynəlxalq alıcıya öz məhsul və xidmətlərini təqdim edib. Tədbirin hər il keçirilməsi planlaşdırılır.
  • BP və onun tərəfdaşlarının Azərbaycanda yaratdığı yeni Layihələrin İdarə Edilməsi Məktəbi. Bu layihə özəl və ictimai sektoru təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Fəaliyyəti müddətində məktəb layihə idarə edilməsi üzrə dünyada tanınmış təlim kurrikulumu əsasında 81 özəl və dövlət təşkilatının 183 nümayəndəsinə təlim verib. Bunlardan 51 nəfəri Corc Vaşinqton Universitetinin Magistr və 126 nəfəri Bakalavr sertifikatına layiq görülüb.
  • BP və tərəfdaşlarının Avropa İttifaqının beyin mərkəzlərindən biri vasitəsilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə makroiqtisadi analiz və proqnozlaşdırma sahəsində texniki yardımı.
  • BP və tərəfdaşlarının daha keyfiyyəti və innovativ məktəbəqədər proqramlardan istifadə imkanı yaratmaqla ehtiyacı olan uşaqlı ailələrə kömək layihəsi
  • BP və tərəfdaşlarının gənclərə imkanlar yaradan sahibkarlıq mərkəzi layihəsi. Mərkəz Gəncə peşə təlimi mərkəzi daxilində ayrıca biznes və idarəetmə bölümü kimi fəaliyyət göstərir.
  • BP və tərəfdaşlarının süd məhsulları istehsalçılarına dəstək layihəsi. İcma-əsaslı bu layihənin məqsədi kiçik və orta miqyaslı fermerlərə öz istehsal güclərini artırmaqda kömək etməkdir.
  • BP şirkətinin Qafqaz Universitetinin bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya və mexanika mühəndisliyi də daxil olmaqla üç neft mühəndisliyi ixtisasını əhatə etməsinə dəstəyi. Layihənin bir hissəsi olaraq 2009-cu ildə BP kimya mühəndisliyi fakültəsi, 2011-ci ildə isə həmin fakültə üçün tam təchiz edilmiş beş müasir laboratoriya açıb. Hazırda kimya mühəndisliyi fakültəsində 73 tələbə təhsil alır. 2011-ci ildə isə universitetdə mexanika mühəndisliyi fakültəsi açıldı və həmin fakültəyə artıq 59 tələbə qəbul edilib. BP 2013-cü ilin birinci rübündə bu yeni fakültə üçün də tam təchiz edilmiş mexanika mühəndisliyi laboratoriyaları açmağı planlaşdırır.
  • BP şirkətinin biznes sahəsində çalışan jurnalistlərin peşəkarlığını artırmaq və onların beynəlxalq standartlarla işləmək səylərinə kömək məqsədi daşıyan “Biznes jurnalistikası” adlı irimiqyaslı təlim proqramı. Bu təlim proqramı 12 mütəxəssisə biznes jurnalistikası sahəsində beynəlxalq təcrübə keçməklə regionun qabaqcıl jurnalisti olmaqda yardım edib
  • BP-nin Dövlət Neft Akademiyasının birinci və ikinci kurs tələbələrinin böyük bir qrupu üçün xüsusi illik təqaüd proqramı. Bu proqram Dövlət Neft Akademiyasında neft-qaz mədən, geoloji kəşfiyyat, neft mexanikası, istehsalat proseslərinin avtomatlaşdırılması, energetika sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır. 2012-ci ilin xüsusi təqaüdləri iyun ayında 30 birinci kurs və 30 ikinci kurs tələbəsinə verildi. Noyabr ayında BP öz proqramını genişləndirərək beş yerli universitetin - Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti və Xəzər Universiteti - neft-qaz mühəndisliyi sahəsində ixtisaslaşan 31 ən yaxşı tələbəsinə öz illik xüsusi mükafatlarını təqdim etdi.
  • BP-nin “Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr” adlı təşəbbüsü. Layihə bu sahələri ixtisas kimi seçmiş gənc mühəndis nəslin nümayəndələrinin geoloji elm sahələrinin Azərbaycanda inkişafına diqqətini artırmaq məqsədi daşıyır.
Əlavə məlumat üçün BP şirkətində Tamam Bayatlıya müraciət edə bilərsiniz Telefon: +994 (0)12 599 4557