2014-cü ilin birinci yarısının nəticələri

14 avqust 2014

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

2014-cü ilin birinci yarısı ərzində AÇG layihəsinə təqribən $479 milyon əməliyyat məsrəfləri və $1 milyard 231 milyon əsaslı məsrəflər xərclənmişdir. Tam il üçün əməliyyat xərclərinin təxminən $1 milyard 52 milyon, əsaslı xərclərin isə 2 milyard 68 milyon olacağı gözlənilir. 

Hasilat

2014-cü ilin birinci yarısında AÇG-nin fəaliyyətində mühüm bir nailiyyət qeyd olundu – Çıraq Neft Layihəsi çərçivəsində ilk neft əldə olundu. Qərbi Çıraq platforması yanvar ayının 28-də öncə qazılmış quyuların birindən hasilata başladı. O vaxtdan bəri Qərbi Çıraq platformasından hasilat artaraq dörd quyudan indiki həddinə – gündə 50 000 bareldən artıq səviyyəyə çatmışdır. Qərbi Çıraqdan hasilat 2014-cü il ərzində digər öncəqazma quyuları işə düşdükcə artacaq.

İlin birinci yarısında AÇG-dən ümumi hasilat – Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Dərinsulu Günəşli və Qərbi Çıraq platformalarından birlikdə – gündə orta hesabla 656 100 barel (b/g) (və ya ümumilikdə təqribən 118,8 milyon barel, yəni 16 milyon ton) təşkil edib. 

İlin birinci yarısının sonunda bizim ümumilikdə AÇG-də 81 neft hasilat quyumuz və 36 injektor quyumuz istismarda idi ki, bunlar da aşağıdakılardır: 

Çıraqda 18 quyu istismarda olub (13 hasilat və 5 suvurma quyusu) və oradan orta hesabla gündə 65 800 barel neft hasil edilib.  

Mərkəzi Azəridə (MA) 25 quyu istismarda idi (18 hasilat, bir suvurma quyusu və 6 qaz injektor ) və oradan gündə orta hesabla 167 600 barel hasilat əldə edilib. 

Qərbi Azəridə (QA) 24 quyu istismarda idi (18 hasilat və 6 suvurma quyusu) və oradan gündəlik orta hesabla 165 100 barel neft hasil edilib.  

Şərqi Azəridə (ŞA) 17 quyu istismarda idi (13 hasilat və 4 suvurma quyusu) və oradan birinci rüb gündəlik orta hesabla 83 200 barel hasilat əldə edilib.

Dərinsulu Günəşlidə (DərSG) 29 quyu istismarda idi (15 hasilat və 14 suvurma quyusu) və oradan gündəlik orta hesabla 148 500 barel hasilat əldə edilib.

Qərbi Çıraqda (QÇ) dörd quyudan gündəlik orta hesabla 25 900 barel hasilat əldə edib.

Səmt qazı

AÇG yatağının operatoru olaraq BP 2014-cü ilin birinci yarısı ərzində Dərinsulu Günəşli platformasından hasil edilən səmt qazını 28 düym ölçülü sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına və oradan da ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. 

Azəridəki üç platformadan – Mərkəzi, Qərbi və Şərqi Azəri – səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə Mərkəzi Azəridəki kompressor və suvurma platformasına (KSVP) göndərilmiş və oradan da onun bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə elə həmin 28 düym ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına nəql edilərək ölkənin qaz şəbəkəsinə təhvil verilmişdir. Hazırda Mərkəzi Azəridə altı quyudan laya qaz vurma əməliyyatları davam edir.

Qərbi Çıraqdan hasil edilən səmt qazının böyük hissəsi Səngəçal terminalına göndərilmişdir. İkinci rüb ərzində Qərbi Çıraqda qaz kondensasiya və kompressiya sistemlərinin istismar sınaqları başa çatdı və sistemlər tam istismara təhvil verildi. Bu, Qərbi Çıraq qazının elə həmin 28 düym ölçülü sualtı  kəmər vasitəsilə tam həcmdə terminala göndərilməsini təmin etdi.

Çıraq platformasında hasil edilmiş səmt qazının müəyyən hissəsi isə mövcud 16 düym ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. BP 2014-cü ilin ikinci rübü ərzində buxarlanan qaz kompressoru və boru kəməri üçün nəzərdə tutduğu təkmilləşdirmə işlərini başa çatdırdı. Bu isə bizə imkan verdi ki, qazın məşəldə yandırılmasını azaldaq.

2014-cü ilin birinci yarısı ərzində biz ARDNŞ-yə gündə təqribən 6,6 milyon kubmetr (233,8 milyon standart kubfut), ümumilkdə isə 1,2 milyard kubmetr (42,3 milyard kubfut) AÇG səmt qazı vermişik. 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

2014-cü ilin birinci yarısı ərzində AÇG-də 8 neft hasilat quyusu və bir suvurma quyusu qazılmışdır. 

Çıraq: 2013-cü il dekabrın sonunda qazmağa başladığımız yeni A06X hasilat quyusu 2014-cü ilin mart ayında tamamlanaraq istismara verildi. Aprel ayında yoxlama və intervensiya əməliyyatlarından sonra Çıraqda bir aylıq profilaktika işləri aparıldı. İyulda A05y quyusunda qazma işləri başladı. Bu quyunun 2014-cü ilin dördüncü rübünün ortasında tamamlanması gözlənilir.

Mərkəzi Azəri: B28 hasilat quyusu tamamlanaraq 2014-cü ilin may ayının 19-da istismara verildi. Bunun ardınca B22 və B13 quyularında intervensiya və dörd ötürücünün quraşdırılması əməliyyatalarını apardıq. Daha sonra B06 quyusunda intervensiya əməliyyataları apardıq və qazma qurğusunu B29 quyusuna apardıq. Bu quyuda qazma əməliyyatları hələ də davam edir. 

Qərbi Azəri: 2013-cü ilin dekabr ayında qazmağa başladığımız C28 hasilat quyusu tamamlanaraq 2014-cü ilin mart ayında istismara verildi. Bunun ardınca C25 quyusunda intervensiya, C14 quyusunda qum şırnağının dayandırılması, C11 quyusunda qazlift və ötürücünün quraşdırılması, qazma qurğusunun profilaktikası əməliyyatlarını apardıq. Hal-hazırda C14 quyusunda əlavə intervensiya və təmizləmə əməliyyatları aparırıq. 

Şərqi Azəri: 2014-cü ilin yanvar ayında D03 quyusunda intervensiya əməliyyatlarını bitirdik. Bunun ardınca əlavə intervensiya və təmizləmə əməliyyatları apardıq. Daha sonra D25 quyusunu qazmağa başladıq. Bu quyunun dördüncü rübün ortasında tamamlanması gözlənilir.

Dərinsulu Günəşli: Yanvar ayında E02Y quyusunda qazlift quraşdırmaq üçün aparılan intervensiya əməliyyatlarını başa çatdırdıq. Bunun ardınca E12 quyusunda yoxlama, E09Y quyusunda yanaqazma və E09y quyusunda tamamlama işləri apardıq. Daha sonra qazma qurğusunun profilaktikası və əlavə intervensiya əməliyyatları apardıq və E19 quyusunu qazmağa başladıq.

Dədə Qorqud: 2014-cü ilin birinci rübündə qazma qurğusu vasitəsilə bir sualtı suvurma quyusu - H07z quyusunu qazdıq. Mart ayının əvvəlində daha bir suvurma quyusunu – H08-i qazmağa başladıq. Bu quyu artıq tamamlanmaq üzrədir.

Qərbi Çıraq: 2014-cü ilin birinci yarsında dörd hasilat quyusu – J05, J11, J07 və J14 tamamlanaraq istismara verildi. 2014-cü ilin iyun ayında J03 quyusunda qazma əməliyyatlarına başladıq və bu quyuda qazma əməliyyatları hələ də davam edir.

İxrac əməliyyatları

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 970 milyon standart kubfut və ya 27,4 milyon standart kubmetrdir, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 milyon standart kubmetr təşkil edir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur.

2014-cü ilin birinci yarısı ərzində terminal 152 milyon barel neft (o cümlədən 133 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 15,4 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), 2,6 milyon barel dəmir yolu vasitəsilə və 0,9 milyon barel kondensat ixrac kəməri vasitəsilə) ixrac etmişdir. 

2014-cü ilin birinci yarısı ərzində terminal həmçinin gündəlik orta hesabla 26 milyon standart kubmetr (918,2 milyon standart kubfut) Şahdəniz qazı ixrac etmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) limited (2,36%) şirkətləridir.

2014-cü ilin birinci yarısı ərzində BTC üzrə əməliyyat xərclərinə $100 milyon, əsaslı xərclərə isı $61,3 milyon xərclənmişdir. Tam il üçün BTC-nin əməliyyat xərclərinin təxminən $230 milyon, əsaslı xərclərin $119 milyon olması gözlənilir.

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.

11 avqustda BTC Türkiyənin Ceyhan terminalında yüklədiyi 2 milyardıncı barel nefti yola salmağını qeyd etdi.

1768km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib. Həmin vaxtdan etibarən BTC vasitəsilə nəql edilmiş ümümilikdə  təxminən 2 milyard barel (263 milyon ton ) xam neft Ceyhanda 2 580 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir.

2014-cü ilin birinci yarısı ərzində BTC vasitəsilə təqribən 17,8 milyon ton (134 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 185 tankerə yüklənib. 

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 2013-cü ilin oktyabrından başlayaraq BTC vasitəsilə müəyyən həcmlərdə Tengiz neftinin nəql olunması bərpa olunub. Bundan əlavə, bu ilin fevral ayında ARDNŞ-nin əməliyyatçısı olduğu Şimal Marşrutu İxrac Boru Kəmərinin axın istiqaməti uğurla dəyişdirildi. Bu, BP ilə ARDNŞ-nin bu boru kəməri boyunca bir neçə obyektin yenidən işə salınması üçün birgə səylərinin nəticəsi idi. Kommersiya razılaşmalarının yekunlaşması Şimal Marşrutu İxrac Boru Kəmərindən neft həcmlərinin BTC vasitəsilə ixracına imkan verdi. 

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), Total (10%), LUKOYL (10%), NİKO (10%), və TPAO (9%). Bu faizlərə Statoyldan müvafiq olaraq BP və ARDNŞ-nin aldığı iştirak payları daxildir. Total Şahdənizdəki 10% iştirak payını TPAO-ya satmağa razılaşıb, hazırda hər iki şirkət bu əməliyyatı yekunlaşdırmaq üzrədir.

2014-cü ilin birinci altı ayı ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən $243 milyon əməliyyat xərcləri və $1 milyard 766 milyondan çox əsaslı xərclər çəkilmişdir. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq $483 milyon və $3 milyard 781 milyon olacağı gözlənilir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə, o cümlədən dənizdəki işlənmələr və Səngəçal terminalının genişləndirilməsinə aiddir.

Hasilat

2014-cü ilin birinci yarısında Şahdəniz yatağı Azərbaycan (ARDNŞ-yə), Gürcüstan (GOGC şirkətinə) və Türkiyə (BOTAŞ-a və BTC şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirmişdir. 

2014-cü ilin birinci altı ayı ərzində yataqdan 4,75 milyard kubmetr (təqribən 168 milyard kubfut) qaz və 1,12 milyon ton (təqribən 9 milyon barel) kondensat və ya gündəlik təxminən 26,2 milyon kubmetr (926,4 milyon standart kubfutdan çox) qaz və 49 757 barel kondensat hasil edilmişdir. 

2006-cı ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2014-cü ilin ikinci rübünün sonunadək yataqdan bazarlara təqribən 52,7 milyard kubmetr (1 861 milyard standart kubfut) qaz və 13,6 milyon tondan çox (108,5 milyon barel) kondensat ixrac edilib. 

2013-cü ildə mövcud qurğuların texniki optimallaşdırılması nəticəsində Şahdəniz hasilat sisteminin gündəlik maksimum gücü 966 milyon standart kubfut qaz və 55 000 barel kondensat səviyyəsinə qaldırıldı. Şahdəniz tərəfdaşları 2014-cü ilin axırına qədər hasilat gücünün təxminən 1 milyard 40 milyon standart kubfuta qədər artırılması üçün şərtləri ARDNŞ ilə razılaşdırdı.

Qazma əməliyyatları

Şahdəniz Mərhələ 1 

2014-cü ilin ikinci rübündə Şahdəniz SDA02 quyusunda intervensiya əməliyyatlarını tamamlandı və bunun ardınca SDA07 quyusunda qazma əməliyyatları aparıldı. Bu quyu 28 düym ölçülü kəmər quyruğunadək qazılaraq konservasiya olundu, sonra isə qazma qurğusu SDA08 quyusuna aparıldı. Bu quyu da 28 düymlük kəmər quyruğu endirilib sementləndikdən sonra konservasiya olundu. Hazırda SDA06 quyusunda intervensiya əməliyyataları davam edir.

Şahdəniz Mərhələ 2 

İstiqlal qazma qurğusu: İkinci rüb ərzində İstiqlal qazma qurğusu SDC03 quyusunda qazma əməliyyatlarını başa çatdırdı. İkinci rübün sonunda SDC04 quyusunda qazma əməliyyatlarına başladıq. Bu quyuda qazma əməliyyatlarının 2015-ci ilin yanvarında tamamlanması gözlənilir.

Heydər Əliyev qazma qurğusu: İkinci rüb ərzində SDD02 quyusunun aşağı hissəsinin qazılması davam edib. Bu quyuda qazma əməliyyatlarının 2014-cü ilin üçüncü rübünün sonunda tamamlanması gözlənilir. 

Şahdəniz Mərhələ 2 layihəsi

Şahdəniz Mərhələ 2 Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni Cənub Qaz Dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. Bu, dünyanın hər hansı bir yerindəki ən böyük qaz işlənməsi layihələrindən biridir.

Şahdəniz Mərhələ 2 layihəsinin ümumi dəyəri Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişlənməsi də daxil olmaqla təqribən $28 milyard olacaq. Hasil ediləcək ildə 16 milyard kubmetr qaz təxminən 3500 kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır. 

Sahildən təxminən 70km məsafədə yerləşən Şahdəniz Mərhələ 2 işlənməsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500km uzunluğunda sualtı boru kəmərləri, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir. 

2013-cü il dekabrın 17-də Şahdəniz konsorsiumu Mərhələ 2 işlənməsi üçün yekun investisiya qərarını təsdiq etdi. Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca CQBK-nin ixrac gücünə ildə 16 milyard kubmetr əlavə olunması (Azərbaycanda 48 düym diametrli yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə), Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastuktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq.

Şahdəniz Mərhələ 2 layihəsi Şahdəniz qazının ildə təxminən 10 milyard kubmetrinin 25 il ərzində İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara çatdırılmasını təmin edəcək. Bundan başqa, Şahdəniz Mərhələ 2-dən hasil olunacaq qazın ildə təxminən 6 milyard kubmetri Türkiyədəki istehlakçılara çatdırılacaq. Qaz satışı və nəqli üzrə bütün sazişlər Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən idarə olunacaq. 

Yekun investisiya qərarı veriləndən bəri Şahdəniz Mərhələ 2 layihəsi qrafik üzrə davam edir. Layihə çərçivəsində mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə təxminən $8,5 milyard dəyərində müqavilələr imzalanıb və Azərbaycan və Gürcüstanda tikinti sahələrinin əksəriyyətində artıq ilkin işlər başlayıb.

Tikinti və təchizat müqavillələrinə aşağıdakılar daxildi:
  • Bakı yaxınlığındakı Səngəçalda Şahdəniz Mərhələ 2 üçün terminal qurğularının tikintisi və istismar sınaqlarına dəstək işləri üzrə müqavilə,
  • Mərhələ 2-nin iki platforması üçün üst modulların tikilməsi, yüklənməsi, dənizdə quraşdırılması və istismar sınaqları üzrə müqavilə,
  • İki dəniz platforması üçün dayaq bloklarının, boru payaların və sualtı konstruksiyaların tikintisi üzrə müqavilə,
  • Dənizdə bütün daşınma və quraşdırılma işləri üzrə müqavilə,
  • Dəniz və qurudakı qurğular üçün müfəssəl mühəndis-layihələndirmə, layihənin idarə olunması və təchizat-tədarük işlərinə aid dəstək xidmətlərinin göstərilməsi üzrə müqavilə,
  • Sualtı hasilat sistemlərinin təchizatı üzrə müqavilə,
  • Sualtı quraşdırma işlərində istifadə edilmək üçün sualtı tikinti gəmisinin layihələndirilməsi və inşası üzrə müqavilə,
  • Sualtı əməliyyatlar və boru kəmərlərinin mühəndis-layihələndirmə və layihənin idarə olunması xidmətlərinin göstərilməsi üzrə müqavilə,
  • Dəniz platforması üçün yaşayış bloklarının mühəndis-layihələndirmə, təchizat-tədarük və quraşdırma işləri üzrə müqavilə.
Dayaq blokları və göyərtələrin tikilməsi üçün tikinti-quraşdırma sahələrində həmçinin qurudakı terminal tikinti sahələrində işlər başlayacaq. Buna əlavə olaraq, platformanın dayaq blokları və üst modulların quraşdırılması üçün poladın ilk partiyaları artıq ölkəyə gətirilibdi. Bu fəaliyyətlər Cənub Dəhlizi layihələrinin bütövlükdə irəliləməsinə kömək edir.  

Yuxarıda qeyd edildiyi kimi dənizdə İstiqlal və Heydər Əliyev qazma qurğuları vasitəsi ilə qazma işləri uğurla davam etmişdir. 2018-ci ilin sonlarına planlaşdırılmış ilk qaz hasilatına hazırlıq yönümündə artıq 5 quyu qazılıb. Hasilatın artırılaraq ildə 16 milyard kubmetr həcmində planlaşdırılan sabit ən yüksək səviyyəyə çatdırılması üçün tələb olunan bütün quyuların qazılması məqsədilə bu iki qazma qurğusu Şahdəniz yatağında öz fəaliyyətini davam etdirəcək.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator – 28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), Total (10%), LUKOYL (10%), NİKO (10%), və TPAO (9%). Bu faizlərə Statoyldan müvafiq olaraq BP və ARDNŞ-nin aldığı iştirak payları daxildir. Total Şahdənizdəki 10% iştirak payını TPAO-ya satmağa razılaşıb, hazırda hər iki şirkət bu əməliyyatı yekunlaşdırmaq üzrədir

2014-cü ilin birinci yarsı ərzində CQBK ilə bağlı fəaliyyətlərə $22,4 milyon əməliyyat xərcləri və $325 milyon əsaslı xərclər sərf edilib. Tam il üçün əməliyyat xərclərinin $50 milyon olacağı gözlənilir. Əsaslı xərclər isə CQBK-nin genişləndirilməsi üzrə işlərin sürət götürməsi nəticəsində $1 milyard 250 milyona qədər artacaq.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. 

2014-cü ilin birinci yarsı ərzində CQBK-nın gündəlik orta ötürücülüyü 17,8 milyon kubmetr (təqribən 627 milyon kubfut) qaz və ya gündə 108 137 barel neft ekvivalenti olmuşdur.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

CQBK-nın genişləndirilməsi layihəsi

17 dekabr 2013-cü il tarixində CQBK-nın genişləndirilməsi (CQBKG) layihəsi üzrə yekun investisiya qərarı qəbul ediləndən bəri CQBKG layihəsi üzrə əksər müqavilələr imzalanmişdır. Bu müqavillələrə aşağıdakılar daxildir:
  • Azərbaycan və Gürcüstanda boru kəmərinin tikintisi üzrə müqavilə
  • boru kəmərinin üzlənməsi üzrə müqavilə
  • CQBKG layihəsi çərçivəsində Gürcüstandakı qurğuların tikintisi işləri və istismara verilməsi üzrə müqavilə
  • CQBKG layihəsinin Gürcüstandakı hissəsi üçün boru kəmərinin və qurğuların mühəndis layihələndirmə işləri və layihə idarəetmə xidmətləri üzrə müqavilə
  • CQBKG layihəsinin Azərbaycandakı hissəsi üçün beş çay keçidində üfüqi-maili qazma və boru kəmərinin quraşdırılması işləri üzrə müqavilə
  • CQBKG layihəsinin iki çay keçidi (biri Azərbaycanda, digəri Gürcüstanda) üçün şaxta və tunelin tikintisi və boru kəmərinin quraşdırılması üzrə müqavilə.
İlk boru partiyasının Azərbaycana gətirilməsi bu ilin sonuna doğru planlaşdırılıb.

Geoloji-kəşfiyyat

2012-ci ilin əvvəllərində “Giləvar” seysmik gəmisi Şəfəq-Asiman üzrə planlaşdırılmış 3-ölçülü seysmik tədqiqat proqramını başa çatdırdı. Bu, həmin müqavilə ərazisində indiyədək aparılmış ilk 3-ölçülü seysmik tədqiqatdır. O, vaxtdan bəri biz əldə edilmiş məlumatın təhlilini aparırdıq. Bu, indiyədək Azərbaycanda aparılan ən böyük 3-ölçülü seysmik məlumat təhlilidir. 

2014-cü ilin birinci yarısı ərzində biz məlumatın təhlilini başa çatdırdıq və seysmik məlumatın interpretasiyasına başladıq ki, bunun tamamlanması üçün 18 aya qədər vaxt tələb olunur. Bundan başqa ilk kəşfiyyat quyusunun planlaşdırılması üçün də əlavə bir il vaxt tələb olunur.

Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında BP ilə ARDNŞ arasındakı hasilatın pay bölgüsü sazişi (HPBS) 2010-cu ilin oktyabr ayında Bakıda imzalanmışdır. 

Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1 100 kvadrat kilometr ərazini əhatə edir. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 000 metrdir.

İşçi heyətimiz

Hazırda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 912 nəfərdir. Şirkətin ixtisaslı daimi işçilərin ümumilikdə 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir. 

Səngəçaldakı Xəzər texniki təlim mərkəzi (XTTM) yerli texniklərin effektiv şəkildə hazırlanmasını davam etdirdi. May ayında təlim mərkəzi özünün onuncü il dönümünü və BP-nin əməliyyatçısı olduğu obyektlər üçün təqribən 900 yerli texnikə təlim keçməsini qeyd etdi. Bu yüksək ixtisaslı texniklər BP-nin həm dəniz, həm də quruda əməliyyatçısı olduğu obyektlərinin ötən ol il müddətində təhlükəsiz və etibarlı şəkildə idarə edilməsində çox mühüm rol oynayıblar. 

Bundan əlavə, BP şirkəti yerli mühəndislər üçün dünya səviyyəli “Neft-qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramı”nı (NİMTP) uğurla həyata keçirir. NİMTP milyonlarla dollar dəyərində bir təlim proqramı olaraq azərbaycanlı neft-qaz ixtisaslı məzunlar üçün nəzərdə tutulub və BP şirkətinə gələn gənc mühəndislərin qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. 

Bundan əlavə, BP 2014-18-ci illər üçün beşillik milliləşdirmə planı hazırlamışdır. Bu plana əsasən 2018-ci ilin sonunadək BP-nin ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil etməlidir. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilərin isə artıq 100%-i yerli vətəndaşlardır. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı və iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesi daha da gücləndirmək məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirakı daxildir. 

Bundan başqa BP ARDNŞ ilə əməkdaşlıq şəraitində Qobustan Regional Təlim Mərkəzində yerli işçi qüvvəsinin təlimi üçün öz üzərinə öhdəlik götürüb. Bu öhdəliyin bir hissəsi olaraq BP Səngəçal terminalının yaxınlığındakı yerli icmalardan – Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrindən olan 100 nəfər şəxsin texniki-peşə təliminə dəstək olacaq. BP şirkəti həmçinin Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq etdirərək bu məktəbinin tələbələrini özünün müxtəlif proqramlarına, təşəbbüslərinə və təkmilləşdirmə fəaliyyətlərinə cəlb etməyi, habelə bu təhsil müəssisəsində biznes yönümlü mühazirələr keçirməyi davam etdirəcək. Bu mühazirələrin birincisi ilk dəfə olaraq BP şirkətinin hasilat üzrə vitse prezidenti Pət Drohon tərəfindən böyuk bir tələbələr qrupu üçün keçirilib.  

Mühüm davamlı inkişaf təşəbbüsləri

Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün irimiqyaslı davamlı inkişaf təşəbbüslərini həyata keçirməyə davam edirik. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

İlin birinci yarısı ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda $1,24 milyon xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 

Bu qəbildən olan təşəbbüslərin bəzi nümunələri bunlardır: 
  • BP və onun tərəfdaşlarının neft və qaz ixtisaslı tələbələr üçün təqaüd proqramı. Bu proqramın məqsədi mühəndislik və riyaziyyat sahələrində bakalvr və magistr təhsili alan azərbaycanlı tələbələrin təhsilinə dəstək verməkdir. Təqaüd Türkiyənin Orta Doğu Texniki Universiteti və İstanbul Texniki Universiteti, həmçinin Azərbaycanın Xəzər və Qafqaz universitetlərinin tələbələri üçün nəzərdə tutulub.
  • BP və onun tərəfdaşlarının gənclər üçün 2-illik Biznes Rəhbərliyi Layihəsi (BRL). Bu layihə ABŞ-ın USAİD təşkilatı və Amerika Ticarət Palatası (AmCham) ilə tərəfdaşlıqda həyata keçirilir. Layihənin məqsədi tələbə gəncləri sahibkarlığa və gələcəkdə biznesə rəhbərlik etmək karyerasına hazırlamaqdır. Bunun üçün onlara bir sıra özəl şirkətlərdə təcrübə keçməklə əsl beynəlxalq iş mühitində çalışmaq imkanları yaradılır. Bu yolla onlar öz biznes idarəçiliyi bilgilərini dərs otaqlarının hüdudlarından kənara çıxararaq inkişaf etdirə bilirlər.
  • BP və onun tərəfdaşlarının icmalarda məktəbəqədər təhsil, ibtidai təhsil və qadınların sahibkarlıq imkanlarının təkmilləşdirilməsinə yönəlmiş layihəsi. Bu layihə vasitəsilə məktəbə hazırlıq üzrə təkmilləşmiş proqramlara, kənd uşaq bağçalarında daha keyfiyyətli xidmətə, yeni ibtidai təhsil kurrikulumunun təkmilləşmiş tətbiqinə və qadınların sahibkarlıq bacarıqlarının inkişafına dəstək verilir.
  • BP və onun tərəfdaşlarının veb-əsaslı Xəzər Ekoloji İnformasiya Mərkəzi (XEİM) təsis etmək məqsədi daşıyan ekoloji layihəsi. Bu layihə Xəzər Ekoloji Proqramı (XEP) çərçivəsində hazırlanıb. www.kaspinfo.net ünvanlı saytdan onlayn ekoloji məlumat bazası kimi hal-hazırda Xəzərin ekologiyası üzrə mərkəzləşdirilmiş məlumat mənbəyi kimi istifadə edilir. XEİM həm də regionda davamlı inkişaf və ətraf mühitlə əlaqədar fəaliyyətləri təşviq etmək vasitəsidir.
  • BP və tərəfdaşlarının Azərbaycanda BTC/CQBK boru kəməri boyunca yerli idarəetməni, gənclərin bacarıqlarının inkişafını və ətraf mühit təşəbbüslərini dəstəkləmək məqsədilə Avrasiya Tərəfdaşlıq Fondu (ATF) ilə qrant sazişi. Bu layihənin məqsədi bələdiyyələrin davamlı inkişafla bağlı yerli problemləri müəyyən edərək aradan qaldırmaq bacarıqlarını gücləndirməkdən ibarətdir. Layihə həmçinin gənclərin icmalardakı yerli inkişaf və ətraf mühitlə bağlı məsələlərin həllindəki rolunun gücləndirilməsinə yönəlib.
  • BP və tərəfdaşlarının Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə Azərbaycanda kiçik və orta müəssisələr üçün portal yaratmaq məqsədi layihəsi. Yeni www.biznesinfo.az portalı yerli biznesin öz bacarıqlarını artırmaq, normativ tələbləri, o cümlədən biznesi qeydiyyatdan keçirmək və idarə etmək, icazələrin alınması, əmlakın qeydiyyatdan keçirilməsi, yoxlamalar, hökumət tenderləri üçün rəqabət aparmaq, yerli maliyyə mənbələrini qiymətləndirmək və dövlət mühasibat standartlarına riayət etmək sahəsində biliklərini gücləndirmək səylərinə dəstək vermək məqsədilə onları lazımi məlumatlarla təmin etmək üçündür. Portalın həmçinin inkişaf və təlim komponentləri də var.
  • BP-nin öz tərəfdaşları adından təşkil etdiyi “Alıcı ilə tanış ol” tədbirləri. Yerli şirkətlərin BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq öhdəliyimizin bir hissəsi kimi təşkil olunmuş bu tədbirlər BP və onun tərəfdaşlarının şirkətlərə öz bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və onlara öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etmək məqsədi daşıyır. Üçüncü “Alıcı ilə tanış ol” tədbiri bu ilin iyununda 21-ci Xəzər Neft Sərgisi çərçivəsində keçiriləcək.
  • BP və onun tərəfdaşlarının Azərbaycanda yaratdığı Layihələrin İdarə Edilməsi Məktəbi (LİM). Bu layihə özəl və ictimai sektoru təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. İndiyədək Məktəbin iki uğurlu buraxılışı olub. Bu günədək məktəbin iki uğurlu buraxılışı olub. Ümumilikdə məktəb layihə idarə edilməsi üzrə dünyada tanınmış təlim kurrikulumu əsasında 98 özəl və dövlət təşkilatının 300 nümayəndəsinə təlim verib. 2014-cü ilin mart ayında təşəbbüsün müddətinin uzadılmasına dair Anlaşma Memorandumu imzalamaqla BP və tərəfdaşları LİM-ə göstərdikləri dəstəyi 2015-ci ilin noyabr ayınadək uzatdılar.
  • BP və tərəfdaşlarının Avropa İttifaqının beyin mərkəzlərindən biri vasitəsilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə makroiqtisadi analiz və proqnozlaşdırma sahəsində texniki yardımı.
  • BP və tərəfdaşlarının gənclərə imkanlar yaradan sahibkarlıq mərkəzi layihəsi. Mərkəz Gəncə peşə təlimi mərkəzi daxilində ayrıca biznes və idarəetmə bölümü kimi fəaliyyət göstərir.
  • BP və tərəfdaşlarının süd məhsulları istehsalçılarına dəstək layihələri. İcma-əsaslı bu layihələrin məqsədi kiçik və orta miqyaslı fermerlərə öz istehsal güclərini artırmaqda kömək etməkdir.
  • 2014-cü ilin iyununda öz tərəfdaşları adından çıxış edən BP və UNİCEF planlaşdırılan iri təhsil təşəbbüsü çərçivəsində əməkdaşlıq etmək niyyətində olduqlarını təsdiqləmək üçün Anlaşma Memorandumu imzaladılar. “Təhsil sahəsində tərəfdaşlar” adlı bu layihənin ölkədə yeni təhsil modellərinin yaradılmasına yönəlmiş layihələrin hazırlanması və həyata keçirilməsinə dəstək olması nəzərdə tutulub. Bu Memorandum hər iki tərəfə imkan verir ki, birlikdə digər maraqlı tərəflərlə, o cümlədən Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə yeni effektiv məktəb modellərinin hazırlanması üzərində işləsin. Layihə xüsusən BP-nin əməliyyatçısı olduğu BTC və CQBK boru kəmərləri boyunca yerləşən Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Samux, Goranboy, Şəmkir və Tovuz rayonlarında uşaqların təhsilə cəlb edilməsinə yönəlmiş yeni hərtərəfli məktəb modellərinin yaradılmasını əhatə edir.
  • BP şirkətinin Qafqaz Universitetinin bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, mexanika və sənaye mühəndisliyi də daxil olmaqla üç neft mühəndisliyi ixtisasını əhatə etməsinə dəstəyi. Layihənin bir hissəsi olaraq 2009-cu ildə BP kimya mühəndisliyi fakültəsi, 2011-ci ildə isə həmin fakültə üçün tam təchiz edilmiş və ümumi kimya, analitik kimya, üzvi kimya, kimya-mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşmış beş müasir laboratoriya açıb. 2011-ci ildə isə universitetdə mexanika mühəndisliyi fakültəsi açıldı və BP 2013-cü ilin dekabr ayında bu yeni fakültə üçün də tam təchiz edilmiş mexanika mühəndisliyi laboratoriyaları açdı.
  • BP şirkətinin biznes sahəsində çalışan jurnalistlərin peşəkarlığını artırmaq və onların beynəlxalq standartlarla işləmək səylərinə kömək məqsədi daşıyan “Biznes jurnalistikası” adlı irimiqyaslı təlim proqramı. Bu təlim proqramı 12 mütəxəssisə biznes jurnalistikası sahəsində beynəlxalq təcrübə keçməklə regionun qabaqcıl jurnalisti olmaqda yardım edib. Onlar milli biznes jurnalistikasında yeni bir istiqamət yaradıblar və çoxsaylı ardıcılları var. Qabaqcıl jurnalistlərdən ibarət bu qrupa son təlim 2013-cü ilin noyabrında təşkil olunub və sosial media barədə olub.
  • BP-nin Azərbaycanda təhsilin inkişafına dəstəyinin bir hissəsi olaraq 2007-ci ildən bəri həyata keçirdiyi illik xüsusi mükafat proqramı. Bu proqram neft-qaz mühəndisliyi sahəsində ixtisaslaşan ən yaxşı tələbələrə dəstək vermək məqsədi daşıyır. Bu günə qədər BP öz xüsusi mükafatlarını ümumilikdə 400-ə yaxın ən yaxşı tələbəyə təqdim edib.
  • BP-nin Bakı Ali Neft Məktəbində biznes mühazirələri Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək vermək məqsədi daşıyır.
  • Iyun ayında BP Bakı 2015 Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaq üçün Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə saziş imzaladı. BP şirkəti ilk dəfə keçiriləcək Avropa Oyunlarının neft və qaz tərəfdaşı olmaqdan qürur duyur, bu tərəfdaşlıq bizə Azərbaycanda yüksək səviyyəli idmançıların yetişdirilməsinə kömək etmək imkanı verəcək. Bu tərəfdaşlıq çərçivəsində BP şirkəti oyunlara ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın medala iddialı olan idmançılarının inkişafını maliyyələşdirməyə də kömək edəcək. Layihə çərçivəsində BP Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin ölkədə peşəkar istedadların aşkar edilməsinə və inkişafına kömək etməyi nəzərdə tutan innovativ “Oyunlar Akademiyası” təşəbbüsü ilə də tərəfdaş olacaq.

Təqdimat slaydları

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 
Telefon: +994 (0) 12 599 45 57