2013-cü ilin birinci yarısının nəticələri

12 August 2013

Azəri-Çıraq-Günəşli (AÇG

AÇG-də iştirak payları: BP (operator – 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,72%). 

2013-cü ilin birinci yarısı ərzində AÇG layihəsinə $374 milyon əməliyyat məsrəfləri və $1 milyard 331 milyon əsaslı məsrəflər xərclənmişdir. Bütün il üçün AÇG əməliyyatlarına $758 milyon əməliyyat məsrəfləri və $2 milyard 514 milyon əsaslı məsrəflər xərclənəcəyi gözlənilir. 

Hasilat

Birinci yarım ildə AÇG-nin Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından birlikdə gündə orta hesabla 672 000 barel (b/g) (və ya ümumilikdə altı ay ərzində 122 milyon barel, yəni 16,4 milyon ton) neft hasil edilib. 

İkinci rübün sonunda bizim ümumilikdə AÇG-də 72 hasilat quyumuz və 31 injektor quyumuz istismarda idi ki, bunlar da aşağıdakılardır: 

Çıraqda 17 quyu istismarda olub (12 hasilat və 5 suvurma quyusu) və yarım il ərzində oradan orta hesabla gündə 73 000 barel neft hasil edilib. 

Mərkəzi Azəridə (MA) 21 quyu istismarda idi (15 hasilat, 5 qaz injektor və bir suvurma quyusu) və birinci altı ay ərzində oradan gündə orta hesabla 152 000 barel hasilat əldə edilib. 

Qərbi Azəridə (QA) 23 quyu istismarda idi (18 hasilat və 5 suvurma quyusu) və birinci altı ay ərzində oradan gündəlik orta hesabla 194 000 barel neft hasilatı əldə edilib. 

Şərqi Azəridə (ŞA) 18 quyu istismarda idi (14 hasilat və 4 suvurma quyusu) və oradan ötən altı ay gündəlik orta hesabla 118 000 barel hasilat əldə edilib.

Dərinsulu Günəşlidə (DərSG) 24 quyu istismarda idi (13 hasilat və 11 suvurma quyusu) və birinci yarım il ərzində oradan gündəlik orta hesabla 135 000 barel hasilat əldə edilib. 
Səmt qazı

AÇG yatağının operatoru olaraq BP 2013-cü ilin birinci yarısı ərzində Dərinsulu Günəşli platformasından hasil edilən səmt qazını 28” ölçülü sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir.

Azəridəki üç platformadan - Mərkəzi, Qərbi və Şərqi Azəri – səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə Mərkəzi Azəridəki kompressor və suvurma platformasına (KSVP) göndərilmiş və oradan da onun bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə elə həmin 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına nəql edilərək ölkənin daxili istifadəsi üçün Azəriqaz şəbəkəsinə təhvil verilmişdir. Hal-hazırda Mərkəzi Azəridə beş quyudan laya qaz vurma əməliyyatları davam edir.

Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir.

Birinci yarım il ərzində biz ARDNŞ-yə gündə təxminən 6,7 milyon kub metr (236 milyon standart kub fut), ümumilkdə isə 1,21 milyard kub metr (42,7 milyard kub fut) AÇG səmt qazı vermişik. Bu, demək olar ki, bütün il üçün ARDNŞ-yə təhvil verilməsi planlaşdırılan həcmə bərabərdir: bütün il üçün plan - 1,24 milyard kub metr və ya 44 milyard standart kub futdur. 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

2013-cü ilin birinci yarısında AÇG-də beş neft hasilat quyusu və iki suvurma quyusu qazılmışdır. 

Çıraq: A16w hasilat quyusunda qazma əməliyyatları başa çatdı və bu quyu aprelin əvvəllərində istismara verildi. Bunun ardınca A09 quyusunda intervensiya əməliyyatları aparıldı, sonra isə may ayında A14u yanaqazma hasilat quyusunu qazmağa başladıq. 
Bu quyunu üçüncü rübdə təhvil verməyi və dördüncü rübdə isə başqa bir hasilat quyusunu - A06x-i qazmağı planlaşdırırıq. Bundan əlavə oktyabr ayının sonunadək qazma qurğusunun profilaktikası və A03, A20 və A10 quyularında intervensiya əməliyyatları da nəzədə tutulub.

Mərkəzi Azəri: Yanvar ayında B18y və B14 quyularında intervensiya əməliyyatları aparıldı. Yanvarın 21-də B23z hasilat quyusunu qazmağa başladıq və aprelin 24-də quyunu istismara verdik. Bundan sonra B10 və B05 quyularında intervensiya əməliyyatları apardıq. 

Mayın əvvəllərində yeni B26 qaz injektor quyusunu qazmağa başladıq və bu quyunu iyulun sonunda təhvil verdik. 

2013-cü il üçün qalan planlar üçüncü rübdə intervensiya əməliyyatları aparmaq və ardınca qazma qurğusunun profilaktikasını keçirməkdir. Sonra isə B27 yeni hasilat quyusunun qazılması planlaşdırılır. Bu quyunun 2014-cü ilin birinci rübündə təhvil veriləcəyi gözlənilir. 

Qərbi Azəri: C27 hasilat quyusu tamamlanaraq martın 31-də istismara verildi. Sonra isə C06 və C03 quyularında intervensiya əməliyyatları aparıldı. 

Mayın əvvəlində C30 yeni hasilat quyusunu qazmağa başladıq və bu quyunu iyulun 13-də təhvil verdik. 

Bu ilin qalan hissəsi üçün planlar üçüncü rübdə intervensiya əməliyyatları aparmaq, ardınca qazma qurğusunun profilaktikasını keçirməkdir. Dördüncü rübdə isə C29 yeni hasilat quyusunu qazmağı planlaşdırırıq.

Şərqi Azəri: Yanvar ayında D07 quyusunda intervensiya əməliyyatlarını başa çatdırdıq. Sonra D22 hasilat quyusunu qazdıq və bu quyu tamamlanaraq aprelin 16-da istismara verildi. 
Aprelin 18-də D05 quyusunda qum şırnağını dayandırmaq məqsədilə intervensiya əməliyyatları başlandı. Bu intervensiya əməliyyatları, D03 və D08 quyularında aparılan işlər və vacib inspeksiya işləri də daxil olmaqla mayın ortasınadək davam etdi. May ayında yeni D23 suvurma quyusunu qazmağa başladıq və bu quyunu üçüncü rübdə təhvil vermək planlaşdırılır. 

2013-cü il üçün qalan planlar bəzi yerüstü avadanlıqda təmir və D01, D03 və D02 quyularında intervensiya əməliyyatları aparmaqdır. Bundan əlavə, dekabr ayında D11 quyusunu yana qazmaya hazırlamaq məqsədli əməliyyatlara başlamaq da planlaşdırılır.

Dərinsulu Günəşli: Yanvarın əvvəlində E01 quyusunda intervensiya əməliyyatlarını başa çatdırdıq. Bunun ardınca yeni E17 hasilat quyusunu qazmağa başladıq. Bu quyunu may ayının 17-də təhvil verdik və sonra isə qazma qurğusunda beş ildən bir olan profilaktik işlər apardıq. 

İyun və iyul aylarında E11 quyusunda intervensiya əməliyyatları apardıq, ardınca isə E18 hasilat quyusunu qazmağa başladıq. Bu quyunu ilin sonunadək tııhvil vermək planlaşdırılır. Bundan başqa, ilin sonunadək bəzi yerüstü avadanlıqda təmir və E02y quyusunda qazlift quraşdırılması üçün yenidən tamamlama aparılması planlaşdırılır. 

2013-cü ilin birinci yarısında Dədə Qorqud qazma qurğusu iki sualtı suvurma quyusu təhvil verdi - H06 və H05. Bunun ardınca qazma qurğusunun pprofilaktikası və manifold payalarının quraşdırılması aparıldı. Bundan əlavə, mayın əvvəlində məlumat toplamaq üçün H07 pilot quyusunu qazmağa başladıq və onu avqust ayında bağlayacağıq, sonra isə ilin sonunadək GCA07 quyusunu qazacağıq. 

İxrac əməliyyatları

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. 
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün 966 milyon standart kub fut və ya 27,4 milyon standart kub metr qaz, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 milyon standart kub metr təşkil edir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur.

Birinci yarım il ərzində terminal 144 milyon barel neft (o cümlədən 126 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 14 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təxminən 3 milyon barel dəmir yolu vasitəsilə və təxminən 0.95 milyon barel kondensat ixrac kəməri vasitəsilə ) ixrac etmişdir. 

Terminal həmçinin yarım il ərzində gündəlik orta hesabla 27 milyon standart kub metr (950 milyon standart kub futdan artıq) Şahdəniz qazı ixrac etmişdir.

Çıraq Neft Layihəsi (ÇNL)

2013-cü ilin birinci yarısında ÇNL üzrə tikinti fəaliyyətləri təhlükəsizlik qaydalarına, qrafik və plana uyğun şəkildə davam edib. Ümumilikdə çox yaxşı irəliləyiş əldə olunub və layihə başa çatmaq üzrədir.

Aprel ayında Qərbi Çıraq platformasının dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsindən yola salındı və öz daimi yerində əvvəlcədən quraşdırılmış dayaq tavasının üzərində təhlükəsizlik şəkildə quraşdırıldı. Dayaq blokunun dənizə daşınması, suya endirilməsi və quraşdırılması əməliyyatları ətraflı planlaşdırılaraq 45 günə başa çatdı. 
Qərbi Çıraq platformasının dayaq bloku Xəzərdə indiyədək tikilmiş ən ağır blokdur və o, BDÖZ-dəki yerli tikinti-quraşdırma infrastrukturundan istifadə edilməklə büsbütün ölkə daxilində inşa edilmişdir. Blokun tikintisinə 2000 insan, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb olunmuşdu. İşçi qüvvəsinin təxminən 96% azərbaycanlılar olub. Dayaq blokunu yerli şirkət olan və indi bütünlüklə ARDNŞ-yə məxsus BOS Şelf şirkəti inşa edib.

Qərbi Çırağın dayaq blokunun ümumi çəkisi 18,200 (1500 tonluq üzmə pantonları da daxil olmaqla) tondur. Onun hündürlüyü təxminən 185 metrdir və ümumi çəkisi 6700 ton olan 13 payası (12 üstəgəl biri ehtiyat məqsədilə), yeddi dikborusu, səkkiz j-şəkilli borusu və on kessonu var. Dayaq bloku suyun dərinliyi təxminən 170 metr olan yerdə quraşdırılıb. 

23 iyulda zati-aliləri Prezident İlham Əliyev Qərbi Çıraq platformasının üst modullarının inşa edildiyi Bibiheybət ərazisindəki ATA (AMEK-TEKFEN-AZFEN) tikinti-quraşdırma sahəsinə baş çəkdi. Prezident üst modulların tikintisinin artıq tamamlanmış olduğunu görməkdən məmnun olduğunu birdirib və Azəri-Çıraq-Günəşli (AÇG) üzrə əldə olunmuş bu mühüm uğurda əməyi olan hər kəsə öz təbriklərini çatdırıb.

Quruda aparılan istismar sınaqları başa çatdıqdan sonra avqust ayında üst modullar dənizə yola salınacaq. 

Qərbi Çıraq platformasının üst modullarının çəkisi 18500 tondur və Xəzər dənizində indiyə qədər quraşdırılmış ən ağır konstruksiyadır. Bu nəhəng obyekt yerli infrastrukturdan istifadə etməklə belə iri miqyasda işləri aparmaq üçün modernləşdirilmiş ATA tikinti-quraşdırma sahəsində büsbütün ölkə daxilində inşa edilib. Tikinti işlərinin aparıldığı 3 il ərzində yerli ehtiyatlardan istifadənin maksimuma çatdırılması başlıca prioritet olub - subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti işlərinə təxminən 4000 nəfər insan cəlb edilib ki, bunun da 90%-ə qədəri yerli işçilər olub. 
Azərbaycanın dünya səviyyəli tikinti-quraşdırma sahələrinin tarixində ilk dəfə olaraq ÇNL platformasının quraşdırma işləri bütünlüklə ölkə daxilində yerli ehtiyatlardan istifadə etməklə həyata keçirilib.

Yeni platformanın layihə gücü gündəlik 183 000 barel neft və 229 milyon standart kub fut qaz təşkil edir, lakin platforma gündəlik 285 milyon standart kub fut qaz ixrac edə bilər və gündəlik 80 milyon standart kub futadək qazlift təmin etmək gücü var. 

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) limited (2,36%) şirkətləridir.

Qeyd: Martın 28-də ONGC Videş Limitid (OVL) şirkəti Hess (BTC) Limitid şirkətinin müvafiq payının alınması prosesini başa çatdırdığından səhmdarların siyahısında Hess (BTC) Limitid şirkəti ONGC (BTC) Limitid şirkəti ilə əvəzlənib. 

Birinci altı ay ərzində BTC üzrə əsaslı xərclərə $26 milyon xərclənmişdir. Bütün il üçün əsaslı xərclər $97 milyon planlaşdırılır.

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.
2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından bu ilin birinci yarısının sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 229 milyon ton (təxminən 1 milyard 715 milyon barel) xam neft Ceyhanda 2227 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir. 

Birinci yarım il ərzində BTC vasitəsilə 17 milyon ton (127 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 166 tankerə yüklənərək bazarlara yola salınıb. 

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

Birinci yarım il ərzində Şahdəniz üzrə fəaliyyətlərə $94 milyon əməliyyat xərcləri və $855 milyon əsaslı xərclər çəkilmişdir. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq $225 milyon və $2 milyard 314 milyon olacağı gözlənilir.

Hasilat

Birinci altı ay ərzində yataq Azərbaycan, Gürcüstan və Türkiyə bazarları üçün qaz hasilatını davam etdirmişdir. Şahdəniz Mərhələ 1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılmaqda davam edir. 

Birinci yarım ildə yataqdan 4,8 milyard kub metr (təqribən 169 milyard kub fut) qaz və 1,26 milyon ton (təqribən 10 milyon barel) kondensat və ya gündəlik təxminən 27 milyon kub metr (955 milyon standart kub fut) qaz və 54 800 barel kondensat hasil edilmişdir. 

2006-cı ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2013-cü ilin birinci yarısının sonunadək yataqdan bazarlara təqribən 42,7 milyard kub metr (1500 milyard standart kub fut) qaz və 11,3 milyon ton (90 milyon barel) kondensat ixrac edilib. 

Şahdənizin hasilat sistemi hazırda özünün gündəlik maksimum gücü olan 966 standart kub fut qaz və 55 000 barel kondensat səviyyəsində çalışır və beləliklə də hasilat bazar tələb etdikdə ən yüksək sabit səviyyədə olur. 

Qazma əməliyyatları

Mərhələ 1: Birinci yarım il ərzində Şahdəniz SDA03y yanaqazma quyusunda qazma əməliyyatlarını davam etdirib. Bu işlər ötən ilin sentyabr ayında başlanmışdı. Bu quyunu 2013-cü ilin dördüncü rübünün sonunda təhvil vermək planlaşdırılır. Bundan sonra qazma qurğusunun inspeksiyası və SDA05X quyusunda nəzarət işləri aparılacaq. 
Mərhələ 2: 2013-cü ildə İstiqlal qazma qurğusu SDC02 quyusunun aşağı hissəsində qazma əmliyyatlarına başladı və bu işlərin bu ilin üçüncü rübündə başa çatması planlaşdırılır. Bu bitəndən sonra qazma qurğusu SDC03 quyusunu qazmağa başlayacaq və bu quyunun 2014-cü ilin ikinci rübündə təhvil veriləcəyi planlaşdırılır. 

Heydər Əliyev qazma qurğusu ötən ilin sonundan başladığı SDX07Ay quyusunda qazma əməliyyatlarını davam etdirib və bu quyunun bu ilin üçüncü rübündə təhvil veriləcəyi gözlənilir.

Bu qazma qurğusu üçün 2013-cü ildə qalan planlar belədir: qurğuda müəyyən modifikasiyaları və hər 5 ildən bir keçirilən sertifikatlaşdırmanı başa çatdırmaq, sonra isə SDD02 quyusunda qazma əməliyyatlarına başlamaq. Bu quyunun 2014-cü ilin ikinci rübündə təhvil verilməsi planlaşdırılır. 

Şahdənizin tammiqyaslı işlənməsi

Şahdəniz Mərhələ 2 Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. 

Hesablamalara görə $25 milyard dollar dəyərində olan bu layihənin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kub metr qaza ildə 16 milyard kub metr qaz əlavə edəcəyi gözlənilir. Bu, dünyanın hər hansı bir yerindəki ən böyük qaz işlənməsi layihələrindən biridir.

Sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının işlənməsinin 2-ci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ixrac gücünə Azərbaycanda 56” diametrli yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə ildə 16 milyard kub metr əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir. 
Türkiyə ərazisində Shahdəniz Mərhələ 2 qazı yeni Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə daşınacaq. Bu boru kəməri Xəzər dənizininin geniş qaz ehtiyatlarını Türkiyə və Avropa İttifaqı bazarları ilə bağlayan cənub qaz dəhlizinin əsas bir hissəsi olacaq.

İyunun 28-də Şahdəniz konsorsiumu elan etdi ki, ildə 10 miyard kub metrədək Şahdəniz Mərhələ 2 qazını Yunanıstan, İtaliya və cənubşərqi Avropadakı müştərilərə çatdırmaq üçün Trans Adriatik Boru Kəmərini (TAP) seçmişdir.

Bu, Cənub Dəhlizinin açılmasına Şahdəniz konsorsiumunun çox-fazalı yanaşmasında mühüm bir addımdır. 

Qaz satışları üçün şərtlər İtaliya, Yunanıstan və Bolqarıstanda bir sıra alıcı tərəflərlə artıq razılaşdırılıb və bu məsələlərin sentyabr ayında yekunlaşacağı gözlənilir.

Bu günədək əldə edilmiş irəliləyişin nəticəsi olaraq layihə 2013-cü il ərzində təxminən 1,9 milyard dollar vəsait xərcləməyi planlaşdırır. Layihə üzrə yekun investisiya qərarının verilməsi bu ilin dördüncü rübünə və Şahdəniz Mərhələ 2-dən ilk qazın əldə edilməsi 2018-ci ilə planlaşdırılır. 

Cənubi Qafqaz Boru Kəməri

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator -25,5%), Statoyl (kommersiya operatoru - 25,5%), Azərbaycan CQBK Ltd (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%). 

Birinci yarım il ərzində CQBK ilə bağlı fəaliyyətlərə $5 milyon əsaslı xərclər sərf edilib. Bütün il üçün bu işlərə $13 milyon əsaslı xərclər gözlənilir.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. 

Birinci altı ayda CQBK-nın gündəlik orta ötürücülük gücü 12 milyon kub metrdən artıq (təqribən 421 milyon kub fut) qaz və ya gündə 73 000 bareldən artıq neft ekvivalenti olmuşdur.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur. 

Geoloji-kəşfiyyat

Hazırda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2655 nəfərdir. Şirkətin ixtisaslı daimi işçilərinin 84%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir. 

BP bu ilin əvvəlindən 50 Azərbaycan vətəndaşını işə qəbul edib. 

Bundan əlavə, bu il ərzində BP öz mühəndisləri üçün yeni ixtisasartırma proqramına da başlayıb. Bu proqramın məqsədi mühəndislərin BP-dəki karyeralarının ilk illərində peşəkar təcrübəyə əsaslanan inkişafını dəstəkləməkdir. Belə proqramlar şirkətdə artıq quyular, geoloji əməliyyatlar və sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit mütəxəssisləri üçün xeyli müddətdir ki, mövcuddur və uğurlu nəticələri var. Bu il ərzində BP həmçinin mühəndislərə öz illik mükafatlarını təqdim edərək bir qrup yerli mütəxəssisin uğurlarını dəyərləndirmişdir. Bu mükafatları alan yerli mütəxəssislərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb.

İşçi heyətimiz

Hazırda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2655 nəfərdir. Şirkətin ixtisaslı daimi işçilərinin 84%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir. 

BP bu ilin əvvəlindən 50 Azərbaycan vətəndaşını işə qəbul edib. 

Bundan əlavə, bu il ərzində BP öz mühəndisləri üçün yeni ixtisasartırma proqramına da başlayıb. Bu proqramın məqsədi mühəndislərin BP-dəki karyeralarının ilk illərində peşəkar təcrübəyə əsaslanan inkişafını dəstəkləməkdir. Belə proqramlar şirkətdə artıq quyular, geoloji əməliyyatlar və sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit mütəxəssisləri üçün xeyli müddətdir ki, mövcuddur və uğurlu nəticələri var. Bu il ərzində BP həmçinin mühəndislərə öz illik mükafatlarını təqdim edərək bir qrup yerli mütəxəssisin uğurlarını dəyərləndirmişdir. Bu mükafatları alan yerli mütəxəssislərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. 

Mühüm davamlı inkişaf təşəbbüsləri

Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçiririk. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2013-cü ilin birinci yarısında BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda 1,44 milyon dollar xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 

Bu qəbildən olan təşəbbüslərin bəzi nümunələri bunlardır:
  • BP və onun tərəfdaşlarının neft və qaz ixtisaslı tələbələr üçün təqaüd proqramı. Bu proqramın məqsədi mühəndislik və riyaziyyat sahələrində bakalvr və magistr təhsili alan azərbaycanlı tələbələrin təhsilinə dəstək verməkdir. Təqaüd Türkiyənin Orta Doğu Texniki Universiteti və İstanbul Texniki Universiteti, həmçinin Azərbaycanın Xəzər və Qafqaz universitetlərinin tələbələri üçün nəzərdə tutulub.
  • BP və onun tərəfdaşlarının gənclər üçün 2-illik Biznes Rəhbərliyi Layihəsi (BRL). Bu layihə ABŞ-ın USAİD təşkilatı və Amerika Ticarət Palatası (AmCham) ilə tərəfdaşlıqda həyata keçirilir. Layihənin məqsədi tələbə gəncləri sahibkarlığa və gələcəkdə biznesə rəhbərlik etmək karyerasına hazırlamaqdır. Bunun üçün onlara bir sıra özəl şirkətlərdə təcrübə keçməklə əsl beynəlxalq iş mühitində çalışmaq imkanları yaradılır. Bu yolla onlar öz biznes idarəçiliyi bilgilərini dərs otaqlarının hüdudlarından kənara çıxararaq inkişaf etdirə bilirlər
  • BP və onun tərəfdaşlarının icmalarda məktəbəqədər təhsil, ibtidai təhsil və qadınların sahibkarlıq imkanlarının təkmilləşdirilməsinə yönəlmiş layihəsi. Bu layihə vasitəsilə məktəbə hazırlıq üzrə təkmilləşmiş proqramlara, kənd uşaq bağçalarında daha keyfiyyətli xidmətə, yeni ibtidai təhsil kurrikulumunun təkmilləşmiş tətbiqinə və qadınların sahibkarlıq bacarıqlarının inkişafına dəstək verilir
  • BP və onun tərəfdaşlarının veb-əsaslı Xəzər Ekoloji İnformasiya Mərkəzi (XEİM) təsis etmək məqsədi daşıyan ekoloji layihəsi. Bu layihə Xəzər Ekoloji Proqramı (XEP) çərçivəsində hazırlanıb. www.kaspinfo.net ünvanlı saytdan onlayn ekoloji məlumat bazası kimi hal-hazırda Xəzərin ekologiyası üzrə mərkəzləşdirilmiş məlumat mənbəyi kimi istifadə edilir. XEİM həm də regionda davamlı inkişaf və ətraf mühitlə əlaqədar fəaliyyətləri təşviq etmək vasitəsidir
  • BP və tərəfdaşlarının Azərbaycanda BTC/CQBK boru kəməri boyunca yerli idarəetməni, gənclərin bacarıqlarının inkişafını və ətraf mühit təşəbbüslərini dəstəkləmək məqsədilə Avrasiya Tərəfdaşlıq Fondu (ATF) ilə qrant sazişi. Bu layihənin məqsədi bələdiyyələrin davamlı inkişafla bağlı yerli problemləri müəyyən edərək aradan qaldırmaq bacarıqlarını gücləndirməkdən ibarətdir. Layihə həmçinin gənclərin icmalardakı yerli inkişaf və ətraf mühitlə bağlı məsələlərin həllindəki rolunun gücləndirilməsinə yönəlib.
  • BP və tərəfdaşlarının Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə Azərbaycanda kiçik və orta müəssisələr üçün portal yaratmaq məqsədi layihəsi. Yeni www.biznesinfo.az portalı yerli biznesin öz bacarıqlarını artırmaq, normativ tələbləri, o cümlədən biznesi qeydiyyatdan keçirmək və idarə etmək, icazələrin alınması, əmlakın qeydiyyatdan keçirilməsi, yoxlamalar, hökumət tenderləri üçün rəqabət aparmaq, yerli maliyyə mənbələrini qiymətləndirmək və dövlət mühasibat standartlarına riayət etmək sahəsində biliklərini gücləndirmək səylərinə dəstək vermək məqsədilə onları lazımi məlumatlarla təmin etmək üçündür. Portalın həmçinin inkişaf və təlim komponentləri də var.
  • BP-nin öz tərəfdaşları adından təşkil etdiyi “Alıcı ilə tanış ol” tədbirləri. Yerli şirkətlərin BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq öhdəliyimizin bir hissəsi kimi təşkil olunmuş bu tədbirlər BP və onun tərəfdaşlarının şirkətlərə öz bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və onlara öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etmək məqsədi daşıyır. Bu tədbirlərin birincisi 2011-ci ilin iyununda keçirildi. Həmin tədbirdə “Sahibkarlığın inkişafı və təlim proqramın”da iştirak etmış 80-dən çox yerli kiçik və orta müəssisə 150-dən çox yerli və beynəlxalq alıcıya öz məhsul və xidmətlərini təqdim etdi. İkinci tədbir bu ilin iyununda 20-ci Xəzər Neft Sərgisi çərçivəsində keçirildi və burada da 80-dən yuxarı yerli kiçik və orta müəssisə iştirak edərək çoxsaylı beynəlxalq şirkətlərlə tanış oldular.
  • BP və onun tərəfdaşlarının Azərbaycanda yaratdığı Layihələrin İdarə Edilməsi Məktəbi. Bu layihə özəl və ictimai sektoru təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. İndiyədək Məktəbin iki uğurlu buraxılışı olub. Öz fəaliyyəti müddətində məktəb layihə idarə edilməsi üzrə dünyada tanınmış təlim kurrikulumu əsasında 96 özəl və dövlət təşkilatının 205 nümayəndəsinə təlim verib. Bunlardan 103 nəfəri Corc Vaşinqton Universitetinin Magistr və 102 nəfəri isə Bakalavr sertifikatına layiq görülüb.
  • BP və tərəfdaşlarının Avropa İttifaqının beyin mərkəzlərindən biri vasitəsilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə makroiqtisadi analiz və proqnozlaşdırma sahəsində texniki yardımı.
  • BP və tərəfdaşlarının gənclərə imkanlar yaradan sahibkarlıq mərkəzi layihəsi. Mərkəz Gəncə peşə təlimi mərkəzi daxilində ayrıca biznes və idarəetmə bölümü kimi fəaliyyət göstərir.
  • BP və tərəfdaşlarının süd məhsulları istehsalçılarına dəstək layihəsi. İcma-əsaslı bu layihənin məqsədi kiçik və orta miqyaslı fermerlərə öz istehsal güclərini artırmaqda kömək etməkdir.
  • BP şirkətinin Qafqaz Universitetinin bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, mexanika və sənaye mühəndisliyi də daxil olmaqla üç neft mühəndisliyi ixtisasını əhatə etməsinə dəstəyi. Layihənin bir hissəsi olaraq 2009-cu ildə BP kimya mühəndisliyi fakültəsi, 2011-ci ildə isə həmin fakültə üçün tam təchiz edilmiş və ümumi kimya, analitik kimya, üzvi kimya, kimya-mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşmış beş müasir laboratoriya açıb. Hazırda kimya mühəndisliyi fakültəsində 73 tələbə təhsil alır. 2011-ci ildə isə universitetdə mexanika mühəndisliyi fakültəsi açıldı və həmin fakültəyə artıq 59 tələbə qəbul edilib. BP 2013-cü ilin üçüncü rübündə bu yeni fakültə üçün də tam təchiz edilmiş mexanika mühəndisliyi laboratoriyaları açmağı planlaşdırır
  • BP şirkətinin biznes sahəsində çalışan jurnalistlərin peşəkarlığını artırmaq və onların beynəlxalq standartlarla işləmək səylərinə kömək məqsədi daşıyan “Biznes jurnalistikası” adlı irimiqyaslı təlim proqramı. Bu təlim proqramı 12 mütəxəssisə biznes jurnalistikası sahəsində beynəlxalq təcrübə keçməklə regionun qabaqcıl jurnalisti olmaqda yardım edib. Onlar milli biznes jurnalistikasında bir yeni istiqamət yaradıblar və çoxsaylı ardıcılları var.
  • BP-nin Azərbaycanda təhsilin inkişafına dəstəyinin bir hissəsi olaraq 2007–ci ildən bəri həyata keçirdiyi illik xüsusi mükafat proqramı. Bu proqram neft-qaz mühəndisliyi sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır. İllik xüsusi mükafatlar ilkin olaraq Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alan ən yaxşı tələbələr üçün nəzərdə tutulmuşdu və beş il BP bu xüsusi mükafatları yalnız Neft Akademiyasının ən yaxşı birinci və ikinci kurs tələbələrinə təqdim edirdi. 2012-ci ilin noyabr ayında BP öz proqramını genişləndirməyi qərara alaraq beş yerli universitetin - Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti və Xəzər Universitetinin neft-qaz mühəndisliyi sahəsində ixtisaslaşan ən yaxşı tələbələrinə xüsusi mükafatlar təqdim etdi. 2012-ci ilin xüsusi təqaüdləri 61 birinci kurs və 30 ikinci kurs tələbəsinə verilib. Bu günə qədər BP öz xüsusi mükafatlarını ümumilikdə 348 ən yaxşı tələbəyə təqdim edib ki, onlardan 19-u sonradan uğurla BP-də öz karyeralarını qurublar və hazırda da BP-nin işçiləridir, 7-si isə BP və onun tərəfdaşlarının təqaüdlərini alırlar.
  • BP-nin “Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr” adlı təşəbbüsü. Layihə bu sahələri ixtisas kimi seçmiş gənc mühəndis nəslin nümayəndələrinin geoloji elm sahələrinin Azərbaycanda inkişafına diqqətini artırmaq məqsədi daşıyır
Əlavə məlumat üçün BP şirkətində Tamam Bayatlıya müraciət edə bilərsiniz Telefon: (+994 12) 599 4557.