AÇG layihəsi neft hasilatının 3 milyard barelə çatmasını qeyd edir

15 avqust 2016-cı il Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının tarixində əlamətdar bir gündür.

Bu tarixdə AÇG yatağında 1997-ci ildə Çıraq platformasında hasilata başlandığı müddətdən bu vaxtadək əldə olunmuş hasilat həcmi 3 milyard barelə çatmışdır.

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qordon Birrell dedi: “Bu, həm BP, həm də Azərbaycan üçün əlamətdar bir hadisədir və bu, cəlb edilmiş bütün insanların və heyətlərin əməyi sayəsində gerçəkləşmişdir. Bu günün reallaşmasında əməyi olan hər bir kəsə minnətdarlığımı bildirmək istəyirəm.”

AÇG yatağı altı hasilat platformasından (Çıraq 1, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq) və ən müasir texnologiyalarla təchiz edilmiş iki texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat  platformasından ibarət olan kompleksə malikdir. 
AGT-nin hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov Mərkəzi Azəri platformasından ilk neftin hasil olunduğu günləri xatırlayaraq deyir: “Yadımdadır 10 il bundan əvvəl Mərkəzi Azəridə ilk neft hasilatı üzrə açılış mərasimində mən nəzarət-ölçü cihazları üzrə texnik qismində siyirtməni açdım! Hazırda hasilat üzrə vitse-prezident olaraq 3 milyard barel hasilat həcminə nail olunduğunu görmək mənim üçün qürurvericidir. Bu həqiqətən də möhtəşəm bir nailiyyətdir və bütün əməyi olan insanların böyük zəhmətinin bəhrəsidir. Şübhəsiz ki, bu hələ son deyil və qarşıda bizi daha möhtəşəm nailiyyətlər gözləyir!”
Bu günədək sonuncu mərhələ 2010-cu ildə sanksiyalaşdırılmış Çıraq Neft layihəsidir. Bu mərhələ çərçivəsində Çıraq və Dərinsulu Günəşli platformaları arasında Qərbi Çıraq platforması quraşdırılıb. Bu platformada ilk neft 28 yanvar 2014-cü il tarixində hasil olunub.

Geoloji-kəşfiyyat üzrə vitse-prezident Qreq Rayli dedi: “Çox böyük bir nailiyyətdir və bu, imzalanma, qiymətləndirmə, işlənmə və hasilat mərhələlərində möhtəşəm nəticəyə nail olmaq üçün gərgin əməyini və səmərəli səylərini əsirgəməmiş bütün həmkarlarımızı yada salmaq və onlara minnətdarlığımızı bildirmək üçün gözəl bir fürsətdir. Hesab edirəm ki, bu, davamlı olaraq bu cür yüksək göstəriciyə nail olduğumuz bir vaxtda xüsusilə əhəmiyyətlidir. Buna görə də, yalnız bu möhtəşəm nailiyyətə çatmaqda əməyi olan insanları deyil, həm də hasilatın təhlükəsiz və etibarlı şəkildə davam etməsində rol oynayan bütün insanları təbrik edirəm.”
AÇG yatağının işlənməsi bir neçə mərhələdə həyata keçirilmişdir: İlkin Neft Layihəsi çərçivəsində 1997-ci ildə Çıraq platformasında hasilat işlərinə başlanıb. Bunun ardınca Faza 1 üzrə Azəri Layihəsi həyata keçirilməyə başlayıb və bu faza ərzində 2005-ci ilin əvvəllərində Mərkəzi Azəri platformasında hasilata başlanıb. Faza 2 Qərbi Azəri və Şərqi Azəri platformalarını əhatə edib və həmin platformalardan müvafiq qaydada 2005-ci ilin dekabr ayında və 2006-cı ilin sonlarında hasilata başlanıb. AÇG yatağının işlənməsinin növbəti mərhələsi Faza 3 üzrə Dərinsulu Günəşli layihəsi olub və bu faza 2008-ci ilin aprel ayında başlanıb.

Əməliyyatlar üzrə vitse-prezident Toni Hant dedi: “Bu möhtəşəm nailiyyət münasibətilə hər kəsi təbrik edirəm! Təkcə AÇG dünya səviyyəli yataq deyil, onu idarə edən heyət də əməliyyatları təhlükəsiz, etibarlı və xərc baxımından getdikcə daha səmərəli şəkildə həyata keçirən dünya səviyyəli heyətdir. Çıraqda ilkin layihə çərçivəsində əldə olunan ilk hasilatdan tutmuş 2014-cü ilin əvvəllərində kompleksdə sonuncu Qərbi Çıraq platformasının işə salınmasınadək biz qurğularımızda ardıcıl olaraq son dərəcədə yüksək iş etibarlılığına nail olmuşuq. Bu, Qlobal Quyular Təşkilatındakı və Layların İşlənməsi bölməsindəki həmkarlarımızın yeni quyuların təhvili üzrə əldə etdiyi möhtəşəm göstəricilərlə birlikdə böyük nailiyyətə gətirib çıxarmışdır, yəni 3 milyard barel neft hasil olunmuşdur. Buna görə də, növbəti 3 milyard bareli hədəf götürərək inamla irəliləyə bilərik.”