2013-cü il birinci rübün nəticələri

7 may 2013

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,72%). 

2013-cü ilin birinci rübü ərzində AÇG layihəsinə $198 milyon əməliyyat məsrəfləri və $648 milyon əsaslı məsrəflər xərclənmişdir. Bütün il üçün AÇG əməliyyatlarına $861 milyon əməliyyat məsrəfləri və $2 milyard 514 milyon əsaslı məsrəflər xərclənəcəyi gözlənilir. 

Hasilat

Birinci rübdə AÇG-nin Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından birlikdə gündə orta hesabla 662 000 barel (b/g) (və ya ümumilikdə üç ay ərzində 59,6 milyon barel, yəni təqribən 8,06 milyon ton) neft hasil edilib. 

Rübün sonunda bizim ümumilikdə AÇG-də 64 hasilat quyumuz və 30 injektor quyumuz istismarda idi ki, bunlar da aşağıdakılardır. 

Çıraqda 14 quyu istismarda olub (10 hasilat və 4 suvurma quyusu) və rüb ərzində oradan orta hesabla gündə 70 000 barel neft hasil edilib. 

Mərkəzi Azəridə (MA) 21 quyu istismarda idi (15 hasilat, 5 qaz injektor və bir suvurma quyusu) və rüb ərzində oradan gündə orta hesabla 148 000 barel hasilat əldə edilib. 

Qərbi Azəridə (QA) 21 quyu istismarda idi (16 hasilat və 5 suvurma quyusu) və birinci rüb ərzində oradan gündəlik orta hesabla 195 000 barel neft hasilatı əldə edilib. 

Şərqi Azəridə (ŞA) 16 quyu istismarda idi (12 hasilat və 4 suvurma quyusu) və oradan ötən rüb gündəlik orta hesabla 119 000 barel hasilat əldə edilib. 

Dərinsulu Günəşlidə (DərSG) 22 quyu istismarda idi (11 hasilat və 11 suvurma quyusu) və rüb ərzində oradan gündəlik orta hesabla 130 000 barel hasilat əldə edilib. 
Səmt qazı

AÇG yatağının operatoru olaraq BP 2013-cü ilin I rübü ərzində Dərinsulu Günəşli platformasından hasil edilən səmt qazını 28” ölçülü sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. 

Azəridəki üç platformadan - Mərkəzi, Qərbi və Şərqi Azəri – səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə Mərkəzi Azəridəki kompressor və suvurma platformasına (KSVP) göndərilmiş və oradan da onun bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə elə həmin 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına nəql edilərək ölkənin daxili istifadəsi üçün Azəriqaz şəbəkəsinə təhvil verilmişdir. Hal-hazırda Mərkəzi Azəridə beş quyudan laya qaz vurma əməliyyatları davam edir. 

Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. 

I rüb ərzində biz ARDNŞ-yə gündə təxminən 5,4 milyon kub metr (təxminən 189 milyon standart kub fut), ümumilkdə isə 0,5 milyard kub metr (17 milyard kub futdan afrtıq) AÇG səmt qazı vermişik. Bütün il üçün ARDNŞ-yə təqribən 1,2 milyard kub metr (təqribən 44 milyard standart kub fut) AÇG səmt qazı təhvil verilməsi planlaşdırılır. 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

2013-cü ilin birinci rübündə AÇG-də bir neft hasilat quyusu və bir suvurma quyusu qazılmışdır. Bundan əlavə, Dədə Qorqudda, Şərqi Azəridə, Mərkəzi Azəridə və Çıraqda tamamlama işləri davam etmişdir. 
Çıraq: A16w hasilat quyusunun qazma əməliyyatları başa çatıb və bu quyu aprelin əvvəllərində istismara verilib. Bunun ardınca A09 quyusunda intervensiya əməliyyatları aparılıb. Bu il üçün qalan planlar daha iki hasilat quyusunu – üçüncü rübdə A14u və dördüncü rübdə A06x quyularını, təhvil verməkdir. Bundan əlavə ikinci və dördüncü rüblərdə intervensiya əməliyyatları da nəzədə tutulur. 

Mərkəzi Azəri: Yanvar ayında B18y və B14 quyularında intervensiya əməliyyatları aparıldı. Yanvarın 21-də B23z hasilat quyusunu qazmağa başladıq, ümümu dərinliyədək uğurla qazdıq, aprelin 28-də quyunu istismara verdik. Bundan sonra B10 və B05 quyularında intervensiya əməliyyatları aparılacaq. 

2013-cü il üçün qalan planlar bu intervensiya əməliyyatlarını bitirmək və üçüncü rübdə B26 qaz injektor quyusunu təhvil verməkdir. Dördüncü rübə isə intervensiya əməliyyatları, həmçinin B27 hasilat quyusunun qazılması planlaşdırılır. Bu quyunun 2014-cü ilin birinci rübündə təhvil veriləcəyi gözlənilir. 

Qərbi Azəri: C27 hasilat quyusu tamamlanaraq martın 31-də istismara verildi. Bunun ardınca intervensiya əməliyyatları aparılır. 

Bu ilin qalan hissəsi üçün planlar ikinci rübdə intervensiya əməliyyatlarını başa çatdırmaq və C30 hasilat quyusunu qazmaqdır. 

Şərqi Azəri: Yanvar ayında D07 quyusunda intervensiya əməliyyatlarını başa çatdırdıq. Sonra D22 hasilat quyusunu qazdıq və bu quyu tamamlanaraq aprelin 17-də istismara verildi. Sonra qum şırnağını dayandırmaq məqsədilə D05 quyusunda intervensiya əməliyyatları başlandı. Bu intervensiya əməliyyatları, D03 və D08 quyularında aparılacaq işlər və vacib inspeksiya işləri də daxil olmaqla, iyulun sonunadək davam edəcək. 

2013-cü il üçün qalan plan dördüncü rübdə D23 suvurma quyusunu qazmaqdır. 
Dərinsulu Günəşli: Yanvarın əvvəlində E01 quyusunda intervensiya əməliyyatlarını başa çatdırdıq. Bunun ardınca E17 hasilat quyusunu qazmağa başladıq. Bu quyunu may ayında təhvil vermək, sonra isə qazma qurğusunda beş ildən bir olan profilaktik işlər aparmaq planlaşdırılır. Daha sonra intervensiya əməliyyatları aparmaq və bu işləri üçüncü rübün ortalarınadək başa çatdırmaq planlaşdırılır. Bunun ardınca E18 hasilat quyusunu qazmağa başlayacağıq və bu quyunun təhvil verilməsi bu ilə planlaşdırılır. 

2013-cü ilin birinci rübündə Dədə Qorqud qazma qurğusu H06 sualtı suvurma quyusunu başa çatdırdı və təhvil verdi. Bunun ardınca mart ayında H05 suvurma quyusuna yenidən daxil olduq, kollektoradək qazdıq, tamamlama işləri apardıq və bu quyu aprelin 27-də təhvil verildi. Bunun ardınca Dədə Qorqud qazma qurğusu ilə H07 suvurma quyusunu qazacaq və üçüncü rübdə H07 pilot quyusu ilə H07z quyusunun qazılması vaxtları arasında GCA07 quyusunda karotaj əməliyyatları aparacağıq. 

H08 sualtı suvurma quyusunun qazma əməliyyatlarına başlamaq dördüncü rübə planlaşdırılır. Indiki planlara görə bu quyu 2014-cü ilin birinci rübündə təhvil veriləcək. 

İxrac əməliyyatları

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. 

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün 966 milyon standart kub fut və ya 27,4 milyon standart kub metr qaz, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 milyon standart kub metr təşkil edir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur. 


Birinci rüb ərzində terminal 71 milyon barel neft (o cümlədən 61 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 8 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təxminən 1.4 milyon barel dəmir yolu vasitəsilə və təxminən 0.5 milyon barel kondensat ixrac kəməri vasitəsilə ) ixrac etmişdir. 

Terminal həmçinin rüb ərzində gündəlik orta hesabla 27 milyon standart kub metr (təxminən 951 milyon standart kub fut) Şahdəniz qazı ixrac etmişdir. 

Çıraq Neft Layihəsi (ÇNL) 

2013-cü ilin birinci rübü ərzində ÇNL üzrə tikinti fəaliyyətləri təhlükəsizlik qaydalarına, qrafik və plana uyğun şəkildə davam edib. 

İndiyədək layihə ÇNL ilə bağlı tikinti işlərinin aparıldığı bütün tikinti-quraşdırma sahələrində çox yaxşı irəliləyib və ümumilikdə iş həcminin 88%-i əməyin təhlükəsizliyinə çox yüksək səviyyədə nail olmaqla tamamlanıb. 

Qərbi Çıraq platformasının dayaq bloku aprelin 14-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsindən dənizdə quraşdırılmaq üçün yola salındı. Aprelin 20-də dayaq blokunun suya salınması və bərkidilməsi əməliyyatları aparıldı. Qərbi Çıraq platformasının dayaq bloku 2012-ci ilin oktyabr ayının 20-dən tam hazır idi və BDÖZ tikinti-quraşdırma sahəsinin yanalma limanında təhlükəsiz şəkildə STB-1 daşıma barjasına yüklənərək ÇNL ərazisində aparılan planlaşdırılmış dəniz işlərinin, o cümlədən öncə qazma və sualtı boru kəmərləri inşası əməliyyatlarının başa çatmasını gözləyirdi. Dayaq blokunun dənizdəki əraziyə daşınması, suya endirilməsi və quraşdırılması əməliyyatları ətraflı planlaşdırılmışdır və bu işlərin, hava imkanları da nəzərə alınmaqla, təqribən 45 günə başa çatacağı gözlənilir. 
Qərbi Çıraq platformasının dayaq bloku Xəzərdə indiyədək tikilmiş ən ağır blokdur və o, BDÖZ-dəki yerli tikinti-quraşdırma infrastrukturundan istifadə edilməklə büsbütün ölkə daxilində inşa edilmişdir. Blokun tikintisinə 2000 insan, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb olunmuşdu. İşçi qüvvəsinin təxminən 96% azərbaycanlılar olub. Dayaq blokunu yerli şirkət olan və indi bütünlüklə ARDNŞ-yə məxsus BOS Şelf şirkəti inşa edib. 

Qərbi Çırağın dayaq blokunun ümumi çəkisi 18,200 (1500 tonluq üzmə pantonları da daxil olmaqla) tondur. Onun hündürlüyü təxminən 185 metrdir və ümumi çəkisi 6700 ton olan 13 payası (12 üstəgəl biri ehtiyat məqsədilə), yeddi dikborusu, səkkiz j-şəkilli borusu və on kessonu var. Dayaq bloku suyun dərinliyi təxminən 170 metr olan yerdə quraşdırılacaq. 

ATA (Bibi-Heybətdəki AMEC-Tekfen-Azfen) tikinti-quraşdırma sahəsində üst modulların tikintisi təxminən 97% tamamlanıb və dənizə yola salınması bu ilin üçüncü rübünə planlaşdırılır. 

Azərbaycanın dünya səviyyəli tikinti-quraşdırma sahələrinin tarixində ilk dəfə olaraq ÇNL platformasının quraşdırma işləri 100% ölkə daxilində həyata keçirilir. 

ÇNL tikinti işlərinin ən qızğın vaxtında podratçı şirkətlər vasitəsilə bütün tikinti sahələrində ümumilikdə bu işlərə 8000-dən artıq işçi cəlb olunmuşdu ki, bunların da 90%-i Azərbaycan vətəndaşları olub. 

Layihə 2013-cü ilin birinci rübü üçün nəzərdə tutulmuş bütün işləri vaxtında başa çatdırıb. Bu işlər aşağıdakılardır: 

ATA (Bibi-Heybətdəki AMEC-Tekfen-Azfen) tikinti-quraşdırma sahəsində: 
  • Birinci əsas neft xətti nasosunun istismar sınağı başa çatıb 1-ci rüb
  • Əsas cərəyan təchizatı üçün A və C generatorlarının istismar sınağı başa çatıb 1-ci rüb
Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) bütün planlaşdırılmış işlər 2012-ci ildə başa çatıb və orada inşa olunan dayaq bloku dənizdə quraşdırılmaq üçün aprelin 14-də yola salınıb. 

Dəniz və sualtı fəaliyyətlər:
  • Sualtı boru kəmərlərinin inşası davam edib 1-ci rüb
Kaspain Paypkoutinq (CPC) üçün planlaşdırılmış bütün işlər 2012-ci ildə tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb. 

2013-cü il üçün qalan ÇNL işləri bunlardır: 

ATA tikinti-quraşdırma sahəsində: 
  • İxrac kompressorlarının istismar sınağının başa çatması 2-ci rüb
  • Qazma qurğusu və avadanlıqlarının istismar sınağının başa çatması 2-ci rüb
  • İxrac kompressorlarının istismar sınağının başa çatması 2-ci rüb
Dənizdə və sualtı fəaliyyətlər: 
  • Dik boruların Dərinsulu Günəşli platformasına bağlanmasının başa çatması 2-ci rüb
  • Sualtı boru kəmərlərinin bağlanmasının başa çatması 3-cü rüb
  • Sualtı boru kəmərlərinin inşasının başa çatması 3-cü rüb
  • Dərinsulu Günəşlidəki texnoloji platformada retrofit dikboruların quraşdırılmasının başa çatması 3-cü rüb
  • Üst modulların dayaq blokunun üzərinə quraşdırılması 3-cü rüb

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) limited (2,36%) şirkətləridir. 

Qeyd: Martın 28-də ONGC Videş Limitid (OVL) şirkəti Hess (BTC) Limitid şirkətinin müvafiq payının alınması prosesini başa çatdırdığından səhmdarların siyahısında Hess (BTC) Limitid şirkəti ONGC (BTC) Limitid şirkəti ilə əvəzlənib. 

Birinci rüb ərzində BTC üzrə əsaslı xərclərə $13 milyon xərclənmişdir. Bütün il üçün əsaslı xərclər $97 milyon planlaşdırılır. 

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. 

2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından bu ilin birinci rübünün sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 220 milyon ton (təxminən 1 milyard 648 milyon barel) xam neft Ceyhanda 2140 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir. 

Birinci rüb ərzində BTC vasitəsilə 7,9 milyon ton (59,6 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 79 tankerə yüklənərək bazarlara yola salınıb. 

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%). 

Birinci rüb ərzində Şahdəniz üzrə fəaliyyətlərə $42 milyon əməliyyat xərcləri və $395 milyon əsaslı xərclər çəkilmişdir. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq $222 milyon və $2 milyard 270 milyon olacağı gözlənilir. 

Hasilat

Ötən rüb ərzində yataq Azərbaycan, Gürcüstan və Türkiyə bazarları üçün qaz hasilatını davam etdirmişdir. Şahdəniz Mərhələ 1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılmaqda davam edir. 

Birinci rübdə yataqdan 2,42 milyard kub metr (təqribən 85,6 milyard kub fut) qaz və 0,63 milyon ton (təqribən 5 milyon barel) kondensat və ya gündəlik təxminən 27 milyon kub metr (951 milyon standart kub fut) qaz və 55 300 bareldən artıq kondensat hasil edilmişdir. 

2006-cı ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2013-cü ilin birinci rübünün sonunadək yataqdan bazarlara təqribən 40 milyard kub metr (1414 milyard standart kub fut) qaz və 10,7 milyon ton (85 milyon barel) kondensat ixrac edilib. 

Şahdənizin hasilat sistemi hazırda özünün gündəlik maksimum gücü olan 966 standart kub fut qaz və 55 000 barel kondensat səviyyəsində çalışır və beləliklə də hasilat bazar tələb etdikdə ən yüksək sabit səviyyədə olur. 

Qazma əməliyyatları

Mərhələ 1: Birinci rüb ərzində Şahdəniz SDA03y quyusunda qazma əməliyyatlarını davam etdirib. Bu işlər ötən ilin sentyabr ayında başlanmışdı. Bu quyunu 2013-cü ilin üçüncü rübündə təhvil vermək planlaşdırılır. Bu il üçün qalan planlar SDA02 quyusunda intervensiya əməliyyatları aparmaqdır. Bu quyunu 2014-cü ilin birinci rübündə təhvil vermək planlaşdırılır. 


Mərhələ 2: 2013-cü ildə İstiqlal qazma qurğusu SDC02 quyusunun aşağı hissəsində qazma əmliyyatlarına başlayıb və bu işlərin bu ilin üçüncü rübündə başa çatması planlaşdırılır. Bu bitəndən sonra qazma qurğusu SDC03 quyusunu qazmağa başlayacaq. Planlara görə həmin quyunu sonra müvəqqəti dayandıracağıq ki, qazma qurğusunun sertifikatlaşdırmasını keçirək. İstiqlal qurğusu vasitəsilə qazma işləri 2014-cü ilin birinci rübündə bərpa olunacaq və quyu ikinci rübdə təhvil veriləcək. 

Heydər Əliyev qazma qurğusu ötən ilin sonundan başladığı SDX07Ay quyusunda qazma əməliyyatlarını davam etdirib və bu quyunun bu ilin üçüncü rübündə təhvil veriləcəyi gözlənilir. 

Bu qazma qurğusu üçün 2013-cü ildə qalan planlar belədir: qurğuda müəyyən modifikasiyaları və hər 5 ildən bir keçirilən sertifikatlaşdırmanı başa çatdırmaq, sonra isə SDD02 quyusunda qazma əməliyyatlarına başlamaq. Bu quyunun 2014-cü ilin ikinci rübündə təhvil verilməsi planlaşdırılır. 

Şahdənizin tammiqyaslı işlənməsi

Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. 

Hesablamalara görə $25 milyard dollar dəyərində olan bu layihənin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kub metr qaza ildə 16 milyard kub metr qaz əlavə edəcəyi gözlənilir. Bu, dünyanın hər hansı bir yerindəki ən böyük qaz işlənməsi layihələrindən biridir. 


Sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının işlənməsinin 2-ci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ixrac gücünə Azərbaycanda 56” diametrli yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə ildə 16 milyard kub metr əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir. Şahdəniz qazının Türkiyə və Avropa ərazilərindən daşınması üçün əlavə boru kəmərləri tikilməli və genişləndirilməlidir. 

Türkiyə ərazisində Shahdəniz Mərhələ 2 qazı yeni Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə daşınacaq. Bu boru kəməri Xəzər dənizininin geniş qaz ehtiyatlarını Türkiyə və Avropa İttifaqı bazarları ilə bağlayan cənub qaz dəhlizinin əsas bir hissəsi olacaq. 

Trans Adriatik Boru Kəməri (TAP) və Nabukko Uest (Nabucco West) layihələri Shahdəniz konsorsiumunun Mərhələ 2 qazını qərbi Türkiyə sərhədindən Avropanın likvid və böyüməkdə olan bazarlarına çatdırmaq üçün cənub dəhlizinin son hissəsi kimi qiymətləndirməkdə olduğu iki variantdır. Bu ilin aprel ayının 1-də Şahdəniz konsorsiumu elan etdi ki, Nabukko Qaz Boru Kəməri (Nabucco Gas Pipeline International) və Trans Adriatik Boru Kəməri (TAP) layihələrindən aldığı yekun təklifləri qiymətləndirməyə başlamışdır. Təqdim olunmuş sənədlər Şahdəniz konsorsiumuna imkan verir ki, hər bir nəql variantı üzrə yekun qiymətləndirmə aparsın və Avropaya ixracın üstün marşrutu haqqında tam məlumat əsasında qərar versin. Avropa boru xətti üzrə yekun qərarın bu ilin iyun ayının sonunadək veriləcəyi gözlənilir. Bundan sonra isə, bu il ərzində Şahdəniz Mərhələ 2-nin yekun investisiya qərarının verilməsi planlaşdırılır. 
Şahdəniz tərəfdaşlarından, BP də daxil olmaqla, bəziləri Avropaya qaz nəql edəcək boru kəməri sisteminin hər bir hissəsində iştirak etməyi planlaşdırırlar. Bu sistemə Cənubi Qafqaz Boru Kəməri, TANAP və qazı Avropaya çatdırmaq üçün seçiləcək son boru kəməri variantı, yəni ya TAP, ya da Nabukko Uest daxildir. BP TANAP-da 12%-lik pay almaq üçün ARDNŞ ilə əsas prinsiplərlə bağlı razılıq əldə edib və boru kəməri layihəsinin irəliləməsi yönümündə onun digər iştirakçıları ilə yaxından işləyir. Həm TAP, həm də Nabukko Uest-lə bu layihələrdə iştirak payı almaq hüququ və maliyyələşmə haqqında sazişlər artıq bağlanıb. Bu sazişlər həmin layihələri qısa müddətli maliyyələşmə ilə təmin edir, həmçinin Şahdəniz konsorsiumu iki variantdan hansını Avropa marşrutu kimi seçəcəksə, o boru kəmərinə qoşulmaq hüququnu təmin edir. 

Shahdəniz Mərhələ 2 ötən ilin aprel ayında layihə ilkin mühəndis-layihələşdirmə işləri (İMLİ) mərhələsinə daxil olandan bəri çox yaxşı irəliləyib. Ötən il dekabrın 18-də Shahdəniz konsorsiumu ilə ARDNŞ arasında bir sıra sazişlər imzalandı ki, bunlar da 2013-cü ilə planlaşdırılmış yekun investisiya qərarı üçün inam yaradıb. Bu günədək əldə edilmiş irəliləyişin nəticəsi olaraq layihə 2013-cü il ərzində təxminən 2 milyard dollar vəsait xərcləməyi planlaşdırır ki, Şahdəniz Mərhələ 2 layihəsi 2018-ci ildə ilk qazın əldə edilməsinə hazır olsun. 

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator -25,5%), Statoyl (kommersiya operatoru - 25,5%), Azərbaycan CQBK Ltd (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%). 

Birinci rüb ərzində CQBK ilə bağlı fəaliyyətlərə $2 milyon əsaslı xərclər sərf edilib. Bütün il üçün bu işlərə $13 milyon əsaslı xərclər gözlənilir. 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. 

Birinci rübdə CQBK-nın gündəlik orta ötürücülük gücü 11 milyon kub metrdən artıq (təqribən 390 milyon kub fut) qaz və ya gündə 67 000 bareldən artıq neft ekvivalenti olmuşdur. 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur. 

Geoloji-kəşfiyyat

2012-ci ilin əvvəllərində “Giləvar” seysmik gəmisi Şəfəq-Asiman üzrə 3-ölçülü seysmik tədqiqat proqramını başa çatdırandan bəri biz əldə edilmiş məlumatın təhlilini aparırırıq. Bu, həmin müqavilə ərazisində indiyədək aparılmış ilk 3-ölçülü seysmik tədqiqatdır. İndiyədək Azərbaycanda aparılan ən böyük 3-ölçülü seysmik məlumat təhlili olan bu işlərdən sonra məlumatın interpretasiyası üçün 18 ay və ilk kəşfiyyat quyusunun planlaşdırılması üçün isə əlavə bir il vaxt tələb olunur. 

Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında BP ilə ARDNŞ arasındakı hasilatın pay bölgüsü sazişi (HPBS) 2010-cu ilin oktyabr ayında Bakıda imzalanmışdır. 

Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir. 

İşçi heyətimiz

Hazırda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2659 nəfərdir. Şirkətin ixtisaslı daimi işçilərinin 84%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir. 

BP bu ilin əvvəlindən 50 Azərbaycan vətəndaşını işə qəbul edib. 

Bundan əlavə, birinci rüb ərzində BP öz mühəndisləri üçün yeni ixtisasartırma proqramına da başlayıb. Bu proqramın məqsədi mühəndislərin BP-dəki karyeralarının ilk illərində peşəkar təcrübəyə əsaslanan inkişafını dəstəkləməkdir. Belə proqramlar şirkətdə artıq quyular, geoloji əməliyyatlar və sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit mütəxəssisləri üçün xeyli müddətdir ki, mövcuddur və uğurlu nəticələri var. Birinci rüb ərzində BP həmçinin mühəndislərə öz illik mükafatlarını təqdim edərək bir qrup yerli mütəxəssisin uğurlarını dəyərləndirmişdir. Bu mükafatları alan yerli mütəxəssislərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. 

Mühüm davamlı inkişaf təşəbbüsləri

Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçiririk. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir. 

2013-cü ilin birinci rübündə BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda 0,62 milyon dollar xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 

Bu qəbildən olan təşəbbüslərin bəzi nümunələri bunlardır:
  • BP və onun tərəfdaşlarının neft və qaz ixtisaslı tələbələr üçün təqaüd proqramı. Bu proqramın məqsədi mühəndislik və riyaziyyat sahələrində bakalvr və magistr təhsili alan azərbaycanlı tələbələrin təhsilinə dəstək verməkdir. Təqaüd Türkiyənin Orta Doğu Texniki Universiteti və İstanbul Texniki Universiteti, həmçinin Azərbaycanın Xəzər və Qafqaz universitetlərinin tələbələri üçün nəzərdə tutulub..
  • BP və onun tərəfdaşlarının gənclər üçün 2-illik Biznes Rəhbərliyi Layihəsi (BRL). Bu layihə ABŞ-ın USAİD təşkilatı və Amerika Ticarət Palatası (AmCham) ilə tərəfdaşlıqda həyata keçirilir. Layihənin məqsədi tələbə gəncləri sahibkarlığa və gələcəkdə biznesə rəhbərlik etmək karyerasına hazırlamaqdır. Bunun üçün onlara bir sıra özəl şirkətlərdə təcrübə keçməklə əsl beynəlxalq iş mühitində çalışmaq imkanları yaradılacaq. Bu yolla onlar öz biznes idarəçiliyi bilgilərini dərs otaqlarının hüdudlarından kənara çıxararaq inkişaf etdirəcəklər
  • BP və onun tərəfdaşlarının icmalarda məktəbəqədər təhsil, ibtidai təhsil və qadınların sahibkarlıq imkanlarının təkmilləşdirilməsinə yönəlmiş yeni layihəsi. Bu layihə vasitəsilə məktəbə hazırlıq üzrə təkmilləşmiş proqramlara, kənd uşaq bağçalarında daha keyfiyyətli xidmətə, yeni ibtidai təhsil kurrikulumunun təkmilləşmiş tətbiqinə və qadınların sahibkarlıq bacarıqlarının inkişafına dəstək veriləcək.
  • BP və onun tərəfdaşlarının veb-əsaslı Xəzər Ekoloji İnformasiya Mərkəzi (XEİM) təsis etmək məqsədi daşıyan yeni ekoloji layihəsi. Bu layihə Xəzər Ekoloji Proqramı (XEP) çərçivəsində hazırlanıb. Onlayn ekoloji məlumat bazasından hal-hazırda Xəzərin ekologiyası üzrə mərkəzləşdirilmiş məlumat mənbəyi kimi istifadə edilir. XEİM həm də regionda davamlı inkişaf və ətraf mühitlə əlaqədar fəaliyyətləri təşviq etmək vasitəsi kimi istifadə edilir.
  • BP və tərəfdaşlarının Azərbaycanda BTC/CQBK boru kəməri boyunca yerli idarəetməni, gənclərin bacarıqlarının inkişafını və ətraf mühit təşəbbüslərini dəstəkləmək məqsədilə Avrasiya Tərəfdaşlıq Fondu (ATF) ilə qrant sazişi. Bu layihənin məqsədi bələdiyyələrin davamlı inkişafla bağlı yerli problemləri müəyyən edərək aradan qaldırmaq bacarıqlarını gücləndirməkdən ibarətdir. Layihə həmçinin gənclərin icmalardakı yerli inkişaf və ətraf mühitlə bağlı məsələlərin həllindəki rolunun gücləndirilməsinə yönəlib.
  • BP və tərəfdaşlarının Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə Azərbaycanda kiçik və orta müəssisələr üçün portal yaratmaq məqsədi layihəsi. Yeni www.biznesinfo.az portalı yerli biznesin öz bacarıqlarını artırmaq, normativ tələbləri, o cümlədən biznesi qeydiyyatdan keçirmək və idarə etmək, icazələrin alınması, əmlakın qeydiyyatdan keçirilməsi, yoxlamalar, hökumət tenderləri üçün rəqabət aparmaq, yerli maliyyə mənbələrini qiymətləndirmək və dövlət mühasibat standartlarına riayət etmək sahəsində biliklərini gücləndirmək səylərinə dəstək vermək məqsədilə onları lazımi məlumatlarla təmin etmək üçündür. Portalın həmçinin inkişaf və təlim komponentləri də var.
  • BP və onun tərəfdaşları “Alıcı ilə tanış ol” adlı sərgi təşkili layihəsi. Yerli şirkətlərin BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq öhdəliyimizin bir hissəsi kimi təşkil olunmuş bu tədbirlər BP və onun tərəfdaşlarının şirkətlərə öz bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və onlara öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etmək məqsədi daşıyır. 2011-ci ilin iyununda ilk dəfə keçirilən “Alıcı ilə tanış ol” tədbirində “Sahibkarlığın inkişafı və təlim proqramın”da iştirak etmış 80-dən çox yerli kiçik və orta müəssisə 150-dən çox yerli və beynəlxalq alıcıya öz məhsul və xidmətlərini təqdim edib. İkinci tədbirin bu ilin iyununda Bakıda olacaq 20-ci Xəzər Neft Sərgisi çərçivəsində keçirilməsi planlaşdırılır.
  • BP və onun tərəfdaşları “Alıcı ilə tanış ol” adlı sərgi təşkili layihəsi. Yerli şirkətlərin BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq öhdəliyimizin bir hissəsi kimi təşkil olunmuş bu tədbirlər BP və onun tərəfdaşlarının şirkətlərə öz bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və onlara öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etmək məqsədi daşıyır. 2011-ci ilin iyununda ilk dəfə keçirilən “Alıcı ilə tanış ol” tədbirində “Sahibkarlığın inkişafı və təlim proqramın”da iştirak etmış 80-dən çox yerli kiçik və orta müəssisə 150-dən çox yerli və beynəlxalq alıcıya öz məhsul və xidmətlərini təqdim edib. İkinci tədbirin bu ilin iyununda Bakıda olacaq 20-ci Xəzər Neft Sərgisi çərçivəsində keçirilməsi planlaşdırılır.
  • BP və onun tərəfdaşlarının Azərbaycanda yaratdığı yeni Layihələrin İdarə Edilməsi Məktəbi. Bu layihə özəl və ictimai sektoru təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub Layihələrin İdarə Edilməsi Məktəbi fəaliyyətinin birinci ilini böyük uğurla başa vurub. Fəaliyyəti müddətində məktəb layihə idarə edilməsi üzrə dünyada tanınmış təlim kurrikulumu əsasında 81 özəl və dövlət təşkilatının 183 nümayəndəsinə təlim verib. Bunlardan 51 nəfəri Corc Vaşinqton Universitetinin Magistr və 126 nəfəri Bakalavr sertifikatına layiq görülüb.
  • BP və tərəfdaşlarının Avropa İttifaqının beyin mərkəzlərindən biri vasitəsilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə makroiqtisadi analiz və proqnozlaşdırma sahəsində texniki yardımı
  • BP və tərəfdaşlarının daha keyfiyyəti və innovativ məktəbəqədər proqramlardan istifadə imkanı yaratmaqla ehtiyacı olan uşaqlı ailələrə kömək layihəsi.
  • BP və tərəfdaşlarının gənclərə imkanlar yaradan sahibkarlıq mərkəzi layihəsi. Mərkəz Gəncə peşə təlimi mərkəzi daxilində ayrıca biznes və idarəetmə bölümü kimi fəaliyyət göstərir.
  • BP və tərəfdaşlarının süd məhsulları istehsalçılarına dəstək layihəsi. İcma-əsaslı bu layihənin məqsədi kiçik və orta miqyaslı fermerlərə öz istehsal güclərini artırmaqda kömək etməkdir.
  • BP şirkətinin Qafqaz Universitetinin bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, mexanika və sənaye mühəndisliyi də daxil olmaqla üç neft mühəndisliyi ixtisasını əhatə etməsinə dəstəyi. Layihənin bir hissəsi olaraq 2009-cu ildə BP kimya mühəndisliyi fakültəsi, 2011-ci ildə isə həmin fakültə üçün tam təchiz edilmiş və ümumi kimya, analitik kimya, üzvi kimya, kimya-mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşmış beş müasir laboratoriya açıb. Hazırda kimya mühəndisliyi fakültəsində 73 tələbə təhsil alır. 2011-ci ildə isə universitetdə mexanika mühəndisliyi fakültəsi açıldı və həmin fakültəyə artıq 59 tələbə qəbul edilib. BP 2013-cü ilin üçüncü rübündə bu yeni fakültə üçün də tam təchiz edilmiş mexanika mühəndisliyi laboratoriyaları açmağı planlaşdırır.
  • BP şirkətinin biznes sahəsində çalışan jurnalistlərin peşəkarlığını artırmaq və onların beynəlxalq standartlarla işləmək səylərinə kömək məqsədi daşıyan “Biznes jurnalistikası” adlı irimiqyaslı təlim proqramı. Bu təlim proqramı 12 mütəxəssisə biznes jurnalistikası sahəsində beynəlxalq təcrübə keçməklə regionun qabaqcıl jurnalisti olmaqda yardım edib. Onlar milli biznes jurnalistikasında bir yeni istiqamət yaradıblar və çoxsaylı ardıcılları var
  • BP-nin Azərbaycanda təhsilin inkişafına dəstəyinin bir hissəsi olaraq 2007–ci ildən bəri həyata keçirdiyi illik xüsusi mükafat proqramı. Bu proqram neft-qaz mühəndisliyi sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır. İllik xüsusi mükafatlar ilkin olaraq Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alan ən yaxşı tələbələr üçün nəzərdə tutulmuşdu və beş il BP bu xüsusi mükafatları yalnız Neft Akademiyasının ən yaxşı birinci və ikinci kurs tələbələrinə təqdim edirdi. 2012-ci ilin noyabr ayında BP öz proqramını genişləndirməyi qərara alaraq beş yerli universitetin - Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti və Xəzər Universitetinin neft-qaz mühəndisliyi sahəsində ixtisaslaşan ən yaxşı tələbələrinə xüsusi mükafatlar təqdim etdi. 2012-ci ilin xüsusi təqaüdləri 61 birinci kurs və 30 ikinci kurs tələbəsinə verilib. Bu günə qədər BP öz xüsusi mükafatlarını ümumilikdə 348 ən yaxşı tələbəyə təqdim edib ki, onlardan səkkizi sonradan uğurla BP-də öz karyeralarını qurublar və hazırda da BP-nin işçiləridir, üçü isə BP və onun tərəfdaşlarının təqaüdlərini alırlar.
  • BP-nin “Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr” adlı təşəbbüsü. Layihə bu sahələri ixtisas kimi seçmiş gənc mühəndis nəslin nümayəndələrinin geoloji elm sahələrinin Azərbaycanda inkişafına diqqətini artırmaq məqsədi daşıyır.
Əlavə məlumat üçün BP şirkətində Tamam Bayatlıya müraciət edə bilərsiniz:
Telefon: +994 (0)12 599 4557