Artıq BP şirkəti TANAP layihəsində pay sahibidir

BP şirkəti Cənub Qaz Dəhlizinin əsas tərkib hissəsi olan Trans Anadolu Təbii Qaz Kəməri (TANAP) layihəsinə qoşulma prosesini başa çatdırıb və indi rəsmi olaraq həmin layihənin səhmdarıdır

Cənub Qaz Dəhlizi şirkətindən TANAP layihəsində 12% payın satın alınması aprel ayının ortalarında başa çatıb və 16 aprel 2015-ci il tarixində Ankarada Ümumi Yığıncağın ilk iclası keçirilib. Ümumi Yığıncağın iclasında İdarə heyətinin ilk üzvləri seçilib. İdarə heyətinin ilk rəsmi iclası da səhmdarlar olan SGC, BOTAŞ və BP şirkətlərinin nümayəndələrinin iştirakı ilə həmin gün keçirilib.

TANAP layihəsinin rəsmi təməlqoyma mərasimi bir neçə həftə əvvəl Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin, həmçinin bir çox yüksək vəzifəli şəxslərin, o cümlədən BP şirkətlər qrupunun baş icraçı direktoru Bob Dadlinin iştirakı ilə Qars vilayətində keçirilib. Ötən həftə baş verən dəyişikliklərdən sonra Cənub Qaz Dəhzlinin dəyər zəncirinin yekun kommersiya bəndi tamamlanıb və BP şirkəti indi həmin zəncirin hər bir bəndində yer tutur.

BP Türkiyənin prezidenti Bad Fakrel həmin layihənin reallaşmasında rolu olan bütün BP Türkiyə əməkdaşlarına təşəkkürünü bildirib.  "Mən, TANAP layihəsinə qoşulmağımız ilə bağlı prosesi böyük müvəffəqiyyətlə həyata keçirmək və başa çatdırmaq üçün son bir neçə il ərazində gərgin əmək sərf etmiş bütün həmkarlarımıza öz səmimi təşəkkürlərimi çatdırmaq istərdim."

TANAP boru kəməri Cənub Qaz Dəhlizi layihəsinin mühüm bir hissəsidir və tarixdə ilk dəfə olaraq, Xəzər dənizindəki Şahdəniz qaz yatağından hasil edilən qaz həcmlərini Avropa bazarlarına nəql edəcək. TANAP kəməri ilə ildə 16 mlrd kub metr Şahdəniz qazı nəql ediləcək. Həmin həcmdən ildə 6 mlrd kub metr qaz Türkiyəyə satılacaq, ildə 10 mlrd kub metr qazı isə daha sonra Avropa bazarlarına ötürmək mümkün olacaq. TANAP layihəsi, eləcə də Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin tərkib hissələridir.