2016-cı ilin nəticələri

20 fevral 2017

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  

2016-cı ildə AÇG layihəsinə təqribən 503 milyon dollar əməliyyat məsrəfləri və 1,45 milyard dollar əsaslı məsrəflər xərclənmişdir.

Hasilat

2016-cı il ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl ərzində AÇG-dən ümumi hasilat – Çıraq (54 000), Mərkəzi Azəri (144 000), Qərbi Azəri (114 000), Şərqi Azəri (72 000), Dərinsulu Günəşli (126 000) və Qərbi Çıraq (120 000) platformalarından birlikdə – gündə orta hesabla 630 000 barel və ya ümumilikdə 230 milyon bareldən artıq, yəni 31,1 milyon tondan artıq təşkil edib.

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq 2016-cı ildə iki planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirildi - sentyabr ayında Dərinsulu Günəşli və noyabr ayında Şərqi Azəri platformasında.  

Plana əsasən Dərinsulu Günəşli platformasından hasilat sentyabr ayında 11 gün ərzində, Şərqi Azəridə isə noyabr ayında 12 gün ərzində dayandırıldı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformaların təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu işlər tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırıldı. 

2016-cı ilin sonunda AÇG-də ümumilikdə 100 neft hasilat quyusu və 49 qaz və su injektor quyusu istismarda idi.   Bu quyulardan 5-i 2016-cı ilin sonuna olan göstəricilərə görə BP-nin dünyadakı 10 ən məhsuldar quyusunun sırasında olub.

 AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

2016-ci il ərzində AÇG-də 15 neft hasilat quyusu, 7 suvurma quyusu və 1 qaz injektor quyusu qazılmışdır.

Səmt qazı

2016-cı ildə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,5 milyon kubmetr, ümumilkdə isə 2,75 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

Səngəçal terminalı

2016-cı ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir. 

2016-cı ildə terminal 286,8 milyon bareldən artıq neft və kondensat, o cümlədən 253,4 milyon bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 30,3 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 3,1 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla 28,9 milyon standart kub metr (1 milyard 21 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), CİECO (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

2016-cı il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 118 milyon dollar, əsaslı xərclərə isə 58 milyon dollar xərclənmişdir. 

1768km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  bəri bu boru kəməri vasitəsilə ümümilikdə təxminən 2,61 milyard barel (349 milyon ton) xam neft nəql edilmiş və Ceyhanda 3425 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

2016-cı ildə BTC vasitəsilə təqribən 33,5 milyon ton (251 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 313 tankerə yüklənib. 

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Şahdəniz

2016-cı il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 118 milyon dollar, əsaslı xərclərə isə 58 milyon dollar xərclənmişdir. 

1768km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  bəri bu boru kəməri vasitəsilə ümümilikdə təxminən 2,61 milyard barel (349 milyon ton) xam neft nəql edilmiş və Ceyhanda 3,425 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

2016-cı ildə BTC vasitəsilə təqribən 33,5 milyon ton (251 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 313 tankerə yüklənib. 

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

2016-cı il ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 469 milyon dollar əməliyyat xərcləri və təqribən 3,7 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir.

Hasilat

2016-cı ildə Şahdəniz yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam etmişdir.

İl ərzində yataqdan 10,7 milyard standart kubmetr qaz və 2,5 milyon ton (təqribən 20 milyon barel) kondensat hasil edilmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

Qazma əməliyyatları

2016-cı ildə Şahdəniz Mərhələ 1-in mövcud platformasında (Alfa) SDA09 qaz hasilatı quyusu qazılmış və hasilata başlamaq üçün təhvil verilmişdir. Bundan sonra isə SDA10 quyusunun dərin hissələrində qazma işlərinə başlanmışdır. Bu işlər hazırda davam edir.

İstiqlal qazma qurğusunda yenidənqurma işləri və istismar sınaqları sentyabr ayının ortalarına başa çatdı. İlin dördüncü rübündə bu qazma qurğusu SDC04 quyusunu tamamladı. Bu da Şah Dəniz 2 layihəsi çərçivəsində tamamlanmış və hasilata hazır vəziyyətə gətirilmiş ilk quyudur. Heydər Əliyev qazma qurğusu SDG02 və SDG04 quyularının məhsuldar lay hissələrini qazmışdır. Hazırda bu qurğuda SDF01 quyusunun üst hissəsində qazma işlərinə başlamaq üçün hazırlıq işləri aparılır.

Bu iki qazma qurğusu artıq Şahdəniz Mərhələ 2-dən hasilatın başlanması  və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 12 hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Şahdəniz Mərhələ 2 layihəsi

2016-cı il ərzində Şahdəniz Mərhələ 2 layihəsinin tikinti işləri uğurla davam etmişdir. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 89%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.  

Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.

Sentyabr ayında layihə mühüm bir hadisəni qeyd etdi - Şahdəniz Mərhələ 2 üçün tikilən iki platformadan birinin dayaq bloku Bakı Dərin Özüllər Zavodundan dənizdə quraşdırılmaq üçün yola salındı. Dayaq blokunun rəsmi yola salma mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev iştirak etdi. Hasilat və Dikborular (HDB) platformasının dayaq blokunun daşınması, suya endirilməsi və yerləşdirilməsi işləri təhlükəsiz şəkildə üçüncü rübün sonunadək, payaların üzərinə quraşdırılması işləri isə noyabr ayında başa çatdırıldı. 

ATA tikinti-quraşdırma sahəsində Şah Dəniz 2 platformasının hər iki üst modulunun tikintisi artıq, demək olar ki, başa çatıb və istismar sınaqları davam edir. Bu modulların dənizə yola salınması və quraşdırılması 2017-ci ilin ikinci və üçüncü rüblərinə planlaşdırılır. 

2016-cı ildə işlərin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları olub.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%) və TPAO (19%).

2016-cı il ərzində CQBK ilə bağlı fəaliyyətlərə təqribən 27 milyon dollar əməliyyat xərcləri və 974 milyon dollar əsaslı xərclər sərf edilib.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. 

2016-cı ildə CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 19.9 milyon kubmetr qaz olmuşdur.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK-nin genişləndirilməsi (CQBKG) layihəsi

2016-cı ildə CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir.

Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam etmişdir -  təqribən 239km uzunluğunda borular artıq qaynaq edilib və 207km boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi istiqamətdə qazma işinin dördü il ərzində tamamlanıb, beşinci işin 2017-ci ilin birinci rübündə başa çatması gözlənilir.

Gürcüstan ərazisində ilin sonunda kəmər xəttinin inşası üzrə tikinti işləri bitmək üzrə idi - 61km uzunluğunda borular qaynaq edilmiş və 51km borunun üstü örtülmüşdü. Şərqi Kür ərazisində tunel tikintisi başa çatıb, boru kəmərinin inşasına isə bu ilin dördüncü rübündə başlanacaq.  

Gürcüstanda hər iki kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında tikinti-quraşdırma işləri davam edib. 1-ci kompressor stansiyasında işlər təqribən 90% tamamlanıb və 2017-ci ildə bitmək planına uyğun irəliləyir. 2-ci kompressor stansiyasında işlər 55%, nəzarət-ölçü stansiyasında isə işlər 80% tamamlanıb və bu stansiyanın da 2017-ci ildə təhvil verilməsi planlaşdırılır.

Geoloji kəşfiyyat

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində 31 may 2016-cı il tarixində başlamış 3-ölçülü seysmik tədqiqat proqramı 27 dekabr tarixində təhlükəsiz şəkildə başa çatdırıldı. Bu tədqiqat 1300 kvadrat kilometr ərazidən 3-ölçülü məlumat əldə olunmasını əhatə etmişdir. Tədqiqat proqramı BP-nin qabaqcıl, patentləşdirilmiş Müstəqil Sinxron Mənbələr (Independent Simultaneous Source with Nodes - ISSNTM) texnologiyası vasitəsilə həyata keçirilib.

İlkin sahədən əldə edilmiş 3-ölçülü məlumatların emalı artıq bitmişdir, digər sahələr üzrə əldə edilmiş məlumatların emalı isə davam edir. Məlumatların tam emalının 2017-ci ilin üçüncü rübündə başa çatması gözlənilir.

Şəfəq-Asiman üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də başlamışdır.

İşçi heyətimiz

2016-cı ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 817 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı daxildir ki, onların 3-ü vitse-prezident vəzifəsinə 2016-cı ildə təyin olunub.

BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir.

Sosial sərmayələr

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2016-cı ildə BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 1,51 milyon dollar xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcəklər.

Bu qəbildən Azərbaycanda həyata keçirilən layihələrin bəzi nümunələri bunlardır:
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək məqsədilə Təhsil Nazirliyi ilə 2016-cı ilin sentyabr ayında başladığı yeni tərəfdaşlıq. Layihə nəticəsində kənd təsərrüfatı sahəsində bir sıra yeni peşə və ixtisasların yaradılacağı və bunun da ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına töhfə verəcəyi gözlənilir. Bu tərəfdaşlıq çərçivəsində BP və onun tərəfdaşları Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsili bazasını gücləndirməyə dəstək olacaqlar. Pilot faza kimi nəzərdə tutulmuş bu bir-illik layihə uğurlu olarsa, bu təcrübənin tətbiqi genişləndirilərək ölkədəki bütün kənd təsərrüfatı peşə məktəblərini əhatə edəcək.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP). Bu çox milyon-dollarlıq layihə yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. BP və tərəfdaşları 2007-ci ilin iyun ayında başlanmış bu proqramı 2016-cı ilin noyabr ayında daha iki il uzatmaq qərarı verdilər.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda açdığı Layihələri İdarəetmə Məktəbi (LİM). Bu layihə özəl və dövlət sektorunu təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Bu günədək məktəbdə 325 layihə meneceri təlim keçərək beynəlxalq sertifikat qazanıb. 2016-cı ildə bu proqram davamlılıq mərhələsinə keçib və proqramın 2017-ci ilin üçüncü rübündən etibarən yerli təlimçilər tərəfindən aparılması planlaşdırılır.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həm də SOCAR-la yerli işçi qüvvəsinin inkişaf etdirilməsi və insan resursları sahəsində əməkdaşlıq edir. Bu şirkətlər neft-qaz sənayesi ilə bağlı sahələr üzrə ixtisaslaşan azərbaycanlı kadrlar üçün təlim və inkişaf imkanlarının yaradılması istiqamətində birgə işləyirlər. Bu öhdəlik çərçivəsində Səngəçal terminalı yaxınlığındakı Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan  yerli icma nümayəndərlərinin SOCAR-ın Qobustandakı Regional Texniki Təlim Mərkəzi vasitəsilə peşə və texniki təliminə dəstək verilir. Bu günədək BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları 126 – 2015-ci ildə 79, 2016-cı ildə 47, yerli icma nümayəndəsinin həmin mərkəzdə təlimini maliyyələşdirmişlər.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) öz obyektlərinin qonşuluğunda yaşayan icmalarda informasiya texnolgiyası (İT) üzrə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu layihənin bir hissəsi olaraq Səngəçal və Ümid qəsəbələrini təmsil edən 50 nəfər CİSCO sertifikatı verən İT təlimi kurslarını bitirmiş və beləliklə öz məşğulluq imkanlarını daha da artırmışlar. 2016-cı ildə bu proqram genişləndirildi və təlimlər boru kəmərləri boyunca yerləşən icmalar da daxil olmaqla çox sayda yeni icmalarda keçirilməyə başladı. Bu yeni təşəbbüsdən 200-ə qədər yerli icma nümayəndəsinin faydalanacağı gözlənilir. Bundan əlavə, CİSCO təlimi kurslarının əvvəlki mərhələsini keçən 23 ən uğurlu məzunu dəstəkləməyə davam edərək onlara qabaqcıl İT bacarıqları öyrənmək və ingilis dili biliklərini inkişaf etdirmək üçün imkanlar yaratmaq da proqrama daxildir. Kursları bitirdikdə onların dünya üzrə  tanınmış CİSCO Sertifikatlı Şəbəkə Əməkdaşı sertifikasiyasa imtahanını verməsi də planlaşdırılır.
  • BP (özünün əməliyyatçısı olduğu Cənubi Qafqaz Boru Kəməri-nin Genişləndirilməsi (CQBKG) layihəsindəki tərəfdaşları adından)  2016-cı ildə boru kəməri marşrutu boyunca yerləşən beş bölgədə - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında, icmaların  bacarıq və bilgilərinin artırılmasına yönəlmiş yeni layihəyə başlamışdır. Bu, CQBKG layihəsinin sosial sərmayə proqramı çərçivəsində həyata keçirilən bir təşəbbüsdür. Layihə icmalarda ingilis dilinin tədris keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Layihə “British Council” tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilir.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) boru kəmərlərinin keçdiyi rayonlarda bir çox uşaq bağçalarını kompüterlərlə təchiz etmək üçün yeni layihə həyata keçirir. Bu layihənin başlıca məqsədi məktəbəqədər yaşlı uşaqlarda idrak bacarıqlarını inkişaf etdirməkdir. Bu günə qədər Qaradağ, Hacıqabul, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında 42 icmaya 316 kompüter bağışlanıb.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə əməkdaşlıq edərək bacarıq və biliklərin artırılması və texniki dəstək vasitəsi ilə miqrasiya strategiyalarını, siyasətini və qanunvericiliyini səmərəli şəkildə həyata keçirmək üçün beynəlxalq qabaqcıl təcrübələrin mənimsənilməsi layihəsinə dəstək verir. Layihədən viza məsələləri ilə məşğul olan dövlət idarələri yararlanır.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda ilk dəfə Böyük Verilənlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzini yaratmışdır. Mərkəz ADA Universitetində yaradılmışdır və onun nəticəsində həmin universitetdə Böyük Həcmli Verilənlərin Təhlili və Verilənlər Elmi üzrə yeni magistr dərəcəsi proqramı da fəaliyyətə başlayacaq ki, bu da verilənlər üzrə mütəxəssislərə və böyük həcmli verilənlər üzrə analitiklərə olan ehtiyacların qarşılanmasına xidmət edəcək. Bu yeni mərkəz həm də dövlət qurumlarının və özəl sektor təmsilçilərinin mərkəzdəki resurslardan istifadəsinə imkan yaratmaqla daha geniş təsir dairəsinə malik olacaq.
  • BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən on bölgədə – Hacıqabul, Kürdəmir, Ağdaş, Ucar, Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz, Ağstafa rayonlarında erkən müdaxilə xidmətlərinin yaradılması üzrə yeni icma layihəsinə başlamışdır. Bu, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsinin sosial sərmayə proqramı çərçivəsində həyata keçirilən bir təşəbbüsdür. Layihənin məqsədi uşaqların inkişafı prosesində erkən müdaxilənin əhəmiyyəti barədə həm icmanın, həm də səhiyyə sektorunun məlumatlılığını artırmaqdır.
  • Mədəni irsə sərmayənin bir hissəsi kimi BP şirkəti 2016-cı ildə virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş tammetrajlı sənədli filmi ictimaiyyətə təqdim etdi. BP-nin “Mənim tanıdığım Vaqif” filminin çəkilişinə göstərdiyi dəstək bu şirkətin Azərbaycan və onun zəngin mədəni irsinin təbliği ilə bağlı uzunmüddətli öhdəliyinin bir hissəsidir. Bu sənədli film Azərbaycanın və dünyanın dahi caz ustalarından biri olan və  musiqi sənətində yeni bir janrın - caz-muğamın banisi Vaqif Mustafazadənin xatirəsinə həsr edilib.
  • BP-nin Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstəyi. Bu tərəfdaşlığın bir hissəsi olaraq BP bir sıra inkişaf və bacarıqların davamlı irsinin yaradılması proqramlarını  maliyyələşdirir və bir qrup milli idmançıya dəstək verir. 2016-cı ildə BP şirkəti Azərbaycanın milli yığmalarına, hər iki milli komitəyə və yeddi seçilmiş milli idmançıya dəstəyini 2020-ci ilədək davam etdirmək məqsədilə öz tərəfdaşlıq müqaviləsini uzadıb.
  • BP-nin Bakı Ali Neft Məktəbində biznes mühazirələri Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. BP-nin mütəxəssisləri və rəhbər işçilərinin bu ali məktəbdə keçirdiyi silsilə mühazirələrdən əlavə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbinin müəllim və tələbə heyəti ilə görüşüb, öz təcrübəsini bölüşüb, həmçinin BP-nin əməliyyatları və planları barədə məlumat verib.

Təqdimat slaydları

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 
Telefon: +994 (0) 12 599 45 57