2018-ci ilin birinci yarısının nəticələri

1 avqust 2018

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  

2018-ci ilin 1-ci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 236 milyon dollar əməliyyat məsrəfləri və  552 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

Hasilat

2018-ci ilin 1-ci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. 6 ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (49 000), Mərkəzi Azəri (158 000), Qərbi Azəri (127 000), Şərqi Azəri (96 000), Dərinsulu Günəşli (107 000) və Qərbi Çıraq (59 000) platformalarından birlikdə – gündə orta hesabla 596 000 barel və ya ümumilikdə təqribən 108 milyon barel, yəni 15 milyon ton olub.

İyun ayının sonunda AÇG-də ümumilikdə 116 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub.  

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

ki rüb ərzində AÇG-də 6 neft hasilat quyusu və 2 su injektor quyusu qazılıb.

Səmt qazı

İlin 1-ci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilkdə isə 1,1 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

Səngəçal terminalı

2018-ci ilin 1-ci yarısı ərzində AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 32 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 milyon standart kubmetrdir. 

İlin ilk iki rübü ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 141 milyon bareldən çox neft və kondensat, o cümlədən təqribən 124 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 16 milyon bareldən çox Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1 milyon barelə yaxın ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac etmişdir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

6 ay ərzində terminaldan həmçinin gündəlik orta hesabla 27 milyon standart kub metr (963 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

2018-ci ilin 1-ci yarısı ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 61 milyon dollar, əsaslı xərclərə isə təqribən 13 milyon dollar xərclənmişdir. 

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2018-ci ilin 1-ci yarısının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 399 milyon tondan artıq (2,99 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3916 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

2018-ci ilin 1-ci yarısı ərzində isə BTC vasitəsilə 17 milyon tondan çox (təqribən 125 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 158 tankerə yüklənib. 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

2018-ci ilin 1-ci yarısı ərzində Şahdəniz üzrə fəaliyyətlərə 250 milyon dollardan çox əməliyyat xərcləri və təqribən 798 milyon dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aiddir.

Hasilat

2018-ci ilin 1-ci yarısı ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırması davam etmişdir.

6 ay ərzində yataqdan 5 milyard standart kubmetr qaz və 1,1 milyon ton (təqribən 9 milyon barel) kondensat hasil edilmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 32 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

Qazma əməliyyatları

2018-ci ilin 2-ci rübündə Şahdəniz Alfa platformasında SDA11 quyusunda qazma işləri bitmişdir və indi bu quyuda tamamlama işləri gedir.

İstiqlal qazma qurğusu SDD04 quyusunu tamamlayıb və sınaqdan keçirib, bundan sonra isə SDG04 quyusunda tamamlama işlərinə başlayıb. Maersk Explorer qurğusu SDH02 quyusunun aşağı hissələrində qazma əməliyyatlarını davam etdirir.

Bu iki qurğu Şahdəniz Bravo platformasından hasilat üçün artıq 14 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında da dörd quyu tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

 

Şahdəniz Mərhələ 2 layihəsi

2018-ci ilin birinci yarısında Cənub Qaz Dəhlizi boyunca bütün layihələrdə əldə edilmiş bir sıra mühüm istismar sınaqları  və təhvil vermə nailiyyətlərindən sonra Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri, 29 may 2018-ci il tarixində Səngəçal terminalında keçirilmiş rəsmi inauqurasiya mərasimi ilə istismar mərhələsinə daxil oldu. Bunun ardınca 30 iyun 2018-ci ildə Şahdəniz 2 layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli daşımalar plana uyğun şəkildə başladı. Şahdəniz 2 layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir. 

Eyni zamanda ilin birinci yarısında Şahdəniz Bravo platformasında montaj işləri və istismar sınaqları davam etmişdir. Sualtı axın xətlərinin və quyuların sınaq işləri tamamlanıb və Bravo qurğuları istismar mərhələsinə daxil olub.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

2018-ci ilin 1-ci yarısında CQBK ilə bağlı fəaliyyətlərə təqribən 18 milyon dollar əməliyyat xərcləri və 241 milyon dollar əsaslı xərclər sərf edilib.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. 

6 ay ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 21 milyon kubmetr qaz olmuşdur.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK-nin genişləndirilməsi (CQBKG) layihəsi

2018-ci ilin 1-ci yarısı ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. Bu iki ölkə ərazisində Türkiyəyə ilk kommersiya məqsədli qaz çatdırmaları üçün nəzərdə tutulmuş bütün infrastruktur plana uyğun şəkildə tamamlanaraq 30 iyunda başlamış ixrac əməliyyatları üçün hazır vəziyyətə gətirilmişdi.

Hal-hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir və CQBKG-nin Azərbaycan və Gürcüstan ərazisindəki qurğuları və boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır.

Eyni zamanda Azərbaycanda layihənin yerüstü qurğularının istismar sınaqları davam edir. Gürcüstanda 2-ci kompressor stansiyasının tikintisi üzrə işlər 99% tamamlanıb, istismar sınaqları isə plana uyğun irəliləyir.

Geoloji kəşfiyyat

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən  əldə edilmiş 3-ölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin sonunda yekunlaşdı. SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi  müəyyən edildi.  Seçilmiş perspektiv ərazilərdə kəşfiyyat quyularının qazılması üçün planlaşdırma işləri davam edir. 

2018-ci ilin aprel ayında D230 blokunun birgə kəşfiyyatı və işlənməsi haqqında yeni hasilatın pay bölgüsü sazişi imzalandıqdan sonra seysmik tədqiqat proqramı üçün planlar hazırlanmağa başlanıb. Bu sazişin Milli Məclis tərəfindən ratifikasiya olunmasından asılı olmaqla müqavilə sahəsində ilk seysmik tədqiqatın  2019-cu ilin birinci yarısında aparılması planlaşdırılır.

Şəfəq-Asiman blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də  davam etməkdədir.

İşçi heyətimiz

2018-ci ilin 1-ci yarısının sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2669 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 90%-ni təşkil edir və bu işçilərin də çoxu rəhbər vəzifələrdədir. 

2014-cü ildən bəri BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var idi. BP öz yerli işçilərinin inkişafına dəstək verməklə onların   ixtisaslı işçi tələb edən vəzifələrin əksəriyyətində xarici vətəndaşları əvəz etməsinə nail olub. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Sosial sərmayələr

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2018-ci ilin 1-ci yarısında BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 2.3 milyon dollar xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

Bu qəbildən Azərbaycanda hazırda həyata keçirilən layihələrin bəzi nümunələri bunlardır:
  • BP və tərəfdaşlarının “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” proqramı hazırda davam edir. Bu layihə Azərbaycanda əlilliyi olan şəxslərin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutur. Layihədə iştirak üçün seçilmiş təqribən 100 nəfər təlimlər və digər xüsusi fəaliyyətlər vasitəsilə öz məşğulluq imkanlarını artıracaq.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək məqsədilə Təhsil Nazirliyi ilə 2016-cı ilin sentyabr ayında başladığı yeni tərəfdaşlıq. Bu tərəfdaşlıq çərçivəsində BP və onun tərəfdaşları Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsili bazasının gücləndirilməsinə dəstək verirlər. Layihə nəticəsində kənd təsərrüfatı sahəsində dörd yeni peşə və ixtisas üçün (bitkiçilik mütəxəssisi, aqroservis mütəxəssisi, meyvə ustası, tərəvəz ustası) 19 təlim modulunun yaradılacağı və bunun da ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına kömək edəcəyi gözlənilir. Layihədə həmçinin bütün yeni yaradılan peşələr üzrə dərsliklərin və tədris materiallarının hazırlanması da  nəzərdə tutulur.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) milyonlarla dollar dəyərində layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda açdığı Layihələri İdarəetmə Məktəbi (LİM) özəl və dövlət sektorunu təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Bu günədək məktəbin 5 buraxılışı olub və ümumilikdə  357 layihə meneceri burada təlim keçərək beynəlxalq sertifikat qazanıb. Proqram mərhələlərlə həyata keçirilib. Layihə başlananda onun qarşısına qoyulmuş məqsədlərdən biri də təlim proqramını yerli mütəxəssislərə təhvil vermək idi. Layihənin 4-cü mərhələsində  bu məqsədə nail olundu və hazırda bütün dərslər artıq yerli mütəxəssislər tərəfindən tədris olunur. Beləliklə də layihə öz davamlı idarəetmə mərhələsinə keçərək yerli bir təşkilata təhvil verilib.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) orta məktəblərdə informasiya texnolgiyası (İT)  tədrisinin gücləndirilməsi və bu sahədə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu 3-illik təşəbbüs çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıqda İT təmayüllü məktəblər üçün kurikulum hazırlanacaq. Bundan əlavə, yeni kurikulumun pilot tətbiqinə başlamaq üçün 25 seçilmiş Bakı məktəbini təmsil edən 50 müəllimə xüsusi təlimlər də keçilir.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) 2016-cı ilin sentyabrında “Gələcəyini qur” layihəsini həyata keçirməyə başlayıb. Bu layihədə məqsəd az təminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək verməkdir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir – akademik biliklər vermək və sosial inteqrasiya. Bu günədək layihənin iki uğurlu fazası olub və iştirakçıların təqribən 86%-i ali məktəblərə daxil olub. Bu uğurlu nəticəyə əsaslanaraq layihənin 3-cü fazasının da olması planlaşdırılır.
  • BP (özünün əməliyyatçısı olduğu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsindəki tərəfdaşları adından)  2016-cı ildə boru kəməri marşrutu boyunca yerləşən beş bölgədə - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında, icmaların  bacarıq və bilgilərinin artırılmasına yönəlmiş pilot layihəyə başlayıb. Layihə icmalarda ingilis dilinin tədrisi keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Pilot mərhələnin uğurlu olması layihənin müddətinin boru kəmərləri boyunca 11 bölgədən olan 165 müəllim və 480 icma nümayəndəsinı əhatə etməklə uzadılmasına imkan vermişdir.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə əməkdaşlıq edərək bacarıq və biliklərin artırılması və texniki dəstək vasitəsi ilə miqrasiya strategiyalarının, siyasətinin və qanunvericiliyinin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə beynəlxalq qabaqcıl təcrübələrin ölkəyə gətirilməsi layihəsinə dəstək verir. Layihədən viza məsələləri ilə məşğul olan dövlət idarələri yararlanır. Bugünədək layihə çərçivəsində ilk elektron xidmət açılmış və Xarici İşlər Nazirliyi üçün  Konsulluq İstinad Kitabçası hazırlanaraq təqdim olunmuşdur. Bundan əlavə, böyük bir qrup konsulluq işçisinə iş bilgilərini artırmaq məqsədli təlimlər də keçirilmişdir.
  • BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən və bir sıra digər bölgələr daxil olmaqla 13 rayonda – Hacıqabul, Kürdəmir, Ağdaş, Ucar, Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz, Ağstafa, Ağsu, Qobustan və Şirvan rayonlarında, erkən müdaxilə xidmətlərinin yaradılması üzrə layihə həyata keçirir. Layihənin məqsədi bu bölgələrdə Erkən Müdaxilə Mərkəzləri yaratmaqla uşaqların inkişafı prosesində erkən müdaxilənin əhəmiyyəti barədə həm icmanın, həm də səhiyyə sektorunun məlumatlılığını artırmaqdır.
  • BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən Ucar, Yevlax, Samux və Şəmkir bölgələrində 200 icma üzvünü əhatə edən iki yeni gəlir imkanları yaradılması layihəsi həyata keçirir. Layihə  çərçivəsində həmin icma üzvlərinə arıçılıq və kiçik təsərrüfat avadanlığı, bu sahələrdə təlim və məsləhətlər verilməsi təmin edilmişdir. Hazırda “Şirin qızıl” adlanan bu layihə BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən bölgələrdən seçilən daha 600 nəfər icma üzvünü və nektar mənbəyi kimi istifadə ediləcək 60000 ağacın əkilməsi fəaliyyətlərini də əhatə etməklə əlavə 3 il müddətinə uzadılmışdır.
  • BP əməkdaşlarının Bakı Ali Neft Məktəbində biznes mühazirələri təşəbbüsü Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində BP-nin aparıcı mütəxəssisləri və rəhbər işçiləri bu ali məktəbdə silsilə mühazirələr və təqdimatlar keçirir, öz təcrübələrini bölüşür və BP-nin əməliyyatları, texnoligiyaları, iş prosesləri və mexanizmləri barədə məlumat verirlər. Bundan əlavə, BP həmin ali məktəbdə innovativ bir təlim proqramını da maliyyələşdirir. “Mühəndislər üçün biznes təhsili” adlanan bu proqram yerli mühəndislərə universitet təhsilindən rahat şəkildə biznes karyerasına keçməyə kömək edəcək. Bu proqram 5-ci kurs tələbələri üçün nəzərdə tutulub və idarəçilik və biznes sahəsində geniş bilgilər vermək məqsədi daşıyır.
  • BP Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstək verir­. Bu tərəfdaşlığın bir hissəsi olaraq BP bir sıra inkişaf və bacarıqların yaradılması proqramlarını  maliyyələşdirir və bir qrup milli idmançıya dəstək verir. 2016-cı ildə BP şirkəti Azərbaycanın milli yığmalarına, hər iki milli komitəyə və yeddi seçilmiş milli idmançıya dəstəyini 2020-ci ilədək davam etdirmək məqsədilə öz tərəfdaşlıq müqaviləsini uzadıb.

Təqdimat slaydları

Əlavə məlumat üçün BP şirkətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 
Telefon: (+994 12) 599 4557