2018-ci ilin üçüncü rübünün nəticələri

21 noyabr 2018

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  

2018-ci ilin birinci üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 367 milyon dollar əməliyyat məsrəfləri və  825 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

Hasilat

2018-ci ilin 1-ci üç rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. 9 ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (47 000), Mərkəzi Azəri (156 000), Qərbi Azəri (126 000), Şərqi Azəri (97 000), Dərinsulu Günəşli (105 000) və Qərbi Çıraq (57 000) platformalarından birlikdə – gündə orta hesabla 588 000 barel və ya ümumilikdə təqribən 161 milyon barel, yəni 22 milyon ton olub.

Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 112 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub.  

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

Üç rüb ərzində AÇG-də 8 neft hasilat quyusu və 3 su injektor quyusu qazılıb.

Səmt qazı

İlin 1-ci üç rübü ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,6 milyon kubmetr, ümumilkdə isə 1,8 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

Səngəçal terminalı

2018-ci ilin ilk üç rübü ərzində AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 55 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 75 milyon standart kubmetrdir. 

Üç rüb ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 211 milyon bareldən çox neft və kondensat, o cümlədən təqribən 189 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 21 milyon bareldən çox Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,2 milyon barelə yaxın ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac etmişdir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Bu ilin doqquz ayı ərzində terminaldan həmçinin gündəlik orta hesabla 28,4 milyon standart kub metr (1003 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

2018-ci ilin ilk üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 87 milyon dollar, əsaslı xərclərə isə təqribən 21 milyon dollar xərclənmişdir. 

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2018-ci ilin 3-cü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 408 milyon tondan artıq (3,1 milyard bareldən artıq) xam neft nəql edilmiş və Ceyhanda 4001 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

2018-ci ilin  üç rübü ərzində isə BTC vasitəsilə 25 milyon tondan çox (təqribən 189 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 243 tankerə yüklənib. 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

2018-ci ilin üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə 418 milyon dollardan çox əməliyyat xərcləri və təqribən 1,14 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aiddir.

Hasilat

2018-ci ilin üç rübü ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırması davam etmişdir.

Doqquz ay ərzində yataqdan 8 milyard standart kubmetr qaz və 1,8 milyon ton (təqribən 14,3 milyon barel) kondensat hasil edilmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 43 milyon (ildə təqribən 16 milyard) standart kubmetrdir.

Qazma əməliyyatları

2018-ci ilin 3-cü rübündə Şahdəniz Alfa platformasında SDA11 quyusunun üst tamamlama  işləri başa çatdırılmışdır. Bundan əlavə, SDA04 və SDA05 quyularında texniki bütövlüklə bağlı bəzi qazma əməliyyatları da aparılmışdır.

İstiqlal qazma qurğusu şərq cinahda SDG04 və SDG02Z quyularına tamamlayıb. Maersk Explorer qurğusu da şərq cinahda SDH02 quyusunda qazma əməliyyatlarını davam etdirir.

Bu iki qurğu Şahdəniz Bravo platformasından hasilat üçün artıq 14 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu və şərq cinahında iki quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Şahdəniz Mərhələ 2 layihəsi

2018-ci ilin əvvələrində Cənub Qaz Dəhlizi boyunca bütün layihələrdə əldə edilmiş bir sıra mühüm istismar sınaqları  və təhvil vermə nailiyyətlərindən sonra Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri, 29 may 2018-ci il tarixində Səngəçal terminalında keçirilmiş rəsmi inauqurasiya mərasimi ilə istismar mərhələsinə daxil oldu. Bunun ardınca 30 iyun 2018-ci ildə Şahdəniz 2 layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli daşımalar plana uyğun şəkildə başladı. Şahdəniz 2 layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir. 

İyulun 30-da yatağın şimal cinahındakı SDC03Z quyusunun ventili açılaraq Şahdəniz Bravo platformasından ilk qaz əldə olundu. Bu da ümumilikdə Xəzər dənizində sualtı quyudan çıxarılan ilk hasilat olmaqla  və təhlükəsiz, büdcədən aşağı və cədvəli qabaqlayaraq həyata keçirilməklə çox mühüm bir nailiyyətdir.  Hazırda Şahdəniz Bravo qurğularından qaz və kondensat Səngəçal terminalına ixrac olunmaqdadır.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

2018-ci ilin ilk üç rübündə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 27 milyon dollar əməliyyat xərcləri və 308 milyon dollar əsaslı xərclər sərf edilib.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. 

Doqquz ay ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 22 milyon kubmetr qaz olmuşdur.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK-nin genişləndirilməsi (CQBKG) layihəsi

2018-ci ilin ilk üç rübü ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. Bu iki ölkə ərazisində Türkiyəyə ilk kommersiya məqsədli qaz çatdırmaları üçün nəzərdə tutulmuş bütün infrastruktur plana uyğun şəkildə tamamlanaraq 30 iyunda başlamış ixrac əməliyyatları üçün hazır vəziyyətə gətirilmişdi.

Hal-hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir və CQBKG-nin Azərbaycan və Gürcüstan ərazisindəki qurğuları və boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır.

Eyni zamanda Azərbaycan ərazisində CQBKG-nin mexaniki  tamamlanması işləri çədvəli qabaqlamaqla başa çatmışdır.  Gürcüstanda 2-ci kompressor stansiyasının istismar sınaqları plana uyğun irəliləyir. Həmin obyekt bütövlükdə tikinti mərhələsindən istismar sınaqları mərhələsinə keçmişdir.

Geoloji kəşfiyyat

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən  əldə edilmiş 3-ölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin sonunda yekunlaşdı. SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi  müəyyən edildi.  Seçilmiş perspektiv ərazilərdə kəşfiyyat quyularının qazılması üçün planlaşdırma işləri davam edir. 

2018-ci ilin aprel ayında D230 blokunun birgə kəşfiyyatı və işlənməsi haqqında yeni hasilatın pay bölgüsü sazişi imzalandıqdan sonra seysmik tədqiqat proqramı üçün planlar hazırlanmağa başlanıb. Bu sazişin Milli Məclis tərəfindən ratifikasiya olunmasından asılı olmaqla müqavilə sahəsində ilk seysmik tədqiqatın  2019-cu ildə aparılması planlaşdırılır.

Şəfəq-Asiman blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də  davam etməkdədir.

BP şirkəti bir müddət əvvəl Azərbaycanda mövcud “Qobustan” Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) 61% iştirak payı əldə etdi. Bu sövdələşmənin bir hissəsi olaraq, BP həmin müqavilə sahəsində daha dərin layların potensialını qiymətləndirmək məqsədilə bir geoloji-kəşfiyyat quyusu qazacaq və həmin əməliyyatların operatoru olacaq.  Quyunun 2019-cu ilin ikinci yarısında qazılması planlaşdırılır.

İşçi heyətimiz

2018-ci ilin 3-cü rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2557 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin 90%-ni təşkil edir və bu işçilərin də çoxu rəhbər vəzifələrdədir. 

2014-cü ildən bəri BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var idi. BP çox məmnundur ki, bu öhdəlik artıq yerinə yetirilib. Şirkət öz yerli işçilərinin inkişafına dəstək verməklə onların   ixtisaslı işçi tələb edən vəzifələrin əksəriyyətində xarici vətəndaşları əvəz etməsinə nail olub. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. 

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Sosial sərmayələr

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2018-ci ilin 1-ci yarısında BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 3.3 milyon dollar xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

Bu qəbildən Azərbaycanda hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır:
  • BP və tərəfdaşlarının “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” proqramı hazırda davam edir. Bu layihə Azərbaycanda əlilliyi olan şəxslərin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutur. Layihədə iştirak üçün seçilmiş təqribən 100 nəfər təlimlər və digər xüsusi fəaliyyətlər vasitəsilə öz məşğulluq imkanlarını artıracaq.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək məqsədilə Təhsil Nazirliyi ilə 2016-cı ilin sentyabr ayında başladığı yeni tərəfdaşlıq. Bu tərəfdaşlıq çərçivəsində BP və onun tərəfdaşları Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsili bazasının gücləndirilməsinə dəstək verirlər. Layihə nəticəsində kənd təsərrüfatı sahəsində dörd yeni peşə və ixtisas üçün (bitkiçilik mütəxəssisi, aqroservis mütəxəssisi, meyvə ustası, tərəvəz ustası) 19 təlim modulu yaradılıb və bunun da ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına kömək edəcəyi gözlənilir. Layihədə həmçinin bütün yeni yaradılan peşələr üzrə dərsliklərin və tədris materiallarının hazırlanması da  nəzərdə tutulur.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) milyonlarla dollar dəyərində layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) orta məktəblərdə informasiya texnolgiyası (İT) tədrisinin gücləndirilməsi və bu sahədə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu 3-illik təşəbbüs çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıqda İT təmayüllü məktəblər üçün kurikulum hazırlanacaq. Bundan əlavə, yeni kurikulumun pilot tətbiqinə başlamaq üçün 25 seçilmiş Bakı məktəbini təmsil edən 50 müəllimə xüsusi təlimlər də keçilir.
  •  
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) 2016-cı ilin sentyabrında “Gələcəyini qur” layihəsini həyata keçirməyə başlayıb. Bu layihədə məqsəd az təminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək verməkdir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir – akademik biliklər vermək və sosial inteqrasiya. Bu günədək layihənin iki uğurlu fazası olub və iştirakçıların təqribən 85%-i ali məktəblərə daxil olub. Bu uğurlu nəticəyə əsaslanaraq layihə 3-cü fazaya keçib.
  • BP (özünün əməliyyatçısı olduğu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsindəki tərəfdaşları adından)  2016-cı ildə boru kəməri marşrutu boyunca yerləşən beş bölgədə - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında, icmaların  bacarıq və bilgilərinin artırılmasına yönəlmiş pilot layihəyə başlayıb. Layihə icmalarda ingilis dilinin tədrisi keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Pilot mərhələnin uğurlu olması layihənin müddətinin boru kəmərləri boyunca 11 bölgədən olan 165 müəllim və 480 icma nümayəndəsinı əhatə etməklə uzadılmasına imkan vermişdir.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə əməkdaşlıq edərək bacarıq və biliklərin artırılması və texniki dəstək vasitəsi ilə miqrasiya strategiyalarının, siyasətinin və qanunvericiliyinin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə beynəlxalq qabaqcıl təcrübələrin ölkəyə gətirilməsi layihəsinə dəstək verir. Layihədən viza məsələləri ilə məşğul olan dövlət idarələri yararlanır. Bugünədək layihə çərçivəsində ilk elektron xidmət açılmış və Xarici İşlər Nazirliyi üçün  Konsulluq İstinad Kitabçası hazırlanaraq təqdim olunmuşdur. Bundan əlavə, böyük bir qrup konsulluq işçisinə iş bilgilərini artırmaq məqsədli təlimlər də keçirilmişdir.
  • BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən və bir sıra digər bölgələr daxil olmaqla 13 rayonda – Hacıqabul, Kürdəmir, Ağdaş, Ucar, Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz, Ağstafa, Ağsu, Qobustan və Şirvan rayonlarında, erkən müdaxilə xidmətlərinin yaradılması üzrə layihə həyata keçirir. Layihənin məqsədi bu bölgələrdə Erkən Müdaxilə Mərkəzləri yaratmaqla uşaqların inkişafı prosesində erkən müdaxilənin əhəmiyyəti barədə həm icmanın, həm də səhiyyə sektorunun məlumatlılığını artırmaqdır.
  • BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən Ucar, Yevlax, Samux və Şəmkir bölgələrində 200 icma üzvünü əhatə edən iki yeni gəlir imkanları yaradılması layihəsi həyata keçirir. 2017-ci ilin dekabr ayında “Şirin qızıl” adlanan layihənin BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən digər bölgələrdən seçilən daha 600 nəfər icma üzvünü əhatə edən əlavə 3 il müddətinə uzadılmışdır.
  • BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) qonşu icmalarda ətraf mühit şəraitinin yaxşılaşdırılması məqsədli “Yaşıl Səngəçal” adlı  yeni ətraf mühitlə bağlı layihəni dəstəkləyir. Layihə çərçivəsində yaşayış sahələrində təmizlənib abadlaşdırıldıqdan sonra idman avadanlıqları ilə təchiz olunmuş yaşıl həyətlərin salınması planlaşdırılır.
  • BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Xəzər sahilyanı dövlətləri arasında informasiya bölüşümünü təmin etmək və Xəzər höfzəsinin ətraf mühitinin qorunması üzrə məlumat bazasının yaradılması sahəsində əməkdaşlığın yaxşılaşdırılmasına kömək məqsədli Xəzər Ətraf Mühit üzrə Məlumat Mərkəzinin yaradılmasını dəstəkləyir. Bu məqsədlə ətraf mühit üzrə məlumatın yığılmasını,  ətraf mühit məsələlərinin idarə olunması üzrə ən yaxşı təcrübələrin bölüşülməsini, ətraf mühit üzrə daim yenilənmiş regional məlumata geniş çıxışı, əsas maraqlı tərəflər ilə şəffaflığı və əlaqələri təmin etmək və ətraf mühit üzrə regional fəaliyyətlərdə ictimaiyyətin iştirakını həvəsləndirmək üçün onlayn portal yaradılmışdır.   
  • BP əməkdaşlarının Bakı Ali Neft Məktəbində biznes mühazirələri təşəbbüsü Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində BP-nin aparıcı mütəxəssisləri və rəhbər işçiləri bu ali məktəbdə silsilə mühazirələr və təqdimatlar keçirir, öz təcrübələrini bölüşür və BP-nin əməliyyatları, texnoligiyaları, iş prosesləri və mexanizmləri barədə məlumat verirlər. Bundan əlavə, BP həmin ali məktəbdə innovativ bir təlim proqramını da maliyyələşdirir. “Mühəndislər üçün biznes təhsili” adlanan bu proqram yerli mühəndislərə universitet təhsilindən rahat şəkildə biznes karyerasına keçməyə kömək edəcək. Bu proqram 5-ci kurs tələbələri üçün nəzərdə tutulub və idarəçilik və biznes sahəsində geniş bilgilər vermək məqsədi daşıyır.
  • BP Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstək verir­. Bu tərəfdaşlığın bir hissəsi olaraq BP bir sıra inkişaf və bacarıqların yaradılması proqramlarını  maliyyələşdirir və bir qrup milli idmançıya dəstək verir. 2016-cı ildə BP şirkəti Azərbaycanın milli yığmalarına, hər iki milli komitəyə və yeddi seçilmiş milli idmançıya dəstəyini 2020-ci ilədək davam etdirmək məqsədilə öz tərəfdaşlıq müqaviləsini uzadıb.

Təqdimat slaydları

Əlavə məlumat üçün BP-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 
Telefon: (+994 12) 525 5895