2017-ci ilin birinci yarısının nəticələri

17 avqust 2017

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  

2017-ci ilin birinci yarısında AÇG layihəsinə təqribən 230 milyon dollar əməliyyat məsrəfləri və 601 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

Hasilat

İlk altı ay ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Birinci yarım ildə AÇG-dən ümumi hasilat – Çıraq (56 000), Mərkəzi Azəri (129 000), Qərbi Azəri (116 000), Şərqi Azəri (77 000), Dərinsulu Günəşli (120 000) və Qərbi Çıraq (87 000) platformalarından birlikdə – gündə orta hesabla 585 000 barel və ya ümumilikdə 106 milyon bareldən artıq, yəni 14 milyon tondan artıq təşkil edib.

Birinci yarım ilin sonunda AÇG-də ümumilikdə 112 neft hasilat quyusu və 48 qaz və su injektor quyusu istismarda olub.  

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

Birinci altı ay ərzində AÇG-də 11 neft hasilat quyusu, 2 suvurma quyusu qazılmışdır.

Səmt qazı

2017-cı ilin birinci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 10 milyon kubmetr, ümumilkdə isə 1,8 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Səngəçal terminalı

Birinci yarım ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir. 

Altı ay ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 141 milyon bareldən artıq neft və kondensat, o cümlədən 124 milyon bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 15,5 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,5 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Birinci yarım il ərzində terminaldan həmçinin gündəlik orta hesabla 28 milyon standart kub metr (987 milyon standart kubfutdan artıq) Şahdəniz qazı ixrac edilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), CİECO (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

Birinci yarım il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 64 milyon dollar, əsaslı xərclərə isə 10 milyon dollar xərclənmişdir. 

1768km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2017-ci il iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 365 milyon ton (təxminən 2,74 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3584 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Birinci yarım il ərzində isə BTC vasitəsilə təqribən 17 milyon ton (125 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 159 tankerə yüklənib. 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

Bu ilin ilk altı ayı ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 249 milyon dollar əməliyyat xərcləri və təqribən 1,64 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir.

Hasilat

2017-ci ilin birinci yarısı ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.

Yarım il ərzində yataqdan 5,1 milyard standart kubmetr qaz və 1,2 milyon ton (təqribən 9,7 milyon barel) kondensat hasil edilmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

Qazma əməliyyatları

Birinci yarım ildə Şahdəniz Mərhələ 1-in mövcud platformasında (Alfa) SDA11 qaz hasilatı quyusunda qazma işləri bərpa olundu və bu işlər hazırda davam edir.

İkinci rüb ərzində İstiqlal qazma qurğusu yatağın şimal cinahında ördüncü quyunu (SDC01 quyusu) tamamlayaraq qərb cinahda daha dörd tamamlama işi aparmaq üçün  SDD01 quyusunun yerləşdiyi əraziyə keçirilmişdir.

Maersk Explorer qazma qurğusu SDF01 quyusunun məhsuldar lay hissəsini qazaraq SDF02 quyusunda da həmin işləri aparmaq üçün o əraziyə keçmişdir və hazırda həmin işlər davam edir.

Bu iki qazma qurğusu artıq Şahdəniz Mərhələ 2-dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 13 hasilat quyusu qazıb və bu quyulardan yatağın şimal cinahında yerləşən dördünü tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Şahdəniz Mərhələ 2 layihəsi

2017-ci ilin birinci yarısında Şahdəniz Mərhələ 2 layihəsinin tikinti işləri uğurla davam etmişdir. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 95%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.  

Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca layihə işləri davam edir.

İyun ayında layihə daha bir mühüm hadisəni qeyd etdi - Şahdəniz Mərhələ 2 üçün tikilən  platformalardan birinin üst modulları yola salındı və dənizdə quraşdırıldı. Yaşayış Blokları və Texnoloji Təchizat platformasının üst modullarının yola salınması münasibətilə təşkil olinmuş rəsmi mərasimdə Zati-aliləri Prezident İlham Əliyev də iştirak etdi. Dənizdə üst modullar artıq əvvəldən suyun 94 metr dərinliyində quraşdırılmış dayaq blokunun üzərinə oturdulmuş və uğurla bərkidilmişdir. ATA tikinti-quraşdırma sahəsində Şahdəniz 2 üçün inşa olunan paltformalardan ikincisinin də üst modullarının tikintisi artıq başa çatıb və istismar sınaqları 90 % tamamalanıb. Bu modulların dənizə yola salınması və quraşdırılması 2017-ci ilin üçüncü rübünə planlaşdırılır. 

Sualtı tikinti işləri üçün nəzərdə tutulmuş “Xənkəndi” gəmisinin tikintisi və istismar sınaqları Bakı Gəmiqayırma Zavodunda artıq bitib və bu da Şahdəniz 2 layihəsində mühüm bir mərhələdir.

Dünyanın ən iri neft və qaz terminalllarından biri olan Səngəçal  terminalında Şahdəniz 2-dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir. 

Ümumilikdə Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%) və TPAO (19%).

2017-ci ilin birinci yarısında CQBK ilə bağlı fəaliyyətlərə təqribən 14 milyon dollar əməliyyat xərcləri və 413 milyon dollar əsaslı xərclər sərf edilib.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. 

Birinci yarım il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 21,4 milyon kubmetr qaz olmuşdur.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK-nin genişləndirilməsi (CQBKG) layihəsi

2017-ci ilin birinci yarısında CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. Ümumilikdə bu işlərin – tikinti və istismar sınaqları daxil olmaqla,  96%-i artıq tamamlanıb.

Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam etmişdir -  təqribən 370 km uzunluğunda borular artıq qaynaq edilib və 263 km boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb - beşinci üfüqi qazma bu ilin aprel ayında başa çatıb.

Gürcüstan ərazisində kəmər xəttinin inşası üzrə tikinti işləri artıq bitib  - 62 km uzunluğunda borular qaynaq edilib, örtüklənib, xəndəyə endirilib və üstü örtülüb. 

Həm Azərbaycanda, həm də Gürcüstanda boru kəmərinin hidro-sınaqları aparılır. Azərbaycanda 5, Gürcüstanda isə 11 hidro-sınaq bölməsində işlər bitib.

Gürcüstanda hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edir. 1-ci kompressor stansiyasında işlər təqribən 99%, 2-cidə isə 82% tamamlanıb. Hər iki  kompressor stansiyası 2018-ci ildə istismara verilmək  planına uyğun irəliləyir. Nəzarət-ölçü stansiyasında (81-ci sahə) isə işlər 98% tamamlanıb və bu stansiyanın 2017-ci ildə təhvil verilməsi planlaşdırılır.

Geoloji kəşfiyyat

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən  2016-cı ildə əldə edilmiş 3-ölçülü məlumatların emalı və interpretasiyası davam edir. Məlumatların tam emalının 2017-ci ilin üçüncü rübündə başa çatacağı gözlənilir. Seysmik interpretasiya işləri isə bu ilin dördüncü rübündə bitəcək. 

Şəfəq-Asiman üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir.

İşçi heyətimiz

Birinci yarım ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2743 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.

BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir.

Sosial sərmayələr

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2017-ci ilin birinci yarısında BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 3,5 milyon dollar xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcəklər.

Bu qəbildən Azərbaycanda həyata keçirilən layihələrin bəzi nümunələri bunlardır:
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək məqsədilə Təhsil Nazrliyi ilə 2016-cı ilin sentyabr ayında başladığı yeni tərəfdaşlıq. Bu tərəfdaşlıq çərçivəsində BP və onun tərəfdaşları Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsili bazasının gücləndirilməsinə dəstək olacaqlar. Layihə nəticəsində kənd təsərrüfatı sahəsində 12 yeni peşə və ixtisasın yaradılacağı və bunun da ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına töhfə verəcəyi gözlənilir. Bundan başqa, daha  7 peşə üzrə dərsliklər və tədris materialları hazırlamaqla layihəni davam etdirmək planlaşdırılır.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) çox milyon-dollarlıq layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. BP və tərəfdaşları 2007-ci ilin iyun ayında başlanmış bu proqramı 2016-cı ilin noyabr ayında daha iki il uzatmaq qərarı veriblər.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda açdığı Layihələri İdarəetmə Məktəbi (LİM) özəl və dövlət sektorunu təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Bu günədək məktəbdə 325 layihə meneceri təlim keçərək beynəlxalq sertifikat qazanıb. 2016-cı ildə bu proqram davamlılıq mərhələsinə keçib və proqramın 2017-ci ilin üçüncü rübündən etibarən yerli təlimçilər tərəfindən aparılması planlaşdırılır.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) öz obyektlərinin qonşuluğunda yaşayan icmalarda informasiya texnolgiyası (İT) üzrə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu layihənin bir hissəsi olaraq Səngəçal və Ümid qəsəbələrini təmsil edən 50 nəfər CİSCO sertifikatı verən İT təlimi kurslarını bitirmiş və beləliklə öz məşğulluq imkanlarını daha da artırmışlar. 2016-cı ildə bu proqram genişləndirildi və təlimlər boru kəmərləri boyunca yerləşən icmalar da daxil olmaqla çox sayda yeni icmalarda keçirilməyə başladı. Bu yeni təşəbbüsdən 200-ə yaxın yerli icma nümayəndəsinin faydalanacağı gözlənilir. Bundan əlavə, CİSCO təlimi kurslarının əvvəlki mərhələsini keçən 23 ən uğurlu məzunu dəstəkləməyə davam edərək onlara daha yüksək səviyyədə  İT bacarıqları öyrənmək və ingilis dili biliklərini inkişaf etdirmək üçün imkanlar yaratmaq da proqrama daxildir. Kursları bitirdikdə onların dünya üzrə  tanınmış CİSCO Sertifikatlı Şəbəkə Əməkdaşı sertifikasiya imtahanını verməsi də planlaşdırılır.
  • BP (özünün əməliyyatçısı olduğu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsindəki tərəfdaşları adından)  2016-cı ildə boru kəməri marşrutu boyunca yerləşən beş bölgədə - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında, icmaların  bacarıq və bilgilərinin artırılmasına yönəlmiş pilot layihəyə başlayıb. Bu, CQBKG layihəsinin sosial sərmayə proqramı çərçivəsində həyata keçirilən bir təşəbbüsdür. Layihə icmalarda ingilis dilinin tədrisi keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Pilot mərhələnin uğurlu olması layihənin müddətinin boru kəmərləri boyunca 12 bölgədən olan 150 müəllim və 450 icma nümayəndəsinı əhatə etməklə uzadılmasına imkan vermişdir.  Layihə “British Council” tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilir.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə əməkdaşlıq edərək bacarıq və biliklərin artırılması və texniki dəstək vasitəsi ilə miqrasiya strategiyalarının, siyasətinin və qanunvericiliyinin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə beynəlxalq qabaqcıl təcrübələrin ölkəyə gətirilməsi layihəsinə dəstək verir. Layihədən viza məsələləri ilə məşğul olan dövlət idarələri yararlanır. Bugünədək layihə çərçivəsində ilk elektron xidmət açılmış və Xarici İşlər Nazirliyi üçün  Konsulluq İstinad Kitabçası hazırlanaraq təqdim olunmuşdur.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda ilk dəfə Böyük Verilənlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzini yaratmışdır. Mərkəz ADA Universitetində yaradılmışdır və onun nəticəsində həmin universitetdə Böyük Həcmli Verilənlərin Təhlili və Verilənlər Elmi üzrə yeni magistr dərəcəsi proqramı da fəaliyyətə başlayacaq ki, bu da verilənlər üzrə mütəxəssislərə və böyük həcmli verilənlər üzrə analitiklərə olan ehtiyacların qarşılanmasına xidmət edəcək. Bu yeni mərkəz həm də dövlət qurumlarının və özəl sektor təmsilçilərinin mərkəzdəki resurslardan istifadəsinə imkan yaratmaqla daha geniş təsir dairəsinə malik olacaq. Mərkəz üçün avadanlıqlar artıq quraşdırılmışdır, hazırda proqramların quraşdırılması aparılır. Mərkəz 2017-ci ilin dördüncü rübündə fəaliyyətə başlayacaq. 
  • BP (Caənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən on bölgədə – Hacıqabul, Kürdəmir, Ağdaş, Ucar, Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz, Ağstafa rayonlarında, erkən müdaxilə xidmətlərinin yaradılması üzrə pilot layihəyə başlamışdır. Bu, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) layihəsinin sosial sərmayə proqramı çərçivəsində həyata keçirilən bir təşəbbüsdür. Layihənin məqsədi bu bölgələrdə Erkən Müdaxilə Mərkəzləri yaratmaqla uşaqların inkişafı prosesində erkən müdaxilənin əhəmiyyəti barədə həm icmanın, həm də səhiyyə sektorunun məlumatlılığını artırmaqdır.
  • BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən Ucar, Yevlax, Samux və Şəmkir bölgələrində 200 icma üzvünü əhatə edən iki yeni gəlir imkanları yaradılması layihəsinə başlamışdır. Layihə  çərçivəsində həmin icma üzvlərinə arıçılıq və kiçik təsərrüfat avadanlığı, bu sahələrdə təlim və məsləhətlər verilməsi təmin edilmişdir.
  • BP-nin Bakı Ali Neft Məktəbində biznes mühazirələri Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində BP-nin aparıcı mütəxəssisləri və rəhbər işçiləri bu ali məktəbdə silsilə mühazirələr və təqdimatlar keçirir, öz təcrübələrini bölüşür və BP-nin əməliyyatları, texnoligiyaları, iş prosesləri və mexanismləri barədə məlumat verirlər.
  • BP Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstək verir­. Bu tərəfdaşlığın bir hissəsi olaraq BP bir sıra inkişaf və bacarıqların yaradılması proqramlarını  maliyyələşdirir və bir qrup milli idmançıya dəstək verir. 2016-cı ildə BP şirkəti Azərbaycanın milli yığmalarına, hər iki milli komitəyə və yeddi seçilmiş milli idmançıya dəstəyini 2020-ci ilədək davam etdirmək məqsədilə öz tərəfdaşlıq müqaviləsini uzadıb. 

Təqdimat slaydları

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 
Telefon: +994 (0) 12 599 45 57