“Baku Ekspo Mərkəzi”ndə 22-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı oldu

Dünən “Baku Ekspo Mərkəzi”ndə 22-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı oldu.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev açılış nitqi ilə çıxış etdi. Xəzərdə BP-nin operatorluq etdiyi layihələr haqqında danışan Prezident BP və SOCAR arasında 20 ildən artıq davam edən uğurlu tərəfdaşlığı xüsusi vurğuladı.

Prezident Əliyev qeyd etdi ki, BP şirkəti Azərbaycanın strateji tərəfdaşıdır və həm Azəri-Çıraq-Günəş,(AÇG) həm də Şahdəniz layihələrində başlıca xarici investordur. Bundan əlavə, o, bu tərəfdaşlığın qarşıdan gələn onilliklər ərzində davam edəcəyini bildirdi.

Prezident Əliyev həmçinin xatırlatdı ki, BP Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının rəsmi tərəfdaşlarından biridir. O, BP şirkətinin milli idmançıları dəstəklədiyini və onlardan altısının BP-nin xüsusi seçilmiş idman elçiləri olduğunu vurğuladı.

Rəsmi açılış mərasimindən sonra Prezident Əliyev sərgi pavilyonuna baxış keçirdi.

BP-nin stendi qarşısında ölkə başçısını BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell qarşıladı. Cənab Birrell Azərbaycanda ən böyük birbaşa xarici investisiya olan Şahdəniz 2 qaz layihəsi haqqında video-çarxı nümayiş etdirərək, layihənin mürəkkəbliyi və əhəmiyyətini vurğuladı, habelə onun Azərbaycana və Cənub Dəhlizi boyunca yerləşən ölkələrə gətirəcəyi faydalardan danışdı.

Sərgi çərçivəsində BP şirkəti, AÇG, Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından Sahibkarlığın İnkişafı üzrə Mükafatlandırma mərasimi keçirib. Ötən il fəaliyyətə başlayan bu təşəbbüs BP-nin dəstəklədiyi Sahibkarlığın İnkişafı və Təlim Proqramından faydalanmış yerli şirkətlərin nailiyyətlərini mükafatlandırır. Qordon Birrell qalib olan şirkətlərə mükafatlar təqdim etdi.

22-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində 3 iyun tarixində “JW Mariott Absheron” mehmanxanasında Xəzər Neft və Qaz Konfransı keçirildi. Konfransda BP nümayəndələri təqdimatla çıxış etdilər.

Xəzər Neft və Qaz Konfransı ikitərəfli və çoxtərəfli enerji münasibətləri və qlobal enerji təhlükəsizliyi haqqında mövzuların müzakirə edildiyi ən mühüm beynəlxalq neft və qaz tədbirlərindən biridir.

Konfransın ilk günündə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell ötən iyirmi ildən artıq müddət ərzində BP və onun tərəfdaşlarının Azərbaycanda gördüyü işlər barədə qısa təqdimat keçirtdi.