2014-cü ilin ilk üç rübünün nəticələri

20 noyabr 2014

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

2014-cü ilin üç rübü ərzində AÇG layihəsinə təqribən $720 milyon əməliyyat məsrəfləri və $1 milyard 741 milyon əsaslı məsrəflər xərclənmişdir. Tam il üçün əməliyyat xərclərinin təxminən $1 milyard 52 milyon, əsaslı xərclərin isə 2 milyard 68 milyon olacağı gözlənilir. 

Hasilat

2014-cü ildə AÇG-nin fəaliyyətində mühüm bir nailiyyət qeyd olundu – Çıraq Neft Layihəsi çərçivəsində ilk neft əldə olundu. Qərbi Çıraq platforması yanvar ayının 28-də öncə qazılmış quyuların birindən hasilata başladı. O vaxtdan bəri Qərbi Çıraq platformasından hasilat artaraq beş quyudan indiki həddinə – gündə 90 000 bareldən artıq səviyyəyə çatmışdır. Qərbi Çıraqdan hasilat 2014-cü il ərzində digər öncəqazma quyuları işə düşdükcə artacaq.

2014-cü ildə AÇG-də stabil hasilat davam etmişdir. İlin üç rübündə AÇG-dən ümumi hasilat – Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Dərinsulu Günəşli və Qərbi Çıraq platformalarından birlikdə – gündə orta hesabla 655 700 barel (b/g) və ya ümumilikdə 179 milyon barel, yəni təqribən 24,2 milyon ton təşkil edib. 

Üçüncü rübün sonunda bizim ümumilikdə AÇG-də 77 neft hasilat quyumuz və 36 injektor quyumuz istismarda idi ki, bunlar da aşağıdakılardır: 

Çıraqda 16 quyu istismarda olub (11 hasilat və 5 suvurma quyusu) və oradan orta hesabla gündə 63 600 barel neft hasil edilib. 

Mərkəzi Azəridə (MA) 24 quyu istismarda idi (17 hasilat, bir suvurma quyusuvə 6 qaz injektor ) və oradan gündə orta hesabla 169 600 barel hasilat əldə edilib. 

Qərbi Azəridə (QA) 25 quyu istismarda idi (19 hasilat və 6 suvurma quyusu) və oradan gündəlik orta hesabla 159 600 barel neft hasil edilib. 

Şərqi Azəridə (ŞA) 15 quyu istismarda idi (11 hasilat və 4 suvurma quyusu) və oradan gündəlik orta hesabla 77 300 barel hasilat əldə edilib.

Dərinsulu Günəşlidə (DərSG) 28 quyu istismarda idi (14 hasilat və 14 suvurma quyusu) və oradan gündəlik orta hesabla 147 200 barel hasilat əldə edilib.

Qərbi Çıraqda (QÇ) beş quyudan gündəlik orta hesabla 38 400 barel hasilat əldə edilib.

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq, hazırda Mərkəzi Azəri platformasında planlaşdırılmış profilaktik işlər həyata keçirilir. Bu cür işlər platformalardakı qurğu və avadanlıqların indiyədək AÇG-də əldə edilmiş ümumi yüksək səmərəliliyini təmin etməyin mühüm hissəsidir.

Proqram üzrə işlər 31 oktyabrda Mərkəzi Azəri platformasından hasilatı tədricən azaldaraq 6 noyabrda tam dayandırmaqla başlayıb. Platformanı yenidən 27 noyabrda işə salmaq planlaşdırılır. 

Bu, mütəmadi həyata keçirilən planlaşdırılmış iş proqramı olmaqla normal əməliyyatlara daxildir. Bu proqrama hazırlıq 2013-cü ilin əvvəllərindən başlamışdır və proqram üzrə işlər illik iş planı və büdcəsinə daxil edilmişdir.

Proqrama gəmilərin daxili inspeksiyası və yeniləşdirilməsi, məşəl uclarının dəyişdirilməsi və ümumi mexaniki, cihaz, nəzarət sistemi və elektrik sahəsində işlər daxildir ki, bunları platforma istismarda ola-ola həyata keçirmək mümkün deyil. 

Çıraq, Dərinsulu Günəşli, Qərbi Çıraq və Şahdəniz, həmçinin BTC, Cənubi Qafqaz Boru Kəməri və Qərb İxrac Boru Kəməri normal fəaliyyətini davam etdirir. Səngəçal Terminalında əməliyyatlar və Ceyhan terminalında tanker yükləmələri qrafik üzrə davam edir.

Səmt qazı

AÇG yatağının operatoru olaraq BP 2014-cü ilin üç rübü ərzində Dərinsulu Günəşli platformasından hasil edilən səmt qazını 28 düym ölçülü sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına və oradan da ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. 

Azəridəki üç platformadan – Mərkəzi, Qərbi və Şərqi Azəridən səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə Mərkəzi Azəridəki kompressor və suvurma platformasına (KSVP) göndərilmiş və oradan da onun bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə elə həmin 28 düym ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına nəql edilərək ölkənin qaz şəbəkəsinə təhvil verilmişdir. Hazırda Mərkəzi Azəridə altı quyudan laya qaz vurma əməliyyatları davam edir.

Qərbi Çıraqdan hasil edilən səmt qazının böyük hissəsi Səngəçal terminalına göndərilmişdir. Qərbi Çıraqda qaz kondensasiya və kompressiya sistemlərinin istismar sınaqları başa çatdırılmış və sistemlər tam istismara verilmişdir. Bu, Qərbi Çıraq qazının tam həcmdə terminala göndərilməsini təmin etmişdir.

Çıraq platformasında hasil edilmiş səmt qazının əksər hissəsi isə mövcud 16 düymlük sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. BP buxarlanan qaz kompressorları və boru kəmərləri üçün bu ilə planlaşdırılmış işləri başa çatdırmışdır. Bu isə Çıraq platformasında məşəldə yandırılan qaz həcminin xeyli azalmasına imkan vermişdir. 

2014-cü ilin birinci üç rübü ərzində biz ARDNŞ-yə gündə təqribən 7,3 milyon kubmetr (257,8 milyon standart kubfut), ümumilkdə isə 2 milyard kubmetr (70,4 milyard kubfut) AÇG səmt qazı vermişik. 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

2014-cü ilin üç rübü ərzində AÇG-də 10 neft hasilat quyusu və 3 suvurma quyusu qazılmışdır. 

Çıraq: Mart ayında A06X hasilat quyusu tamamlanaraq istismara verildi. Aprel ayında yoxlama və intervensiya əməliyyatları, sonra isə bir aylıq profilaktika işləri aparıldı. Daha sonra A05y quyusu qazıldı və oktaybrda tamamlandı. Bundan sonra platformada iki aylıq profilaktik işlər proqramı nəzərdə tutulur. 

Mərkəzi Azəri: B28 hasilat quyusu tamamlanaraq 2014-cü ilin may ayında istismara verildi. Bunun ardınca B22 və B13 quyularında intervensiya və dörd ötürücünün quraşdırılması əməliyyatlarını apardıq. Daha sonra B06 və B05 quyularında intervensiya əməliyyatları, qazma qurğusunda profilaktik işlər və B29 quyusunda ilkin dərinlikdə qazma əməliyyatları apardıq. Bu quyunun lay hissəsində qazma işləri və tamamlama əməliyyatları 2015 ildə aparılacaq. 

Qərbi Azəri: C28 hasilat quyusu tamamlanaraq 2014-cü ilin mart ayında istismara verildi. Bunun ardınca bir sıra intervensiya və digər quyu əməliyyatları apardıq. Hal-hazırda C06 quyusunda qazlift və ötürücünün quraşdırılması əməliyyatları aparırıq. Sonra isə qazma qurğusu C31 quyusuna aparılacaq.

Şərqi Azəri: 2014-cü ilin yanvar ayında D03 quyusunda intervensiya əməliyyatlarını bitirdik. Bunun ardınca əlavə intervensiya və təmizləmə əməliyyatları apardıq. Daha sonra D25 hasilat quyusunu qazdıq və oktyabr ayında tamamladıq. Bunun ardınca bir sıra quyu əməliyyatları həyata keçirəcəyik.  

Dərinsulu Günəşli: Yanvar ayında E02Y quyusunda qazlift əməliyyatlarını başa çatdırdıq və bunun ardınca E12 quyusunda yoxlama apardıq. Daha sonra E09y quyusunda yanaqazma və tamamlama işləri, həmçinin qazma qurğusunun profilaktikası və əlavə intervensiya əməliyyatları apardıq. Sonra E19 suvurma quyusunu qazdıq və avqust ayında tamamladıq. E14 quyusunda yoxlama işlərindən sonra E20 hasilat quyusunu qazmağa başlamışıq. Bu quyunun 2015-ci ilin yanvarında tamamlanacağı gözlənilir.

Dədə Qorqud: 2014-cü ildə qazma qurğusu vasitəsilə iki sualtı suvurma quyusunu - H07z və H08-i qazmışıq. Hazırda F05 suvurma quyusı qazılmaqdadır.

Qərbi Çıraq: 2014-cü ildə altı hasilat quyusu – J05, J11, J07, J14, J03 və J02z tamamlanmış və istismara verilmişdir. Hazırda J10 şlamların laya vurulması quyusunda qazma əməliyyatları davam edir.

İxrac əməliyyatları

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 970 milyon standart kubfut və ya 27,4 milyon standart kubmetrdir, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 milyon standart kubmetr təşkil edir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur.

2014-cü ilin birinci üç rübü ərzində terminal 227 milyon barel neft (o cümlədən 198 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 24 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), 4 milyon barel dəmir yolu vasitəsilə və 1,4 milyon barel kondensat ixrac kəməri vasitəsilə) ixrac etmişdir. 

2014-cü ilin birinci üç rübü ərzində terminal həmçinin gündəlik orta hesabla 26,351 milyon standart kubmetr (930,6 milyon standart kubfut) Şahdəniz qazı ixrac etmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) limited (2,36%) şirkətləridir.

2014-cü ilin üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə $152,4 milyon, əsaslı xərclərə isə $84,3 milyon xərclənmişdir. Tam il üçün BTC-nin əməliyyat xərclərinin təxminən $230 milyon, əsaslı xərclərin $119 milyon olması gözlənilir.

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.

1 768km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib. Həmin vaxtdan etibarən BTC vasitəsilə nəql edilmiş ümümilikdə təxminən 2 milyard 30 milyon barel (272 milyon ton) xam neft Ceyhanda 2665 tankerə yüklənmiş və dünya bazarlarına göndərilmişdir.

Avqust ayında BTC Türkiyənin Ceyhan terminalında yüklədiyi 2 milyardıncı barel nefti yola salmağını qeyd etdi.

2014-cü ilin birinci doqquz ayı ərzində BTC vasitəsilə təqribən 26,4 milyon ton (199 milyon barel) () xam neft ixrac olunub və bu neft Ceyhanda 276 tankerə yüklənib. 

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 2013-cü ilin oktyabrından başlayaraq BTC vasitəsilə müəyyən həcmlərdə Tengiz neftinin nəql olunması bərpa olunub. Bundan əlavə, 2014-cü ilin fevral ayında ARDNŞ-nin əməliyyatçısı olduğu Şimal Marşrutu İxrac Boru Kəmərinin axın istiqaməti uğurla dəyişdirildi. Bu, BP ilə ARDNŞ-nin bu boru kəməri boyunca bir neçə obyektin yenidən işə salınması üçün birgə səylərinin nəticəsi idi. Kommersiya razılaşmalarının yekunlaşması Şimal Marşrutu İxrac Boru Kəmərindən neft həcmlərinin BTC vasitəsilə ixracına imkan verdi. 

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Gaz Dəhlizi Upsrim (6.7%) Statoyl (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%). Bu faizlərə Statoyldan müvafiq olaraq BP və Azərbaycan hökümətinin (Cənub Gaz Dəhlizi Upstrim) aldıqları iştirak payları və Totalın TPAO-ya satdığı iştirak payı daxildir.

2014-cü ilin birinci doqquz ayı ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən $371 milyon əməliyyat xərcləri və $2 milyard 797 milyondan çox əsaslı xərclər çəkilmişdir. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq $435 milyon və $3 milyard 885 milyon olacağı gözlənilir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə, o cümlədən dənizdəki işlənmələr və Səngəçal terminalının genişləndirilməsinə aiddir.

Hasilat

2014-cü ilin birinci doqquz ayı ərzində Şahdəniz yatağı Azərbaycan (ARDNŞ-yə), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirmişdir. 

Bu dövr ərzində yataqdan 7,25 milyard kubmetr (256 milyard kubfutdan çox) qaz və 1,72 milyon ton (13,8 milyon barel) kondensat və ya gündəlik 26,6 milyon kubmetr (938 milyon standart kubfutdan çox) qaz və 50 450 barel kondensat hasil edilmişdir. 

2006-cı ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2014-cü ilin üçüncü rübünün sonunadək yataqdan 55,2 milyard kubmetr (təqribən 1950 milyard standart kubfut) qaz və 14,2 milyon ton (təqribən 113,3 milyon barel) kondensat hasil edilib. 

2013-cü ildə mövcud qurğuların texniki optimallaşdırılması nəticəsində Şahdəniz hasilat sisteminin gündəlik maksimum gücü 966 milyon standart kubfut qaz və 55 000 barel kondensat səviyyəsinə qaldırıldı. Şahdəniz tərəfdaşları 2014-cü ilin axırına qədər hasilat gücünün təxminən 1 milyard 40 milyon standart kubfuta qədər artırılması üçün şərtləri ARDNŞ ilə razılaşdırdı.

Qazma əməliyyatları

2014-cü ildə Şahdəniz SDA02 quyusunda intervensiya əməliyyatlarını tamamladı. SDA06 və SDA04 quyularında quyu işləri bitdikdən sonra SDA07 və SDA08 quyularının yuxarı hissələri qazıldı. Hazırda SDA07 quyusunun aşağı hissəsinin qazılması davam edir. 

Şahdəniz Mərhələ 2 

İstiqlal qazma qurğusu: İkinci rüb ərzində İstiqlal qazma qurğusu SDC03 quyusunda qazma əməliyyatlarını başa çatdırdı və SDC04 quyusunda qazma əməliyyatlarına başladı. Bu quyunun 2015-ci ilin yanvarında tamamlanması gözlənilir.

Heydər Əliyev qazma qurğusu: Üçüncü rüb ərzində SDD02 quyusunun aşağı hissəsinin qazılması başa çatdı. SDD03 və SDD04 quyularının yuxarı hissələri qazıldı. Hazırda qurğu SDD03 quyusunun aşağı hissəsini qazır. 

Şahdəniz Mərhələ 2 layihəsi

Yekun investisiya qərarı veriləndən bəri Şahdəniz Mərhələ 2 layihəsi qrafik üzrə davam edir. 

Sentyabrın 20-də Səngəçal terminalında Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi keçirildi. Bu, nəhəng Şahdəniz yatağından hasil ediləcək ildə 16 milyard kubmetr qazı təxminən 3 500 kilometrlik boru kəmərləri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyaya nəql edəcək layihənin reallaşmasındaəlamətdar bir hadisə oldu. 

İlk qazın Gürcüstan və Türkiyəyə satılması 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır. 

Layihə çərçivəsində mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə təxminən $9,6 milyard dəyərində əsas müqavilələrin əksəriyyəti imzalanıb. Azərbaycan və Gürcüstanda tikinti sahələrinin əksəriyyətində artıq ilkin işlər başlayıb.

Bu tikinti və təchizat müqavilələrinə aşağıdakılar daxildir:
  • Bakı yaxınlığındakı Səngəçalda Şahdəniz Mərhələ 2 üçün terminal qurğularının tikintisi və istismar sınaqlarına dəstək işləri üzrə müqavilə
  • Şahdəniz Mərhələ 2 -nin iki platforması üçün üst modulların tikilməsi, yüklənməsi, dənizdə quraşdırılması və istismar sınaqları üzrə müqavilə
  • İki dəniz platforması üçün dayaq bloklarının, boru payaların və sualtı konstruksiyaların tikintisi üzrə müqavilə,
  • Dənizdə bütün daşınma və quraşdırılma işləri üzrə müqavilə
  • Dəniz və qurudakı qurğular üçün müfəssəl mühəndis-layihələndirmə, layihənin idarə olunması və təchizat-tədarük işlərinə aid dəstək xidmətlərinin göstərilməsi üzrə müqavilə
  • Sualtı hasilat sistemlərinin təchizatı üzrə müqavilə
  • Sualtı quraşdırma işlərində istifadə edilmək üçün sualtı tikinti gəmisinin layihələndirilməsi və inşası üzrə müqavilə
  • Sualtı əməliyyatlar və boru kəmərlərinin mühəndis-layihələndirmə və layihənin idarə olunması xidmətlərinin göstərilməsi üzrə müqavilə
  • Dəniz platforması üçün yaşayış bloklarının mühəndis-layihələndirmə, təchizat-tədarük və quraşdırma işləri üzrə müqavilə
  • Sualtı axın xətlərinin və likin sualtı ixrac kəmərinin örtüklənməsi
Dayaq blokları və üst modulların tikilməsi üçün tikinti-quraşdırma sahələrində, həmçinin  terminalın genişləndirilməsi sahələrində işlər başlayıb. Bundan başqa, platformanın dayaq blokları və üst modulların quraşdırılması üçün poladın ilk partiyaları artıq ölkəyə gətirilib. Bu fəaliyyətlər Cənub Dəhlizi layihələrinin bütövlükdə irəliləməsinə kömək edir. 

Bütün tikinti sahələrindəki işlərin əsasında tikinti quraşdırma sahələrindəki fəaliyyətləri həmişə təhlükəsiz şəkildə həyata keçirmək öhdəliyimiz durur. Bakı Dərin Özüllər Zavodu (BDÖZ) artıq heç bir xəsarətə yol vermədən bir milyon adam-saat, ATA (AMEK-Tekfen-Azfen) isə iki milyon adam-saat göstəricisinə nail olub. 

ATA tikinti-quraşdırma sahəsinin modernləşdirilməsi başa çatmaq üzrədir. Üst modulların, dayaq blokları və sualtı avadanlıqların quraşdırılması işləri qrafiki qabaqlayır. 

Yuxarıda qeyd edildiyi kimi dənizdə İstiqlal və Heydər Əliyev qazma qurğuları vasitəsilə qazma işləri uğurla davam edir. İlk qaz hasilatına hazırlıq yönündə artıq 6 quyu qazılıb. Hasilatın artırılaraq ildə 16 milyard kubmetr həcmində planlaşdırılan sabit ən yüksək səviyyəyə çatdırılması üçün tələb olunan bütün quyuların qazılması məqsədilə bu iki qazma qurğusu Şahdəniz yatağında öz fəaliyyətini davam etdirəcək.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator – 28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), Statoyl (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%). Bu faizlərə Statoyldan müvafiq olaraq BP və Azərbaycan hökümətinin (Cənub Gaz Dəhlizi Midstrim) aldığı iştirak payları və Totalın TPAO-ya satdığı iştirak payı daxildir.

2014-cü ilin birinci doqquz ayı ərzində CQBK ilə bağlı fəaliyyətlərə $36,5 milyon əməliyyat xərcləri və $599 milyon əsaslı xərclər sərf edilib. Tam il üçün əməliyyat xərclərinin $47,2 milyon olacağı gözlənilir. Əsaslı xərclər isə CQBK-nin genişləndirilməsi üzrə işlərin sürət götürməsi nəticəsində $1 milyard 244 milyona qədər artacaq.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. 

2014-cü ilin birinci doqquz ayı ərzində CQBK-nın gündəlik orta ötürücülüyü 17 milyon 412 min kubmetr (təqribən 615 milyon kubfut) qaz və ya gündə 106 017 barel neft ekvivalenti olmuşdur.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur. 

CQBK-nın genişləndirilməsi (CQBKG) layihəsi

17 dekabr 2013-cü il tarixində yekun investisiya qərarı qəbul edildikdən bəri CQBKG layihəsi üzrə əksər müqavilələr imzalanmişdır. Bu müqavillələrə aşağıdakılar daxildir:
  • Azərbaycan və Gürcüstanda boru kəmərinin tikintisi üzrə müqavilə
  • Boru kəmərinin üzlənməsi üzrə müqavilə
  • CQBKG layihəsi çərçivəsində Gürcüstandakı qurğuların tikintisi işləri və istismara verilməsi üzrə müqavilə
  • CQBKG layihəsinin Gürcüstandakı hissəsi üçün boru kəmərinin və qurğuların mühəndis layihələndirmə işləri və layihə idarəetmə xidmətləri üzrə müqavilə,
  • CQBKG layihəsinin Azərbaycandakı hissəsi üçün beş çay keçidində üfüqi-maili qazma və boru kəmərinin quraşdırılması işləri üzrə müqavilə,
  • CQBKG layihəsinin iki çay keçidi (biri Azərbaycanda, digəri Gürcüstanda) üçün şaxta və tunelin tikintisi və boru kəmərinin quraşdırılması üzrə müqavilə
Üzümüzə gələn bir neçə həftə ərzində ilk boru partiyasının Azərbaycana gətirilməsi planlaşdırılır.

Geoloji-kəşfiyyat

2012-ci ilin əvvəllərində “Giləvar” seysmik gəmisi Şəfəq-Asiman üzrə planlaşdırılmış 3-ölçülü seysmik tədqiqat proqramını başa çatdırdı. Bu, həmin müqavilə ərazisində indiyədək aparılmış ilk 3-ölçülü seysmik tədqiqat idi. O, vaxtdan bəri biz əldə edilmiş məlumatları təhlilini aparırdıq. Bunun indiyə qədər Azərbaycanda emal edilmiş ən böyük 3-ölçülü seysmik tədqiqat olduğu hesab edilir. 

Biz 2014-cü ildə məlumatların təhlilini başa çatdırdıq və seysmik məlumatların interpretasiyasına başladıq ki, bunun tamamlanması üçün təqribən 18 ay tələb olunur. Bundan başqa ilk kəşfiyyat quyusunun planlaşdırılması üçün də əlavə bir il vaxt tələb olunur.

Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında BP ilə ARDNŞ arasındakı hasilatın pay bölgüsü sazişi (HPBS) 2010-cu ilin oktyabr ayında Bakıda imzalanmışdır. 

Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir.

İşçi heyətimiz

Hazırda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 883 nəfərdir. Şirkətin ixtisaslı daimi işçilərin ümumilikdə 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir. 

Səngəçaldakı Xəzər texniki təlim mərkəzi (XTTM) yerli texniklərin effektiv şəkildə hazırlanmasını davam etdirdi. May ayında təlim mərkəzi özünün 10-cu ildönümünü və BP-nin əməliyyatçısı olduğu obyektlər üçün təqribən 900 yerli texnikə təlim keçməsini qeyd etdi. Bu yüksək ixtisaslı texniklər BP-nin həm dəniz, həm də quruda əməliyyatçısı olduğu obyektlərinin ötən ol il müddətində təhlükəsiz və etibarlı şəkildə idarə edilməsində çox mühüm rol oynayıblar. 

BP şirkəti həmçinin yerli mühəndislər üçün dünya səviyyəli “Neft-qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramı”nı (NİMTP) uğurla həyata keçirir. NİMTP milyonlarla dollar dəyərində bir təlim proqramı olaraq azərbaycanlı neft-qaz ixtisaslı məzunlar üçün nəzərdə tutulub və BP şirkətinə gələn gənc mühəndislərin qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. 

Bundan əlavə, BP 2014-18-ci illər üçün beşillik milliləşdirmə planı hazırlamışdır. Bu plana əsasən 2018-ci ilin sonunadək BP-nin ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil etməlidir. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilərin isə artıq 100%-i yerli vətəndaşlardır. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirakı, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir. 

BP həmçinin öz üzərinə işçi qüvvəsinin təlimi və inkişafı, eləcə də insan resursları sahəsində ARDNŞ ilə əməkdaşlıq etmək öhdəliyi götürüb. İki şirkət neft-qaz sənayesi ilə əlaqədar sahələrdə ixtisaslaşan Azərbaycan vətəndaşları üçün təlim və inkişaf imkanlarının yaradılması istiqmətində birgə işini davam etdirir. Bu öhdəliyin bir hissəsi olaraq BP Səngəçal terminalının yaxınlığındakı yerli icmalardan – Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrindən olan 100 nəfər şəxsin texniki-peşə təliminə dəstək verir.

BP və ARDNŞ həmçinin işçilərin işə götürülməsi və təyinat proseslərinə dair əməkdaşlıq haqqında razılığa gəliblər. Bu, BP şirkəti tərəfindən şirkətxarici namizədlərin işə götürülməsi məqsədilə elan edilmiş və yerli əməkdaşlar üçün nəzərdə tutulmuş vakansiyalara işçilərin qəbul olunmasında əməkdaşlıq imkanı yaradır.

BP şirkəti həmçinin Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edərək bu məktəbin tələbələrini özünün müxtəlif proqramlarına, təşəbbüslərinə və təkmilləşdirmə fəaliyyətlərinə cəlb etməyi, habelə bu təhsil müəssisəsində biznes yönümlü mühazirələr keçirməyi davam etdirir. 

Davamlı inkişaf təşəbbüsləri

Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün irimiqyaslı davamlı inkişaf təşəbbüslərini həyata keçirməyə davam edirik. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

İlin birinci üç rübü ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda $3,84 milyon xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 

Bu qəbildən olan təşəbbüslərin bəzi nümunələri bunlardır: 
  • BP və onun tərəfdaşlarının neft və qaz ixtisaslı tələbələr üçün təqaüd proqramı. Bu proqramın məqsədi mühəndislik və riyaziyyat sahələrində bakalvr və magistr təhsili alan azərbaycanlı tələbələrin təhsilinə dəstək verməkdir. Təqaüd Türkiyənin Orta Doğu Texniki Universiteti və İstanbul Texniki Universiteti, həmçinin Azərbaycanın Xəzər və Qafqaz universitetlərinin tələbələri üçün nəzərdə tutulub.
  • BP və onun tərəfdaşlarının gənclər üçün ikiillik Biznes Liderliyi Layihəsi. Bu layihə ABŞ-ın USAİD təşkilatı və Amerika Ticarət Palatası (AmCham) ilə tərəfdaşlıqda həyata keçirilir. Layihənin məqsədi tələbə gəncləri sahibkarlığa və gələcəkdə biznesə rəhbərlik etmək karyerasına hazırlamaqdır. Bunun üçün onlara bir sıra özəl şirkətlərdə təcrübə keçməklə əsl beynəlxalq iş mühitində işləmək imkanları yaradılır. Bu yolla onlar öz biznes idarəçiliyi biliklərini dərs otaqlarının hüdudlarından kənara çıxararaq inkişaf etdirə bilirlər.
  • BP və onun tərəfdaşlarının icmalarda məktəbəqədər təhsil, ibtidai təhsil və qadınların sahibkarlıq imkanlarının təkmilləşdirilməsinə yönəlmiş layihəsi. Bu layihə vasitəsilə məktəbə hazırlıq üzrə təkmilləşmiş proqramlara, kənd uşaq bağçalarında daha keyfiyyətli xidmətə, yeni ibtidai təhsil kurrikulumunun təkmilləşmiş tətbiqinə və qadınların sahibkarlıq bacarıqlarının inkişafına dəstək verilir.
  • BP və onun tərəfdaşlarının veb-əsaslı Xəzər Ekoloji İnformasiya Mərkəzi (XEİM) təsis etmək məqsədi daşıyan ekoloji layihəsi. Bu layihə Xəzər Ekoloji Proqramı (XEP) çərçivəsində hazırlanıb. www.kaspinfo.net ünvanlı saytdan onlayn ekoloji məlumat bazası kimi hal-hazırda Xəzərin ekologiyası üzrə mərkəzləşdirilmiş məlumat mənbəyi kimi istifadə edilir. XEİM həm də regionda davamlı inkişaf və ətraf mühitlə əlaqədar fəaliyyətləri təşviq etmək vasitəsidir.BP və tərəfdaşlarının Azərbaycanda BTC/CQBK boru kəməri boyunca yerli idarəetməni, gənclərin bacarıqlarının inkişafını və ətraf mühit təşəbbüslərini dəstəkləmək məqsədilə Avrasiya Tərəfdaşlıq Fondu (ATF) ilə qrant sazişi. Bu layihənin məqsədi bələdiyyələrin davamlı inkişafla bağlı yerli problemləri müəyyən edərək aradan qaldırmaq bacarıqlarını gücləndirməkdən ibarətdir. Layihə həmçinin gənclərin icmalardakı yerli inkişaf və ətraf mühitlə bağlı məsələlərin həllindəki rolunun gücləndirilməsinə yönəlib.
  • BP və tərəfdaşlarının Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə Azərbaycanda kiçik və orta müəssisələr üçün portal yaratmaq üçün layihəsi. Bu portal – www.biznesinfo.az yerli biznesin öz bacarıqlarını artırmaq, normativ tələbləri, o cümlədən biznesi qeydiyyatdan keçirmək və idarə etmək, icazələrin alınması, əmlakın qeydiyyatdan keçirilməsi, yoxlamalar, hökumət tenderləri üçün rəqabət aparmaq, yerli maliyyə mənbələrinə çıxış əldə etmək və dövlət mühasibat standartlarına riayət etmək sahəsində biliklərini gücləndirmək səylərinə dəstək olaraq onları lazımi məlumatlarla təmin etmək üçündür. Portalın inkişaf və təlim komponentləri də var.
  • BP-nin öz tərəfdaşları adından təşkil etdiyi “Alıcı ilə tanış ol” tədbirləri. Yerli şirkətlərin BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq öhdəliyimizin bir hissəsi kimi təşkil olunmuş bu tədbirlər BP və onun tərəfdaşlarının şirkətlərə öz bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və onlara öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etmək məqsədi daşıyır. Üçüncü “Alıcı ilə tanış ol” tədbiri bu ilin iyununda 21-ci Xəzər Neft Sərgisi çərçivəsində keçirildi.
  • BP və onun tərəfdaşlarının Azərbaycanda yaratdığı Layihələrin İdarə Edilməsi Məktəbi (LİM). Bu layihə özəl və ictimai sektoru təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Bu günədək məktəbin iki uğurlu buraxılışı olub. Ümumilikdə məktəb layihə idarə edilməsi üzrə dünyada tanınmış təlim kurrikulumu əsasında 98 özəl və dövlət təşkilatının 300 nümayəndəsinə təlim verib. 2014-cü ilin mart ayında təşəbbüsün müddətinin uzadılmasına dair Anlaşma Memorandumu imzalamaqla BP və tərəfdaşları LİM-ə göstərdikləri dəstəyi 2015-ci ilin noyabr ayınadək uzatdılar.
  • BP və tərəfdaşlarının Avropa İttifaqının beyin mərkəzlərindən biri vasitəsilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə makroiqtisadi analiz və proqnozlaşdırma sahəsində texniki yardımı.
  • BP və tərəfdaşlarının gənclərə imkanlar yaradan yeni sahibkarlıq mərkəzi layihəsi. Mərkəz Gəncə peşə təlimi mərkəzi daxilində ayrıca biznes və idarəetmə bölümü kimi fəaliyyət göstərir.
  • BP və tərəfdaşlarının süd məhsulları istehsalçılarına dəstək layihələri. İcma-əsaslı bu layihələrin məqsədi kiçik və orta miqyaslı fermerlərə öz istehsal güclərini artırmaqda kömək etməkdir.
  • 2014-cü ilin iyununda öz tərəfdaşları adından çıxış edən BP və UNİCEF planlaşdırılan iri təhsil təşəbbüsü çərçivəsində əməkdaşlıq etmək niyyətində olduqlarını təsdiqləmək üçün Anlaşma Memorandumu imzaladılar. “Təhsil sahəsində tərəfdaşlar” adlı bu layihənin ölkədə yeni təhsil modellərinin yaradılmasına yönəlmiş layihələrin hazırlanması və həyata keçirilməsinə dəstək olması nəzərdə tutulub. Bu Memorandum hər iki tərəfə imkan verir ki, birlikdə digər maraqlı tərəflərlə, o cümlədən Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə yeni effektiv məktəb modellərinin hazırlanması üzərində işləsin. Layihə xüsusən BP-nin əməliyyatçısı olduğu BTC və CQBK boru kəmərləri boyunca yerləşən Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Samux, Goranboy, Şəmkir və Tovuz rayonlarında uşaqların təhsilə cəlb edilməsinə yönəlmiş yeni hərtərəfli məktəb modellərinin yaradılmasını əhatə edir.
  • BP şirkətinin Qafqaz Universitetinin bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, mexanika və sənaye mühəndisliyi də daxil olmaqla üç mühəndislik ixtisasını əhatə etməsinə dəstəyi. Layihənin bir hissəsi olaraq 2009-cu ildə BP kimya mühəndisliyi fakültəsi, 2011-ci ildə isə həmin fakültə üçün tam təchiz edilmiş beş müasir laboratoriya açdı. 2011-ci ildə isə universitetdə mexanika mühəndisliyi fakültəsi açıldı və BP 2013-cü ilin dekabr ayında bu yeni fakültəyə 11 dünya səviyyəli laboratoriya bağışladı.
  • BP şirkətinin biznes sahəsində çalışan jurnalistlərin peşəkarlığını artırmaq və onların beynəlxalq standartlarla işləmək səylərinə kömək məqsədi daşıyan “Biznes jurnalistikası” adlı təlim proqramı. Bu təlim proqramı 12 mütəxəssisə biznes jurnalistikası sahəsində beynəlxalq təcrübə keçməklə regionun qabaqcıl jurnalisti olmaqda yardım edib. Onlar milli biznes jurnalistikasında yeni bir istiqamət yaradıblar və çoxsaylı ardıcılları var. Qabaqcıl jurnalistlərdən ibarət bu qrupa son təlim 2013-cü ilin noyabrında təşkil olunub və sosial media barədə olub.
  • BP-nin Azərbaycanda təhsilin inkişafına dəstəyinin bir hissəsi olaraq 2007-ci ildən bəri həyata keçirdiyi illik xüsusi mükafat proqramı. Bu proqram neft-qaz mühəndisliyi sahəsində ixtisaslaşan ən yaxşı tələbələrə dəstək vermək məqsədi daşıyır. Bu günə qədər BP öz xüsusi mükafatlarını ümumilikdə 400-ə yaxın ən yaxşı tələbəyə təqdim edib.
  • BP-nin Bakı Ali Neft Məktəbində biznes mühazirələri Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək vermək məqsədi daşıyır.
  • İyun ayında BP Bakı 2015 Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaq üçün Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə saziş imzaladı. BP şirkəti ilk dəfə keçiriləcək Avropa Oyunlarının neft və qaz tərəfdaşı olmaqdan qürur duyur, bu tərəfdaşlıq bizə Azərbaycanda yüksək səviyyəli idmançıların yetişdirilməsinə kömək etmək imkanı verəcək. Bu tərəfdaşlıq çərçivəsində BP şirkəti oyunlara ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın medala iddialı olan idmançılarının inkişafını maliyyələşdirməyə də kömək edəcək. Layihə çərçivəsində BP Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin ölkədə peşəkar istedadların aşkar edilməsinə və inkişafına kömək etməyi nəzərdə tutan innovativ “Oyunlar Akademiyası” təşəbbüsü ilə də tərəfdaşdır.

Təqdimat slaydları

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 
Telefon: +994 (0) 12 599 45 57