2015-ci ilin ilk üç rübünün nəticələri

30 noyabr 2015

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

2015-ci ilin ilk üç rübü ərzində AÇG layihəsinə təqribən 570 milyon dollar əməliyyat məsrəfləri və 1,5 milyard dollar əsaslı məsrəflər xərclənmişdir. 

Hasilat

Birinci üç rübdə AÇG-də stabil hasilat davam etmişdir. Doqquz ay ərzində AÇG-dən ümumi hasilat – Çıraq (54 000), Mərkəzi Azəri (156 000), Qərbi Azəri (110 000), Şərqi Azəri (72 000), Dərinsulu Günəşli (141 000) və Qərbi Çıraq (107 000) platformalarından birlikdə – gündə orta hesabla 640 000 barel və ya ümumilikdə 175 milyon barel, yəni 24 milyon ton təşkil edib. 

Birinci üç rübün sonunda AÇG-də ümumilikdə 88 neft hasilat quyusu və 42 qaz və su injektor quyusu istismarda idi.

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

2015-ci ilin birinci üç rübündə AÇG-də 13 neft hasilat quyusu və bir suvurma quyusu qazılmışdır.

Səmt qazı

Birinci üç rübdə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları” vasitəsilə gündə orta hesabla 9,8 milyon kubmetr, ümumilkdə isə 2,7 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Səngəçal terminalı

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir. 

Birinci üç rüb ərzində terminal 224 milyon bareldən artıq neft və kondensat, o cümlədən təqribən 198 milyon Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 23,6 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), 2,2 milyon barel dəmir yolu vasitəsilə və 0,9 milyon barel kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Birinci üç rübdə terminaldan həmçinin gündəlik orta hesabla 26,1 milyon standart kub metr (923 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir

Birinci üç rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 106 milyon dollar, əsaslı xərclərə isə 32 milyon dollar xərclənmişdir. 

1768km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  bəri bu boru kəməri vasitəsilə ümümilikdə təxminən 2,3 milyard barel (307 milyon ton) xam neft nəql edilmiş və Ceyhanda 3026 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Üç rüb ərzində BTC vasitəsilə təqribən 26,3 milyon ton (198 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 275 tankerə yüklənib. 

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

Birinci üç rüb ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 370 milyon dollar əməliyyat xərcləri və 3,37 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir.

Hasilat

2015-ci ilin birinci üç rübü ərzində Şahdəniz yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirmişdir. 

Bu dövr ərzində yataqdan 7,2 milyard standart kubmetr qaz və 1,66 milyon ton (təqribən 13,4 milyon barel) kondensat hasil edilmişdir. 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10 milyard kubmetrdir. 

Şahdəniz layihəsinin illik iş proqramının bir hissəsi olaraq avqust ayında Şahdəniz platformasının, həmçinin Səngəçal terminalındakı Şahdəniz qurğularının  planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirildi.   

Plana əsasən Şahdəniz platformasından hasilat təxminən 20 gün ərzində dayandırıldı ki, nəzərdə tutulmuş profilaktik işlər, inspeksiya və layihə işləri effecktiv şəkildə aparıla bilsin. Təhlükəsiz şəkildə başa çatdırılan bu proqram Şahdəniz obyektlərinin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan hasilat və ixrac əməliyyatlarını davam etdirə bilməsi üçün planlaşdırılmışdı.

Qazma əməliyyatları

Üçüncü rübdə mövcud Şahdəniz Mərhələ 1 platformasında SDA08 hasilat quyusu üzərində qazma əməliyyatları davam etmiş və SDA07  quyusunda da işlər aparılmışdır.

İyul ayında İstiqlal qazma qurğusu sertifikasiya və yenidənqurma üçün tərsanəyə gətirilib, Heydər Əliyev qazma qurğusu isə Şahdəniz Mərhələ 2 layihəsinin öncəqazma proqramına dəstək vermək üçün SDD04 quyusunda qazma əməliyyatlarını davam etdirib. 

Bu iki qazma qurğusu artıq ilk qazın hasilatına və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində səkkiz hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Şahdəniz Mərhələ 2 layihəsi

2015-ci il yanvar-sentyabr ayları ərzində Şahdəniz Mərhələ 2 irəliləyişə davam edərək bir sıra hədəflərə qrafikdən əvvəl nail oldu. 

Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 50% tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.  

Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir. 

Üçüncü rübdə layihə daha bir mühüm irəliləyişə nail olub – Bakı Gəmiqayırma zavodunda inşa edilən “Xankəndi” sualtı tikinti gəmisi üçün  iki iri gövdə seksiyası Sinqapurdan yola salınıb. Bu seksiyaların çəkisi ümimilikdə 10800 ton, uzunluğu 140 metr, eni 16 metr, hündürlüyü isə 17 metrdir. İnşası bitdikdən sonra bu yeni gəmi Şahdəniz 2 sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək.

Azərbaycanda 18000-dən çox insan artıq bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub və onların 85%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%) və TPAO (19%).

Birinci üç rübdə  CQBK ilə bağlı fəaliyyətlərə təqribən 32 milyon dollar əməliyyat xərcləri və 835 milyon dollar əsaslı xərclər sərf edilib. 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. 

İlk doqquz ay ərzində CQBK-nin gündəlik orta ötürücülüyü 17,8 milyon kubmetr qaz olmuşdur.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

CQBK-nin genişləndirilməsi (CQBKG) layihəsi

2015-ci ilin birinci üç rübü ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu davam etmişdir. Boru seqmentlərinin saxlama sahələrinə gətirilməsi davam edib və Azərbaycan hissəsi üçün lazım olan boruların artıq yarıdan  çoxu sahələrdədir.

İyun ayının sonunda Azərbaycanda kəmər xəttinin inşasının başlanmasından bəri tikinti işləri artmaqda davam etmişdir. Təqribən 61km uzunluğunda borular artıq qaynaq edilib, 2km isə qrafiki qabaqlayaraq tikinti sahəsi boyunca düzülüb.

Bu günə qədər əldə olunmuş digər nailiyyətlərə aşağıdakılar daxildir:
  • Azərbaycanda boru kəməri marşrutu boyunca torpaq sahələrinin əldə olunması 99,7% başa çatıb.
  • Gürcüstanda kəmər xəttinin inşasına iyul ayında başlanıb.
  • Gürcüstanda 1-ci və 2-ci kompressor stansiyasının və təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi davam edir.

Geoloji kəşfiyyat

Şəfəq-Asiman üzrə seysmik məlumatların interpretasiyası bu ilin birinci yarısında başa çatdıqdan sonra ilk kəşfiyyat quyusunun planlaşdırılması işlərinə başlanmışdır. Bu işlər üçün də əlavə bir il vaxt tələb olunur.

Abşeron yarımadasının ətrafındakı dayazsulu sahələr üzrə hazilatın pay bölgüsü sazişi bu ilin  may ayında ratifikasiya olandan sonra həmin müqavilə sahəsində 3-ölçülü seysmik tədqiqat proqramının həyata keçirilməsi üçün hazırlıq işlərinə başlanmışdır.

İşçi heyətimiz

Üçüncü rübün axırına BP şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 865 nəfər idi. Şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir. 

BP yerli mütəxəssislərə təlimlərin keçirilməsini daim diqqətdə saxlayır. O cümlədən, Xəzər texniki təlim mərkəzində (XTTM) yerli texniklərin hazırlanması işləri davam edir. Mövcud olduğu 10 il ərzində XTTM BP-nin əməliyyatçısı olduğu obyektlər üçün 1 000-dən çox yerli texnikə təlim keçib. Bu yüksək ixtisaslı texniklər BP-nin həm dəniz, həm də quruda əməliyyatçısı olduğu obyektlərin təhlükəsiz və etibarlı şəkildə idarə edilməsində çox mühüm rol oynayırlar. 

BP şirkəti həmçinin dünya səviyyəli “Neft-qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramı” (NİMTP) vasitəsilə yerli mühəndislərin təlimini davam etdirir. NİMTP milyonlarla dollar dəyərində bir təlim proqramı olaraq azərbaycanlı neft-qaz ixtisaslı məzunlar üçün nəzərdə tutulub və BP şirkətinə gələn gənc mühəndislərin ixtisaslarının artırılmasına dəstək vermək məqsədi daşıyır.

Bundan əlavə, BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir. 

Davamlı inkişaf təşəbbüsləri

Xəzərdə BP-nin əməliyyatçısı olduğu layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP mühüm davamlı inkişaf təşəbbüsləri həyata keçirməyə davam edir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2015-ci ilin birinci üç rübü ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda 4,52 milyon dollar xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 

Bu qəbildən olan təşəbbüslərin bəzi nümunələri bunlardır: 
  • BP və onun tərəfdaşlarının “Sahibkarlığın İnkişafı və Təlim Proqramı” (SİTP). Bu çox milyon dollarlıq layihə yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram BP və onun tərəfdaşlarının Azərbaycandakı müqavilələrində yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək barədə öhdəliyinin bir hissəsidir. İlk gündən bu proqram Azərbaycanın iqtisadi bazasının genişlədirilməsi və yerli şirkətlərin həm ölkədaxili bazarda, həm də Xəzər regionunda və daha geniş miqyaslı bazarlarda rəqabət gücünün artırılmasına dəstək verilməsi məqsədinə yönəlib. SİTP yerli şirkətlərin beynəlxalq standartlara çatması və neft və qaz sənayesində təchizat kontraktları üçün rəqabət apara bilməsi üçün gözəl imkandır.
  • BP və onun tərəfdaşlarının Azərbaycanda qurduğu Layihələri İdarəetmə Məktəbi (LİM). Bu layihə özəl və dövlət sektorunu təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. 2014-cü ilin mart ayında təşəbbüsün müddətinin uzadılmasına dair Anlaşma Memorandumu imzalamaqla BP və tərəfdaşları LİM-ə göstərdikləri dəstəyi 2015-ci ilin noyabr ayınadək uzadıblar.
  • BP və onun tərəfdaşları həm də SOCAR-la yerli işçi qüvvəsinin inkişaf etdirilməsi və insan resursları sahəsində əməkdaşlıq edir. Bu şirkətlər neft-qaz sənayesi ilə əlaqədar istiqamətlər üzrə ixtisaslaşan azərbaycanlı kadrlar üçün təlim və inkişaf imkanlarının yaradılması sahəsində birgə işlərini davam etdirir. Bu öhdəlik çərçivəsində BP və tərəfdaşları Səngəçal terminalı yaxınlığındakı Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan 80-ə yaxın yerli icma nümayəndərlərinin peşə və texniki təliminə dəstək verir. BP və tərəfdaşları bu dəstəyi davam etdirməyi palnlaşdırır.
  • BP Bakı 2015 Avropa Oyunlarının rəsmi tərəfdaşı idi. Bu, BP şirkətinə Azərbaycanda yüksək səviyyəli idmançıların yetişdirilməsinə kömək etmək və bir qrup milli idmançıya dəstək vermək imkanı verdi. Bu tərəfdaşlıq çərçivəsində BP şirkəti Azərbaycanın medala iddialı olan idmançılarının inkişafını maliyyələşdirməyə kömək etdi. Bundan başqa, layihə çərçivəsində BP peşəkar bacarıqların davamlı irsinin yaradılmasını dəstəkləyən innovativ “Bakı 2015 Oyunlar Akademiyası” təşəbbüsünün eksklüziv rəsmi tərəfdaşı idi. Bu layıhə haqqında daha ətraflı bp.com/baku2015 saytında oxuya bilərsiniz.
  • BP şirkətinin Qafqaz Universitetinin bakalavr proqramını genişləndirərək kimya, mexanika və sənaye mühəndisliyi də daxil olmaqla üç yeni ixtisas üzrə fakültələrin açılmasına dəstəyi. Layihənin bir hissəsi olaraq 2009-cu ildə BP kimya mühəndisliyi fakültəsi, 2011-ci ildə isə həmin fakültə üçün tam təchiz edilmiş beş müasir laboratoriya açdı. 2011-ci ildə isə universitetdə mexanika mühəndisliyi fakültəsi açıldı və BP 2013-cü ilin dekabr ayında bu yeni fakültəyə 11 dünya səviyyəli laboratoriya bağışladı.
  • BP şirkətinin biznes sahəsində çalışan jurnalistlərin inkişafına və onların beynəlxalq jurnalistika standartlarına bağlanmasına dəstək məqsədi daşıyan “Biznes jurnalistikası” adlı təlim proqramı. Bu təlim proqramı vasitəsilə 12 mütəxəssis biznes jurnalistikası sahəsində beynəlxalq təcrübə qazanıb.
  • BP-nin Bakı Ali Neft Məktəbində biznes mühazirələri Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. BP-nin mütəxəssisləri və rəhbər işçilərinin bu ali məktəbdə keçirdiyi silsilə mühazirələrdən əlavə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbinin müəllim və tələbə heyəti ilə görüşüb, öz təcrübəsini bölüşüb, həmçinin BP-nin əməliyyatları və planları barədə məlumat verib.

Təqdimat slaydları

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 
Telefon: +994 (0) 12 599 45 57