2014-cü ilin nəticələri

19 fevral 2015

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

2014-cü il ərzində AÇG layihəsinə təqribən 1 milyard dollar əməliyyat məsrəfləri və 2,3 milyard dollar əsaslı məsrəflər xərclənmişdir. 

Hasilat

2014-cü ildə AÇG-nin fəaliyyətində mühüm bir nailiyyət qeyd olundu – Çıraq Neft Layihəsi çərçivəsində ilk neft əldə olundu. Qərbi Çıraq platforması yanvar ayının 28-də öncə qazılmış quyuların birindən hasilata başladı. O vaxtdan bəri Qərbi Çıraq platformasından hasilat artaraq altı quyudan indiki həddinə – gündə təqribən 90 000 bareldən artıq səviyyəyə çatmışdır. 

2014-cü ildə AÇG-də stabil hasilat davam etmişdir. İl ərzində AÇG-dən ümumi hasilat – Çıraq (61 900), Mərkəzi Azəri (156 500), Qərbi Azəri (149 300), Şərqi Azəri (74 200), Dərinsulu Günəşli (145 900) və Qərbi Çıraq (50 200) platformalarından birlikdə – gündə orta hesabla 638 000 barel (b/g) və ya ümumilikdə 233 milyon barel, yəni təqribən 31,5 milyon ton təşkil edib. 

İlin sonunda bizim ümumilikdə AÇG-də 84 neft hasilat quyumuz və 39 qaz və su injektor quyumuz istismarda idi. 

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq, 31 oktyabr – 27 noyabr tarixində Mərkəzi Azəri platformasında planlaşdırılmış profilaktik işlər həyata keçirilmişdir. Bu cür işlər platformalardakı qurğu və avadanlıqların indiyədək AÇG-də əldə edilmiş ümumi yüksək səmərəliliyini təmin etməyin mühüm hissəsidir.

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

2014-cü ildə AÇG-də 14 neft hasilat quyusu, 4 suvurma və 1 şlamların yenidən laylara vurulması quyusu qazılmışdır. 

Səmt qazı

2014-cü il ərzində AÇG Dərinsulu Günəşli platformasından hasil edilən səmt qazını 28 düymlük sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına və oradan da ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. 

Azəridəki üç platformadan – Mərkəzi, Qərbi və Şərqi Azəridən, səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə Mərkəzi Azəridəki kompressor və suvurma platformasına göndərilmiş və oradan da onun bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə Səngəçal terminalına nəql edilmişdir. 

Qərbi Çıraqdan hasil edilən səmt qazının böyük hissəsi də Səngəçal terminalına göndərilmişdir. 

Çıraq platformasından hasil edilmiş səmt qazının əksər hissəsi mövcud 16 düymlük sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. 2014-cü ildə BP buxarlanan qaz kompressorları və boru kəmərləri üçün planlaşdırılmış işləri başa çatdırmışdır. Bu isə Çıraq platformasında məşəldə yandırılan qaz həcminin xeyli azalmasına imkan vermişdir. 

2014-cü ildə AÇG-dən ARDNŞ-yə gündə orta hesabla 7,55 milyon kubmetr, ümumilkdə isə il üçün 2,76 milyard kubmetr səmt qazı verilmişdir. 

İxrac əməliyyatları

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur.

2014-cü il ərzində terminal 298,5 milyon bareldən artıq neft, o cümlədən 260 milyon bareldən artıq  Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, təqribən 31,4 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təqribən 5,3 milyon barel dəmir yolu vasitəsilə və 1,84 milyon barel kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir. 

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

2014-cü ildə BTC üzrə əməliyyat xərclərinə 0,2 milyard dollar, əsaslı xərclərə isə 0,1 milyard dollar xərclənmişdir. 

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.

1 768km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismardadır. O vaxtdan bəri BTC vasitəsilə nəql edilmiş ümümilikdə təxminən 2,1 milyard barel (280 milyon ton) xam neft Ceyhanda 2 793 tankerə yüklənmiş və dünya bazarlarına göndərilmişdir.

Avqust ayında BTC Türkiyənin Ceyhan terminalından 2 milyardıncı barel nefti yola salmağını qeyd etdi.

2014-cü il ərzində BTC vasitəsilə təqribən 34,8 milyon ton (262 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 362 tankerə yüklənib. 

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur. 2014-cü ilin fevral ayında ARDNŞ-nin əməliyyatçısı olduğu Şimal Marşrutu İxrac Boru Kəmərinin axın istiqaməti uğurla dəyişdirildi. Bu, BP ilə ARDNŞ-nin bu boru kəməri boyunca bir neçə obyektin yenidən işə salınması üçün birgə səylərinin nəticəsi idi. Kommersiya razılaşmalarının yekunlaşması Şimal Marşrutu İxrac Boru Kəmərindən neft həcmlərinin BTC vasitəsilə ixracına imkan verdi. 

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Upsrim (6.7%) Statoyl (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

2014-cü il ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 0,4 milyard dollar əməliyyat xərcləri və 3,9 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir.

Hasilat

2014-cü il ərzində Şahdəniz yatağı Azərbaycan (ARDNŞ-yə), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirmişdir. 

İl  ərzində yataqdan 9,9 milyard standart kubmetr qaz və 2,3 milyon ton (18,7 milyon barel) kondensat hasil edilmişdir. 

2014-cü ildə mövcud Şahdəniz qurğularının texniki olaraq daha da optimallaşdırılması hasilat sisteminin gündəlik maksimum gücünü 27,3 milyon standart kubmetrdən 29,5 milyon standart kubmetr səviyyəsinə qaldırıldı. 

Qazma əməliyyatları

2014-cü ildə Şahdəniz mövcud quyuların etibarlılığı və bütövlüyünü gücləndirən bir sıra mühüm quyu işlərini tamamladı və yeni hasilat quyusunun qazılmasına başladı. 

İl ərzində Şahdəniz Mərhələ 2 layihəsinin öncəqazma proqramına dəstək vermək üçün İstiqlal və Heydər Əliyev qazma qurğuları qazma əməliyyatlarını davam etdirdi. Bu iki qazma qurğusu artıq ilk qazın hasilatına hazırlıq çərçivəsində yeddi hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə çatmaq üçün tələb olunan bütün quyuların təhvil verilməsi istiqamətində davam edəcək.

Şahdəniz Mərhələ 2 layihəsi

2014-cü ildə Şahdəniz Mərhələ 2 layihəsi çox yaxşı irəliləyiş edərək bir sıra işlərin vaxtından əvvəl görülməsinə, o cümlədən, tikinti sahələrinin modernizasiya olunması, platformaların üst modulları və dayaq bloklarının, sualtı qurğuların quraşdırılmasına başlanmasına, nail oldu.  

Mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə təxminən 10 milyard dollar dəyərində əsas müqavilələr imzalandı. Azərbaycanda bütün tikinti sahələrində işlər başlandı.

Azərbaycanda bütün əsas müqavilələr üzrə tikinti işlərinə artıq 9 500-dək işçi cəlb olunub və onların 90%-i Azərbaycan vətəndaşlarıdır.

20 sentyabr tarixində Bakı şəhəri yaxınlığında yerləşən Səngəçal terminalında Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi keçirildi. Bu, nəhəng Şahdəniz yatağından hasil ediləcək ildə 16 milyard kubmetr qazın təxminən 3 500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql edilməsinə imkan verəcək Şahdəniz Mərhələ 2 layihəsinin həyata keçirilməsində əlamətdar bir hadisə idi.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (operator – 28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), Statoyl (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

2014-cü ildə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 50 milyon dollar əməliyyat xərcləri və 0,9 milyard dollar əsaslı xərclər sərf edilib. 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. 

2014-cü il ərzində CQBK-nın gündəlik orta ötürücülüyü 18 milyon 286 min kubmetr qaz olmuşdur.

CQBK-nın genişləndirilməsi (CQBKG) layihəsi

2014-cü ildə CQBKG layihəsi üzrə müqavilələrin bağlanması davam etmişdir. Əsas müqavilələrin əksəriyyəti imzalanmışdır, Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu işlər artıq başlamışdır. Tikinti üçün boruların gətirilməsi 2014-cü ildə başlayıb və bu daşımalar 2015-ci il ərzində və 2016-cı ilin əvvəllərinə qədər davam edəcək. Ümumilikdə, 19 partiyada  40 000-dən çox boru hissəsi  gətiriləcək.

Bu günə qədər görülmüş əsas işlər bunlardır:
  • Azərbaycanda boru kəmərinin ilk 200km-lik hissəsi üçün torpaq sahələri alınmışdır
  • Gürcüstanda 1-ci kompressor stansiyasının tikintisi başlanmışdır
CQBKG layihəsi üzrə fəaliyyətlər 2015-ci il ərzində davam edəcək, o cümlədən Azərbaycan və Gürcüstanda boru kəmərinin tikintisi başlayacaq.

Geoloji-kəşfiyyat

Biz 2014-cü ildə Şəfəq-Asiman üzrə məlumatların təhlilini başa çatdırdıq və seysmik məlumatların interpretasiyasına başladıq ki, bunun tamamlanması üçün təqribən 18 ay tələb olunur. Bundan sonra ilk kəşfiyyat quyusunun planlaşdırılması üçün də əlavə bir il vaxt tələb olunur.

2014-cü ildə həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında ARDNŞ ilə yeni müqavilə imzaladıq.

İşçi heyətimiz

2014-cü ilin axırına BP şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 992 nəfər idi. Şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 86%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir. 

2014-cü ildə BP yerli mütəxəssislərə təlimlərin keçirilməsini diqqətdə saxlamağa, o cümlədən Səngəçaldakı Xəzər texniki təlim mərkəzində (XTTM) yerli texniklərin hazırlanmasına davam edib. Mövcud olduğu 10 il ərzində XTTM BP-nin əməliyyatçısı olduğu obyektlər üçün təqribən 900 yerli texnikə təlim keçib. Bu yüksək ixtisaslı texniklər BP-nin həm dəniz, həm də quruda əməliyyatçısı olduğu obyektlərin təhlükəsiz və etibarlı şəkildə idarə edilməsində çox mühüm rol oynayırlar. 

BP şirkəti həmçinin yerli mühəndislər üçün dünya səviyyəli “Neft-qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramı”nı (NİMTP) uğurla həyata keçirir. NİMTP milyonlarla dollar dəyərində bir təlim proqramı olaraq azərbaycanlı neft-qaz ixtisaslı məzunlar üçün nəzərdə tutulub və BP şirkətinə gələn gənc mühəndislərin qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır.

Bundan əlavə, BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilərin isə artıq 100%-i yerli vətəndaşlardır. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir. 

Davamlı inkişaf təşəbbüsləri

Xəzərdə BP-nin əməliyyatçısı olduğu layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP mühüm davamlı inkişaf təşəbbüsləri həyata keçirməyə davam edir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2014-cü il ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda 5,87 milyon dollar xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 

Bu qəbildən olan təşəbbüslərin bəzi nümunələri bunlardır: 
  • BP və onun tərəfdaşlarının neft və qaz ixtisaslı tələbələr üçün təqaüd proqramı. Bu proqramın məqsədi Türkiyənin Orta Doğu Texniki Universiteti və İstanbul Texniki Universiteti, həmçinin Azərbaycanın Xəzər və Qafqaz universitetlərində mühəndislik və riyaziyyat sahələri üzrə bakalvr və magistr dərəcəsi əldə etmək istəyən azərbaycanlı tələbələrin təhsilinə dəstək verməkdir.
  • BP və onun tərəfdaşlarının ABŞ-ın USAİD təşkilatı və Amerika Ticarət Palatası (AmCham) ilə tərəfdaşlıqda həyata keçirilmiş gənclər üçün ikiillik Biznes Liderliyi Layihəsi. Bu layihənin məqsədi tələbə gəncləri sahibkarlığa və gələcəkdə biznesə rəhbərlik etmək karyerasına hazırlamaqdır. Bunun üçün onlara bir sıra özəl şirkətlərdə təcrübə keçməklə əsl beynəlxalq iş mühitində işləmək imkanı yaradılır. Bu yolla onlar öz biznes idarəçiliyi biliklərini dərs otaqlarının hüdudlarından kənara çıxararaq inkişaf etdirə bilirlər.
  • BP və tərəfdaşlarının icmalarda məktəbəqədər təhsil, ibtidai təhsil və qadınların sahibkarlıq imkanlarının təkmilləşdirilməsinə yönəlmiş layihəsi. Bu layihə vasitəsilə məktəbə hazırlıq üzrə təkmilləşmiş proqramlara, kənd uşaq bağçalarında daha keyfiyyətli xidmətə, yeni ibtidai təhsil kurrikulumunun təkmilləşmiş tətbiqinə və qadınların sahibkarlıq bacarıqlarının inkişafına dəstək verilir. •
  • BP və onun tərəfdaşlarının onlayn ekoloji verilənlər bazası – veb-əsaslı Xəzər Ekoloji İnformasiya Mərkəzi təsis etmək məqsədi daşıyan layihəsi. Bu layihə Xəzər Ekoloji Proqramı çərçivəsində hazırlanıb. www.kaspinfo.net ünvanlı saytdan həm Xəzərin ekologiyası üzrə mərkəzləşdirilmiş məlumat mənbəyi, həm də regionda davamlı inkişaf və ətraf mühitlə əlaqədar fəaliyyətləri təşviq etmək vasitəsi kimi istifadə edilir. •
  • BP və tərəfdaşlarının Azərbaycanda BTC/CQBK boru kəməri boyunca yerli idarəetməni, gənclərin bacarıqlarının inkişafını və ətraf mühit təşəbbüslərini dəstəkləmək məqsədilə Avrasiya Tərəfdaşlıq Fondu ilə qrant sazişi. Bu layihənin məqsədi bələdiyyələrin davamlı inkişafla bağlı yerli problemləri aradan qaldırmaq istiqamətində idarəetmə bacarıqlarını gücləndirməkdən ibarətdir. Layihə həmçinin gənclərin icmalardakı yerli inkişaf və ətraf mühitlə bağlı məsələlərin həllindəki rolunun gücləndirilməsinə yönəlib.
  • • BP və tərəfdaşlarının Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə Azərbaycanda kiçik və orta müəssisələr üçün portal yaratmaq barədə layihəsi. Bu portal – www.biznesinfo.az yerli biznesin öz bacarıqlarını artırmaq, normativ tələbləri, o cümlədən biznesi qeydiyyatdan keçirmək və idarə etmək, icazələrin alınması, əmlakın qeydiyyatdan keçirilməsi, yoxlamalar, hökumət tenderləri üçün rəqabət aparmaq, yerli maliyyə mənbələrinə çıxış əldə etmək və dövlət mühasibat standartlarına riayət etmək sahəsində biliklərini gücləndirmək səylərinə dəstək olaraq onları lazımi məlumatlarla təmin etmək üçündür. Portalın inkişaf və təlim komponentləri də var. •
  • BP-nin öz tərəfdaşları adından təşkil etdiyi “Alıcı ilə tanış ol” tədbirləri. Bu tədbirlər BP və onun tərəfdaşlarının yerli şirkətlərə öz bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etməklə onların BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq barədə öhdəliyinin bir hissəsidir. Üçüncü “Alıcı ilə tanış ol” tədbiri 2014-cü ilin iyununda 21-ci Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirildi. •
  • BP və onun tərəfdaşlarının Azərbaycanda qurduğu Layihələri İdarəetmə Məktəbi (LİM). Bu layihə özəl və ictimai sektoru təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Bu günədək məktəbin iki uğurlu buraxılışı olub. Ümumilikdə məktəb layihə idarə edilməsi üzrə dünyada tanınmış təlim kurrikulumu əsasında 98 özəl və dövlət təşkilatının 300 nümayəndəsinə təlim verib. 2014-cü ilin mart ayında təşəbbüsün müddətinin uzadılmasına dair Anlaşma Memorandumu imzalamaqla BP və tərəfdaşları LİM-ə göstərdikləri dəstəyi 2015-ci ilin noyabr ayınadək uzatdılar. •
  • BP və tərəfdaşlarının Avropa İttifaqının beyin mərkəzlərindən biri vasitəsilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə makroiqtisadi analiz və proqnozlaşdırma sahəsində texniki yardımı. •
  • BP və tərəfdaşlarının gənclərə imkanlar yaradan yeni sahibkarlıq mərkəzi layihəsi. Mərkəz Gəncə peşə təlimi mərkəzi daxilində ayrıca biznes və idarəetmə bölümü kimi fəaliyyət göstərir. •
  • BP və tərəfdaşlarının süd məhsulları istehsalçılarına dəstək layihələri. İcma-əsaslı bu layihələrin məqsədi kiçik və orta ölçülü fermer təsərrüfatlarına öz istehsal güclərini artırmaqda kömək etməkdir. •
  • 2014-cü ilin iyununda öz tərəfdaşları adından çıxış edən BP və UNİCEF planlaşdırılan iri təhsil təşəbbüsü çərçivəsində əməkdaşlıq etmək niyyətində olduqlarını təsdiqləmək üçün Anlaşma Memorandumu imzaladılar. “Təhsil sahəsində tərəfdaşlar” adlı bu layihənin ölkədə yeni təhsil modellərinin yaradılmasına yönəlmiş layihələrin hazırlanması və həyata keçirilməsinə dəstək olması nəzərdə tutulub. Bu Memorandum hər iki tərəfə imkan verir ki, birlikdə digər maraqlı tərəflərlə, o cümlədən Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə yeni effektiv məktəb modellərinin hazırlanması üzərində işləsin. Layihə xüsusən BP-nin əməliyyatçısı olduğu BTC və CQBK boru kəmərləri boyunca yerləşən Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Samux, Goranboy, Şəmkir və Tovuz rayonlarında uşaqların təhsilə cəlb edilməsinə yönəlmiş yeni hərtərəfli məktəb modellərinin yaradılmasını əhatə edir.
  • BP şirkətinin Qafqaz Universitetinin bakalavr proqramını genişləndirərək kimya, mexanika və sənaye mühəndisliyi də daxil olmaqla üç mühəndislik ixtisasını əhatə etməsinə dəstəyi. Layihənin bir hissəsi olaraq 2009-cu ildə BP kimya mühəndisliyi fakültəsi, 2011-ci ildə isə həmin fakültə üçün tam təchiz edilmiş beş müasir laboratoriya açdı. 2011-ci ildə isə universitetdə mexanika mühəndisliyi fakültəsi açıldı və BP 2013-cü ilin dekabr ayında bu yeni fakültəyə 11 dünya səviyyəli laboratoriya bağışladı.
  • BP şirkətinin biznes sahəsində çalışan jurnalistlərin peşəkarlığını artırmaq və onların beynəlxalq standartlarla tanış olmasına kömək məqsədi daşıyan “Biznes jurnalistikası” adlı təlim proqramı. Bu təlim proqramı 12 mütəxəssisə biznes jurnalistikası sahəsində beynəlxalq təcrübə keçməklə regionun qabaqcıl jurnalistləri olmaqda yardım edib. Onlar milli biznes jurnalistikasında yeni bir istiqamət yaradıblar və çoxsaylı ardıcılları var. Qabaqcıl jurnalistlərdən ibarət bu qrup üçün 2013-cü ilin noyabrında təşkil olunmuş son təlim sosial media barədə olub.
  • BP-nin Azərbaycanda təhsilin inkişafına dəstəyinin bir hissəsi olaraq 2007-ci ildən bəri həyata keçirdiyi illik xüsusi mükafat proqramı. Bu proqram neft-qaz mühəndisliyi sahəsində ixtisaslaşan ən yaxşı tələbələrə dəstək vermək məqsədi daşıyır. Bu günə qədər BP öz xüsusi mükafatlarını ümumilikdə 400-ə yaxın ən yaxşı tələbəyə təqdim edib.
  • BP-nin Bakı Ali Neft Məktəbində biznes mühazirələri Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək vermək məqsədi daşıyır. BP-nin mütəxəssisləri və rəhbər işçilərinin bu ali məktəbdə keçirdiyi silsilə mühazirələrdən əlavə 2014-cü ilin dekabrında şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbinin müəllim və tələbə heyəti ilə görüşüb, öz təcrübəsini bölüşüb, həmçinin BP-nin əməliyyatları və planları barədə məlumat verib.
  • BP Bakı 2015 Avropa Oyunlarının rəsmi tərəfdaşıdır. Bu, BP şirkətinə Azərbaycanda yüksək səviyyəli idmançıların yetişdirilməsinə kömək etmək imkanı verəcək. Bu tərəfdaşlıq çərçivəsində BP şirkəti oyunlara ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın medala iddialı olan idmançılarının inkişafını maliyyələşdirməyə də kömək edəcək. Bundan başqa, layihə çərçivəsində BP peşəkar bacarıqların davamlı irsinin yaradılmasını dəstəkləyən innovativ “Bakı 2015 Oyunlar Akademiyası” təşəbbüsünün eksklüziv rəsmi tərəfdaşıdır. Bu təşəbbüs Azərbaycan və Avropa universitetlərini bitirmiş məzunların daxil olduğu yerli heyət üzvlərini yetişdirərək, onları çoxsaylı idman növlərini əhatə edən mötəbər tədbirlərin səmərəli şəkildə keçirilməsinə hazırlamaq və eləcə də gələcək karyeralarında onlara kömək edəcək səriştələrini inkişaf etdirmək məqsədi daşıyır.
  • BP ARDNŞ ilə həm də yerli işçi qüvvəsinin inkişaf etdirilməsi və insan resursları sahəsində əməkdaşlıq edir. Bu iki şirkət nef-qaz sənayesi ilə əlaqədar istiqamətlər üzrə ixtisaslaşan azərbaycanlı kadrlar üçün təlim və inkişaf imkanlarının yaradılması sahəsində birgə işlərini davam etdirir. Bu öhdəlik çərçivəsində BP şirkəti Səngəçal terminalı yaxınlığındakı Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan 90-a yaxın yerli icma nümayəndərlərinin peşə və texniki təliminə dəstək verir.

Təqdimat slaydları

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 
Telefon: +994 (0) 12 599 45 57