2018-ci ilin birinci rübünün nəticələri

17 may 2018

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Statoyl (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  

2018-ci ilin 1-ci rübündə AÇG üzrə fəaliyyətlərə təqribən 102 milyon dollar əməliyyat məsrəfləri və  260 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

Hasilat

2018-ci ilin 1-ci rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (53 000), Mərkəzi Azəri (156 000), Qərbi Azəri (123 000), Şərqi Azəri (94 000), Dərinsulu Günəşli (109 000) və Qərbi Çıraq (62 000) platformalarından birlikdə – gündə orta hesabla 597 000 barel və ya ümumilikdə təqribən 54 milyon barel, yəni 7 milyon ton olub.

İlin sonunda AÇG-də ümumilikdə 118 neft hasilat quyusu və 52 qaz və su injektor quyusu istismarda olub.  

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

Rüb ərzində AÇG-də 5 neft hasilat quyusu qazılmışdır.

Səmt qazı

1-ci rübdə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,8 milyon kubmetr, ümumilkdə isə 525 milyon kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

Səngəçal terminalı

1-ci rüb ərzində AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 30 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 milyon standart kubmetrdir. 

1-ci rüb ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla təqribən 71 milyon barel neft və kondensat, o cümlədən təqribən 63 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 8 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 0,4 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 30 milyon standart kub metr (təqribən 1,1 milyard standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

2018-ci ilin 1-ci rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 30 milyon dollar, əsaslı xərclərə isə təqribən 5 milyon dollar xərclənmişdir. 

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2018-ci ilin 1-ci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 391 milyon tondan artıq (2,93 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3839 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

2018-ci ilin 1-ci rübü ərzində isə BTC vasitəsilə təqribən 63 milyon ton (8,3 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 81 tankerə yüklənib. 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

2018-ci ilin 1-ci rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 123 milyon dollar əməliyyat xərcləri və təqribən 415 milyon dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aiddir.

Hasilat

2018-ci ilin 1-ci rübü ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.

Rüb ərzində yataqdan 2,7 milyard standart kubmetr qaz və 0,6 milyon ton (təqribən 5 milyon barel) kondensat hasil edilmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

Qazma əməliyyatları

2018-ci ilin 1-ci rübündə Şahdəniz Alfa platformasında SDA11 quyusunda qazma işləri davam etmişdir.

İstiqlal qazma qurğusu SDD03 quyusunu tamamlamış və SDD04 quyusunda tamamlama işlərinə başlamışdır. Maersk Explorer qurğusu SDH01 quyusunun aşağı hissələrində qazma əməliyyatlarını davam etdirmişdir.

Bu iki qurğu Şahdəniz 2 üzrə hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində artıq 14 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında isə üç quyunu tamamlayıb. Şahdəniz 2-nin qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Şahdəniz Mərhələ 2 layihəsi

2017-ci ildə bütün layihə boyu əldə edilmiş bir sıra mühüm tikinti, istismar sınaqları  və təhvil vermə nailiyyətlərindən sonra Şahdəniz 2 və Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi layihələri istismara başlamaq mərhələsinə daxil olaraq 2018-ci ildə ilk qazın əldə edilməsi qrafikinə uyğun irəliləyir. 

Şahdəniz 2 layihəsi üzrə ilk qazın əldə olunması üçün lazım olan iş həcmi mühəndis-layihə işləri, təchizat, tikinti və istismar sınaqları da daxil olmaqla, artıq 99% tamamlanıb.

1-ci rübdə Şahdəniz 2  platformalarının hər ikisinin üst modullarının montajı və istismar sınaqları davam etmiş və surətlə irəliləmişdir. Ümulikdə bu işlər 90% başa çatmaqla  qrafiki  qabaqlayır. Bu obyektlər artıq əməliyyatlar qrupuna təhvil verilib və işə salınma prosedurları yaxşı irəliləyir. Hazırda terminaldan platforma sisteminə ilk karbohidrogen daxil olmazdan əvvəl son yoxlama işləri aparılır. 

Səngəçal  terminalında Şahdəniz 2 üçün inşa edilmiş obyektləri terminalın mövcud istismarda olan hissəsi ilə ayıran baryer sökülmüş və hər iki hissə indi birləşdirilmişdir. Yeni inşa edilmiş sistemə artıq ilk karbohidrogen daxil edilmişdir. Bu, həm ilk kommersiya ixracının, həm də Şahdəniz  Bravo obyektlərindən hasilatın başlanması üçün çox vacib bir əməliyyatdır.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

2018-ci ilin 1-ci rübündə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 8 milyon dollar əməliyyat xərcləri və 165 milyon dollar əsaslı xərclər sərf edilib.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. 

Rüb ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 23,1 milyon kubmetr qaz olmuşdur.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK-nin genişləndirilməsi (CQBKG) layihəsi

2018-ci ilin 1-ci rübü ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. Ümumilikdə bu işlərin ilk qaz üçün nəzərdə tutulmuş həcminin 99%-i artıq tamamlanıb.

Bütün xətt boyunca əsas kəmər istismar qaynaqlarının hamısı tamamlanıb, kəmərin tam hazır olması üçün yalnız birləşmə qaynaqları qalır. Gürcüstandakı 1-ci kompressor stansiyasına  artıq karbohidrogen daxil edilib və əməliyyatlara hazırdır. Türkiyəyə ilk kommersiya çatdırmaları üçün lazım olan bütün infrastruktur artıq tamamlanıb. 2-ci kompressor stansiyasında istismar sınaqları başlanıb və işlər qrafik üzrə irəliləyir.

Geoloji kəşfiyyat

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən  əldə edilmiş 3-ölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin sonunda yekunlaşdı. SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi  müəyyən edildi.  Seçilmiş perspektiv ərazilərdə kəşfiyyat quyularının qazılması üçün planlaşdırma işləri davam edir. 

Şəfəq-Asiman üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də  davam etməkdədir.

İşçi heyətimiz

2018-ci ilin 1-ci rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2688 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin 89%-dən çoxunu təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir. 

BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçi heyətin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir.

Sosial sərmayələr

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edirlər. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2018-ci ilin 1-ci rübündə BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 1 milyon dollar xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

Bu qəbildən Azərbaycanda hazırda həyata keçirilən layihələrin bəzi nümunələri bunlardır:
  • BP və tərəfdaşları bu yaxınlarda “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” proqramının icrasına başladılar. Bu layihə Azərbaycanda əlilliyi olan şəxslərin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutur. Layihədə iştirak üçün seçiləcək 100 nəfər təlimlər və digər xüsusi fəaliyyətlər vasitəsilə öz məşğulluq imkanlarını artıracaqlar.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək məqsədilə Təhsil Nazirliyi ilə 2016-cı ilin sentyabr ayında başladığı yeni tərəfdaşlıq. Bu tərəfdaşlıq çərçivəsində BP və onun tərəfdaşları Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsili bazasının gücləndirilməsinə dəstək olacaqlar. Layihə nəticəsində kənd təsərrüfatı sahəsində dörd yeni peşə və ixtisas üçün (bitkiçilik mütəxəssisi, aqroservis mütəxəssisi, meyvə ustası, tərəvəz ustası) 19 təlim modulunun yaradılacağı və bunun da ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına töhfə verəcəyi gözlənilir. Layihədə həmçinin bütün yeni yaradılan peşələr üzrə dərsliklərin və tədris materiallarının hazırlanması da  nəzərdə tutulur.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) çox milyon-dollarlıq layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. BP və tərəfdaşları 2007-ci ilin iyun ayında başlanmış bu proqramı 2016-cı ilin noyabr ayında daha iki il uzatmaq qərarı veriblər.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda açdığı Layihələri İdarəetmə Məktəbi (LİM) özəl və dövlət sektorunu təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Bu günədək məktəbdə 357 layihə meneceri təlim keçərək beynəlxalq sertifikat qazanıb. Proqram mərhələlərlə həyata keçirilib. Layihə başlananda onun qarşısına qoyulmuş məqsədlərdən biri də təlim proqramını yerli mütəxəssislərə təhvil vermək idi. Layihənin 4-cü mərhələsində  bu məqsədə nail olundu və hazırda bütün dərslər artıq yerli mütəxəssislər tərəfindən tədris olunur. Beləliklə də layihə öz davamlı idarəetmə mərhələsinə keçərək yerli bir təşkilata təhvil verildi.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) öz obyektlərinin qonşuluğunda yaşayan icmalarda informasiya texnolgiyası (İT) üzrə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu 3-illik təşəbbüs çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıqda İT təmayüllü məktəblər üçün kurikulum hazırlanacaq. Bundan əlavə, yeni kurikulumun pilot tətbiqinə başlamaq üçün 25 seçilmiş Bakı məktəbini təmsil edən 50 müəllimə xüsusi təlimlər keçiləcək.
  • BP (özünün əməliyyatçısı olduğu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsindəki tərəfdaşları adından)  2016-cı ildə boru kəməri marşrutu boyunca yerləşən beş bölgədə - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında, icmaların  bacarıq və bilgilərinin artırılmasına yönəlmiş pilot layihəyə başlayıb. Layihə icmalarda ingilis dilinin tədrisi keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Pilot mərhələnin uğurlu olması layihənin müddətinin boru kəmərləri boyunca 11 bölgədən olan 165 müəllim və 480 icma nümayəndəsinı əhatə etməklə uzadılmasına imkan vermişdir.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə əməkdaşlıq edərək bacarıq və biliklərin artırılması və texniki dəstək vasitəsi ilə miqrasiya strategiyalarının, siyasətinin və qanunvericiliyinin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə beynəlxalq qabaqcıl təcrübələrin ölkəyə gətirilməsi layihəsinə dəstək verir. Layihədən viza məsələləri ilə məşğul olan dövlət idarələri yararlanır. Bugünədək layihə çərçivəsində ilk elektron xidmət açılmış və Xarici İşlər Nazirliyi üçün  Konsulluq İstinad Kitabçası hazırlanaraq təqdim olunmuşdur. Bundan əlavə, böyük bir qrup konsulluq işçisinə iş bilgilərini artırmaq məqsədli təlimlər də keçirilmişdir.
  • BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən və bir sıra digər bölgələr daxil olmaqla 14 rayonda – Hacıqabul, Kürdəmir, Ağdaş, Ucar, Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz, Ağstafa, Ağsu, Abşeron, Qobustan və Şirvan rayonlarında, erkən müdaxilə xidmətlərinin yaradılması üzrə layihə həyata keçirir. Layihənin məqsədi bu bölgələrdə Erkən Müdaxilə Mərkəzləri yaratmaqla uşaqların inkişafı prosesində erkən müdaxilənin əhəmiyyəti barədə həm icmanın, həm də səhiyyə sektorunun məlumatlılığını artırmaqdır.
  • BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən Ucar, Yevlax, Samux və Şəmkir bölgələrində 200 icma üzvünü əhatə edən iki yeni gəlir imkanları yaradılması layihəsi həyata keçirir. Layihə  çərçivəsində həmin icma üzvlərinə arıçılıq və kiçik təsərrüfat avadanlığı, bu sahələrdə təlim və məsləhətlər verilməsi təmin edilmişdir. Bundan əlavə, “Şirin qızıl” adlanan arıçılıq layihəsinin BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən bölgələrdən seçiləcək daha 600 nəfər icma üzvünü əhatə etməsi də planlaşdırılır.
  • BP-nin əməkdaşlarının Bakı Ali Neft Məktəbində biznes mühazirələri təşəbbüsü Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində BP-nin aparıcı mütəxəssisləri və rəhbər işçiləri bu ali məktəbdə silsilə mühazirələr və təqdimatlar keçirir, öz təcrübələrini bölüşür və BP-nin əməliyyatları, texnoligiyaları, iş prosesləri və mexanizmləri barədə məlumat verirlər. Bundan əlavə, BP həmin ali məktəbdə innovativ bir təlim proqramını da maliyyələşdirir. “Mühəndislər üçün biznes təhsili” adlanan bu proqram yerli mühəndislərə universitet təhsilindən rahat şəkildə biznes karyerasına keçməyə kömək edəcək. Bu proqram 5-ci kurs tələbələri üçün nəzərdə tutulub və idarəçilik və biznes sahəsində geniş bilgilər vermək məqsədi daşıyır.
  • BP Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstək verir­. Bu tərəfdaşlığın bir hissəsi olaraq BP bir sıra inkişaf və bacarıqların yaradılması proqramlarını  maliyyələşdirir və bir qrup milli idmançıya dəstək verir. 2016-cı ildə BP şirkəti Azərbaycanın milli yığmalarına, hər iki milli komitəyə və yeddi seçilmiş milli idmançıya dəstəyini 2020-ci ilədək davam etdirmək məqsədilə öz tərəfdaşlıq müqaviləsini uzadıb.

Təqdimat slaydları

Əlavə məlumat üçün BP şirkətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 
Telefon: (+994 12) 599 4557