• Xəzər
  • Xəbərlər
  • Məqalələr
  • BP-nin sponsorluğu ilə çəkilmiş “Son iclas” bədii-sənədli filminin Ankara şəhərində premyerası olub

BP-nin sponsorluğu ilə çəkilmiş “Son iclas” bədii-sənədli filminin Ankara şəhərində premyerası olub

24 oktyabr 2018

23 oktyabr tarixində Heydər Əliyev Fondunun dəstəyi və BP-nin sponsorluğu ilə Ankara şəhərində Azərbaycanın Türkiyədəki səfirliyi və “Yerli Düşüncə” Dərnəyi tərəfindən “Son iclas” bədii-sənədli filminin premyerası üçün qala gecəsi təşkil edilib.

Tədbirdə diplomatik korpusun üzvləri, Türkiyə ictimaiyyətinin görkəmli şəxsləri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
“Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə BP-nin Azərbaycan xalqına hədiyyəsidir.

BP-nin regional vitse prezidenti və Türkiyə üzrə prezidenti Mik Stamp deyib: “BP Türkiyədə 1912-ci ildən fəaliyyət göstərir, Azərbaycanda isə 26 il bundan əvvəl, yəni ölkə Sovet İttifaqından müstəqillik qazandıqdan cəmi bir il sonra fəaliyyətə başlayıb. O vaxtdan etibarən BP şirkətinin, Azərbaycan və Türkiyə dövlətlərinin tarixi paralel cərəyan edir. Biz bu iki ölkəni birləşdirən iri neft və qaz layihələrində iştirak etməkdən qürur duyuruq. BP üçün Azərbaycanın zəngin tarixi irsinin işıqlandırılmasına yardım etmək də təbii bir haldır. Həmçinin ümid edirik ki, bu işdə iştirakımız haqlı olaraq öz tarixləri ilə qürur duyan işçilərimizə, onların ailələrinə və həmvətənlərinə təşəkkür rəmzidir.”

Bu bədii-sənədli filmdə Azərbaycan Demokratik Respublikasının sonuncu gecəsi və faciəvi sonu ekranlaşdırılıb. Filmdə respublikanın düşmənlərinə - həm işğalçı orduya, həm də onun daxili havadarlarına qarşı aparılan ümidsiz, lakin qətiyyətli və dönməz mübarizədən bəhs edilir. Demokratik respublikanın bu şanlı tarixi və faciəvi aqibəti Azərbaycanın müstəqilliyinin bərpası üçün bariz nümunə oldu.

Filmin ssenarisi əvvəllər tədqiq edilməmiş və ya son vaxtadək gizli saxlanılmış arxiv sənədləri əsasında yazılıb.

Bu bədii-sənədli film Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə çəkilib. Bu layihə altı ay davam edib və orada təxminən 700 nəfər, o cümlədən 50-dən çox peşəkar aktyor, kütləvi səhnələrdə yer almış 500-ə yaxın şəxs və 100 nəfərlik çəkiliş heyəti iştirak edib. Film 25 müxtəlif yerdə olmaqla 32 günə çəkilib.
“Mən “Son iclas” bədii-sənədli filminin ərsəyə gəlməsində və onun bu gecə Ankaradakı premyerasının təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edirik və bu tarixi hadisə həmçinin ölkəmizin öz müstəqilliyini bərpa etməsinin 27-ci ildönümü ilə üst-üstə düşür. İnanıram ki, Müsəlman Şərqində ilk demokratik respublikanın cəsur qurucuları müasir Azərbaycanı və onun dünyada artan rolunu görməkdən qürur duyardı. Onlar həmçinin Azərbaycan və Türkiyə arasındakı dostluğun və bağların hər gün getdikcə daha da gücləndiyini görməkdən fəxr hissi duyardı.”
Xəzər İbrahim, Azərbaycan Respublikasının Türkiyədəki səfiri