BP Azərbaycanın Xəzər mərkəzində ilk “Ana Otağı” açılıb

27 August 2018

Artıq BP Azərbaycan şirkətinin Xəzər mərkəzində BP və podratçı şirkətlərin xanım əməkdaşları üçün ilk ana otağı açılıb!

Şirkətin Xəzər mərkəzinin 4-cü mərtəbəsindəki səliqəli, gözəl görünüşlü otaq bir vanna otağı deyil, körpələrini əmizdirən və onlara qulluq edən analar üçün nəzərdə tutulmuş xüsusi bir yerdir.

Bugünədək, analıq məzuniyyətindən qayıdan analar öz körpələrini yedizdirmək üçün südü vanna otaqlarında, ibadət yerində sıxmalı və ya bunu etmək üçün evə qayıtmalı olurdular. BP Azərbaycan şirkəti hamilə və analıq məzuniyyətindən qayıdan qadınlar üçün təhlükəsiz və etibarlı mühit yaratmaq təşəbbüsü irəli sürüb. Sözügedən fəaliyyət BP-nin dəyərlərinə də uyğundur və bir çox əməkdaş, o cümlədən inşaat xidmətləri, peşə sağlamlığı komandaları və BP-də işləyən xanımlardan ibarət layihə qrupu səhnə arxasında səylə işləyərək bu təşəbbüsün böyük uğur qazanmasını təmin edib.

AGT Regionu üzrə prezident Qəri Counz: “Bu, bütün əməkdaşlara hörmətlə yanaşmanın və iş mühitində özlərini təhlükəsiz hiss etmələrinin təmin edilməsinə yönəlmiş, BP dəyərlərimizə uyğun olan və region üçün böyük əhəmiyyət daşıyan bir nailiyyətdir. Ana Otağı BP və podratçı şirkətlərin hamilə olan və ya analıq məzuniyyətindən qayıdan əməkdaşları üçün nəzərdə tutulan xüsusi və təhlükəsiz bir yerdir. Bu gözəl təşəbbüsün reallaşdırılmasında iştirak etmiş hər bir kəsə təşəkkür edirəm!”

“Qadın onu məmnun edəcək karyeraya nail olmaq üçün analığını heç zaman qurban vermək məcburiyyətində olmamalıdır. Ona görə də, bəli, biz bu mühüm addımı atdığımızdan çox qürur duyuruq,” layihə komandasının həmrəhbəri və eyni zamanda lay-kollektor və quyuların etibarlılığının təmin edilməsi üzrə aparıcı mütəxəssis olan Angeni Cayavikramaraca (Angeni Jayawickramarajah) belə deyir. “Bu, sadəcə bir otaq deyil. Bu, rəhbərliyin verdiyi vəd və üzərinə götürdüyü öhdəlikdir ki, hər bir əməkdaş iş mühitində özünü təhlükəsiz hiss etməli və hörmətlə qarşılanmalıdır.”
Peşə sağlamlığı qrupunun rəhbəri Elnur Mirzəzadə: “Ana Otağı hamilə olan və analıq məzuniyyətindən qayıdan əməkdaşlarımıza onların analıq ehtiyaclarının təmin edilməsinə kömək etməklə yanaşı, onların ümumi rifahının yaxşılaşmasına və məhsuldarlıqlarının artmasına şərait yaradacaq. Amma ən vacibi odur ki, həmin otaq analara öz körpələrinin sağlam böyüməsi və inkişaf etməsi üçün lazım olan qidalandırıcı maddələri təbii şəkildə təmin etmək üçün südlərini qoruyub saxlamağa və evlərinə aparmağa imkan verəcək.”
“Peşə sağlamlığı üzrə məsləhətçimiz Nailə Əliyevanın layihənin uğurla həyata keçirilməsinə verdiyi töhfəsini xüsusi vurğulamaq istərdim. O, proses ilə əlaqədar sənədlərin işlənib hazırlanmasında yaxından iştirak edib və ümumi tərtibat dəstəyi verib.”

Ana Otağı peşə sağlamlığı şöbəsi vasitəsilə idarə olunacaq. Hamilə olan və ya analıq məzuniyyətindən qayıdan həmkarlarımız artıq həmin şöbədə qeydiyyatdan keçərək sözügedən otaqdan istifadə edə bilərlər.