"Təbrizin sehrli nağılları" ictimaiyyətə təqdim olundu

BP şirkəti orta əsrlərdəki ənənəvi Azərbaycan miniatürlərinə həsr edilmiş ilk nəşr olan “Təbrizin sehrli nağılları” adlı kitabın ictimaiyyətə təqdimatını keçirib.

Bu nəşr BP-nin Azərbaycan mədəni irsinin təbliğ olunması öhdəliyinin bir hissəsi kimi BP tərəfindən, habelə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və “PAŞA Həyat Sığorta” ASC tərəfindən maliyyələşdirilib. Kitab İRS Nəşriyyat Evində nəşr edilib.

Tədbirdə BP və ARDNŞ nümayəndələri, hökumət rəsmiləri, səfirliklərin nümayəndələri, QHT-lər, beynəlxalq qurumlar və KİV-lər iştirak ediblər.

Tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell dedi: “Bu ölkədəki son 20 illik fəaliyyətimiz ərzində biz mühüm tədqiqat işlərini və nəşrlərini dəstəkləməkdə əhəmiyyətli nüfuz qazanmışıq. Bu kitablar əsasən ölkənin dəyərli irsini gələcək nəsillərə ötürmək məqsədi daşıyır. Biz inanırıq ki, bu təşəbbüsləri dəstəkləməklə, biz Azərbaycanın mədəni irsinin yerli və beynəlxalq miqyasda daha da tanınmasına töhfə veririk.”

Professor Cəmilə Həsənzadə tərəfindən yazılmış “Təbrizin sehrli nağılları” kitabında incəsənət aləminin çox parlaq bir nümunəsindən – bir çox məktəblər və istedadlı rəssamlar tərəfindən əsrlərlə təsvir edilmiş-orta əsrlərə aid Azərbaycan miniatürlərindən bəhs olunur. Azərbaycanlı miniatür rəssamların əsərləri dünyanın bir sıra muzeylərində, o cümlədən Nyu-Yorkdakı Metropolitan muzeyi, Vaşinqtondakı “Frier Qəleri” muzeyi, İstanbuldakı Topkapı muzeyi, Dublindəki “Çester Bitti” kitabxanası, Tehrandakı Gülüstan Sarayı, Britaniya Muzeyi, Edinburq Universitetinin Kitabxanası, Rusiya Milli Kitabxanası, habelə Parisdəki Luvr Muzeyi və Milli Kitabxanada saxlanılır. Təbriz ustalarının bir çox dəyərli miniatürləri şəxsi kolleksiyalarda saxlanıldığını görə, onlar hələ də tədqiqatçılar üçün əlçatmazdır.

Bu nəşr Təbriz ustalarının miras qoyduğu irsi tədqiq etmək üçün dəyərli elmi kitab olacaq və bununla yanaşı, bütün dünyadakı oxuculara Azərbaycanın zəngin mədəni irsi ilə tanış olmağa imkan verəcək.