2015-ci ilin birinci yarısının nəticələri

10 avqust 2015

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%)

2015-ci ilin birinci yarısı ərzində AÇG layihəsinə təqribən 359 milyon dollar əməliyyat məsrəfləri və 949 milyon dollar əsaslı məsrəflər xərclənmişdir

Hasilat

Birinci yarımildə AÇG-də stabil hasilat davam etmişdir. Altı ay ərzində AÇG-dən ümumi hasilat – Çıraq (55 000), Mərkəzi Azəri (157 000), Qərbi Azəri (107 000), Şərqi Azəri (71 000), Dərinsulu Günəşli (145 000) və Qərbi Çıraq (106 000) platformalarından birlikdə – gündə orta hesabla 641 000 barel və ya ümumilikdə 116 milyon barel, yəni təqribən 16 milyon ton təşkil edib. 

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq biz may ayında Qərbi Azəri platformasının planlaşdırılmış dayandırılması proqramını həyata keçirdik.   

Plana əsasən may ayında Qərbi Azəri platformasından hasilat təxminən 22 gün ərzində dayandırıldı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın uzun müddət təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçün nəzərdə tutulmiş bu işlər tam təhlükəsiz şəkildə başa çatdırıldı.  

Birinci yarım ilin sonunda AÇG-də ümumilikdə 87 neft hasilat quyusu və 40 qaz və su injektor quyusu istismarda idi.

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

2015-ci ilin birinci yarısında AÇG-də doqquz neft hasilat quyusu və bir suvurma quyusu qazılmışdır.

Səmt qazı

Birinci yarımildə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları” vasitəsilə gündə orta hesabla 11,4 milyon kubmetr, ümumilkdə isə 2,1 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Səngəçal terminalı

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Birinci yarım il ərzində terminal təqribən 154 milyon barel neft və kondensat, o cümlədən təqribən 135 milyon Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 16,3 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təqribən 2,2 milyon barel dəmir yolu vasitəsilə və 0,9 milyon barel kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir. 

Birinci yarım ildə terminaldan həmçinin gündəlik orta hesabla 28,8 milyon standart kub metr (1 milyard 17 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

Birinci yarım il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 73 milyon dollar, əsaslı xərclərə isə 15 milyon dollar xərclənmişdir. 

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.

1 768km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismardadır. O vaxtdan bəri BTC vasitəsilə nəql edilmiş ümümilikdə təxminən 2,23 milyard barel (298 milyon ton) xam neft Ceyhanda təxminən 2 940 tankerə yüklənmiş və dünya bazarlarına göndərilmişdir.

Birinci yarım il ərzində BTC vasitəsilə təqribən 18 milyon ton (135 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 188 tankerə yüklənib. 

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur. 

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%)

Birinci yarım il ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 0,25 milyard dollar əməliyyat xərcləri və 2,26 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir.

Hasilat

2015-ci ilin birinci yarısı ərzində Şahdəniz yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirmişdir. 

Bu dövr ərzində yataqdan 5,2 milyard standart kubmetr qaz və 1,2 milyon ton (təqribən 9,8 milyon barel) kondensat hasil edilmişdir. 

Mövcud Şahdəniz qurğularının maksimum hasilat gücü gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10 milyard kubmetrdir. 

Qazma əməliyyatları

Birinci yarım ildə mövcud Şahdəniz Mərhələ 1 platforması bir hasilat quyusunu –SDA07-ni, tamamlamış və daha bir hasilat quyusunun qazılmasını davam etdirmişdir. İstiqlal və Heydər Əliyev qazma qurğuları isə Şahdəniz Mərhələ 2 layihəsinin öncəqazma proqramına dəstək vermək üçün qazma əməliyyatlarını davam etdirib. İyul ayında İstiqlal qazma qurğusu sertifikasiya və yenidənqurma üçün tərsanəyə gətirilib, Heydər Əliyev qazma qurğusu isə qazma əməliyyatlarını davam etdirir.

Bu iki qazma qurğusu artıq ilk qazın hasilatına və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində səkkiz hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Şahdəniz Mərhələ 2 layihəsi

Birinci yarımildə Şahdəniz Mərhələ 2 qrafik üzrə irəliləyişə davam edərək bir sıra hədəflərə vaxtından əvvəl nail oldu. 

Hazırda layihə sürətlə irəliləyir, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu (BDÖZ) və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər gedir. Xüsusilə də platforma üst modulları və dayaq blokları uyğun olaraq ATA və BDÖZ istehsalat sahələrində qurulur.

Mühüm nailiyyətlərdən biri də layihənin ilk bərkitmə payalarının təhlükəsiz şəkildə daşınaraq quraşdırılması oldu. Platformalar üçün ilk sabit qurğular olan bu səkkiz bərkitmə payası indi dəniz dibində yerləşdirilib.

Layihə artıq mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə təxminən 11 milyard dollar dəyərində əsas müqavilələri imzalayıb. 2018-ci ildə ilk qaz əldə edildikdən sonra yatağın gələcək cinah hissələrinin işlənməsinə dəstək olmaq üçün daha iki müqavilə iyun ayında imzalandı.

Azərbaycanda 15 000-dən çox insan artıq bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub və onların 85%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

Birinci yarımildə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 22 milyon dollar əməliyyat xərcləri və 559 milyon dollar əsaslı xərclər sərf edilib. 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. 

İlk altı ay ərzində CQBK-nin gündəlik orta ötürücülüyü 20,34 milyon kubmetr qaz olmuşdur.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.  

CQBK-nin genişləndirilməsi (CQBKG) layihəsi

2015-ci ilin birinci yarısı ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu davam etmişdir. Boru seqmentlərinin saxlama sahələrinə gətirilməsi davam edib və Azərbaycan hissəsi üçün lazım olan boruların artıq üçdə birindən çoxu sahələrdədir.

Birinci yarımildə əldə olunmuş mühüm bir nailiyyət də iyun ayının sonunda Azərbaycanda kəmər xəttinin inşasının başlanması oldu. O vaxtdan bəri tikinti işləri artmaqda davam etmiş və 10km uzunluğunda boru kəməri artıq qaynaq edilib, daha 7km məsafədə boru seqmentləri vaxtından əvvəl marşrut boyu yerləşdirilib.

Bu günə qədər əldə olunmuş digər nailiyyətlərə aşağıdakılar daxildir:
  • Azərbaycanda boru kəməri marşrutunun ilk 200km boyu torpaq sahələrinin əldə olunması başa çatmışdır. Marşrutun qalan hissəsində torpaq sahələrinin əldə olunması həyata keçirilir.
  • Gürcüstanda 1-ci və 2-ci kompressor stansiyasının və təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi davam edir
  • Gürcüstanda kəmər xəttinin inşasını başlamaq üçün hazırlıq işləri icra olunmaqdadır

Geoloji kəşfiyyat

2015-ci ilin birinci yarısı ərzində BP Şəfəq-Asiman üzrə seysmik məlumatların interpretasiyasını başa çatdırdı. Bu işlərin tamamlanması üçün təqribən 18 ay tələb olundu. Bundan sonra ilk kəşfiyyat quyusunun planlaşdırılması üçün də əlavə bir il vaxt tələb olunur.

Bundan əlavə, BP 2014-cü ilin dekabrında Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında SOCAR-la yeni haziların pay bölgüsü sazişi də imzaladı. Aprel ayının 14-də həmin saziş Milli Məclisdə ratifikasiya olundu. Bu imkan verir ki, BP dünyanın digər yerlərində dayazsulu sahələrdəki təcrübəsindən və təkmilləşmiş texnologiya çözümlərindən istifadə etməklə saziş üzrə öz öhdəliklərini yerinə yetirməyə başlasın.

İşçi heyətimiz

İkinci rübün axırına BP şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 866 nəfər idi. Şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 86%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir. 

BP yerli mütəxəssislərə təlimlərin keçirilməsini daim diqqətdə saxlayır. O cümlədən, Xəzər texniki təlim mərkəzində (XTTM) yerli texniklərin hazırlanması işləri davam edir. Mövcud olduğu 10 il ərzində XTTM BP-nin əməliyyatçısı olduğu obyektlər üçün 1 000-dən çox yerli texnikə təlim keçib. Bu yüksək ixtisaslı texniklər BP-nin həm dəniz, həm də quruda əməliyyatçısı olduğu obyektlərin təhlükəsiz və etibarlı şəkildə idarə edilməsində çox mühüm rol oynayırlar. 

BP şirkəti həmçinin dünya səviyyəli “Neft-qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramı” (NİMTP) vasitəsilə yerli mühəndislərin təlimini davam etdirir. NİMTP milyonlarla dollar dəyərində bir təlim proqramı olaraq azərbaycanlı neft-qaz ixtisaslı məzunlar üçün nəzərdə tutulub və BP şirkətinə gələn gənc mühəndislərin ixtisaslarının artırılmasına dəstək vermək məqsədi daşıyır.

Bundan əlavə, BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir. 

Davamlı inkişaf təşəbbüsləri

Xəzərdə BP-nin əməliyyatçısı olduğu layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP mühüm davamlı inkişaf təşəbbüsləri həyata keçirməyə davam edir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2015-ci ilin birinci yarısı ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda 2,56 milyon dollar xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 

Bu qəbildən olan təşəbbüslərin bəzi nümunələri bunlardır: 
  • BP və onun tərəfdaşlarının “Sahibkarlığın İnkişafı və Təlim Proqramı” (SİTP). Bu çox milyon dollarlıq layihə yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram BP və onun tərəfdaşlarının Azərbaycandakı müqavilələrində yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək barədə öhdəliyinin bir hissəsidir. İlk gündən bu proqram Azərbaycanın iqtisadi bazasının genişlədirilməsi və yerli şirkətlərin həm ölkədaxili bazarda, həm də Xəzər regionunda və daha geniş miqyaslı bazarlarda rəqabət gücünün artırılmasına dəstək verilməsi məqsədinə yönəlib. SİTP yerli şirkətlərin beynəlxalq standartlara çatması və neft və qaz sənayesində təchizat kontraktları üçün rəqabət apara bilməsi üçün gözəl imkandır. BP və tərəfdaşları bu dəstəyin bir hissəsi kimi “Alıcı ilə tanış ol” tədbirlərini də təşkil edir. Bu tədbirlər yerli şirkətlərə öz bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və öz potensial müştəriləri ilə əlaqələr yaratmaq üçün əlavə imkanlar yaradır. Bundan əlavə, bir neçə il ərzində BP və onun tərəfdaşları bir qrup ən uğurlu iş qurmuş yerli şirkətlərin Bakıda keçirilən beynəlxalq “Xəzər Neft və Qaz Sərgisi”ndə iştirakına da sponsorluq etmişdir.
  • BP və onun tərəfdaşlarının Azərbaycanda qurduğu Layihələri İdarəetmə Məktəbi (LİM). Bu layihə özəl və dövlət sektorunu təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. 2014-cü ilin mart ayında təşəbbüsün müddətinin uzadılmasına dair Anlaşma Memorandumu imzalamaqla BP və tərəfdaşları LİM-ə göstərdikləri dəstəyi 2015-ci ilin noyabr ayınadək uzadıblar.
  • BP öz tərəfdaşları adından UNİCEF-lə planlaşdırılan iri bir təhsil təşəbbüsü çərçivəsində əməkdaşlıq etmək niyyətində olduqlarını təsdiqləmək üçün Anlaşma Memorandumu imzalayıb. “Təhsil sahəsində tərəfdaşlar” adlı bu layihənin ölkədə yeni təhsil modellərinin yaradılmasına yönəlmiş layihələrin hazırlanması və həyata keçirilməsinə dəstək olması nəzərdə tutulub. Bu Memorandum hər iki tərəfə imkan verir ki, birlikdə digər maraqlı tərəflərlə, o cümlədən Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə yeni effektiv məktəb modellərinin hazırlanması üzərində işləsinlər. Layihə xüsusən BP-nin əməliyyatçısı olduğu BTC və CQBK boru kəmərləri boyunca yerləşən Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Samux, Goranboy, Şəmkir və Tovuz rayonlarında uşaqların təhsilə cəlb edilməsinə yönəlmiş yeni hərtərəfli məktəb modellərinin yaradılmasını əhatə edir.
  • BP Bakı 2015 Avropa Oyunlarının rəsmi tərəfdaşı idi. Bu, BP şirkətinə Azərbaycanda yüksək səviyyəli idmançıların yetişdirilməsinə kömək etmək və bir qrup milli idmançıya dəstək vermək imkanı verdi. Bu tərəfdaşlıq çərçivəsində BP şirkəti Azərbaycanın medala iddialı olan idmançılarının inkişafını maliyyələşdirməyə kömək etdi. Bundan başqa, layihə çərçivəsində BP peşəkar bacarıqların davamlı irsinin yaradılmasını dəstəkləyən innovativ “Bakı 2015 Oyunlar Akademiyası” təşəbbüsünün eksklüziv rəsmi tərəfdaşı idi. Bu layıhə haqqında daha ətraflı bp.com/baku2015 saytında oxuya bilərsiniz.
  • BP şirkətinin Qafqaz Universitetinin bakalavr proqramını genişləndirərək kimya, mexanika və sənaye mühəndisliyi də daxil olmaqla üç mühəndislik ixtisasını əhatə etməsinə dəstəyi. Layihənin bir hissəsi olaraq 2009-cu ildə BP kimya mühəndisliyi fakültəsi, 2011-ci ildə isə həmin fakültə üçün tam təchiz edilmiş beş müasir laboratoriya açdı. 2011-ci ildə isə universitetdə mexanika mühəndisliyi fakültəsi açıldı və BP 2013-cü ilin dekabr ayında bu yeni fakültəyə 11 dünya səviyyəli laboratoriya bağışladı
  • BP həm də SOCAR-la yerli işçi qüvvəsinin inkişaf etdirilməsi və insan resursları sahəsində əməkdaşlıq edir. Bu iki şirkət neft-qaz sənayesi ilə əlaqədar istiqamətlər üzrə ixtisaslaşan azərbaycanlı kadrlar üçün təlim və inkişaf imkanlarının yaradılması sahəsində birgə işlərini davam etdirir. Bu öhdəlik çərçivəsində BP şirkəti Səngəçal terminalı yaxınlığındakı Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan 90-a yaxın yerli icma nümayəndərlərinin peşə və texniki təliminə dəstək verir.
  • BP şirkətinin biznes sahəsində çalışan jurnalistlərin peşəkarlığını artırmaq və onların beynəlxalq standartlarla tanış olmasına kömək məqsədi daşıyan “Biznes jurnalistikası” adlı təlim proqramı. Bu təlim proqramı 12 mütəxəssisə biznes jurnalistikası sahəsində beynəlxalq təcrübə keçməklə regionun qabaqcıl jurnalistləri olmaqda yardım edib. Onlar milli biznes jurnalistikasında yeni bir istiqamət yaradıblar və çoxsaylı ardıcılları var
  • BP-nin Bakı Ali Neft Məktəbində biznes mühazirələri Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək vermək məqsədi daşıyır. BP-nin mütəxəssisləri və rəhbər işçilərinin bu ali məktəbdə keçirdiyi silsilə mühazirələrdən əlavə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbinin müəllim və tələbə heyəti ilə görüşüb, öz təcrübəsini bölüşüb, həmçinin BP-nin əməliyyatları və planları barədə məlumat verib.

Təqdimat slaydları

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 
Telefon: +994 (0) 12 599 45 57