Gələcəyi qururuq: 'dənizdəki ilk layihəm'

Esmira Qüdrətova ilə tanış olun. Enerji sənayesinə gəldiyi beş ildən azdır ama o, artıq BP-nin Azərbaycandakı ən böyük qlobal layihələrindən biri, "Şahdəniz-2" layihəsində işləyib. O, ixtisasca mühəndis-mexanikdir və layihənin hazırda dənizdə yerləşdirilmiş yeni infrastruktur avadanlığının çoxunu görüb və onlara toxunub. Gəlin görək o, indiyədək əldə etdiyi təcrübə barədə nələr deyir.

Mən fəxr edirəm. Layihədə elə adamlar tanıyıram ki, ofislərdə layihələndirmə işləri ilə məşğul olub, amma metal strukturlara heç vaxt əli dəyməyib...

BP-nin Azərbaycandakı ən böyük layihəsində, Şahdəniz 2 layihəsində işləmək çox heyrətamiz bir hissdir. 27 yaşım var və bu sənayeyə cəmi beş il əvvəl gəlmişəm, amma dənizdəki işlərin demək olar ki, hər bir mərhələsində iştirak etmişəm: fəaliyyətim sualtı sistemlərin istehsalından başlayıb, onun ardınca qurudakı meydançada üst modulların istismara təhvil vermişəm, daha sonra isə dənizdəki sazlama və istismara təhvil vermə qrupuna keçmişəm.

İnanmaq olmur – hazırda ya dənizin dibində quraşdırılmış ya da yeni dəniz qurğusunda yerləşdirilmiş avadanlığın demək olar ki, hər bir parçasını görmüşəm və hamısına toxunmuşam. Dünya miqyaslı bir komandanın üzvü olmuşam.

BP şirkətinin gənc mütəxəssislər (məzunlar) üçün "Challenge" proqramına birbaşa qəbul olunmamışam...

Azərbaycan Dövlət Neft Akademiyasını mühəndis-mexanik istisası ilə bitirmişəm. Mən "Challenge" proqramı üçün birinci dəfə müraciət edəndə məni qəbul etmədilər – inanmıram ki, dil biliyim o vaxtlar kifayət qədər yaxşı idi. Amma BP məni Neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi proqramına qəbul etdi. Həmin proqram beynəlxalq standartlara uyğun təlim və inkişaf imkanı, o cümlədən altı ay müddətində Biznes yönümlü İngilis dili dərsləri, eləcə də texniki hazırlıq proqramları təmin edir.

Nəticədə mən Böyük Britaniyanın "Herriot Watt" universitetinin sertifikatını əldə etdim, 2014-cü ildə BP şirkətinə işə qəbul olundum və Şahdəniz 2 üzrə layihə qrupuna təyinat aldım. Heç zaman geriyə baxmamışam.

Heç Bakıdakı əsas ofisimizdə də işləməmişəm...

Layihə davam etdiyi müddətdə mən istehsal sahəsinin ofislərində olmuşam, sonra isə dənizə keçmişəm. İlk vəzifəm sualtı sistemlərin istehsalı üzrə qrupun tərkibində layihə mühəndisi olub. Onda mən sualtı qoruyucu təcridetmə siyirtmələri (SSIV) bloklarına görə cavabdeh olan podratçılara rəhbərlik edirdim. Həmin siyirtmələr insident baş verdiyi halda platformanı qorumaq üçün boru kəmərlərinə quraşdırılır. Mən dəniz dibində atqı xətlərinin qoşulma bloku üzərində də işləmişəm.

Həmin komponentlər Azərbaycanda əvvəllər heç zaman inşa edilməyib. Ona görə də mən, sözügedən tərkib hissələrini burada, Bakı Dərin Özüllər Zavodunda istehsal edən ilk milli heyətin üzvü olmaqdan həqiqətən qürur duyuram.

İstehsal prosesi adiləşəndə, irəliyə doğru hərəkət etmək vaxtıdır...

Menecerim izah etdi ki, səkkiz sualtı qoruyucu təcridetmə siyirtmələri blokundan dördünü başa çatdırandan sonra mən həmin fəaliyyətdən öyrənə biləcəyim hər şeyi öyrənmişəm. Həmin vaxt mən hətta BP şirkətinin "TechnoFest" adlı regional müsabiqəsinin qalibi olmuşam. İstehsal qrupu ilə əlaqədar təcrübəm barədə təqdimat etdikdən sonra mən "Challenge" proqramının digər 53 iştirakçısından önə keçərək birinci yerə çıxdım.

Daha sonra mən üst modulların istismara təhvil verilməsi qrupuna qoşuldum. O da qurudakı meydançada idi, amma tamamilə fərqli idi. Bu dəfə vəzifəm komponentləri yığmaq deyildi. Həmin komponentlərin layihələndirmə standartlarına uyğun olmasından əmin olmaq üçün istismar sınaqları keçirməli idim.

Üst modulların dənizə yola salınması üçün hazırlıq işlərinin şahidi olmaq həqiqətən də maraqlı idi.

Nəhəng üst modul konstruksiyalarını istehsal meydançasından barjanın üzərinə daşımaq incə və vaxt aparan bir prosesdir; söhbət saatlardan yox, həftələrdən gedir.

Üst modullardan hər biri domkratla qaldırılmalı, yükləmə ramasının içərisinə sürüşdürülməli və barjanın üstünə dartılmalı, sonra isə yekun olaraq yedək gəmiləri vasitəsilə dənizə daşınmalı, dayaq blokunun üzərinə quraşdırılmalı və sazlama fazası üçün hazırlanmalıdır. Bir axşam biz işdən gedəndə üst modullar orada idi, növbəti səhər isə göyərtələrdən biri yoxa çıxmışdı – hava işıqlanan kimi dənizə yola salınmışdı.

İki ay sonra eyni şey ikinci göyərtə ilə baş verdi.

Qaldır və sürüşdür: sonra isə üst modulları dənizə yola sal.

Sazlama və istismara təhvil vermə fazasında mən dənizdə işləyən və yaşayan yeganə qadın idim...

Şahdəniz Bravo qurğuları körpü ilə əlaqələndirilmiş iki platformadır. Biri yalnız yaşayış blokları və texnoloji təchizat vasitələri üçündür, digəri isə qaz hasilatı üçün texnoloji proses və dikborular platforması adlandırılır. Dənizdəki qrupa 2017-ci ilin aprelində, sazlama işləri başlayandan təxminən bir ay sonra qoşulmuşam.

Yaşayış bloku və texnoloji təchizat platformasına köçməzdən əvvəl o, yaşayış üçün təhlükəsiz olmalıdır. Ona görə də orada kiçik tərkibli heyət işləyərək kanalizasiya və sus sistemlərini, eləcə də xilasetmə qayıqlarını və salları quraşdırırdı. Yaşayış bloku və texnoloji təchizat platformasının üst modulları dənizə yola salındıqdan cəmi 20 gün sonra onlar 228 nəfərdən ibarət qrupun platformaya köçərək sazlama və istismara təhvil vermə işlərini davam etdirməsi üçün hazır idi.

Dənizə ilk səfərim daha bir yeni təcrübə idi; həm yer baxımından, həm də orada yeganə qadın olmağım bir qədər qəribə idi. Amma mən tez uyğunlaşdım.

Platformaları istismara hazırlamaq üçün dənizdə o qədər iş yerinə yetirilməli idi ki...

İlk öncə tikinti işlərini yekunlaşdırmalıydıq, amma texnoloji proses və dikborular platformasının göyərtəsi dayaq blokunun üzərinə quraşdırılmadan biz iki platforma arasındakı körpünü quraşdıra bilməzdik. Həmin işlər başa çatdıqdan sonra biz bir neçə əsas işi, misal üçün atqı xətlərinin quraşdırılması və üst modulların 16 dayağının dayaq bloklarına qaynaq edilməsini eyni zamanda başlaya bildik. Ən çox vaxt aparan əməliyyatlardan biri qaynaq işləri idi.

Daha sonra istismara təhvil vermə qrupları daha öncə quruda ilkin olaraq istismara verilmiş bütün avadanlıqları yenidən yoxlamalı idi – çünki hazırlıq işləri və dənizə yola salma və dənizdə quraşdırma əməliyyatları zamanı avadanlıq hissələri yerini dəyişə bilər. Bütün bunlar içərisində mənim vəzifəm tikinti, istismara təhvil vermə və sualtı sistemlər üzrə qruplar arasında əlaqə yaratmaqdan ibarət idi; öyrənməli çox şey var idi.

Əvvəllər özümə qapalı (introvert) idim, amma idi açıq-aşkar dəyişmişəm…

İşə başlayanda utancaq idim və yeni insanlar ilə danışmaqdan xoum gəlmirdi. Müxtəlif vəzifələr ilə bir qrupdan digərinə keçmək əvvəl çətinimə gəlirdi. Amma tezliklə öyrəndim ki, insanlar həvəslə kömək edir və öz bilik və təcrübələrini bölüşürlər.

Ünsiyyət bacarıqlarım yaxşılaşıb və əminliyim artıb. 2017-ci ilin sonlarında BP-nin Qlobal Layihələr Bölümündən karyeramın əvvəllərində əldə olunan nailiyyətlərə görə mükafata layiq görüləndə çox xoşbəxt idim. İnana bilmirdim.

Növbəti vəzifəmə gəldikdə, bu layihə tam yekunlaşdıqda və biz cavabdehliyi istismar qrupuna ötürdükdən sonra mən başqa bir layihəyə keçəcəm. Amma, hələlik, diqqətimi qalan sonuncu sənədləşmə işləri üzərində cəmləmək istəyirəm. Bu, işin ən maraqlı hissəsi hesab olunmur, amma biz başladığımızı yekunlaşdırmalıyıq.

Gələcək layihələrim də çox olacaq.

İxtisas terminləri sizi çaşbaş salır? Gəlin dənizə aid bəzi əsas terminlərə aydınlıq gətirək…

  • Üst modullar: platformanın yuxarı yarısı, dəniz səviyyəsindən yuxarıda dayaq bloku üzərində duran qurğular.
  • Dayaq blokları: platformanın üst modullarını və ya göyərtəsini saxlayan polad konstruksiya və ya "ayaqlar".
  • Dənizə yola salma/düşmə: qurğuların qurudakı istehsal meydançasından xüsusi barjalar və ya digər gəmilər vasitəsilə dənizdəki yerlərinə daşınması.
  • Sazlama: yekun tikinti işlərinin bu fazasında qurğunun müxtəlif hissələri, misal üçün neft və qaz hasilatına hazırlıq olaraq quyuağzı avadanlıqdan platformaya sualtı atqı xətləri birləşdirilir.
  • Dikboru: dənizdəki hasilat konstruksiyalarını (və ya qazma qurğularını) sualtı sistemə birləşdirən boru.
  • Flotel (üzən mehmanxana): qazma qurğusu və ya platforma ilə yanaşı dəniz işçilərinin yerləşdirilməsi üçün istifadə olunan gəmi.