2012-ci ilin üçüncü rübünün nəticələri

25 noyabr 2012

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), Hess (2,72%). 
2012-ci ilin birinci doqquz ayı ərzində AÇG layihəsinə $539,7 milyon əməliyyat məsrəfləri və $1 milyard 807 milyon əsaslı məsrəflər xərclənmişdir. Bütün il üçün AÇG əməliyyatlarına $708 milyon əməliyyat məsrəfləri və $2 milyard 516 milyon əsaslı məsrəflər xərclənəcəyi gözlənilir. 

Hasilat
İlin birinci üç rübündə AÇG-nin Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından birlikdə gündə orta hesabla 684 000 barel (b/g) (və ya ümumilikdə doqquz ay üçün 187,4 milyon barel yəni 25,3 milyon ton) neft hasil edilib. 

Üçüncü rübün sonunda bizim ümumilikdə AÇG-də 62 hasilat quyumuz və 32 injektor quyumuz istismarda idi ki, bunlar da aşağıdakılardır: 

Çıraqda 15 quyu istismarda olub (10 hasilat və 5 suvurma quyusu) və 3 rüb ərzində oradan orta hesabla gündə 76 000 barel neft hasil edilib. 

Mərkəzi Azəridə (MA) 19 quyu istismarda idi (13 hasilat, 5 qaz injektor və bir suvurma quyusu) və doqquz ay ərzində oradan gündə orta hesabla 163 000 barel hasilat əldə edilib. 

Qərbi Azəridə (QA) 22 quyu istismarda idi (16 hasilat və 6 suvurma quyusu) və doqquz ay ərzində oradan gündəlik orta hesabla 192 000 barel neft hasilatı əldə edilib. 

Şərqi Azəridə (ŞA) 16 quyu istismarda idi (12 hasilat və 4 suvurma quyusu) və doqquz ay ərzində oradan gündəlik orta hesabla 139 000 barel hasilat əldə edilib. 

Dərinsulu Günəşlidə (DərSG) 22 quyu istismarda idi (11 hasilat və 11 suvurma quyusu) və doqquz ay ərzində oradan gündəlik orta hesabla 114 000 barel hasilat əldə edilib. 

Səmt qazı
AÇG yatağının operatoru olaraq BP 2012-ci ilin birinci üç rübü ərzində üç platformadan (MA, QA və ŞA) səmt qazını 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. 
AÇG platformalarından hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə Mərkəzi Azəridəki kompressor və suvurma platformasına (KSVP) göndərilmişdir. Hal-hazırda Mərkəzi Azəridə beş quyudan laya qaz vurma əməliyyatları davam edir. 

Birinci üç rüb ərzində biz ARDNŞ-yə gündə təxminən 10,2 milyon kubmetr (təxminən 359 milyon standart kubfut) AÇG səmt qazı vermişik. Bütün il üçün biz ARDNŞ-yə təqribən 3 milyard kubmetr (təqribən 106 milyard standart kubfut) AÇG səmt qazı təhvil verməyi planlaşdırırıq. 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
2012-ci ildə ümumilikdə altı neft hasilat quyusu və bir qaz injektor quyusu qazmağı planlaşdırırdıq. Artıq bir qaz injektor quyusu – Mərkəzi Azəridə B01y quyusunu təhvil vermişik. Bundan əlavə, Şərqi Azəridə D16 hasilat quyusunu da təhvil vermişik. 

Çıraq Neft Layihəsi (ÇNL) öncəqazma proqramı çərçivəsində yeddi quyu qazılmaqla bu proqram dekabr ayında başa çatacaq. Çıraq: Platformanın qazma qurğusunda aparılan planlaşdırılmış profilaktik işlər noyabr ayında başa çatır. A17 və A13 quyularında planlaşdırılmış intervensiya işləri artıq aparılıb. A16 quyusunun qazma və tamamlama əməliyyatlarının 2013-cü ilin yanvar ayında başa çatacağı planlaşdırılır. 

Mərkəzi Azəri: B01y qaz injeksiya quyusu qazılıb tamamlandı və bu ilin fevralında istismara verildi. Bundan sonra B-24 pilot quyusu ümumi dərinliyinədək qazıldı, bağlandı və aprelin 8-də tərk edildi. Plana əsasən B07 və B16 quyularında intervensiya əməliyyatları aparıldı. B25 hasilat quyusu 20” ölçülü qoruyucu boruyadək qazılaraq dayandırıldı. Sonra B03 quyusunda intervensiya əməliyyatları aparıldı. Dördüncü rüb üçün qalan plan B25 hasilat quyusunu tamamlamaq, B02 bə B18 quyularında intervensiya əməliyyatları aparmaq, həmçinin B26 qaz injektor quyusunu qazmaqdır. Bu quyu 2013-cü ildə təhvil veriləcək. 
Qərbi Azəri: 2012-ci ilin əvvəlində C07 quyusunda qazliftə uyğunlaşdırma əməliyyatları aparılmışdır. Bundan sonra C04 quyusunda yenidən tamamlanma əməliyyatları aparıldı və bu işlər fevral ayında başa çatdı, daha sonra isə eyni əməliyyatlar C16 quyusunda aparıldı və aprel ayında başa çatdı. C26 hasilat quyusunun qazılması başlandı, lakin qazma əməliyyatları sonradan texniki səbəblərə görə dayandırıldı. Sonra C03, C18, C24 və C08 quyularında intervensiya əməliyyatları aparıldı. Hazırda C27 quyusunda qazma əməliyyatları başlanıb, bu quyu C26 quyusu ilə calaşdırılacaq. Bu quyu 2013-cü ilin əvvəllərində təhvil veriləcək. 

Şərqi Azəri: 2012-ci ilin birinci yarısında D04 quyusunda yenidən tamamlanma əməliyyatları aparıldı. Bundan sonra D16 hasilat quyusu qazıldı və tamamlandı. Bu quyu üçüncü rübdə təhvil verildi. Bunun ardınca D18 və D07 quyularında intervensiya əməliyyatları aparıldı. 

D21 hasilat quyusunun qazılması başlanıb və bu quyunu 2013-cü ilin əvvəllərində təhvil vermək planlaşdırılır. 

Dərinsulu Günəşli: E16 hasilat quyusunu ötən il dekabr ayında qazmağa başlamışıq. Sonra müvəqqəti olaraq E16y quyusunda qazma əməliyyatlarını dayandırdıq ki, E05 və E09 quyularında bəzi intervensiya işləri aparaq. Hazırda E16 quyusundakı qazma əməliyyatları müvəqqəti olaraq dayandırılıb ki, qazma qurğusunda hər beş ildən bir olan profilaktik işlər aparılsın. E16-da qazma işləri bu ilin dördüncü rübündə bərpa olunacaq və quyu 2013-cü ildə təhvil veriləcək. 
Bundan əlavə, 2012-ci ilin üçüncü rübündə Dədə Qorqud qazma qurğusu Dərinsulu Günəşlidə sualtı quyular qazılması əməliyyatlarına H05 və H06 quyuları ilə başladı. Bu quyular üçüncü rübdə qazıldı və bağlandı. Sonra isə qazma qurğusu öncəqazma proqramını davam etdirmək üçün Çıraq Neft Layihısi (ÇNL) sahəsinə aparıldı. 

Çıraq Neft Layihəsi (ÇNL) öncə qazma işləri: Dədə Qorqud bu ilin yanvar ayında J02z quyusunda öncəqazma və müvəqqəti qapanma əməliyyatları apardı. 

Atqıya qarşı preventorda planlaşdırılmış profilaktik işlər apardıqdan sonra ÇNL öncəqazma proqramı çərçivəsində işləri bərpa etdik və daha üç topset öncəqazma quyusunu - J05, J07 və J11-i, qazıb müvəqqəti bağladıq. J14 quyusu da qazılmağa başlandı və qazma qurğusu Dərinsulu Günəşliyə keçməzdən əvvəl 13 3/8 ölçülü qoruyucu boruyadək qazılaraq müvəqqəti dayandırıldı. Dərinsulu Günəşlidən qayıtdıqdan sonra qazma qurğusu J14-ün qazılmasına davam edir və bu quyu 9 5/8 ölçülü qoruyucu boruyadək qazıiaraq müvəqqəti bağlanacaq. Planımızda dördüncü rübdə J10, J13 və J08 quyuları ilə ÇNL öncəqazma proqramını davam etdirmək durur. 

İxrac əməliyyatları
AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. 

Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1,2 milyon barel neft və Şahdəniz qazı üçün gündəlik 25,5 milyon kubmetr qaz (ümumi qaz emalı gücü isə gündəlik təqribən 39,5 milyon kubmetr) təşkil edir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur. 
Bu ilin birinci üç rübü ərzində terminal təxminən 216 milyon barel neft (o cümlədən təxminən 189 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, təxminən 22 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və təxminən 5 milyon barel dəmir yolu vasitəsilə) ixrac etmişdir. 

Çıraq Neft Layihəsi (ÇNL)
2012 ilin ilk doqquz ayı ərzində ÇNL üzrə tikinti fəaliyyətləri qrafik və plana uyğun olaraq davam edib. 

İndiyədək layihə ÇNL ilə bağlı tikinti işlərinin aparıldığı bütün tikinti-quraşdırma sahələrində çox yaxşı irəliləyib və ümumilikdə iş həcminin 81,6%-i əməyin təhlükəsizliyinə çox yüksək səviyyədə nail olmaqla artıq tamamlanıb. 

Biz artıq elan etmişik ki, ÇNL platforması üçün dayaq blokunun tikintisi artıq tam başa çatıb. Bu, Xəzərdə indiyədək tikilmiş ən ağır blokdur və onu oktyabr ayının 20-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsinin yanalma limanında təhlükəsiz şəkildə STB-1 daşıma barjasına yükləmişik. Dayaq bloku ilin sonunadək barjanın üzərində qalacaq ki, “Dədə Qorqud” qazma qurğusuna ÇNL sahəsindəki öncə qazma işlərini başa çatdırmağa imkan versin. Dayaq blokunun dənizdə quraşdırılmaq üçün yola salınması 2013-cü ilin əvvəllərinə planlaşdırılır. 

Dayaq blokunun tikintisi 2010-cu ildə başlanıb və qrafikə uyğun başa çatıb. Bu müddət ərzində tikinti işlərinə 2 000 insan, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb olunub. İşçi qüvvəsinin təxminən 96% yerli azərbaycanlılar olub. Dayaq blokunu yerli şirkət olan və indi bütünlüklə ARDNŞ-yə məxsus BOS Şelf şirkəti inşa edib və bu işlər BDÖZ-dəki yerli tikinti-quraşdırma infrastrukturundan istifadə edilməklə həyata keçirilib. 

ATA (Bibi-Heybətdəki AMEC-Tekfen-Azfen) tikinti-quraşdırma sahəsində üst modulların tikintisi təxminən 90% tamamlanıb və dənizə yola salınması 2013-cü ilin ikinci rübünə planlaşdırılır. 

Azərbaycanın dünya səviyyəli tikinti-quraşdırma sahələrinin tarixində ilk dəfə olaraq ÇNL platformasının quraşdırma işləri 100% ölkə daxilində həyata keçirilir. 

ÇNL tikinti işlərinə hazırda podratçı şirkətlər vasitəsilə bütün tikinti sahələrində ümumilikdə 3500-dən artıq işçi cəlb olunub ki, bunların da 90%-i Azərbaycan vətəndaşlarıdır. 

2012-ci ilin ilk doqquz ayı ərzində ÇNL aşağıdakı işləri başa çatdırıb: 

ATA (Bibi-Heybətdəki AMEC-Tekfen-Azfen) tikinti-quraşdırma sahəsində: 
  • Üst göyərtə hissələrinin daşınma yolunun quraşdırılması başa çatıb 1-ci rüb
  • Vışkaya dəstək modulunun üst göyərtəyə montaj edilməsi başa çatıb 1-ci rüb
  • Separator modulunun montajı başa çatıb 1-ci rüb
  • Birinci sistem mexaniki tamamlanıb 1-ci rüb
  • Heç bir iş günü itirilmədən 12 milyon adam iş saatı yerinə yetirilib 2-ci rüb
  • Vışkanın quraşdırılması başa çatıb 2-ci rüb
  • Birinci əsas generatorun mexaniki tamamlanması başa çatıb 2-ci rüb
  • Yaşayış blokunun bütün modulları göyərtəyə qaldırılıb 2-ci rüb
  • İxrac kompressorlarının istismar sınağı başa çatıb 3-cü rüb
  • Birinci əsas generatorun istismar sınağı başa çatıb 4-cü rüb
Bakı Dərin Özüllər Zavodunda (BDÖZ):
  • Troslu domkratın montajı və sınağı başa çatıb, bükülməyə hazırdır 1-ci rüb
  • Çərçivə1-in montajı başa çatdırılıb, bükülməyə hazırdır 1-ci rüb
  • Paya başlıqlarının bükülməsi (ilk həcm) başa çatıb 1-ci rüb
  • Çərçivə 1-in bükülməsi həyata keçirilib 2-ci rüb
  • Çərçivə 7-nin bükülməsinin həyata keçirilib 2-ci rüb
  • Qüllə çərçivəsi 1-2 quraşdırılıb 2-ci rüb
  • Qüllə çərçivəsi 6-7 quraşdırılıb 2-ci rüb
  • Çərçivə 1 üzərinə ponton quraşdırılıb 2-ci rüb
  • Çərçivə 7 üzərinə ponton quraşdırılıb 3-cü rüb
  • STB-1 barjası sahəyə gətirilib 3-cü rüb
  • Dayaq blokunun inşası bitib və dənizə aparılmağa hazırdır 3-cü rüb
  • Payaların inşası bitib və dənizə aparılmağa hazırdır 3-cü rüb
Dənizdə və sualtı fəaliyyətlər:
  • STB-1-in sponsonlara qoyulması və birinci əyilmə (meyletmə) sınağı başa çatıb 1-ci rüb
  • STB-1 ARDNŞ-yə təhvil verilib 1-ci rüb
  • “İsrafil Hüseynov” borudüzən barjasının yenidən işə salınmasına başlanıb 1-ci rüb
  • Dalğıc işlərinə dəstək gəmisinin BP əməliyyatlarından çıxarılıb MakDermott şirkətinə ötürülməsi üçün QLT və Saipemə təhvil verilib 2-ci rüb
  • ÇNL boru xəttlərinin və birləşmələrinin quraşdırılması başa çatıb 3-cü rüb
  • “İsrafil Hüseynov” borudüzən gəmisinin yenidən işə salınıb 3-cü rüb
Kaspain Paypkoutinq (CPC) üzrə: 
  • 18” ölçülü kəmər üçün boruların yüklənməsi başa çatıb 1-ci rüb
  • 18” və 30” ölçülü boru birləşmələrinin və əyilmiş boruların boşaldılması başa çatıb 1-ci rüb
  • 16” və 18” ölçülü boruların betonla örtüklənməsi başa çatıb 1-ci rüb
  • 14” və 16” ölçülü boru kəməri hissələrinin və əyilmiş boruların boşaldılması başa çatıb 2-ci rüb
  • 16” ölçülü boru kəməri hissələrinin daxili üfürülmə ilə təmizlənməsi başa çatıb 2-ci rüb
  • 14” və 16” ölçülü boru kəməri hissələrinin və əyilmiş boruların boşaldılması başa çatıb 2-ci rüb
  • Limana yaxınlaşma kanalının dərinləşdirilmə işi başa çatıb 2-ci rüb
  • Dərinləşdirmədən sonrakı yoxlama və təsdiq başa çatıb 2-ci rüb
  • Kəmər üçün boruların “İsrafil Hüseynov” borudüzən barjasına boşaldılmasına hazırlıq başa çatıb 2-ci rüb
  • Kəmər borularının boşaldılması həyata keçirilib 2-ci rüb
  • Ehtiyat borularının və əyilmiş boruların saxlanması, anbarlara yığılması başa çatıb 3-cü rüb
  • Boruların boşaldılması başlanıb 3-cü rüb
2012-ci ilin qalan hissəsi üçün ÇNL üzrə görüləsi mühüm işlər: 

ATA tikinti-quraşdırma sahəsində
  • Üst tikili və qazma qurğularının mexaniki işlərinin başa çatdırılması 4-cü rüb
  • Qaz-buxarlanma kompressorlarının istismara verilməsinin başa çatdırılması 4-cü rüb
Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) bütün planlaşdırılmış işlər başa çatıb, orada inşa olunan dayaq bloku barjanın üzərinə qoyulub və gələn ilin əvvəllərində dənizə aparılmasını gözləyir. 

Dənizdə və sualtı fəaliyyətlər:
  • Azərbaycan” kran gəmisinin yenidən işə salınması 4-cü rüb
  • ÇNL dayaq blokunun STB-1 barjasının üzərində saxlanması 4-cü rüb
  • Kompressor və suvurma platformasının dayaq blokuna modifikasiya olunmuş dikborular üçün sıxıcı xamıtların quraşdırılması 4-cü rüb
  • ÇNL sualtı boru kəmərlərinin inşasına başlanması 4-cü rüb
  • Kaspain Paypkoutinq – (CPC) üzrə bütün planlaşdırılmış işlər başa çatıb

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Hess (2,36%) şirkətləridir. 
Birinci üç rüb ərzində BTC üzrə əsaslı xərclərə $38,7 milyon xərclənmişdir. Bütün il üçün əsaslı xərclər $73 milyon planlaşdırılır. 

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. 

2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından 2012-ci ilin üçüncü rübünün sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 205 milyon ton (təxminən 1 531 milyon barel) xam neft Ceyhanda 1 986 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir. 

Oktyabr ayının 19-da BTC Ceyhandan 2000-ci tankerin yola salınmasını qeyd etdi. Aleksia adlanan bu tankerə 632 000 barel AÇG nefti yüklənərək dünya bazarlarına yola salındı. Bu tankerdəki neft İtaliyanın Avqusta limanı üçün nəzərdə tutulmuşdu. 

Bu günədək isə (25 noyabr) BTC vasitəsilə ümumilikdə 2031 tankerə yüklənmiş təqribən 209,5 milyon ton və ya 1 565 milyon barel neft ixrac olunub. 

Bu ilin birinci üç rübü ərzində BTC 25,5 milyon ton (təqribən 189 milyon barel) xam neft nəql etmiş və bu neft Ceyhanda 245 tankerə yüklənmişdir. 

BTC-nin indiyədək bir gün üçün ən yüksək göstəricisi 1,044 milyon barel olub. 

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%). 
Birinci üç rüb ərzində Şahdəniz üzrə fəaliyyətlərə $214,9 milyon əməliyyat xərcləri və $771,5 milyon əsaslı xərclər çəkilmişdir. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq $211,5 milyon və $1 milyard 340 milyon olacağı gözlənilir. 

Hasilat
İlk üç rüb ərzində yataq Azərbaycan, Gürcüstan və Türkiyə bazarları üçün qaz hasilatını davam etdirmişdir. Şahdəniz Mərhələ 1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılmaqda davam edir. 

2012-ci ilin üç rübü ərzində yataq təqribən 5,2 milyard kubmetr (təqribən 182 milyard kubfut) qaz və 1,4 milyon ton (10,9 milyon barel) kondensat və ya gündəlik 18,8 milyon kubmetr (663 milyon standart kubfutdan çox) qaz və təqribən 39 600 barel kondensat hasil etmişdir. 

2006-cı ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2012-ci ilin üçüncü rübünün sonunadək yataqdan bazarlara təqribən 35,3 milyard kubmetr (1 247 milyard standart kubfut) qaz və 9,5 milyon ton (75 milyon barel) kondensat ixrac edilib. 

Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilatın artacağı gözlənilir. Hazırda Mərhələ 1-də hasilatın ən yüksək sabit səviyyəsinin ildə təqribən 9 milyard kubmetr qaz və gündə təxminən 50 000 barel kondensat olacağı gözlənilir. 

Qazma əməliyyatları
Mərhələ 1: Ötən il dekabrın 26-da SDA05x quyusunda intervensiya işləri aparmağa başladıq və bu il fevralın 25-də bitirdik. Bunun ardınca SDA06 hasilat quyusunda yenidən tamamlanma əməliyyatlarına başladıq və bu işlər ikinci rüb ərzində başa çatdı. Sentyabr ayında platformadakı qazma qurğusunun 5-illik sertifikasiyasını başa çatdırdıq və bunun ardınca SDA03y quyusunu yanaqazma əməliyyatları üçün hazırlamağa başladıq. Bu yanaqazma quyusu 2013-cü ilin əvvəllərində təhvil veriləcək. 

Şahdənizin tammiqyaslı işlənməsi (Mərhələ 2): SDX07A qiymətləndirmə quyusu 2011-ci ilin mart ayından qazılmaqda idi və hazırda müvəqqəti olaraq dayandırılıb. Bu quyunun 2013-cü ilin birinci yarısında tamamlanacağı planlaşdırılır. SDD02 və SDC02 quyuları artıq 22 ölçülü qoruyucu boruyadək qazılıb və müvəqqəti bağlanıb. Bundan sonra daha iki quyu bu ilin sonunadək 22” ölçülü qoruyucu boruyadək qazılacaq və bağlanacaq. 

Şahdənizin tammiqyaslı işlənməsi
Shahdəniz Mərhələ 2 bu ilin aprel ayında ilkin mühəndis-layihələşdirmə işləri (İMLİ) mərhələsinə daxil olandan bəri çox yaxşı irəliləyib. 

2012-ci ilin iyun ayında Azərbaycan və Türkiyə hökumətləri Türkiyə ərazisində Trans-Anadolu Boru Kəməri (TANAP) adlanan ayrıca yeni bir boru kəməri tikmək üçün Hökumətlərarası Saziş və Tranzit Ölkə Hökuməti ilə Saziş imzaladılar. BP, Azərbaycan və Türkiyə hökumətlərinin TANAP layihəsinin Şahdəniz Mərhələ 2 layihəsi ilə əlaqəli şəkildə işlənməsi məqsədlərini dəstəkləyir. ARDNŞ BP-nin TANAP-da 12%-lik payla iştirak etməsi üçün edilmiş təklifi təsdiqləyib və biz bu məsələ ilə bağlı şərtləri bu ilin sonunadək yekunlaşdıracağımızı gözləyirik. BP bu layihənin texniki və kommersiya məsələlərinin müəyyənləşməsinin sürətləndirilməsi məqsədilə Azərbaycan və Türkiyə hökumətləri tərəfindən TANAP layihəsinə dəvət olunmuş bütün iştirakçılarla yaxından işləyir. Biz həmçinin BOTAŞ-la texniki əməkdaşlığı davam etdiririk. İnanırıq ki, Şahdəniz Mərhələ 1-dən daha çox qaz ixracı üçün və TANAP-a dəstək kimi BOTAŞ-ın sistemini başa düşmək vacibdir. 

Konsorsium Şahdəniz Mərhələ 2 qazının Türkiyə ilə Avstriya arasındakı və ya Türkiyə ilə Yunanıstan və İtaliya arasındakı bazarları qazla təchiz etmək üçün Türkiyə sərhədindən o yana daşınması məqsədilə Trans Adriatik Boru kəməri (TAP) və Nabukko Uest (Nabucco West) layihələrini cənub dəhlizinin son hissəsi kimi qiymətləndirməkdə davam edir. 

Konsorsium bu iki variantdan hansının Mərhələ 2 qazını Türkiyə sərhədindən Avropaya daşıyacaq son seçilmiş variant olduğunu qərarlaşdırmaq üçün TAP və Nabukko Uestin səhmdarları ilə işləməkdə davam edir. Şahdəniz artıq TAP-la Əməkdaşlıq Sazişi və Maliyyələşmə Sazişi imzalayıb ki, bu layihəyə qısa-müddətli maliyyə yönəltsin. Eyni səviyyədə əməkdaşlıq və uyğunluq yaratmaq üçün konsorsium həmçinin Nabukko Uestlə də işləyir və bununla da Azərbaycanın nəhəng qaz ehtiyatlarını Avropanın nəhəng qaz bazarı ilə bağlamaq məqsədilə iki səmərəli marşrut arasında seçim imkanı yaradır. 

Konsorsium bu iki layihə arasında yekun seçim qərarını və bununla bağlı qaz satışı sazişlərini 2013-cü ilin ortalarına planlaşdırılmış Şahdəniz Mərhələ2-nin yekun investisiya qərarından əvvər başa çatdıracaq. 

Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. 

Hesablamalara görə $25 milyard dollar dəyərində olan bu layihənin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kubmetr qaza ildə 16 milyard kubmetr qaz əlavə edəcəyi gözlənilir. Bu, dünyanın hər hansı bir yerindəki ən böyük qaz işlənməsi layihələrindən biridir. 

Sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının işlənməsinin 2-ci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, 2 yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ixrac gücünə ildə 16 milyard kubmetr əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir. Şahdəniz qazının Türkiyə və Avropa ərazilərindən daşınması üçün əlavə boru kəmərləri tikilməli və genişləndirilməlidir. 

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator -25,5%), Statoyl (kommersiya operatoru - 25,5%), Azərbaycan CQBK Ltd (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%). 
2012-ci il yanvarın 4-də “Giləvar” seysmik gəmisi Şəfəq-Asiman üzrə 3-ölçülü seysmik tədqiqat proqramını başa çatdırdı. 2011-ci ilin noyabr ayında başlanmış bu seysmik tədqiqat proqramı Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında BP ilə ARDNŞ arasında imzalanmış hasilatın pay bölgüsü sazişinin planlarına uyğun olaraq yerinə yetirildi. 

İşçi heyətimiz

Hazırda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 585 nəfərdir. Şirkətin ixtisaslı daimi işçilərinin 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir

Mühüm davamlı inkişaf təşəbbüsləri

Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçiririk. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir. 
2012-ci ilin birinci üç rübü ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda 3,6 milyon dollar xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 

Bu qəbildən olan təşəbbüslərin ən son nümunələri bunlardır:
  • BP və onun tərəfdaşlarının veb-əsaslı Xəzər Ekoloji İnformasiya Mərkəzi (XEİM) təsis etmək məqsədi daşıyan yeni ekoloji layihəsi. Bu layihə Xəzər Ekoloji Proqramı (XEP) çərçivəsində hazırlanıb və onun nəticəsi olaraq Xəzərin ekologiyası üzrə mərkəzləşdirilmiş məlumat mənbəyi kimi istifadə ediləcək onlayn ekoloji məlumat bazasının yaradılması gözlənilir. XEİM həm də regionda davamlı inkişaf və ətraf mühitlə əlaqədar fəaliyyətləri təşviq etmək vasitəsi kimi istifadə ediləcək
  • yerli idarəetməni, gənclərin bacarıqlarının inkişafını və ətraf mühit təşəbbüslərini dəstəkləmək məqsədilə Avrasiya Tərəfdaşlıq Fondu (ATF) ilə qrant sazişi. Bu layihənin məqsədi bələdiyyələrin davamlı inkişafla bağlı yerli problemləri müəyyən edərək aradan qaldırmaq bacarıqlarını gücləndirməkdən ibarətdir. Layihə həmçinin gənclərin icmalardakı yerli inkişaf və ətraf mühitlə bağlı məsələlərin həllindəki rolunun gücləndirilməsinə yönələcək
  • BP və tərəfdaşlarının Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə Azərbaycanda kiçik və orta müəssisələr üçün portal yaratmaq məqsədi layihəsi. Yeni www.biznesinfo.az portalı yerli biznesin öz bacarıqlarını artırmaq, normativ tələbləri, o cümlədən biznesi qeydiyyatdan keçirmək və idarə etmək, icazələrin alınması, əmlakın qeydiyyatdan keçirilməsi, yoxlamalar, hökumət tenderləri üçün rəqabət aparmaq, yerli maliyyə mənbələrini qiymətləndirmək və dövlət mühasibat standartlarına riayət etmək sahəsində biliklərini gücləndirmək səylərinə dəstək vermək məqsədilə onları lazımi məlumatlarla təmin etmək üçündür. Portalın həmçinin inkişaf və təlim komponentləri də var
  • BP və tərəfdaşlarının Azərbaycanda BTC/CQBK boyunca yaşayan icmalara dəstək məqsədilə həyata keçirdikləri yeni bir mühüm davamlı inkişaf təşəbbüsü. Layihənin məqsədi kənd təsərrüfatı sektorunda çalışan icma üzvləri üçün davamlı gəlir imkanları yaratmaq, onları lazımi bacarıq və vərdişlərlə təmin etməkdir. Proqrama 132 istixana təsərrüfatı, bir çörəkbişirmə müəssisəsi və arı pətəkləri, qutular və avadanlıq da daxil olmaqla 96 arıçılıq təsərrüfatının yaradılması daxildir. Layihə həmçinin bu müəssisə və təsərrüfatların dayanıqlı olması üçün onların idarə olunmasına tələb olunan bilik və bacarıqların da ötürülməsini təmin edəcək.
  • BP və onun tərəfdaşları “Alıcı ilə tanış ol” adlı sərgiyə ev sahibliyi ediblər. Yerli şirkətlərin BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq öhdəliyimizin bir hissəsi kimi təşkil olunmuş bu tədbir BP və onun tərəfdaşlarının şirkətlərə öz bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və onlara öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etmək məqsədi daşıyırdı. Həmin tədbirdə son bir neçə il ərzində “Sahibkarlığın inkişafı və təlim proqramı”nda iştirak etmiş 80-dən çox yerli kiçik və orta müəssisə 150-dən çox yerli və beynəlxalq alıcıya öz məhsul və xidmətlərini təqdim edib. Tədbirin hər il keçirilməsi planlaşdırılır.
  • BP və onun tərəfdaşlarının Azərbaycanda yaratdığı yeni Layihələrin İdarə Edilməsi Məktəbi. Bu layihə özəl və ictimai sektoru təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Məktəb layihələrin idarə edilməsinin təlimi sahəsində aparıcı beynəlxalq şirkət olan “ESI International”ın dünyada tanınmış geniş proqramından istifadə etmək imkanı verir. Burada əsas diqqət həm layihə idarə edilməsi üzrə mövcud bacarıqların təkmilləşdirilməsinə, həm də ölkədə bu sahə üzrə uzun müddətli bacarıqların yaradılmasına yönəlib. Fəaliyyətinin ilk ilində məktəb layihə idarə edilməsi üzrə dünyada tanınmış təlim kurrikulumu əsasında 62 özəl və dövlət təşkilatının 150-yə yaxın nümayəndəsinə təlim verib. Bunlardan 51 nəfəri Corc Vaşinqton Universitetinin Magistr və 92 nəfəri Bakalavr sertifikatına layiq görülüb.
  • BP və tərəfdaşlarının neft və qaz xidməti şirkətlərini inkişaf etdirmək məqsədilə həyata keçirdikləri “Sahibkarlığın inkişafı və təlim proqramı” biznes xidməti göstərən yerli şirkət AZERMS MMC icra edir
  • BP və tərəfdaşlarının Avropa İttifaqındakı beyin mərkəzlərindən biri vasitəsilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə makroiqtisadi analiz və proqnozlaşdırma sahəsində texniki yardımı
  • BP və tərəfdaşlarının gənclər üçün iqtisadi sahədə bacarıqların yaradılması layihəsi. Layihənin məqsədi ilk növbədə gənc sahibkarlara davamlı və bazarın tələb etdiyi həll üsulları vasitəsilə öz bacarıqlarını gücləndirmək, gəlirlərini artırmaq və gənclərin sosial rifahını yüksəltmək səylərinə dəstək verməkdən ibarətdir
  • BP və tərəfdaşlarının daha keyfiyyəti və innovativ məktəbəqədər proqramlardan istifadə imkanı yaratmaqla ehtiyacı olan uşaqlı ailələrə kömək layihəsi
  • BP və tərəfdaşlarının gənclərə imkanlar yaradan sahibkarlıq mərkəzi layihəsi. Mərkəz Gəncə peşə təlimi mərkəzi daxilində ayrıca biznes və idarəetmə bölümü kimi fəaliyyət göstərir
  • BP və tərəfdaşlarının daha keyfiyyəti və innovativ məktəbəqədər proqramlardan istifadə imkanı yaratmaqla ehtiyacı olan uşaqlı ailələrə kömək layihəsi. •BP və tərəfdaşlarının gənclərə imkanlar yaradan sahibkarlıq mərkəzi layihəsi. Mərkəz Gəncə peşə təlimi mərkəzi daxilində ayrıca biznes və idarəetmə bölümü kimi fəaliyyət göstərir
  • BP şirkətinin Qafqaz Universitetinin bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya və mexanika mühəndisliyi də daxil olmaqla üç neft mühəndisliyi ixtisasını əhatə etməsinə dəstəyi. Layihənin bir hissəsi olaraq 2009-cu ildə BP kimya mühəndisliyi fakültəsi, 2011-ci ildə isə həmin fakültə üçün tam təchiz edilmiş və ümumi kimya, analitik kimya, üzvi kimya, kimya-mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşmış beş müasir laboratoriya açıb. Hazırda kimya mühəndisliyi fakültəsində 73 tələbə təhsil alır. 2011-ci ildə isə universitetdə mexanika mühəndisliyi fakültəsi açıldı və həmin fakültəyə artıq 59 tələbə qəbul edilib. BP 2013-cü ilin birinci rübündə bu yeni fakültə üçün də tam təchiz edilmiş mexanika mühəndisliyi laboratoriyaları açmağı planlaşdırır.
  • BP şirkətinin biznes sahəsində çalışan jurnalistlərin peşəkarlığını artırmaq və onların beynəlxalq standartlarla işləmək səylərinə kömək məqsədi daşıyan “Biznes jurnalistikası” adlı irimiqyaslı təlim proqramı. Bu təlim proqramı 12 mütəxəssisə biznes jurnalistikası sahəsində beynəlxalq təcrübə keçməklə regionun qabaqcıl jurnalisti olmaqda yardım edib. Onlar milli biznes jurnalistikasında bir yeni istiqamət yaradıblar və çoxsaylı ardıcılları var
  • BP-nin Dövlət Neft Akademiyasının birinci və ikinci kurs tələbələrinin böyük bir qrupu üçün xüsusi illik təqaüd proqramı. Bu proqram BP-nin Azərbaycanda təhsilin inkişafını dəstəkləyən iri layihələrindən biridir və Dövlət Neft Akademiyasında neft-qaz mədən, geoloji kəşfiyyat, neft mexanikası, istehsalat proseslərinin avtomatlaşdırılması, energetika sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır. 2012-ci ilin xüsusi təqaüdləri iyun ayında 30 birinci kurs və 30 ikinci kurs tələbəsinə verildi
  • BP-nin “Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr” adlı təşəbbüsü. Layihə bu sahələri ixtisas kimi seçmiş gənc mühəndis nəslin nümayəndələrinin geoloji elm sahələrinin Azərbaycanda inkişafına diqqətini artırmaq məqsədi daşıyır
Əlavə məlumat üçün BP şirkətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0)12 599 4557