Ad günün mübarək BTC! 10 il təhlükəsiz və etibarlı iş

May ayının 25-də Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin təntənəli açılışının 10-cu ildönümü qeyd olunur.  On il bundan  əvvəl  25 may 2005-ci il tarixində təntənəli açılış mərasimi Bakı şəhərinin yaxınlığında yerləşən Səngəçal terminalında baş vermişdi. Bu mərasimə çoxlu yüksək vəzifəli rəsmi şəxslər, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə, Gürcüstan, Qazaxıstan Prezidentləri, yüksək vəzifəli hökumət və dövlət rəsmilərindən ibarət böyük bir qrup, baş icraçı şəxslər və biznes nümayəndələri gəlmişdilər.
Bu tədbirlə BTC neft ixrac kəmərinin ilk dəfə neftlə doldurulması mərhələsinin başlanması rəsmi şəkildə qeyd olunmuşdur.
  
Bu, Azərbaycan neftinin Xəzərdən dünya bazarlarına öz marşrutu boyunca üç ölkə xalqına faydalar gətirən və region xalqlarını birləşdirən uzun  səyahətinin başlanğıcı idi. Bu kəmər Azərbaycanın regional və beynəlxalq iqtisadi inkişafda öz əhəmiyyətli rolunu oynamasına imkan yaratmışdır.

BP-nin AGT üzrə regional prezidenti Qordon Birrel dedi: “Biz BTC-ni yalnız boru kəməri kimi görmürük, biz onu həm də demək olar ki bir əsrdən sonra Xəzər regionunun qapılarını beynəlxalq neft sənayesinin üzünə yenidən açmış təhlükəsiz və etibarlı bir vasitə hesab edirik. BTC-nin fəaliyyət göstəriciləri bu vaxtadək onun maraqlı tərəflərinin gözləntilərindən yüksək olmuşdur. On il ərzində bu boru kəməri regiondakı üç ölkənin ərazisində təhlükəsiz və problemsiz fəaliyyət göstərməklə nümayiş etdirmişdir ki, beynəlxalq standartlara uyğun inşa edilən və istismar olunan boru kəmərləri ətraf mühiti mühafizə edə, öz ətrafındakı icmalara fayda gətirə və xalqların rifahına xidmət edə bilər.”
    
Həmin gündən sonra BTC uzun və şərəfli bir yol qət etmiş və bir sıra nailiyyətlər qazanmışdır.  
 
2005-ci ilin avqust ayında BTC kəməri ilə axan xam neftin ilk barelləri Azərbaycan-Gürcüstan sərhədinə çatmış və kəmərin Gürcüstan seksiyasına daxil olmuşdur. Bir il sonra 2006-cı ilin iyun ayında BTC kəməri ilə Ceyhan limanına səyahət edən ilk neft yükü “British Hawthorn” adlı tankerə yüklənmişdir. 2014-cü il avqust ayının 11-də BTC neftin 2 milyardıncı barelinin Türkiyədə Ceyhan terminalında yüklənməsini qeyd etmişdir. BTC-nin birinci nefti nəql etdiyi gündən keçən müddət ərzində ümumilikdə 2,2 milyard barel xam neft təxminən 2900 tankerə yüklənmiş və dünya bazarlarına daşınmışdır.  
    
Bu günləri yaddaşında yenidən canlandıran  BP AGT regionu üzrə  regional vitse-prezident İan Sazerlənd demişdir: “BTC kəmərinin istismara  verilməsi  çətin amma həyəcanverici vaxtlar idi –çoxları bunun  mümkün olacağına inanmırdı  . . Amma indi mən BTC kəmərinin dünya miqyaslı inkişaf layihəsindən on il ərzində 2 milyard bareldən çox nefti uğurla nəql edən dünya səviyyəli boru kəməri biznesinə çevrilməsinə məmnunluq hissi ilə şahidlik edirəm.”
BTC bir sıra mükafatlar almışdır və onlardan biri “qeyri-mümkün arzunun” yerinə yetirilməsi və BP şirkətinin tarixində ən böyük kollektiv işə nail olunmasına görə 2007-ci ildə aldığı “Helios” mükafatıdır.   

BP AGT-nin Midstrim əməliyyatları üzrə vitse-prezidenti Kreyq Viqqz dedi: “BTC dünyanın ən uzun boru kəmərlərindən biridir və onun fəaliyyəti Azərbaycan, Gürcüstan və Türkiyədə yerləşən yüzlərlə insanın, yəni BTC heyətinin həyata keçirdiyi mürəkkəb əməliyyatlarla dəstəklənir. Bu heyətin əldə etdiyi nailiyyətlərlə biz qürur duyuruq və ən əsası da, biz əməyin təhlükəsizliyi və səmərəlilik sahəsində əldə olunmuş nailiyyətlərlə fəxr edirik. Nəticədə 2,2 milyard barel xam neft nəql olunub və Ceyhan terminalında 2900 tanker yüklənib. Fürsətdən istifadə edərək, BTC-ni bizim üçün və eləcə də Azərbaycan və region üçün qürur mənbəyinə çevirmiş hər bir şəxsə minnətdarlığımızı bildirmək istəyirik. Bu əlamətdar tarix münasibətilə  BTC heyətini təbrik edirik.”
 
BTC-nin 21-ci əsrin birinci böyük texniki layihəsi hesab edilməsi əbəs yerə olmamışdır.  

1768 kilometr uzunluqda boru kəməri 1500-dən çox çay və 13 seysmik baxımdan aktiv qırılma kəsişmələrindən keçir, Ceyhanda dəniz səviyyəsinə qayıtmamışdan əvvəl 2,800 metrlik yüksək nöqtəyə qalxır. Bu kəmər ən azı bir metr dərinlikdə basdırılmış və korroziyaya yol verməmək üçün onun bayır tərəfi üç qat örtük sistemi ilə örtüklənmişdir. Onun obyektləri və qurğularının sırasına səkkiz nasos stansiyası, bir təzyiq salma stansiyası, iki aralıq ərsin stansiyası və 101 pazlı klapan daxildir. Boru kəməri Xəzərdən gün ərzində bir milyon bareldən çox neftin təhlükəsiz və məsul qaydada nəql olunmasına imkan yaradır.