Sahibkarlığın İnkişafı Proqramının yeni mərhələsi başlayır

28 noyabr  tarixində BP və tərəfdaşları yerli biznesin inkişafına dəstək olaraq 2007-ci ilin iyun ayında fəaliyyətə başlamış milyonlarla dollar dəyərində olan Sahibkarlığın İnkişafı Proqramının (SİP) müddətinin uzadıldığını elan etdi.
	
Bu proqram şirkətlərin Azərbaycanda öz müqavilələrində yerli resurslardan istifadəni artırmaq, yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına töhfə vermək və eləcə də Azərbaycandakı şirkətlərin öz bizneslərini inkişaf etdirməsinə yardım etmək səylərinin bir hissəsidir.
Müddəti uzadılmış SİP iqtisadiyyatın bütün sahələrini təmsil edən yerli biznes və şirkətlərə öyrənmək, öz bacarıq və potensialını artırmaq və təkmilləşməyə yönəlmək üçün imkanlar yaratmaqda davam edəcək.

2007-ci ildə fəaliyyətə başladığı vaxtdan etibarən bu proqramda təxminən 2000 yerli kiçik və orta ölçülü müəssisə iştirak etmişdir və onlardan təxminən 200-ü bütün kursu tamamlamışdır.
	
Tədbirdə çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Proqramda iştirak etmiş şirkətlərin bəziləri həqiqətən də inkişaf etmək üçün möhtəşəm səylər göstərib və bu səylər nəticəsində BP-nin əməliyyatçısı olduğu layihələr də daxil olmaqla çoxsaylı sifarişçilərlə dəyəri yüz milyonlarla dollar olan müqavilələr bağlayıb.”
	
2007-ci ildən bu vaxtadək proqramda iştirak həmin şirkətlərə yerli və beynəlxalq sifarişçilərlə təxminən 633 milyon dollar dəyərində müqavilələr bağlamaq imkanı verib. Bunun təxminən 383 milyon dolları Azərbaycanda BP ilə bağlanmış müqavilələrin payına düşür.

Bu vaxtadək proqramın iştirakçısı olan yerli şirkətlər özləri də öz inkişaflarına təxminən 22 milyon dollar həcmində kapital yatırıb və təxminən 4000 nəfər üçün məşğulluq imkanları yaradıb.
	
Proqramın uzadılmış 2 illik müddətini müsabiqəli tender prosesi nəticəsində yeni seçilmiş yerli şirkət olan  Ekvita MMC həyata keçirəcək.