2017-ci ilin birinci rübünün nəticələri

10 may 2017

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  

2017-ci ilin birinci rübündə AÇG layihəsinə təqribən 111 milyon dollar əməliyyat məsrəfləri və 304 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

Hasilat

Rüb ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Birinci üç ay ərzində AÇG-dən ümumi hasilat – Çıraq (55 000), Mərkəzi Azəri (124 000), Qərbi Azəri (112 000), Şərqi Azəri (75 000), Dərinsulu Günəşli (121 000) və Qərbi Çıraq (94 000) platformalarından birlikdə – gündə orta hesabla 581 000 barel və ya ümumilikdə 52 milyon bareldən artıq, yəni 7,1 milyon tondan artıq təşkil edib.

Rübün sonunda AÇG-də ümumilikdə 107 neft hasilat quyusu və 48 qaz və su injektor quyusu istismarda olub.  

 AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

Birinci üç ay ərzində AÇG-də 5 neft hasilat quyusu, 2 suvurma quyusu qazılmışdı

Səmt qaz

2017-cı ilin birinci rübündə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 12,1 milyon kubmetr, ümumilkdə isə 1,1 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Səngəçal terminalı

Birinci rübdə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir. 

Rüb ərzində terminal 69 milyon bareldən artıq neft və kondensat, o cümlədən 60,5 milyon bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 7,5 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,1 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 26,5 milyon standart kub metr (936 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), CİECO (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

Birinci rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 29 milyon dollar, əsaslı xərclərə isə 5 milyon dollar xərclənmişdir. 

1768km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2017-ci il mart ayının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 357 milyon ton (təxminən 2,67 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3502 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Birinci rüb ərzində isə BTC vasitəsilə təqribən 8,3 milyon ton (61,7 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 77 tankerə yüklənib. 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti, nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

Birinci rüb ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 113 milyon dollar əməliyyat xərcləri və 835 milyon dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir.

Hasilat

2017-ci ilin ilk üç ayı ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.

Rüb ərzində yataqdan 2,4 milyard standart kubmetr qaz və 0,6 milyon ton (təqribən 4,6 milyon barel) kondensat hasil edilmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

Qazma əməliyyatları

Birinci rübdə Şahdəniz Mərhələ 1-in mövcud platformaında (Alfa) SDA10 qaz hasilatı quyusunun  dərin hissələrində aparılan qazma işləri bitmiş və tamamlanma işlərinə başlanmışdır. Bu işlər hazırda davam edir.

İstiqlal qazma qurğusu birinci rübdə SDC03 və SDC02  quyularını tamamlayaraq SDC01  quyusunda da həmin işləri aparmaq üçün bu quyunun yerləşdiyi əraziyə keçib.

Heydər Əliyev (Maersk Explorer) qazma qurğusu SDF01 və SDF02  quyularının üst hissəsində qazma işlərini bitirib. Hazırda isə  qurğu SDF01 quyusunun məhsuldar lay hissələrini qazmaqda davam edir.

a qurğusu artıq Şahdəniz Mərhələ 2-dən hasilatın başlanması  və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 12 hasilat quyusu qazıb, üç quyunu isə tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

 

Şahdəniz Mərhələ 2 layihəsi

2017-ci ilin birinci rübündə Şahdəniz Mərhələ 2 layihəsinin tikinti işləri uğurla davam etmişdir. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 92%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.  

Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.

Mart ayında layihə daha bir mühüm hadisəni qeyd etdi - Şahdəniz Mərhələ 2 üçün tikilən  platformalardan ikincisinin də dayaq bloku Bakı Dərin Özüllər Zavodundan dənizdə quraşdırılmaq üçün yola salındı. Yaşayış Blokları və Texnoloji Təchizat platformasının dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan yola çıxaraq Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsində uğurla suya salındı və quraşdırıldı. Payaların quraşdırılması və son tamamlanma işləri isə hələ davam edir. 

Sualtı tikinti işləri üçün nəzərdə tutulmuş “Xənkəndi” gəmisinin tikintisi və istismar sınaqları Bakı Gəmiqayırma Zavodunda uğurla davam edir.  Gəminin 900 ton gücündə olan əsas kranı bu yaxınlarda yükqaldırma sınağından uğurla  keçdi.  Gəmi 2017-ci ilin yayında zavodun yanalma körpüsündən dəniz sınaqlarına yola salınacaq ki, bu da Şahdəniz Mərhələ 2 layihəsi çərçivəsində başa çatdırılmış ən iri işlərdən biri olacaq.  

ATA tikinti-quraşdırma sahəsində Şahdəniz 2 platformasının hər iki üst modulunun tikintisi başa çatıb, hazırda istismar sınaqları sona yaxınlaşır. Bu modulların dənizə yola salınması və quraşdırılması 2017-ci ilin yayına planlaşdırılır. 

Dünyanın ən iri neft və qaz terminalllarından biri olan Səngəçal  terminalında Şahdəniz 2-dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir.  Ümumilikdə Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%) və TPAO (19%).

2017-ci ilin birinci rübündə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 6 milyon dollar əməliyyat xərcləri və 191 milyon dollar əsaslı xərclər sərf edilib.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. 

Birinci rüb ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 21,4 milyon kubmetr qaz olmuşdur.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK-nin genişləndirilməsi (CQBKG) layihəsi

2017-ci ilin birinci rübündə CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. Ümumilikdə bu işlərin – tikinti və istismar sınaqları daxil olmaqla,  89%-i artıq tamamlanıb

Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam etmişdir -  təqribən 320 km uzunluğunda borular artıq qaynaq edilib və 263 km boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb - beşinci üfüqi qazma bu ilin aprel ayında başa çatdı.

Gürcüstan ərazisində kəmər xəttinin inşası üzrə tikinti işləri artıq bitib  - 62 km uzunluğunda borular qaynaq edilib, örtüklənib, xəndəyə endirilib və üstü örtülüb. 

Həm Azərbaycanda, həm də Gürcüstanda boru kəmərinin hidro-sınaqları  aparılır.

Gürcüstanda hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edir. 1-ci kompressor stansiyasında işlər təqribən 96%, 2-cidə isə 70% tamamlanıb. Hər iki  kompressor stansiyası 2018-ci ildə istismara verilmək  planına uyğun irəliləyir. Nəzarət-ölçü stansiyasında (81-ci sahə) isə işlər 95% tamamlanıb və bu stansiyanın 2017-ci ildə təhvil verilməsi planlaşdırılır.

Geoloji kəşfiyyat

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən  2016-cı ildə əldə edilmiş 3-ölçülü məlumatların emalı davam edir. Məlumatların tam emalının 2017-ci ilin üçüncü rübündə başa çatacağı gözlənilir. Seysmik interpretasiya işləri isə bu ilin dördüncü rübündə bitəcək. 

Şəfəq-Asiman üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir.

İşçi heyətimiz

Birinci rübün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2785 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.

BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir.

Sosial sərmayələr

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2016-cı ildə BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 1,51 milyon dollar xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcəklər.

Bu qəbildən Azərbaycanda həyata keçirilən layihələrin bəzi nümunələri bunlardır:
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək məqsədilə Təhsil Nazirliyi ilə 2016-cı ilin sentyabr ayında başladığı yeni tərəfdaşlıq. Layihə nəticəsində kənd təsərrüfatı sahəsində bir sıra yeni peşə və ixtisasların yaradılacağı və bunun da ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına töhfə verəcəyi gözlənilir. Bu tərəfdaşlıq çərçivəsində BP və onun tərəfdaşları Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsili bazasını gücləndirməyə dəstək olacaqlar. Pilot faza kimi nəzərdə tutulmuş bu bir-illik layihə uğurlu olarsa, bu təcrübənin tətbiqi genişləndirilərək ölkədəki bütün kənd təsərrüfatı peşə məktəblərini əhatə edəcək.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP). Bu çox milyon-dollarlıq layihə yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. BP və tərəfdaşları 2007-ci ilin iyun ayında başlanmış bu proqramı 2016-cı ilin noyabr ayında daha iki il uzatmaq qərarı verdilər.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda açdığı Layihələri İdarəetmə Məktəbi (LİM). Bu layihə özəl və dövlət sektorunu təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Bu günədək məktəbdə 325 layihə meneceri təlim keçərək beynəlxalq sertifikat qazanıb. 2016-cı ildə bu proqram davamlılıq mərhələsinə keçib və proqramın 2017-ci ilin üçüncü rübündən etibarən yerli təlimçilər tərəfindən aparılması planlaşdırılır.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) öz obyektlərinin qonşuluğunda yaşayan icmalarda informasiya texnolgiyası (İT) üzrə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu layihənin bir hissəsi olaraq Səngəçal və Ümid qəsəbələrini təmsil edən 50 nəfər CİSCO sertifikatı verən İT təlimi kurslarını bitirmiş və beləliklə öz məşğulluq imkanlarını daha da artırmışlar. 2016-cı ildə bu proqram genişləndirildi və təlimlər boru kəmərləri boyunca yerləşən icmalar da daxil olmaqla çox sayda yeni icmalarda keçirilməyə başladı. Bu yeni təşəbbüsdən 200-ə qədər yerli icma nümayəndəsinin faydalanacağı gözlənilir. Bundan əlavə, CİSCO təlimi kurslarının əvvəlki mərhələsini keçən 23 ən uğurlu məzunu dəstəkləməyə davam edərək onlara qabaqcıl İT bacarıqları öyrənmək və ingilis dili biliklərini inkişaf etdirmək üçün imkanlar yaratmaq da proqrama daxildir. Kursları bitirdikdə onların dünya üzrə  tanınmış CİSCO Sertifikatlı Şəbəkə Əməkdaşı sertifikasiya imtahanını verməsi də planlaşdırılır.
  • BP (özünün əməliyyatçısı olduğu Cənubi Qafqaz Boru Kəməri-nin Genişləndirilməsi (CQBKG) layihəsindəki tərəfdaşları adından)  2016-cı ildə boru kəməri marşrutu boyunca yerləşən beş bölgədə - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında, icmaların  bacarıq və bilgilərinin artırılmasına yönəlmiş yeni layihəyə başlamışdır. Bu, CQBKG layihəsinin sosial sərmayə proqramı çərçivəsində həyata keçirilən bir təşəbbüsdür. Layihə icmalarda ingilis dilinin tədrisi keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Layihə “British Council” tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilir.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) boru kəmərlərinin keçdiyi rayonlarda bir çox uşaq bağçalarını kompüterlərlə təchiz etmək üçün yeni layihə həyata keçirir. Bu layihənin başlıca məqsədi məktəbəqədər yaşlı uşaqlarda idrak bacarıqlarını inkişaf etdirməkdir. Bu günə qədər Qaradağ, Hacıqabul, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında 56 icmaya 335 kompüter bağışlanıb.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə əməkdaşlıq edərək bacarıq və biliklərin artırılması və texniki dəstək vasitəsi ilə miqrasiya strategiyalarını, siyasətini və qanunvericiliyini səmərəli şəkildə həyata keçirmək üçün beynəlxalq qabaqcıl təcrübələrin mənimsənilməsi layihəsinə dəstək verir. Layihədən viza məsələləri ilə məşğul olan dövlət idarələri yararlanır.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda ilk dəfə Böyük Verilənlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzini yaratmışdır. Mərkəz ADA Universitetində yaradılmışdır və onun nəticəsində həmin universitetdə Böyük Həcmli Verilənlərin Təhlili və Verilənlər Elmi üzrə yeni magistr dərəcəsi proqramı da fəaliyyətə başlayacaq ki, bu da verilənlər üzrə mütəxəssislərə və böyük həcmli verilənlər üzrə analitiklərə olan ehtiyacların qarşılanmasına xidmət edəcək. Bu yeni mərkəz həm də dövlət qurumlarının və özəl sektor təmsilçilərinin mərkəzdəki resurslardan istifadəsinə imkan yaratmaqla daha geniş təsir dairəsinə malik olacaq.
  • BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən on bölgədə – Hacıqabul, Kürdəmir, Ağdaş, Ucar, Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz, Ağstafa rayonlarında erkən müdaxilə xidmətlərinin yaradılması üzrə yeni icma layihəsinə başlamışdır. Bu, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) layihəsinin sosial sərmayə proqramı çərçivəsində həyata keçirilən bir təşəbbüsdür. Layihənin məqsədi uşaqların inkişafı prosesində erkən müdaxilənin əhəmiyyəti barədə həm icmanın, həm də səhiyyə sektorunun məlumatlılığını artırmaqdır.
  • BP-nin Bakı Ali Neft Məktəbində biznes mühazirələri Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində BP-nin aparıcı mütəxəssisləri və rəhbər işçiləri bu ali məktəbdə silsilə mühazirələr və təqdimatlar keçirir, öz təcrübələrini bölüşür və BP-nin əməliyyatları, texnoligiyaları, iş prosesləri və mexanismləri barədə məlumat verirlər.
  • BP-nin Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstəyi. Bu tərəfdaşlığın bir hissəsi olaraq BP bir sıra inkişaf və bacarıqların davamlı irsinin yaradılması proqramlarını  maliyyələşdirir və bir qrup milli idmançıya dəstək verir. 2016-cı ildə BP şirkəti Azərbaycanın milli yığmalarına, hər iki milli komitəyə və yeddi seçilmiş milli idmançıya dəstəyini 2020-ci ilədək davam etdirmək məqsədilə öz tərəfdaşlıq müqaviləsini uzadıb.
  • BP həmçinin Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına dəstək verir. BP rəsmi tərəfdaş kimi Oyunların beynəlxalq sülhü və ahəngi həmrəylik, birgəlik bə birlik kimi dəyərlər vasitəsilə təşviq etmək məramını dəstəkləyir. Bu tərəfdaşlıq BP-nin Azərbaycanda idman potensialının inkişaf etdirilməsinə dəstək olmaq öhdəliyinin bir hissəsidir və Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə uzunmüddətli uğurlu tərəfdaşlığa söykənir. Bu tərəfdaşlıq həmçinin Bakı 2015 Avropa Oyunları və 2012-ci il London Olimpiya və Paralimpiya Oyunları üzrə BP-nin təcrübəsi və sıx əməkdaşlığına əsaslanır. BP həmçinin Bakı 2017 İslam Həmrəyliyi Oyunları ilə tərəfdaşlıq çərçivəsində Oyunlara və sonrakı yarışlara hazırlaşdıqları müddətdə yeddi milli idman elçisinə və  Bakı 2017 Könüllülük Proqramının həyata keçirilməsinə dəstək verir. Bu təşəbbüs çərçivəsində 6000 gənc Oyunların keçirilməsində mühüm rol oynamaq imkanı qazanmaqla bərabər həm də liderlik, təqdimat, ünsiyyət və ictimaiyyət qarşısında çıxış etmək bacarıqlarını təkmilləşdirməyə kömək edən geniş təlim proqramından faydalanmaq imkanına malikdir.

Təqdimat slaydları

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 
Telefon: +994 (0) 12 599 45 57