BP və tərəfdaşları Azərbaycanın gələcəyini qurmağa kömək edirlər

23 avqust 2017

Bu ayın əvvəlində BP şirkəti və tərəfdaşları perspektivli sosial investisiya layihəsinin uğurlu nəticəsini qeyd etmək üçün tədbir təşkil etdilər.

Aztəminatlı ailələrdən olan, yüksək intellektual qabiliyyəti və universitetdə oxumaq arzusu olan yerli orta məktəb şagirdlərinə dəstək vermək üçün 2016-cı ilin sentyabr ayında başlanmış ‘Gələcəyini qur’ layihəsi BP və tərəfdaşları tərəfindən maliyyələşdirilib.   
Layihə BP-nin əməliyyatlarının təsir dairəsinə düşən Qaradağ rayonunun Səngəçal, Ümid, Əzimkənd, Şonqar və Qızıldaş icmalarında yaşayan şagirdlərin universitetə hazırlıq xidmətlərinin təmin olunmasını əhatə edib.   

Layihə tədris və qeyri-tədris komponentlərindən ibarət olub. Tədris komponenti yerli universitetlərə daxil olmağı təmin etmək məqsədi daşıyıb. Qeyri-tədris komponentinin məqsədi isə psixoloji dəstək və təlimlər təmin etməklə və müxtəlif tədbirlər, sərgilər və tədris səfərlərində iştirak etməklə benefisiarların (layihədən yararlananların) şəxsi inkişafına və sosial inteqrasiyasına nail olmaqdan ibarət olub.  

Layihə işləri sayəsində seçilmiş 28 şagirddən (15 qız və 13 oğlan) 24-ü hazırlıq kurslarını uğurla başa vurub və universitetə qəbul imtahanlarını yüksək nəticələrlə keçib. İki layihə iştirakçısı Ruqiyyə Bədirova və Hacıhəsən Hacızadə ən yüksək bal toplamaqla 700 mümkün baldan 668 bal toplayıb və bu, ümumi balın 95%-ni təşkil edir. 12 nəfər isə 500 və daha çox bal toplayıb və onların səkkizi 600-dən yuxarı bal yığıb.   
  
Tədbirdə BP və tərəfdaşlarının nümayəndələri ən yüksək bal toplamış on iki nəfəri dizüstü kompyuterlərlə və qalan iştirakçıları isə bel çantaları ilə mükafatlandırıb.
BP AGT regionunun əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bütün layihə iştirakçılarını və onların valideynlərini qazanılmış böyük nailiyyət münasibətilə təbrik edib: “Bu günkü nailiyyət layihə ərzində öz dəstəyini əsirgəməmiş məzunların valideynləri daxil olmaqla bütün iştirakçıların ağır zəhmətinin nəticəsidir. Mən inanıram ki, hər bir məzun yeni, uğurlu bir layihədir və bu yolda çoxlu imkanlara malikdir! Mən sizin hamınıza gələcək işlərinizdə müvəffəqiyyətlər arzu edirəm!”
Layihə iştirakçıları belə gözəl imkana görə BP şirkətinə və onun tərəfdaşlarına təşəkkür ediblər.  

Bu ilin uğurlu nəticələrinə əsasən, sosial sərmayələr qrupu 2017-2018-ci tədris ilində layihənin əhatə zonasını genişləndirmək və Qaradağ, Ağdaş, Kürdəmir, Ucar və Yevlax rayonlarında layihənin təsir dairəsinə düşən icmalarda yerləşən 130 orta məktəb şagirdini əhatə etmək istəyir.  

Eyni zamanda, layihəyə 10 əlil gənc üçün bərabər imkanlar yaradılması istiqamətində yeni bir komponenti də daxil ediləcək.