2016-cı ilin ilk üç rübünün nəticələri

18 noyabr 2016

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.   

2016-cı ilin ilk üç rübündə AÇG layihəsinə təqribən 378 milyon dollar əməliyyat məsrəfləri və 1,12 milyard dollar əsaslı məsrəflər xərclənmişdir.

Hasilat

İlin ilk üç rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Doqquz ay ərzində AÇG-dən ümumi hasilat – Çıraq (53 000), Mərkəzi Azəri (149 000), Qərbi Azəri (116 000), Şərqi Azəri (74 000), Dərinsulu Günəşli (127 000) və Qərbi Çıraq (125 000) platformalarından birlikdə – gündə orta hesabla 644 000 barel və ya ümumilikdə 176 milyon bareldən artıq, yəni 24 milyon ton təşkil edib. 

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq sentyabr ayında Dərinsulu Günəşli platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirildi.   

Plana əsasən Dərinsulu Günəşli platformasından hasilat sentyabr ayında 11 gün ərzində dayandırıldı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu işlər tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırıldı.  

Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 102 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda idi.   Bu quyulardan 5-i BP-nin dünyadakı 10 ən məhsuldar quyusunun sırasındadır. Bu siyahıda Şahdənizin də 3 hasilat quyusu var.

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

2016-ci ilin ilk üç rübü ərzində AÇG-də 13 neft hasilat quyusu, 4 suvurma quyusu və 1 qaz injektor quyusu qazılmışdır.

Səmt qazı

2016-cı ilin ilk üç rübü ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,2 milyon kubmetr, ümumilkdə isə 1,97 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Səngəçal terminalı

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir. 

2016-cı ilin ilk üç rübündə terminal 219 milyon bareldən artıq neft və kondensat, o cümlədən 194 milyon bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 23 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) vasitəsilə və təqribən 2 milyon barel kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 29,1 milyon standart kub metr (1 milyard 27 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), CIECO (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

2016-cı ilin ilk üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 87 milyon dollar, əsaslı xərclərə isə 41 milyon dollar xərclənmişdir. 

1768km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  üçüncü rübün sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 341 milyon ton (təxminən 2,55 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3354 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Bu ilin üç rübü ərzində isə BTC vasitəsilə təqribən 25,7 milyon ton (193 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 242 tankerə yüklənib. 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti, nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

2016-cı ilin ilk üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 334 milyon dollar əməliyyat xərcləri və təqribən 2,77 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir.

Hasilat

Doqquz ay ərzində Şahdəniz yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam etmişdir. 

Həmin dövr ərzində yataqdan 8 milyard standart kubmetr qaz və 1,9 milyon ton (təqribən 15 milyon barel) kondensat hasil edilmişdir. 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10,8 milyard kubmetrdir.

Qazma əməliyyatları

2016-cı ilin üçüncü rübündə Şahdəniz Mərhələ 1-in mövcud platformasında (Alfa) SDA09 qaz hasilatı quyusunun alt seksiyaları qazılmış və tamamlama işlərinə başlanmışdır. Bu işlər hazırda davam edir.

İstiqlal qazma qurğusunun  yenidənqurma işləri və istismar sınaqları sentyabr ayının ortalarına başa çatdırıldı. Bunun ardınca qurğu SDC04 quyusunda tamamlama işlərinə başladı və bu işlər indi də davam edir. 

Heydər Əliyev qazma qurğusu SDG03 quyusunu qazdıqdan sonra SDG02 quyusunun lay seksiyasında qazma işləri aparır.  

Bu iki qazma qurğusu artıq Şahdəniz Mərhələ 2-nin başlanması  və hasilatın ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində on hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Şahdəniz Mərhələ 2 layihəsi

2016-cı ilin ilk üç rübü ərzində Şahdəniz Mərhələ 2 layihəsinin tikinti işləri uğurla davam etmişdir. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 83%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.  

Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.

Sentyabr ayında layihə mühüm bir hadisəni qeyd etdi - Şahdəniz Mərhələ 2 üçün tikilən iki platformadan birinin dayaq bloku Bakı Dərin Özüllər Zavodundan dənizdə quraşdırılmaq üçün yola salındı. Dayaq blokunun rəsmi yola salma mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev iştirak etdi. Hasilat və Dikborular (HDB) platformasının dayaq blokunun daşınması, suya endirilməsi və yerləşdirilməsi işləri artıq təhlükəsiz şəkildə başa çatdırılmışdır, payaların üzərinə quraşdırılması işləri isə davam edir. 

İsrafil Hüseynov boru düzən gəmisi Şahdənizin şimal və qərb cinahlarındakı dörd sualtı axın xəttinin hamısının inşasını başa çatdırmışdır və hazırda qalan 32 düymlük qaz ixrac xətlərinin inşasını həyata keçirir. Bu işlər 2017-ci ilin birinci rübünədək davam edəcək.

“Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi üçün hazırlıq işləri yaxşı irəliləyir. Sentyabr ayında gəminin əsas mühərrikləri işə salındı. Bu yeni gəmi tam hazır olduqda  Şahdəniz 2 sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək.

2016-cı ilin üçüncü rübündə Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları olub.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%) və TPAO (19%). \

2016-cı ilin ilk üç rübü ərzində CQBK ilə bağlı fəaliyyətlərə təqribən 21 milyon dollar əməliyyat xərcləri və 764 milyon dollar əsaslı xərclər sərf edilib.

Bu boru kəməri 2006-cı ilin sonlarında istism	ara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. 

2016-cı ilin üç rübü ərzində CQBK-nin gündəlik orta ötürücülüyü təqribən 20 milyon kubmetr qaz olmuşdur.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK-nin genişləndirilməsi (CQBKG) layihəsi

2016-cı ilin üçüncü rübündə CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir.

Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam etmişdir -  təqribən 196km uzunluğunda borular artıq qaynaq edilib, 177km boru örtüklənib və 168km boru xəndəyə endirilib. Xəndəyin qazılması, boruların xəndəyə  endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri irəliləməkdədir.  

Üçüncü rübdə Gürcüstan ərazisində də xəndəyin qazılması, boruların xəndəyə  endirilməsi və düzülməsi işləri davam etmişdir. Kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam etmişdir - 59 kilometrə yaxın boru qaynaq edilib və örtüklənib, 52 kilometrə yaxın boru isə xəndəyə endirilib. Şərqi Kür ərazisində tunel tikintisi başa çatıb, boru kəmərinin inşasına isə bu ilin dördüncü rübündə başlanacaq.  

Gürcüstanda hər iki kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında tikinti-quraşdırma işləri davam edib. 1-ci kompressor stansiyasında işlər 80% tamamlanıb və 2017-ci ildə bitmək planına uyğun irəliləyir. 2-ci kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında isə işlərin  2018-ci ildə tamamlanması planlaşdırılır.

Geoloji kəşfiyyat

Şəfəq-Asiman üzrə 3-ölçülü seysmik tədqiqatın məlumatlarının son interpretasiyası 2016-cı ilin birinci rübündə başa çatdırılıb və ilk kəşfiyyat quyusunun planlaşdırılması işlərinə başlanmışdır.

31 may tarixində Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində 3-ölçülü seysmik tədqiqata başlanmışdır. Bu tədqiqat proqramının doqquz ay davam edəcəyi gözlənilir. Tədqiqata quruda və dənizin dayazsulu hissəsində əməliyyatlar daxildir. Dəniz dibində qeydiyyat aparan seysmik qovşaqlar düzmək və kiçik akustik enerji mənbələrini yedəkdə dartmaq üçün sahildən 20 kilometrədək uzanan sahədə 17-yə yaxın dayaz su üçün nəzərdə tutulmuş xüsusi gəmilərdən istifadə olunur. İndiyə qədər 582 kvadrat kilometrə yaxın sahədən 3-ölçülü məlumat əldə edilib. Hazırda tədqiqat işləri saziş ərazisinin dənizdə mərkəzi hissəsinə doğru irəliləyir ki, bura quruda bəzi 3-ölçülü işlər də daxil olacaq. 

İlk sahədən əldə edilmiş 3-ölçülü məlumatların emalı başlanmışdır və ikinci sahə üzrə əldə edilmiş məlumatla davam edir. Məlumatların emalı 2017-ci ildə də davam edəcək.

İşçi heyətimiz

2016-cı ilin üçüncü rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 865 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 86%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident  daxildir.

BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir. 

Kadrların milliləşdirilməsi planına uyğun olaraq, 1 yanvar 2016-cı il tarixindən Elxan Məmmədov BP-nin hasilat üzrə vitse prezidenti təyin olunub. Bu yeni vəzifədə Elxan BP-nin Azərbaycanda texniki sahəyə məsul olan ilk vitse prezidentidir. Bundan əlavə daha iki Azərbaycan vətəndaşı bu il şirkətdə vitse-prezident vəzifəsinə yüksəlib - Orxan Quliyev, 2016-cı ilin iyun ayından başlayaraq BP-nin texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse prezidenti, Zaur Paşayev isə sentyabr ayından başlayaraq BP-nin qurudakı (midstrim) əməliyyatları üzrə vitse prezidenti təyin olunublar.

Sosial sərmayələr

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2016-cı ilin ilk üç rübü ərzində BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 0,91 milyon dollar xərcləmişlər. 

Bu qəbildən Azərbaycanda həyata keçirilən layihələrin bəzi nümunələri bunlardır:
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək məqsədilə Təhsil Nazirliyi ilə sentyabr ayında başladığı yeni tərəfdaşlıq. Layihə nəticəsində kənd təsərrüfatı sahəsində bir sıra yeni peşə və ixtisasların yaradılacağı və bunun da ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına töhfə verəcəyi gözlənilir. Bu tərəfdaşlıq çərçivəsində BP və onun tərəfdaşları Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsili bazasını gücləndirməyə dəstək olacaqlar. Pilot faza kimi nəzərdə tutulmuş bu bir-illik layihə uğurlu olarsa, bu təcrübənin tətbiqi genişləndirilərək ölkədəki bütün kənd təsərrüfatı peşə məktəblərini əhatə edəcək.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP). Bu çox milyon dollarlıq layihə yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. Bu yaxınlarda BP və tərəfdaşları 2007-ci ilin iyun ayında başlanmış bu proqramı daha iki il uzatmaq qərarı vermişlər.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda qurduğu Layihələri İdarəetmə Məktəbi (LİM). Bu layihə özəl və dövlət sektorunu təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Bu günədək məktəbdə 325 layihə meneceri təlim keçərək beynəlxalq sertifikat qazanıb. 2016-cı ildə bu proqram davamlılıq mərhələsinə keçib və proqramın 2017-ci ilin üçüncü rübündən etibarən yerli təlimçilər tərəfindən aparılması planlaşdırılır.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həm də SOCAR-la yerli işçi qüvvəsinin inkişaf etdirilməsi və insan resursları sahəsində əməkdaşlıq edir. Bu şirkətlər neft-qaz sənayesi ilə bağlı sahələr üzrə ixtisaslaşan azərbaycanlı kadrlar üçün təlim və inkişaf imkanlarının yaradılması istiqamətində birgə işləyirlər. Bu öhdəlik çərçivəsində Səngəçal terminalı yaxınlığındakı Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan  yerli icma nümayəndərlərinin SOCAR-ın Qobustandakı Regional Texniki Təlim Mərkəzi vasitəsilə peşə və texniki təliminə dəstək verilir. Bu günədək BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları 131 – 2015-ci ildə 79, 2016-cı ildə 52, yerli icma nümayəndəsinin həmin mərkəzdə təlimini maliyyələşdirmişlər.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) öz obyektlərinin qonşuluğunda yaşayan icmalarda informasiya texnolgiyası (İT) üzrə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu layihənin bir hissəsi olaraq Səngəçal və Ümid qəsəbələrini təmsil edən 50 nəfər CİSCO sertifikatı verən İT təlimi kurslarını bitirmiş və beləliklə öz məşğulluq imkanlarını daha da artırmışlar. Gələcəkdə belə təlimlərin boru kəmərləri boyunca digər icmalarda da keçirilməsi planlaşdırılır. Bu yeni təşəbbüsdən 200-ə qədər yerli icma nümayəndələrinin faydalanacağı gözlənilir. Bundan əlavə, CİSCO təlimi kurslarının 23 ən uğurlu məzununu dəstəkləməyə davam edərək onlara qabaqcıl İT bacarıqları öyrənmək və ingilis dili biliklərini inkişaf etdirmək üçün imkanlar yaratmaq planlaşdırılır.
  • BP (özünün əməliyyatçısı olduğu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsindəki tərəfdaşları adından)  boru kəməri marşrutu boyunca yerləşən beş bölgədə - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında, icmaların  bacarıq və bilgilərinin artırılmasına yönəlmiş yeni layihəyə başlamışdır. Bu, CQBKG layihəsinin sosial sərmayə proqramı çərçivəsində həyata keçirilən bir təşəbbüsdür. Layihə icmalarda ingilis dilinin tədris keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Layihə “British Council” tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilir.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) boru kəmərlərinin keçdiyi rayonlarda bir çox uşaq bağçalarını kompüterlərlə təchiz etmək üçün yeni layihə həyata keçirir. Bu layihənin başlıca məqsədi məktəbəqədər yaşlı uşaqlarda idrak bacarıqlarını inkişaf etdirməkdir. Bu günə qədər Qaradağ, Hacıqabul, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında 42 icmaya 275 kompüter bağışlanıb. 2016-cı ilin sonunadək daha 100 kompüterin qalan icmalara paylanması planlaşdırılır.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə əməkdaşlıq edərək bacarıq və biliklərin artırılması və texniki dəstək vasitəsi ilə miqrasiya strategiyalarını, siyasətini və qanunvericiliyini səmərəli şəkildə həyata keçirmək üçün beynəlxalq qabaqcıl təcrübələrin mənimsənilməsi layihəsinə dəstək verir. Layihədən viza məsələləri ilə məşğul olan dövlət idarələri yararlanır.
  • BP-nin Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstəyi. Bu tərəfdaşlığın bir hissəsi olaraq BP bir sıra inkişaf və bacarıqların davamlı irsinin yaradılması proqramlarını  maliyyələşdirir və bir qrup milli idmançıya dəstək verir. Bura həmçinin idmançıların Rio 2016 oyunlarına hazırlaşması və iştirakına dəstək də daxil idi.    BP şirkəti hər iki milli komitəyə öz dəstəyini Tokio 2020 oyunlarınadək davam etdirmək qərarı vermişdir.
  • BP-nin Bakı Ali Neft Məktəbində biznes mühazirələri Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. BP-nin mütəxəssisləri və rəhbər işçilərinin bu ali məktəbdə keçirdiyi silsilə mühazirələrdən əlavə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbinin müəllim və tələbə heyəti ilə görüşüb, öz təcrübəsini bölüşüb, həmçinin BP-nin əməliyyatları və planları barədə məlumat verib.

Təqdimat slaydları

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 
Telefon: +994 (0) 12 599 45 57