2019-cu ilin ilk üç rübünün yekunları

5 noyabr 2019

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  

2019-cu ilin birinci üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə 418 milyon dollardan artıq əməliyyat məsrəfləri və 1034 milyon dollara yaxın əsaslı məsrəflər xərclənmişdir.

2019-cu ilin aprel ayında AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (AMŞ) layihəsinə sanksiya verildi. 6 milyard dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma gündəlik 100 000 barelədək neft hasil etmək gücündə layihələndirilmişdir və istismar müddəti ərzində onun 300 milyon barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.

Bu layihə üzrə əsas tikinti-quraşdırma, dəniz və sualtı işlər üzrə müqavilələr bağlanmışdır. Tikinti işləri iyul ayında başlanmış və ilin üçüncü rübü ərzində genişlənməyə davam etmişdir.

Hasilat

2019-cu ilin üçüncü rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (41 000), Mərkəzi Azəri (133 000), Qərbi Azəri (121 000), Şərqi Azəri (92 000), Dərinsulu Günəşli (95 000) və Qərbi Çıraq (59 000) platformalarından birlikdə – gündə orta hesabla 541 000 barel və ya ümumilikdə təqribən 148 milyon barel, yəni 20 milyon ton olub.

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.  

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

Üçüncü rübün sonuna qədər AÇG-də 9 neft hasilat quyusu qazılıb.

Səmt qazı

2019-cu ilin ilk üç rübü ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,7 milyon kubmetrdən artıq, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Səngəçal terminalı

2019-cu ilin ilk üç rübündə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 80 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Üç rüb ərzində terminal 198 milyon bareldən çox neft və kondensat, o cümlədən 178 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 20 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

2019-cu ilin üç rübü ərzində terminaldan həmçinin gündəlik orta hesabla 44 milyon standart kubmetr (təqribən 1 milyard 548 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

Birinci üç rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 95 milyon dollar, əsaslı xərclərə isə təqribən 25 milyon dollar xərclənmişdir.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2019-cu ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 440 milyon ton (3,3 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4307 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Birinci üç rüb ərzində isə BTC vasitəsilə təqribən 24 milyon ton (177 milyon bareldən artıq) xam neft ixrac olunub və bu neft Ceyhanda 222 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

2019-cu ilin üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə 481 milyon dollar əməliyyat xərcləri və 818 milyon dollardan artıq əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Hasilat

Üçüncü rübdə Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.

Doqquz ay ərzində yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə 12,2 milyard standart kubmetr qaz və təqribən 2,6 milyon ton (21 milyon barel) kondensat hasil edilmişdir.

Ötən ilin iyul ayının sonunda Şahdəniz Bravo platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam etmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyard) standart kubmetrdir.

Qazma əməliyyatları

2019-cu ilin birinci yarısında Şahdəniz Alfa platformasından quyu qazılmamışdır, bundan sonra isə qazma qurğusunda profilaktik işlər aparılmağa başlanmışdır.

İstiqlal qazma qurğusu şərq cinahın cənub hissəsində bir, qərb cinahın cənub hissəsində iki, şərq cinahın şimal hissəsində isə bir sualtı quyu tamamlayıb və hazırda həmin hissədə ikinci quyu tamamlama əməliyyatlarını həyata keçirir. Maersk Explorer qurğusu şimal cinahında bir quyunu tam dərinliyinədək,  digər bir quyu lüləsinin isə üst intervalını qazmış və sonra qərb cinahında iki quyunun üst intervalını qazmışdır. Hal hazırda qurğu həmin cinahda bir quyunun alt hissəsində qazma işləri aparır.

Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 16 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu,  şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu və şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

2019-cu ilin üç rübü ərzində CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 33 milyon dollar əməliyyat xərcləri və 28 milyon dollar əsaslı xərclər sərf edilib.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə  təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb. 

2019-cu ilin üç rübü ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 28 milyon kubmetrdən çox olmuşdur.

CQBK-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR Midstream Operations isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

Geoloji kəşfiyyat

Şəfəq-Asiman blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir. Bu ilin sonlarında qazma işlərinə başlanması nəzərdə tutulur. 

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş üç perspektiv yerdə kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Birinci quyunun qazılması işlərinin 2020-ci ilin birinci yarısında başlanması nəzərdə tutulur. 

D230 blokunda 2019-cu ilin noyabr ayında 3-ölçülü seysmik tədqiqat aparılması planlaşdırılır. Əldə edilmiş nəticələrdən asılı olaraq ilk kəşfiyyat quyusunun planlaşdırılmasına da 2020-ci ildə başlanacaq.

İşçi heyətimiz

2019-cu ilin üçüncü rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2524 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Sosial sərmayələr

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2019-cu ilin ilk üç rübü ərzində BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 2,2 milyon dollar xərcləmişlər.

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

Bu qəbildən Azərbaycanda hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır:

  • BP və tərəfdaşları “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” adlı proqramı dəstəkləyir. Bu layihə Azərbaycanda əlilliyi olan şəxslərin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutur. Layihə həmçinin psixoloji məsləhətlər vasitəsilə iştirakçıların öz qabiliyyətlərinə inam hissini gücləndirir. Layihənin birinci fazası 2019-cu ilin yanvar ayında bitdi və bu ilin iyul ayından başlayaraq layihə ikinci fazada davam edir. Bu yeni fazada layihədə 100-dək əilliyi olan səxs iştirak edir. Yeni fazada həmçinin iştirakçıların məşğulluq imkanlarını daha da artırmaq məqsədilə təlim proqramı da genişləndirilmişdir. BP Azərbaycan şirkəti layihənin seçilmiş iştirakçıları üçün xüsusi təcrübə proqramı yaradıb. Onlar beynəlxalq iş mühitində BP-nin təcrübəli əməkdaşlarından yeni bacarıq və biliklər öyrənir və layihədə öyrəndiklərini işə tətbiq edirlər.  
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) milyonlarla dollar dəyərində layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) orta məktəblərdə informasiya texnolgiyası (İT) tədrisinin gücləndirilməsi və bu sahədə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu 3-illik təşəbbüs çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıqda İT təmayüllü məktəblər üçün kurikulum hazırlanır. Bundan əlavə, yeni kurikulumun pilot tətbiqinə başlamaq üçün 25 seçilmiş Bakı məktəbini təmsil edən 50 müəllimə xüsusi təlimlər də keçilib.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) az təminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək məqsədi daşıyan “Gələcəyini qur” layihəsini həyata keçirir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir – akademik biliklər vermək və sosial inteqrasiya. Bu günədək layihənin iştirakçısı olmuş 207 şagirdin 188 nəfəri (təqribən 91%-i) ali məktəblərə daxil olub. Hazırda layihə gələn ilin qəbul imtahanlarına hazırlaşan yeni iştirakçılarla davam edir.
  • BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən və bir sıra digər bölgələr daxil olmaqla 13 rayonda – Hacıqabul, Kürdəmir, Ağdaş, Ucar, Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz, Ağstafa, Ağsu, Qobustan və Şirvan rayonlarında, əvvəlcə yaradılmış erkən müdaxilə xidmətləri yaxınlığında məktəbəqədər təhsil sistemi qurulmasına dəstək verən layihə həyata keçirir. Hazırda layihənin 3-cü fazası həyata keçirilir. 2016-2018-ci illərdə həyata keçirilən 2 faza ərzində 13 rayonda erkən müdaxilə xidməti yaradılmış və işlək vəziyyətə gətirilmiş, üç rayonda məktəbəqədər xidmətin gücləndirilməsi işləri görülmüşdür. Layihə, fəaliyyətdə olan erkən müdaxilə xidmətləri və məktəbəqədər qruplar arasında sinerji yaradaraq inkluziv təhsilin təşviq edilməsinə töhfə verir.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən Yevlax, Goranboy, Samux və Şəmkir rayonlarında ilkin olaraq 100 icma üzvünü əhatə edən yeni gəlir imkanları yaradılması layihəsi həyata keçirir. Bu əsasən həmin fermerlərə arıçılıq və kiçik təsərrüfatçılıq üzrə avadanlıq, təlim və müntəzəm məsləhətlər verməklə yaradılan gəlir imkanlarıdır. “Şirin qızıl” adlanan bu layihə BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən daha iki rayondan – Ağstafa və Tovuz, seçilmiş əlavə 600 nəfər icma üzvünü əhatə etməklə uzadılmışdır. Layihənin 3 il - 2018-2020-ci illər, üçün nəzərdə tutulmuş bu yeni mərhələsi çərçivəsində arıçılığın inkişafı məqsədilə 60000 nektar ağac da əkiləcək. Bu günədək 10000 nektar ağacı artıq əkilmiş və 400 nəfər layihə benefisiarı seçilmişdir.
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Bakı Mühəndislik Universitetində BP və tərəfdaşlarının yaratdığı 11 laboratoriyada kimyəvi eksperimentlərin aparılması üçün materialların alınmasını və yeni avadanlıqların quraşdırılmasını təmin etməklə həmin universitetə dəstəyini davam etdirir. Bundan əlavə, bu dəstəyə Kimya Mühəndisliyi fakültəsi üçün tədris materiallarının ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsi də daxildir. Bu təşəbbüslərdən hər il 400-dən çox tələbənin faydalanacağı gözlənilir.
  • BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) autizm pozuntuları olan şəxslərin müalicəsi sahəsinə beynəlxalq təcrübədə tətbiq edilən yanaşmalardan birini gətirmək məqsədli bir layihəni maliyyələşdirir. Layihə autizm pozuntuları olan şəxslərin cəmiyyətə inteqrasiya etməsinə yardım etmək, onları əsas təhsil sahələrinə yönəltmək, ixtisas və peşələr üzrə iş mühitinə cəlb etmək və ailə həyatına hazırlamaq məqsədləri daşıyır. Bu vaxtadək həyata keçirilmiş fəaliyyətlər çərçivəsində 54 valideynə və mütəxəssisə autizmli şəxslərin innovativ üsullarla müalicəsi barədə 100 saatlıq təlimlər verilib, habelə icmalarda maarifləndirmə və məlumatlandırma proqramları həyata keçirilib.
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) “Uşaqlıq dövründə Sağlamlıq, Təhsil və Sosial İnkişaf (CHED) üzrə baza kursu”nun yaradılmasına yönəlmiş yeni təşəbbüsə dəstək verir. Bu layihə səhiyyə, təhsil və sosial xidmət sektorlarında işləyən mütəxəssislər üçün təlim imkanları təklif etməklə əlilliyi olan uşaqlara və onların ailələrinə göstərilən xidmətin keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Bu məqsədlə Corctaun Universiteti (UAS) tərəfindən sertifikatlaşdırılmış yeni təlim proqramı hazırlanıb. 15 nəfərin iştirakı ilə keçirilmiş birinci təlim kursu aprel-iyul aylarında həyata keçirilib.
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) məktəblərdə təhsilin keyfiyyətinin artırılmasına kömək məqsədilə “Məktəbə Dəstək Layihəsi”ni maliyyələşdirir. Layihə çərçivəsində məktəblərdəki müəllim heyəti və potensial müəllimlər üçün kitab və lüğət daxil olmaqla tədris metodologiyasına dair təlim materiallarının nəşri nəzərdə tutulub.
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) fizioterapiya sahəsində təlimlər verməklə 60 nəfərədək uşaq inkişafı üzrə mütəxəssisin bacarıqlarının təkmilləşdirilməsini nəzərdə tutan layihəyə dəstək verir. Bu mütəxəssislərin ümumilikdə 300 nəfərədək əlilliyi olan uşaqla işləyəcəyi gözlənilir. Digər bir layihə vasitəsilə BP və tərəfdaşları icma əsaslı bir uşaq qayğı mərkəzində xidmətlərin keyfiyyətinin artırılması üçün 30 mütəxəssisin bacarıqlarını inkişaf etdirir.
  •  BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimlərinin və tələbələrinin ingilis dili biliklərini inkişaf etdirməyi nəzərdə tutan “Mühəndislər üçün ingilis dili” layihəsinə dəstək verir. Layihə təhsil potensialının artırılmasına yardım edir, habelə universitetin beynəlxalq əməkdaşlığının genişlənməsinə dəstək verir. 
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsi məqsədi daşıyan bir layihəni dəstəkləyir. Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramını Azərbaycana gətirərək onun ADA Universiteti nəzdində həyata keçirilməsini təmin edir. Altı modul üzrə altı aylıq tədrisdən ibarət proqramda ümumilikdə layihə müddəti ərzində 108 nəfərədək iştirakçını əhatə etməklə altı qrupun olması planlaşdırılır. İlk iki modul üzrə dərslər bu ilin sentyabr ayında başlanmışdır. Layihənin təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbi tərəfindən sertifikatlaşdırılıb və dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilat olan “Duke Corporate Education” (Duke CE) tərəfindən hazırlanmış biznes təhsili üzrə dünya səviyyəli kurikuluma əsaslanır. Bu layihə biznes idarəetmə təhsili üzrə ölkədəki cari tələbatı qarşılamağa və bu sahədə yerli təşkilatların rastlaşdığı çətinlikləri aradan qaldırmağa kömək etmək üçün nəzərdə tutulub.

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2019-cu ilin ilk üç rübü ərzində 0,7 milyon dollar vəsait xərcləmişdir. Bu layihələr aşağıdakılardır: 

  • BP davamlılıq və tədarük-təchizatın idarə edilməsi; insan resurslarının idarə olunması; media və kütləvi kommunikasiyalar; bank işi və maliyyə bazarları; marketinqin prinsipləri; menecmentin əsasları; sosial işlərdə etik dəyərlər barədə 10 akademik dərsliyin ingilis dilindən Azərbaycan dilinə tərcüməsini və çapını dəstəkləyir. Gözlənilir ki, layihə ali təhsil müəssisələrində adları sadalanan sahələr üzrə tədrisin keyfiyyətini qaldıracaq və bundan 10 universitetdə 17 000-dən çox tələbə faydalanacaq.  
  • BP əməkdaşlarının Bakı Ali Neft Məktəbində və Azərbaycan Dövlər Neft və Sənaye Universitetində biznes mühazirələri təşəbbüsü Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində BP-nin aparıcı mütəxəssisləri və rəhbər işçiləri bu ali məktəblərdə silsilə mühazirələr və təqdimatlar keçirir, öz təcrübələrini bölüşür və BP-nin əməliyyatları, texnoligiyaları, iş prosesləri və mexanizmləri barədə məlumat verirlər.
  • BP Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstək verir­. Bu tərəfdaşlığın bir hissəsi olaraq BP bir sıra inkişaf və bacarıqların yaradılması proqramlarını  maliyyələşdirir və bir qrup milli idmançıya dəstək verir. 2016-cı ildə BP şirkəti Azərbaycanın milli yığmalarına, hər iki milli komitəyə və yeddi seçilmiş milli idmançıya dəstəyini 2020-ci ilədək davam etdirmək məqsədilə öz tərəfdaşlıq müqaviləsini uzadıb.
  • BP ruhi xəstəlikləri olan uşaqlara qayğının əhəmiyyəti barədə ictimai məlumatlılığı artırmaq məqsədilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keçirilmiş 1-ci Konqresi dəstəkləyib.
  • BP investorların, startapları, sahibkarları, şirkət rəhbərlərini, kiçik və orta biznesin nümayəndələrini bir araya gətirən üç günlük “Falcons Summit Baku 2019” tədbirinə dəstək verib. Bu tədbir Azərbaycanda innovativ startapları nümayiş etdirməyə, maliyyələşmə kanallarını müzakirə etməyə və investisiya potensialını göstərməyə imkan yaradıb. Tədbirdə 120-dən artıq ölkə iştirak edib.
  • BP həmçinin Azərbaycanda neft və qaz sənayesinin inkişafı perspektivləri, Xəzər regionunda və Mərkəzi Asiyada neft və qaz bazarları, karbohidrogenlərin logistikası və tranziti üzrə potensial, əsas ixrac marşrutları, xam neft və neft məhsullarının ticarət axını, neft emalı zavodlarının və neft-kimya zavodlarının modernləşdirilməsi, neft və qaz sənayesində innovativ texnologiyalar barədə informasiya mübadiləsi üçün platforma təmin edən 4-cü SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" Forumuna dəstək verib.
  • BP şirkəti müsabiqədə uğurlu biznes konsepsiyalarını və startapları təşviq etməklə Azərbaycanda innovativ ekosistemə yardım edən “Yeni Fikir” Layihəsinə dəstək verib. Layihə çərçivəsində müsabiqədən əvvəl və sonra mentorluq, seminarlar və təlimlər kimi bir sıra fəaliyyətlər həyata keçirilib və rəqəmsal avadanlıqlar və proqram təminatı ilə təchiz edilmiş İnkubasiya və Akselerasiya Mərkəzi yaradılıb. Müsabiqə 400 nəfərdən çox gəncin təqdim etdiyi 150-dək startap layihəsini əhatə edib. Nəticədə onların öz startaplarını inkişaf etdirməsi və kommersiyalaşdırması və uğurlu sahibkarlıq fəaliyyətinə başlaması üçün xüsusi olaraq nəzərdə tutulmuş inkubasiya və akselerasiya proqramları vasitəsilə BP tərəfindən bundan sonra da dəstək veriləcək 14 ən yaxşı layihə seçilib.
  • BP Azərbaycanın və dünyanın ən böyük ədəbi simalarından biri olan  İmadəddin Nəsimi haqqında irihəcmli tədqiqatın aparılmasına və həmin tədqiqatın ingilis dilində nəşrinə sponsorluq edib. Kitab ölməz şairin 650 illik yubileyinin qeyd olunmasına BP-nin töhfəsidir və 1972-ci ildən bəri Nəsimi haqqında xarici ölkədə aparılmış və qərb dillərində nəşr olunmuş ən böyük tədqiqat əsəridir. Tədqiqat və kitabın müəllifi tanınmış ədəbiyyatşünas alim Maykl Reynhard Hesdir. Kitab Almaniyada “Gulandot” nəşriyyatı tərəfindən  dərc edilib. 260 səhifəlik bu monoqrafiyada müxtəlif dillərdəki mənbələrdən götürülmüş 1000-dən çox alt yazı, ədəbiyyat siyahısı, sitatlar və şərhlər var və kitabda İmadəddin Nəsiminin həyatı, onun yaşadığı tarixi şərait, dövrünün tarixi və intellektual mühiti, ən başlıcası isə şairin öz əsərləri vasitəsilə qoyub getdiyi güclü təsirin mühüm aspektləri öz əksini tapıb. Kitab Avropanın aparıcı kitabxanaları və universitetlərinə hədiyyə edilib.

 

 

Əlavə məlumat üçün BP-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 
Telefon: (+994 12) 525 5895