LİM üçüncü beynəlxalq sertifikatlarını təqdim edir

28 noyabr 2014

Bu gün BP Bakıda öz tərəfdaşları adından Layihələri idarəetmə Məktəbi (LİM) məzunlarının üçüncü buraxılış tədbirinə ev sahibliyi edərək 80-dən çox məzuna Layihələri İdarəetmə ixtisası üzrə beynəlxalq Magistr sertifikatı təqdim etmişdir. Builki məzunlar hökumət, neft və qaz, sığorta, telekommunikasiya, tikinti, bank, səfirliklər, turizm və təhsil də daxil olmaqla dövlət və özəl sektordan olan müxtəlif təşkilatları təmsil edir.

Tədbirdə çıxış edən  BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrell dedi: “Dəstəklədiyimiz təhsil layihələrinin və təşəbbüslərinin uğurlu olduğunu və, xüsusilə də,onların davamlı olduğunu, daim qarşıya qoyulan məqsədə çatdığını, daim böyüdüyünü və ölkənin də irəliləyişinə dəstək verdiyini görəndə biz də öz məqsədimizə çatmış oluruq.

Bu layihə ölkə qarşısındakı öhdəliyimizin bir hissəsidir. Biz əminik ki, yerli insan resurslarına və ümumilikdə bacarıqların yaradılmasına yatırdığımız və yatırmaqda davam edəcəyimiz əhəmiyyətli sərmayələr həm bizim layihələrə, həm də ölkədə həyata keçirilən digər layihələrə hələ uzun illər fayda gətirəcək.”

LİM 2011-ci ilin yanvar ayında ölkədə potensialların yaradılması səylərini dəstəkləmək öhdəliyinin bir hissəsi kimi BP və onun tərəfdaşları tərəfindən yaradılıb.

LİM layihələrin idarə olunması üzrə beynəlxalq səviyyədə qəbul edilmiş geniş bir təlim proqramı təmin etməklə həm özəl, həm də dövlət sektorundakı şəxslərin layihələri idarəetmə bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulub. Bu təşəbbüsdə əsas diqqət bilavasitə layihələrin idarə edilməsində icranın təkmilləşdirilməsinə və ölkədə layihələri idarəetmə üzrə uzunmüddətli bacarıqların yaradılmasına yönəldilib.

Proqramın tədris planı yeddi moduldan ibarətdir və Corc Vaşinqton Universiteti (CVU) tərəfindən verilən beynəlxalq səviyyədə qəbul edilmiş “Layihələrin İdarə Edilməsi üzrə Magistr sertifikatı”nın alınmasını təmin edir: Layihələrin İdarə edilməsi, Layihəyə Rəhbərlik, İdarəetmə və Əlaqə, Risklərin İdarə Edilməsi, Planlaşdırma və Xərclərə Nəzarət, Layihə Menecerləri üçün Keyfiyyət, Layihənin İdarə Edilməsinin Tətbiqi Mexanizmi və Layihələri idarəetmə mütəxəssisi (LİEM) imtahanına hazırlıq. 

Layihə Xəzər Universiteti ilə əməkdaşlıqda layihələri idarəetmə və onunla bağlı məsələlərin həlli sahəsində aparıcı təlim şirkəti olan ESİ İnternational tərəfindən həyata keçirilir.