BP Beynəlxalq Ətraf Mühit Sərgisində iştirak edib

BP "Caspian Ecology" 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində iştirak edib.
Sərgi 16 noyabr tarixində Bakı Ekspo Mərkəzində açılıb və üç gün davam edib. Xəzər və Qafqaz regionlarında ekologiya  və ətraf mühitin mühafizəsi üzrə bu əlamətdar tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilib. Sərgidə Azərbaycan, Böyük Britaniya, Almaniya, Danimarka və Çexiya Respublikası da daxil olmaqla 14 ölkədən 62 şirkət iştirak edib.

"Caspian Ecology" sərgisində təbii resurslardan səmərəli istifadə; bərk tullantıların toplanması və utilizasiyası sistemləri; çirkab və yağıntı sularının təmizlənməsi sistemləri; mikrotunellərin çəkilməsi, suyun analizi üçün ölçmə və nəzarət texnologiyaları; insanların diqqətinin ekoloji problemlərə və onların həllinə yönəldilməsi kimi bir sıra sahələrdə əldə edilmiş nailiyyətlər nümayiş etdirilib.

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri cənab Hüseynqulu Bağırov BP-nin stendini ziyarət edib və Xəzər dənizində öz əməliyyatlarının təsirini azaltmaq və Azərbaycanda uzunmüddətli neft və qaz layihələrinin ətraf mühitə təsirini minimuma endirmək məqsədilə BP tərəfindən tətbiq olunan ən son texnologiyalar haqqında məlumat alıb.

Üç gün davam edən sərgi müddəti ərzində BP-nin ətraf mühitin mühafizəsi heyətinin nümayəndələri şirkətin öz əməliyyatlarında tətbiq etdiyi Ekoloji İdarəetmə Sistemindəki sonuncu nailiyyətlər; su və torpağın təmizlənməsi üçün ekoloji baxımdan təmiz texnologiyalardan istifadə; toksik tullantıların idarə edilməsi; və istixana qazı emissiyaları haqqında məlumat veriblər.