Abşeron yarımadasının dayazsulu hissəsi üzrə HPBS ratifikasiya olundu

14 aprel tarixində Azərbaycan Respublikasının Milli Məclisi Abşeron yarımadasının dayazsulu hissəsi (AYDH) üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişi (HPBS) ratifikasiya etdi. 

BP və SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında yerləşən dayazsulu ərazilərdə potensial perspektiv strukturların birgə kəşfiyyatı və işlənməsi üçün ötən ilin dekabr ayında HPBS imzalayıb. Bu, BP-nin Azərbaycan qarşısındakı uzunmüddətli öhdəliyinin bir hissəsi kimi və eləcə də onun həm ölkənin, həm də BP-nin qarşılıqlı faydalanması üçün Azərbaycandakı karbohidrogen ehtiyatlarının tam işlənməsini təmin etmək istiqamətindəki səyləri çərçivəsində gerçəkləşib.
Parlament tərəfindən sözügedən sazişin ratifikasiya olunması BP-nin bu HPBS çərçivəsində öz öhdəliklərini yerinə yetirməsinə imkan yaradan əlamətdar bir hadisədir.  HPBS üzrə kontrakt sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Bu ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layların dərinliyi 3000-5000 metr təşkil edir. Bu, BP şirkətinə dünyanın başqa yerlərindəki digər dayazsulu ərazilərdə qazandığı təcrübəsini və qabaqcıl texnoloji həllərini bu əraziyə gətirməyə imkan verəcək.

AYDH BP-nin Xəzərdəki fəaliyyət tarixçəsində yeni bir səhifə açır. Ötən 20 ildən artıq bir müddətdə BP  AÇG, Şahdəniz və Şəfəq-Asiman layihələri çərçivəsində geoloji-kəşfiyyat, işlənmə və hasilat işləri həyata keçirməklə çox sayda uğurlu işlərə imza atıb. Bu HPBS Azərbaycanın BP-nin uzunmüddətli tərəfdaşlığına olan etimadının bariz nümunəsidir və onun bu ölkədəki uzunmüddətli öhdəliyinin davamını nümayiş etdirir.