Azərbaycan və BP 2018-ci il Dünya Qaz Konfransında birlikdə

5 iyul 2018

Bu yaxınlarda baş tutmuş dünyanın ən böyük qaz tədbirlərindən biri olan Dünya Qaz Konfransında BP uğurla iştirak etmişdir.

25-29 iyun tarixlərində ABŞ-ın Vaşinqton şəhərində keçirilmiş 27-ci Dünya Qaz Konfransı beynəlxalq miqyasda ən böyük və ən mötəbər qaz konfransıdır. Konfransda 100 ölkədən 12000 iştirakçı iştirak etdi, 600 nəfərin çıxışı ilə 100-dən çox təqdimat keçirildi və 350 nəfər sərgi iştirakçısı 600-dən çox şirkəti təmsil etdi – o cümlədən dünyanın müxtəlif ölkələrindən gəlmiş çoxsaylı şirkətlərin baş icraçı direktorları sənayenin rastlaşdığı ən aktual məsələlər ətrafında debatlar apardı və dövlət rəsmiləri öz çıxışlarında təbii qaz və dövlət siyasəti ilə bağlı müxtəlif mövzuları əhatə etdi.

BP-dən çıxış edən nümayəndələr arasında Qrupun baş icraçı direktoru Bob Dadli, Apstrim üzrə baş icraçı direktor Bernard Luni və BP-nin Şimali Amerikada təbii qaz və enerjinin marketinqi və ticarəti üzrə rəhbəri Orlando Alvarez çıxış edərək qlobal enerji sahəsində təbii qazın əhəmiyyətindən bəhs etdi.

Bob Dadli digər neft və qaz şirkətlərinin baş icraçı direktorları ilə panel müzakirəsində açılış nitqi ilə çıxış etdi. O, dünyada enerji sahəsindəki vəziyyət barədə ümumi məlumat verdi və insanlığın inkişafı üçün enerjinin mühüm əhəmiyyətini vurğuladı. Bununla yanaşı, Bob Dadli enerjiyə artan tələbatı qarşılamaq üçün növbəti iyirmi il ərzində dünyanın hazırkı səviyyədən üçdə bir qədər çox enerjiyə ehtiyacı olacağını qeyd etdi.

Beş günlük tədbir ərzində BP heyəti hər gün çox sayda müzakirə və görüşlərdə iştirak etdi. Bu cür görüşlərdən biri də, Cənub Qaz Dəhlizinin aşılısını qeyd etmək üçün BP ofisində hökumət rəsmilərinin, sənayedəki rəhbər icraçı şəxslərin və müxtəlif ölkələrdən olan səfirlərin qəbul edilməsi oldu.

Bob Dadli, Azərbaycanı Dünya Qaz Konfransında təmsil edən energetika naziri cənab Pərviz Şahbazov və Dövlət Katibinin Köməkçisi Frənk Fənnon rəsmi qəbulda çıxış etdi. Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayan Bob Dadli qeyd etdi ki, Azərbaycan və BP şirkəti uzun illərdir birgə tarixi nailiyyətlərə imza atır.
Dünya Qaz Konfransında çıxış edən cənab Şahbazov “Cənub Qaz Dəhlizi” layihəsinin Azərbaycan üçün əhəmiyyətindən bəhs edib və vurğulayıb ki, bu layihə həm də Avropa bazarlarına qaz təchizatının diversifikasiya edilməsində önəmli rol oynayacaq. Nazirin sözlərinə görə, Cənub Qaz Dəhlizi və onun komponentləri Avropa-yönümlü diversifikasiya edilmiş enerji bazarının yaradılmasını nəzərdə tutan uzunmüddətli strateji məqsədə cavab verən ilk layihədir. Cənab Şahbazov dedi: “21-ci əsrdə enerji siyasətində başlıca istiqamət kimi qaz istehsalçısı və ixracatçısı qismində çıxış edən Azərbaycan 3500km uzunluğunda boru kəmərləri sistemi və Şahdəniz yatağının işlənməsi üçün geniş infrastruktur şəbəkəsi yaratmışdır. “Cənub Qaz Dəhlizi” Azərbaycana yalnız təchizatçı ölkə kimi deyil, həm də tranzit ölkə kimi dividendlər əldə etməyə imkan verəcək bir layihədir.”

O, qeyd etdi ki, Azərbaycan həmçinin Amerika Birləşmiş Ştatlarının dəstəklədiyi Cənub Qaz Dəhlizini gerçəkləşdirməklə öz tranzit mövqeyini möhkəmləndirir. Tədbirdə iştirak edən ABŞ senatoru Şelli Mur Kapito Azərbaycandakı enerji resurslarının ixracının əhəmiyyətini vurğuladı. Senator qeyd etdi ki, bu infrastruktur layihələri ölkəmizin strateji əhəmiyyətini artırır, onun dünya enerji bazarında və dünya iqtisadiyyatında olan mövqelərini gücləndirir.

Növbəti dəfə Dünya Qaz Konfransı 2021-ci ildə Koreyada keçiriləcək və inanırıq ki, Azərbaycan iri qaz ixracatçısı kimi həmin tədbirdə daha da aktiv iştirak edəcək.

DQK-nın sərgisində BP-nin stendi

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...