Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək layihəsi - 2-ci mərhələ

9 iyul 2019

Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması proqramı BP və onun tərəfdaşlarının maliyyələşdirdiyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıqda həyata keçirdikləri bir sosial investisiya layihəsidir. Layihə British Council tərəfindən icra olunur.

Layihənin 1-ci mərhələsi 2018-ci ildə uğurla tamamlanmışdır - iştirakçıların 50 faizi işlə təmin olunmuş və ya ödənişli təcrübələrdə iştirak etmişdir.

Proqramın əsas məqsədi Bakıda yaşayan, əlilliyi olan şəxslərin məşğulluq bacarıqlarını inkişaf etdirməklə onların iş imkanlarını genişləndirməkdir. Bu məqsədə nail olmaq üçün layihənin iştirakçıları ingilis dili, kompyuter, sosial bacarıqlar və spesifik iş sahələri üzrə  təlimlərə cəlb edilirlər. Layihə çərçivəsində iştirakçılara həm də psixoloji dəstəyin göstərilməsi və müvafiq məsləhətlərin verilməsi nəzərdə tutulur. Proqramın həyata keçirildiyi müddətdə iştirakçılara zəruri istiqamətləndirmə və məsləhət xidmətlərinin təmin edilməsi məqsədilə onların bilik və bacarıqları hərtərəfli qiymətləndirilir. 

Layihənin 2-ci mərhələsi bu il həyata keçirilir. Hazırda ərizələr qəbul edilir və qəbul 1 avqust 2019-cu il tarixinədək davam edəcək. Ərizə və müsahibə əsasında seçilmiş iştirakçılar layihə çərçivəsində sentyabr 2019 – may 2020-ci il müddətində təlimlərdə iştirak edəcəklər.

Bu mərhələdə  100 nəfər əlilliyi olan şəxsin məşğulluq imkanlarının inkişaf etdirilməsinə yönəlmiş çoxsaylı tədbirlər həyata keçiriləcək,  onların potensial keyfiyyətli işçi qüvvəsi kimi müxtəlif müəssisələr tərəfindən tanınmasına dəstək göstəriləcək.  Müvafiq istiqamətdə fəaliyyət göstərən qərarverici təşkilatlar və biznes müəssisələri də tərəfdaş qismində layihəyə cəlb ediləcəklər. Bizneslərin və işəgötürənlərin bu sahadə beynəlxalq təcrübə ilə bağlı  məlumatlılığının artırılması və Birləşmiş Krallığın timsalında  bu təcrübədən faydalanmaları məqsədilə  British Council tərəfindən Birləşmiş Krallıqdan olan təcrübəli ekspert Azərbaycana dəvət ediləcək. Proqramda iştirak edən  şəxslər təlimlərdən maksimum faydalanaraq öz gələcək karyaralarını uğurla qurmaq imkanı qazanacaqlar. 

Layihə ilə bağlı suallarınız olarsa, xahiş edirik layihənin meneceri Flora Poladova (Flora.Poladova1@britishcouncil.az) ilə əlaqə saxlayasınız.

Ərizəni yüklə.
Layihənin birinci mərhələsindən şəkillər: