2013-cü ilin nəticələri

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP - operator (35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%). 
2013-cü il ərzində AÇG layihəsinə $772 milyon əməliyyat məsrəfləri və $2 milyard 833 milyon əsaslı məsrəflər xərclənmişdir. 2014-cü il üçün AÇG əməliyyatlarına $1 milyard 52 milyon əməliyyat məsrəfləri və $2 milyard 68 milyon əsaslı məsrəflər xərclənəcəyi gözlənilir. 

Hasilat 

2013-cü ildə AÇG-nin Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından birlikdə gündə orta hesabla 655 370 barel (b/g) (və ya ümumilikdə 239 milyon barel, yəni 32,2 milyon ton) neft hasil edilib. 

İlin sonunda bizim ümumilikdə AÇG-də 81 hasilat quyumuz və 37 injektor quyumuz istismarda idi ki, bunlar da aşağıdakılardır: 

Çıraqda 18 quyu istismarda olub (13 hasilat və 5 suvurma quyusu) və oradan orta hesabla gündə 69 670 barel neft hasil edilib. 

Mərkəzi Azəridə (MA) 24 quyu istismarda idi (17 hasilat, 6 qaz injektor və bir suvurma quyusu) və oradan gündə orta hesabla 151 760 barel hasilat əldə edilib. 

Qərbi Azəridə (QA) 26 quyu istismarda idi (20 hasilat və 6 suvurma quyusu) və oradan gündəlik orta hesabla 188 160 barel neft hasilatı əldə edilib. 

Şərqi Azəridə (ŞA) 20 quyu istismarda idi (15 hasilat və 5 suvurma quyusu) və oradan ötən il gündəlik orta hesabla 106 700 barel hasilat əldə edilib. 

Dərinsulu Günəşlidə (DərSG) 30 quyu istismarda idi (16 hasilat və 14 suvurma quyusu) və oradan ötən il gündəlik orta hesabla 139 080 barel hasilat əldə edilib. 

Səmt qazı
 
AÇG yatağının operatoru olaraq BP 2013-cü il ərzində Dərinsulu Günəşli platformasından hasil edilən səmt qazını 28” ölçülü sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. BP Çıraqda qazın məşəldə yandırılmasını azaltmaq və ARDNŞ-yə çatdırılan səmt qazının həcmini maksimallaşdırmaq üçün ARDNŞ ilə sıx əməkdaşlığını davam etdirir. Bu səylərin bir hissəsi kimi BP buxarlanan qazlar kompressorunda təkmilləşdirmə işlərini başa çatdıraraq, üçüncü rübdə qurğunu uğurla yenidən işə saldı. 

2013-cü ilin sonunda AÇG-də səmt qazının məşəldə yandırılması 2,6% idi. Bu, 2012-ci ilə nisbətən 45% azalma deməkdir. Digər təkmilləşdirmə tədbrilərinin nəticəsində AÇG-də səmt qazının utilizasiya dərəcəsi 97.4%-ə çatdırıldı ki, bu da ən yaxşı Avropa standartlarına uyğundur. AÇG-nin operatoru kimi BP əməliyyatların təhlükəsizliyini yüksək səviyyədə saxlamaqla səmt qazının məşəldə yandırılmasını minimallaşdırmaq üçün səylərini davam etdirəcək. 

2013-cü il ərzində ARDNŞ-yə gündə təxminən 6 milyon kubmetr (212 milyon standart kubfut), ümumilkdə isə 2,19 milyard kubmetr (77,4 milyard kubfut) AÇG səmt qazı vermişik. 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
 
2013-cü il ərzində AÇG-də 12 neft hasilat quyusu, bir qaz injektor və üç suvurma quyusu qazılmışdır. Bundan əlavə, məlumat əldə etmək məqsədilə bir quyu da üğürla qazılmışdır. 

Çıraq: A16w hasilat quyusu qazılaraq aprel ayında istismara verildi. Bunun ardınca A09 quyusunda intervensiya əməliyyatları aparıldı, sonra isə may ayında A14u yanaqazma hasilat quyusunu qazmağa başladıq. Bu quyu avqustun 31-də tamamlandı. Bunun ardınca A03, A20, A10 quyularında intervensiya əməliyyatları aparıldı və başa catdırıldı. Daha sonra A10 quyusunda yenidən tamamlanma əməliyyatları aparıldı və qazma qurğusunun profilaktikası keçirildi. Dekabrın sonunda yeni A06x hasilat quyusunun qazılmasına başlanıb və bu quyu 2014-cü ilin birinci rübündə başa çatacaq. 

Mərkəzi Azəri: 2013-cü ilin yanvar ayında B18y və B14 quyularında intervensiya əməliyyatları aparıldı. Sonra B23z hasilat quyusunu qazmağa başladıq və aprel ayında quyunu istismara verdik. Bundan sonra B10 və B05 quyularında intervensiya əməliyyatları apardıq. 

Mayın əvvəllərində yeni B26 qaz injektor quyusunu qazmağa başladıq və bu quyunu sentyabrın sonunda təhvil verdik. Daha sonra B02, B20 və B26 quyularında intervensiya əməliyyatları apardıq. Eyni zamanda Mərkəzi Azəridə həmçinin vacib profilaktika işləri aparıldı və 35, 36, 40-cı quyu ağızlarında üç ötürücü quraşdırıldı. Sonra B27 yeni hasilat quyusunu qazdıq və dekabr ayında təhvil verdik. Bundan sonra dekabr ayında B28 yeni hasilat quyusunu qazmağa başladıq və bu quyunun 2014-cü ilin üçüncü rübündə təhvil veriləcəyi gözlənilir. 

Qərbi Azəri: C27 hasilat quyusu tamamlanaraq martın 31-də istismara verildi. Sonra isə C06 və C03 quyularında intervensiya əməliyyatları aparıldı. Mayın əvvəlində C30 yeni hasilat quyusunu qazmağa başladıq və bu quyunu iyul ayında təhvil verdik. Sonra intervensiya əməliyyatları və qazma qurğusunun profilaktikası keçirildi. Sentyabrda C29 yeni hasilat quyusunu qazmağa başladıq və noyabr ayında təhvil verdik. Bunun ardınca dekabr ayında C25 quyusunda yenidən tamamlanma işləri apardıq və C28 yeni hasilat quyusunu qazmağa başladıq. Bu quyunun 2014-cü ilin ikinci rübündə təhvil veriləcəyi gözlənilir. 
Şərqi Azəri: Yanvar ayında D07 quyusunda intervensiya əməliyyatlarını başa çatdırdıq. Sonra D22 hasilat quyusunu qazdıq və bu quyu  tamamlanaraq aprel ayında istismara verildi. 

Daha sonra D05 quyusunda qum şırnağını dayandırmaq məqsədilə intervensiya əməliyyatları başlandı. Bu intervensiya əməliyyatları, D03 və D08 quyularında aparılan işlər və vacib təftiş işləri də daxil olmaqla mayın ortasınadək davam etdi. May ayında yeni D23 suvurma quyusunu qazmağa başladıq və quyunu noyabr ayında təhvil verdik. Bunun ardınca D13 quyusunda qazlift quraşdırılması və D01 quyusunda intervensiya əməliyyatları apardıq. Dekabr ayında D03 quyusunda intervensiya əməliyyatlarına başladıq və 2014-cü ilin yanvar ayında bitirdik. 

Dərinsulu Günəşli: Yanvar ayında E01 quyusunda intervensiya əməliyyatlarını başa çatdırdıq. Bunun ardınca yeni E17 hasilat quyusunu qazmağa başladıq. Bu quyunu may ayında təhvil verdik və sonra qazma qurğusunda beş ildən bir olan profilaktik işlər apardıq. 

İyun və iyul aylarında E11 quyusunda intervensiya əməliyyatları apardıq, ardınca isə E18 hasilat quyusunu qazaraq dekabr ayında təhvil verdik. Bundan sonra E09 və E02y quyularında intervensiya işləri, həmçinin E02y quyusunda yenidən tamamlama işləri apardıq. 

2013-cü ildə Dədə Qorqud qazma qurğusu iki sualtı suvurma quyusu təhvil verdi - H06 və H05. Bunun ardınca qazma qurğusunun profilaktikası və manifold payalarının quraşdırılması aparıldı. Bundan əlavə, mayın əvvəlində məlumat toplamaq üçün H07 pilot quyusunu qazmağa başladıq və onu iyul ayının sonunda başa çatdırdıq. Avqust ayının əvvəlində GCA07 quyusunu qazmağa başladıq və məlumat əldə etmək üçün planlaşdırılmış proqramı bitirdikdən sonra dekabr ayında quyunu bağladıq. Sonra H07z suvurma quyusunu qazmağa başladıq və hazırda həmin quyuda qazma işləri davam edir. 

İxrac əməliyyatları 

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. 

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təxminən 970 milyon standart kubfut və ya 27,4 milyon standart kubmetr qaz, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 milyon standart kubmetr təşkil edir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur. 

2013-cü il ərzində terminal 286,2 milyon barel neft (o cümlədən 248,7 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 29,9 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), 5,7 milyon barel dəmir yolu vasitəsilə və 1,9 milyon barel kondensat ixrac kəməri vasitəsilə ) ixrac etmişdir. 

2013-cü il ərzində terminal həmçinin gündəlik orta hesabla 26,6 milyon standart kubmetr (939 milyon standart kubfut) Şahdəniz qazı ixrac etmişdir.

Çıraq Neft Layihəsi (ÇNL) 

2013-cü ildə ÇNL üzrə tikinti işləri təhlükəsiz şəkildə davam etdi və bu işlərdə mühüm irəliləyiş əldə olundu. 

Aprel ayında Qərbi Çıraq platformasının dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsindən yola salındı və öz daimi yerində əvvəlcədən quraşdırılmış dayaq tavasının üzərində təhlükəsiz şəkildə quraşdırıldı. Dayaq blokunun dənizə daşınması, suya endirilməsi və quraşdırılması əməliyyatları ətraflı planlaşdırılaraq 45 günə başa çatdı. 

2013-cü ilin üçüncu rübündə Qərbi Çıraq platformasının üst modullarının ATA (AMEK-TEKFEN-AZFEN) tikinti-quraşdırma sahəsində tikintisi başa çatdı. Sentyabrın 12-də üst modullar dənizdə quraşdırılmaq üçün yola salındı və sentyabrın 14-də dayaq blokunun üzərində təhlükəsiz şəkildə quraşdırıldı. Bunun ardınca dənizdə aparılan sazlama, işəsalma və istismar sınaqları aparıldı və bu işlər 2014-cü ilin yanvar ayınadək davam etdi. 

2014-cü il yanvarın 28-də Qərbi Çıraq platformasından ilk neft əldə olundu və bununla da 2010-cu ildə sanksiya verilmiş ÇNL layihəsi başa çatmış oldu. 

Qərbi Çıraqdan hasilat öncəqazma quyularından biri olan J05 quyusundan başladı Hasilat 2014-cü il ərzində digər öncəqazma quyuları işə düşdükcə artacaq. 



Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) limited (2,36%) şirkətləridir. 

Qeyd: 2013-cü il, martın 28-də ONGC Videş Limitid (OVL) şirkəti Hess (BTC) Limitid şirkətinin müvafiq payının alınması prosesini başa çatdırdığından səhmdarların siyahısında Hess (BTC) Limitid şirkəti ONGC (BTC) Limitid şirkəti ilə əvəzlənib. 

2013-cü ildə BTC üzrə əsaslı xərclərə $75 milyon xərclənmişdir. 2014-cü il üçün əsaslı xərclərin $119 milyon olması gözlənilir. 

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. 

2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından 2013-cü ilin axırınadək BTC vasitəsilə nəql edilmiş təxminən 245,4 milyon ton (təxminən 1 milyard 835 milyon barel) xam neft Ceyhanda 2 390 tankerə yüklənmiş və dünya bazarlarına göndərilmişdir. 

2013-cü ildə BTC vasitəsilə 33 milyon ton (247,2 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 329 tankerə yüklənərək bazarlara yola salınıb. 

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 2013-cü ilin oktyabrından başlayaraq BTC vasitəsilə Tengiz neftinin nəql olunması bərpa olunub. 

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%). Bu faizlərə Statoyldan müvafiq olaraq BP və ARDNŞ-nin aldığı iştirak payları daxildir. Bu əməliyyatların yekunlaşması 2014-cü ildə yerinə yetirilməsi gözlənilən şərtlərdən asılıdır. 

2013-cü il ərzində Şahdəniz üzrə fəaliyyətlərə $200 milyon əməliyyat xərcləri və $1 milyard 700 milyon əsaslı xərclər çəkilmişdir. 2014-cü il üçün bu rəqəmlərin müvafiq olaraq $200 milyon və $4 milyard olacağı gözlənilir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə, o cümlədən dənizdəki işlənmələr və Səngəçal terminalının genişləndirilməsinə aiddir. 

Hasilat İl ərzində yataq Azərbaycan (ARDNŞ-yə), Gürcüstan (GOGC şirkətinə) və Türkiyə (BOTAŞ-a və BTC şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirmişdir. 

Ötən il yataqdan 9,8 milyard kubmetr (təqribən 345,5 milyard kubfut) qaz və 2,48 milyon ton (təqribən 19.6 milyon barel) kondensat və ya gündəlik təxminən 26,8 milyon kubmetr (946 milyon standart kubfut) qaz və 53 740 barel kondensat hasil edilmişdir. 

2006-cı ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2013-cü ilin sonunadək yataqdan bazarlara təqribən 47,3 milyard kubmetr (1 671 milyard standart kubfut) qaz və təqribən 12,6 milyon ton (99,5 milyon barel) kondensat ixrac edilib. 

Mövcud qurğuların texniki optimallaşdırılması nəticəsində Şahdəniz hasilat sisteminin gündəlik maksimum gücü 970 milyon standart kubfut qaz və 55 000 barel kondensat səviyyəsinə qaldırıldı. Şahdəniz tərəfdaşları bu yaxınlarda 2014-cü ilin axırına qədər hasilat gücünün təxminən 1 milyard 40 milyon standart kubfuta qədər artırılması üçün şərtləri ARDNŞ ilə razılaşdırdı. 

Qazma əməliyyatları 
Şaşdəniz Mərhələ 1: 

2013-cü ildə Şahdəniz SDA-03y yanaqazma quyusunda qazma əməliyyatlarını davam etdirib. Bu quyu hazırda tamamlama mərhələsindədir və onu 2014-cü ilin birinci rübündə təhvil vermək planlaşdırılır. 

Şahdəniz Mərhələ 2: 

2013-cü ilin sentyabrında İstiqlal qazma qurğusu SDC-02 quyusunda qazma əməliyyatlarını başa çatdırdı. Sonra qazma SDC-03 quyusunda qazma əməliyyatları başladı və bu quyunun 2014-cü il ərzində təhvil veriləcəyi planlaşdırılır. 

Sentyabr ayında Heydər Əliyev qazma qurğusu SDX-07Ay quyusunda qazma əməliyyatlarını başa çatdırdı. Bunun ardınca qazma qurğusunun texniki modifikasiya və sertifikatlaşması proqramı baş tutdu. SDD-02 quyusunda qazma əməliyyatlarının başlanması və quyunun 2014-cü il ərzində təhvil verilməsi planlaşdırılır. 

Şahdəniz Mərhələ 2 layihəsi 

Şahdəniz Mərhələ 2 Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni Cənub Qaz Dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. Bu, dünyanın hər hansı bir yerindəki ən böyük qaz işlənməsi layihələrindən biridir. 

Şahdəniz Mərhələ 2 layihəsinin ümumi dəyəri Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişlənməsi də daxil olmaqla $28 milyard ətrafında olacaq. Nəhəng Şahdəniz yatağından hasil ediləcək ildə 16 milyard kubmetr qaz təxminən 3 500 kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır. 

Sahildən təxminən 70km məsafədə yerləşən Şahdəniz yatağının işlənməsinin 2-ci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir. 

2013-cü il dekabrın 17-də Şahdəniz konsorsiumu Mərhələ 2 işlənməsi üçün yekun investisiya qərarını təsdiq etdi. Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca CQBK-nin ixrac gücünə ildə 16 milyard kubmetr əlavə olunması (Azərbaycanda 48” diametrli yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə), Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastuktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq. 

Mərhələ 2 layihəsi Şahdəniz qazının ildə təxminən 10 milyard kubmetrinin 25 il ərzində İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara çatdırılmasını təmin edəcək. Bundan başqa, Şahdəniz Mərhələ 2-dən hasil olunacaq qazın ildə təxminən 6 milyard kubmetri Türkiyədəki istehlakçılara çatdırılacaq. Qaz satışı və nəqli üzrə bütün sazişlər Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən idarə olunacaq. 

Yekun investisiya qərarının ardınca konsorsium bir neçə müqavilənin, o cümlədən Bakı yaxınlığındakı Səngəçalda Şahdəniz Mərhələ 2 üçün terminal qurğularının tikintisi və istismar sınaqlarına dəstək işləri, iki Mərhələ 2 platforması üçün üst modulların tikilməsi, yüklənməsi, dənizdə quraşdırılması və istismar sınaqları, həmçinin dəniz və qurudakı qurğular üçün müfəssəl mühəndis-layihələndirmə, layihənin idarə olunması və təchizat-tədarük işlərinə aid dəstək xidmətlərinin göstərilməsi üzrə müqavilələrin bağlanmasını elan etdi. 
2014-cü ildə daha çox müqavilə bağlanacaq. Bunlara sualtı boruların quraşdırılması, dənizdə daşınma və quraşdırma işləri daxildir. Dayaq blokları və üst modulların tikilməsi üçün tikinti-quraşdırma sahələrində, həmçinin qurudakı terminal tikinti sahələrində işlər başlayacaq. İstiqlal və Heydər Əliyev qazma qurğusu vasitəsi ilə qazma işləri davam edəcək. 

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator - 28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%). Bu faizlərə Statoyldan müvafiq olaraq BP və ARDNŞ-nin aldığı iştirak payları daxildir. Bu əməliyyatların yekunlaşması 2014-cü ildə yerinə yetirilməsi gözlənilən şərtlərdən asılıdır. 
2013-cü il ərzində CQBK ilə bağlı fəaliyyətlərə $50 milyon əməliyyat xərcləri və $250 milyon əsaslı xərclər sərf edilib. 2014-cü il üçün əməliyyat xərclərinin $50 milyon olacağı gözlənilir. Əsaslı xərclər isə CQBK-nin genişləndirilməsi üzrə işlərin sürət götürməsi nəticəsində $1 milyard 250 milyona qədər artacaq. 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. 

İl ərzində CQBK-nın gündəlik orta ötürücülük gücü 13,4 milyon kubmetr (təqribən 473 milyon kubfut) qaz və ya gündə 81 600 barel neft ekvivalenti olmuşdur. 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur. 

CQBK-nın genişləndirilməsi layihəsi 

CQBK-nın genişləndirilməsi layihəsi üzrə yekun investisiya qərarı 17 dekabr 2013-cü il tarixində, Şahdəniz Mərhələ 2 üçün qərar verilməsi ilə eyni zamanda qəbul edildi. 2014-cü il ərzində bir sıra müqavilələrin, o cümlədən ilkin işlər və boru kəməri qurğuları, həmçinin Azərbaycanda boru kəmərinin tikintisi üzrə müqavilələrin bağlanması planlaşdırılıb. İlk boru partiyasının Azərbaycana gətirilməsi bu ilə planlaşdırılıb. 

Geoloji-kəşfiyyat

2012-ci ilin əvvəllərində “Giləvar” seysmik gəmisi Şəfəq-Asiman üzrə 3-ölçülü seysmik tədqiqat proqramını başa çatdırandan bəri biz əldə edilmiş məlumatın təhlilini aparırırıq. Bu, həmin müqavilə ərazisində indiyədək aparılmış ilk 3-ölçülü seysmik tədqiqatdır. İndiyədək Azərbaycanda aparılan ən böyük 3-ölçülü seysmik məlumat təhlili olan bu işlərdən sonra məlumatın interpretasiyası üçün 18 ay və ilk kəşfiyyat quyusunun planlaşdırılması üçün isə əlavə bir il vaxt tələb olunur. 
Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında BP ilə ARDNŞ arasındakı hasilatın pay bölgüsü sazişi (HPBS) 2010-cu ilin oktyabr ayında Bakıda imzalanmışdır. 

Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1 100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 000 metrdir.

İşçi heyətimiz

Hazırda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 835 nəfərdir. Şirkətin ixtisaslı daimi işçilərinin 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir. 
2013-cü ildə BP həm Azərbaycandakı, həm də ölkə kənarda olan ən yaxşı yerli kadrları işə cəlb etmək üçün bütün mövcud vasitələrdən geniş istifadə etməkdə davam etdi. Bunun nəticəsi olaraq 2013-cü il ərzində BP Azərbaycan-Gürcüstan-Türkiyə regionunda 474 nəfəri yeni işə qəbul edib. Bu rəqəmə 367 Azərbaycan vətəndaşı, o cümlədən 57 təcrübəli işçi, 101 texnik, 85 gənc mütəxəssis, “Neft-qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramı” çərçivəsində 80 məzun və 44 yay təcrübəçisi daxildir. 

Səngəçaldakı Xəzər texniki təlim mərkəzi (XTTM) yerli texniklərin effektiv şəkildə hazırlanmasına davam etdi. Mövcud olduğu son on il ərzində bu mərkəzdə BP-nin əməliyyatçısı olduğu obyektlər üçün 900-dən artıq yerli texnik təlim almışdır. 

Sentyabr ayında BP “Neft-qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramı”nın (NİMTP) ilk uğurlu buraxılışını qeyd edərək, NİMTP-nin ikinci ili üçün müxtəlif yerli və beynəlxalq universitetlərdən 88 məzunun qəbul edildiyini elan etdi. Yeni qəbul olunan məzunlar ərizə göndərmiş təxminən 3 000 nəfərin arasından seçilib. NİMTP çoxmilyonluq bir təlim proqramı olaraq azərbaycanlı neft-qaz ixtisaslı məzunlar üçün nəzərdə tutulub və BP şirkətinə gələn gənc mühəndislərin qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək üçün nəzərdə tutulub. 

Bundan əlavə, BP 2014-18-ci illər üçün beşillik milliləşdirmə planı hazırlamışdır. Bu plana əsasən 2018-ci ilin sonunadək BP-nin ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil etməlidir. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilərin isə artıq 100%-i yerli vətəndaşlardır. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı və iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesi daha da gücləndirmək məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirakı daxildir. Bu plan artıq ARDNŞ ilə razılaşdırılıb və nəticədə 2013-cü ilin noyar ayında milliləşdirmə sahəsində əməkdaşlıq barədə protokol imzalanıb. Bundan başqa BP ARDNŞ ilə bu planı dəstəkləyən daha iki sənədi imzalayıb:


  • Qobustan Regional Təlim Mərkəzində yerli işçi qüvvəsinin təlimi sahəsində əməkdaşlıq barədə anlaşma memorandumu. Bu saziş çərçivəsində BP şirkəti Səngəçal terminalının yaxınlığındakı yerli icmalardan (Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələri) olan 100 nəfər şəxsin peşə və texniki təliminə dəstək olmaq barədə öhdəlik götürür.
  • Bakı Ali Neft Məktəbi ilə təhsil sahəsində əməkdaşlığa dair anlaşma memorandumu. Bu saziş çərçivəsində BP şirkəti Bakı Ali Neft Məktəbinin tələbələrini özünün müxtəlif proqramlarına, təşəbbüslərinə və təkmilləşdirmə fəaliyyətlərinə cəlb etmək, habelə bu təhsil müəssisəsində biznes yönümlü mühazirələr keçirmək barədə öhdəlik götürür.

Mühüm davamlı inkişaf təşəbbüsləri

Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçiririk. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir. 
2013-cü il ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda $2,7 milyon xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 

Bu qəbildən olan təşəbbüslərin bəzi nümunələri bunlardır: 
  • BP və onun tərəfdaşlarının neft və qaz ixtisaslı tələbələr üçün təqaüd proqramı. Bu proqramın məqsədi mühəndislik və riyaziyyat sahələrində bakalvr və magistr təhsili alan azərbaycanlı tələbələrin təhsilinə dəstək verməkdir. Təqaüd Türkiyənin Orta Doğu Texniki Universiteti və İstanbul Texniki Universiteti, həmçinin Azərbaycanın Xəzər və Qafqaz universitetlərinin tələbələri üçün nəzərdə tutulub.
  • BP və onun tərəfdaşlarının gənclər üçün 2-illik Biznes Rəhbərliyi Layihəsi (BRL). Bu layihə ABŞ-ın USAİD təşkilatı və Amerika Ticarət Palatası (AmCham) ilə tərəfdaşlıqda həyata keçirilir. Layihənin məqsədi tələbə gəncləri sahibkarlığa və gələcəkdə biznesə rəhbərlik etmək karyerasına hazırlamaqdır. Bunun üçün onlara bir sıra özəl şirkətlərdə təcrübə keçməklə əsl beynəlxalq iş mühitində çalışmaq imkanları yaradılır. Bu yolla onlar öz biznes idarəçiliyi bilgilərini dərs otaqlarının hüdudlarından kənara çıxararaq inkişaf etdirə bilirlər
  • BP və onun tərəfdaşlarının icmalarda məktəbəqədər təhsil, ibtidai təhsil və qadınların sahibkarlıq imkanlarının təkmilləşdirilməsinə yönəlmiş layihəsi. Bu layihə vasitəsilə məktəbə hazırlıq üzrə təkmilləşmiş proqramlara, kənd uşaq bağçalarında daha keyfiyyətli xidmətə, yeni ibtidai təhsil kurrikulumunun təkmilləşmiş tətbiqinə və qadınların sahibkarlıq bacarıqlarının inkişafına dəstək verilir.
  • BP və onun tərəfdaşlarının veb-əsaslı Xəzər Ekoloji İnformasiya Mərkəzi (XEİM) təsis etmək məqsədi daşıyan ekoloji layihəsi. Bu layihə Xəzər Ekoloji Proqramı (XEP) çərçivəsində hazırlanıb. www.kaspinfo.net ünvanlı saytdan onlayn ekoloji məlumat bazası kimi hal-hazırda Xəzərin ekologiyası üzrə mərkəzləşdirilmiş məlumat mənbəyi kimi istifadə edilir. XEİM həm də regionda davamlı inkişaf və ətraf mühitlə əlaqədar fəaliyyətləri təşviq etmək vasitəsidir.
  • BP və tərəfdaşlarının Azərbaycanda BTC/CQBK boru kəməri boyunca yerli idarəetməni, gənclərin bacarıqlarının inkişafını və ətraf mühit təşəbbüslərini dəstəkləmək məqsədilə Avrasiya Tərəfdaşlıq Fondu (ATF) ilə qrant sazişi. Bu layihənin məqsədi bələdiyyələrin davamlı inkişafla bağlı yerli problemləri müəyyən edərək aradan qaldırmaq bacarıqlarını gücləndirməkdən ibarətdir. Layihə həmçinin gənclərin icmalardakı yerli inkişaf və ətraf mühitlə bağlı məsələlərin həllindəki rolunun gücləndirilməsinə yönəlib.
  • BP və tərəfdaşlarının Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə Azərbaycanda kiçik və orta müəssisələr üçün portal yaratmaq məqsədi layihəsi. Yeni www.biznesinfo.az portalı yerli biznesin öz bacarıqlarını artırmaq, normativ tələbləri, o cümlədən biznesi qeydiyyatdan keçirmək və idarə etmək, icazələrin alınması, əmlakın qeydiyyatdan keçirilməsi, yoxlamalar, hökumət tenderləri üçün rəqabət aparmaq, yerli maliyyə mənbələrini qiymətləndirmək və dövlət mühasibat standartlarına riayət etmək sahəsində biliklərini gücləndirmək səylərinə dəstək vermək məqsədilə onları lazımi məlumatlarla təmin etmək üçündür. Portalın həmçinin inkişaf və təlim komponentləri də var.
  • BP-nin öz tərəfdaşları adından təşkil etdiyi “Alıcı ilə tanış ol” tədbirləri. Yerli şirkətlərin BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq öhdəliyimizin bir hissəsi kimi təşkil olunmuş bu tədbirlər BP və onun tərəfdaşlarının şirkətlərə öz bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və onlara öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etmək məqsədi daşıyır. Bu tədbirlərin birincisi 2011-ci ilin iyununda keçirildi. Həmin tədbirdə “Sahibkarlığın inkişafı və təlim proqramın”da iştirak etmış 80-dən çox yerli kiçik və orta müəssisə 150-dən çox yerli və beynəlxalq alıcıya öz məhsul və xidmətlərini təqdim etdi. İkinci tədbir bu ilin iyununda 20-ci Xəzər Neft Sərgisi çərçivəsində keçirildi və burada da 80-dən yuxarı yerli kiçik və orta müəssisə iştirak edərək çoxsaylı beynəlxalq şirkətlərlə tanış oldular.
  • BP və onun tərəfdaşlarının Azərbaycanda yaratdığı Layihələrin İdarə Edilməsi Məktəbi. Bu layihə özəl və ictimai sektoru təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. İndiyədək Məktəbin iki uğurlu buraxılışı olub. Bu genədək məktəbin iki uğurlu buraxılışı olub. Ümumilikdə məktəb layihə idarə edilməsi üzrə dünyada tanınmış təlim kurrikulumu əsasında 96 özəl və dövlət təşkilatının 234 nümayəndəsinə təlim verib. Bunlardan 129 nəfəri Corc Vaşinqton Universitetinin Magistr və 105 nəfəri isə Bakalavr sertifikatına layiq görülüb.
  • BP və tərəfdaşlarının Avropa İttifaqının beyin mərkəzlərindən biri vasitəsilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə makroiqtisadi analiz və proqnozlaşdırma sahəsində texniki yardımı.
  • BP və tərəfdaşlarının gənclərə imkanlar yaradan sahibkarlıq mərkəzi layihəsi. Mərkəz Gəncə peşə təlimi mərkəzi daxilində ayrıca biznes və idarəetmə bölümü kimi fəaliyyət göstərir.
  • BP və tərəfdaşlarının süd məhsulları istehsalçılarına dəstək layihələri. İcma-əsaslı bu layihələrin məqsədi kiçik və orta miqyaslı fermerlərə öz istehsal güclərini artırmaqda kömək etməkdir.
  • BP şirkətinin Qafqaz Universitetinin bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, mexanika və sənaye mühəndisliyi də daxil olmaqla üç neft mühəndisliyi ixtisasını əhatə etməsinə dəstəyi. Layihənin bir hissəsi olaraq 2009-cu ildə BP kimya mühəndisliyi fakültəsi, 2011-ci ildə isə həmin fakültə üçün tam təchiz edilmiş və ümumi kimya, analitik kimya, üzvi kimya, kimya-mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşmış beş müasir laboratoriya açıb. Hazırda kimya mühəndisliyi fakültəsində 104 tələbə təhsil alır. 2011-ci ildə isə universitetdə mexanika mühəndisliyi fakültəsi açıldı və həmin fakültəyə artıq 89 tələbə qəbul edilib. BP 2013-cü ilin dekabr ayında bu yeni fakültə üçün də tam təchiz edilmiş mexanika mühəndisliyi laboratoriyaları açdı. Yeni laboratoriyalar növbəti sahələrdə ixtisaslaşıb: aerodinamika və maye mexanikası; istilik elmləri və istilik keçiriciliyi; daxili yanma mühərrikləri və avtomobil; material və metalloqrafiya; materialların müqaviməti; mexaniki vibrasiya və səsə nəzarət; mexanizmlər və maşın dinamikası; avtomatik nəzarət; layihələndirmə və adekvat modelləşdirmə; emal üsulları; təxribatsız sınaq üsulları.
  • BP şirkətinin biznes sahəsində çalışan jurnalistlərin peşəkarlığını artırmaq və onların beynəlxalq standartlarla işləmək səylərinə kömək məqsədi daşıyan “Biznes jurnalistikası” adlı irimiqyaslı təlim proqramı. Bu təlim proqramı 12 mütəxəssisə biznes jurnalistikası sahəsində beynəlxalq təcrübə keçməklə regionun qabaqcıl jurnalisti olmaqda yardım edib. Onlar milli biznes jurnalistikasında bir yeni istiqamət yaradıblar və çoxsaylı ardıcılları var. Qabaqcıl jurnalistlərdən ibarət bu qrupa son təlim 2013-cü ilin noyabrında təşkil olunub və sosial media barədə olub.
  • BP-nin Azərbaycanda təhsilin inkişafına dəstəyinin bir hissəsi olaraq 2007-ci ildən bəri həyata keçirdiyi illik xüsusi mükafat proqramı. Bu proqram neft-qaz mühəndisliyi sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır. İllik xüsusi mükafatlar ilkin olaraq Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alan ən yaxşı tələbələr üçün nəzərdə tutulmuşdu və beş il BP bu xüsusi mükafatları yalnız Neft Akademiyasının ən yaxşı birinci və ikinci kurs tələbələrinə təqdim edirdi. 2012-ci ildə BP bu illik proqramı genişləndirərək əhatə dairəsinə beş yerli universiteti, 2013-cü ildən isə Bakıdan kənarda bir universitet – Gəncə Dövlət Universiteti də daxil olmaqla səkkiz yerli universiteti daxil etdi. Bundan əlavə, BP şirkəti ötən il xüsusi mükafatlar almış və hazırda ikinci kursda təhsillərini davam etdirən 27 nəfər tələbə üçün ingilis dilinin təlimi kursunu əlavə bir il də artırdı. Bu günə qədər BP öz xüsusi mükafatlarını ümumilikdə 400-ə yaxın ən yaxşı tələbəyə təqdim edib.
  • BP-nin “Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr” adlı təşəbbüsü. Layihə bu sahələri ixtisas kimi seçmiş gənc mühəndis nəslin nümayəndələrinin geoloji elm sahələrinin Azərbaycanda inkişafına diqqətini artırmaq məqsədi daşıyır.

Təqdimat slaydları

Əlavə məlumat üçün BP şirkətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 599 4557