“Son iclas” bədii-sənədli filminin xarici ölkələrə səfəri davam edir – filmin Böyük Britaniyada premyerası oldu

31 oktyabr 2018

30 oktyabr tarixində Azərbaycanın Böyük Britaniyadakı səfirliyi, Heydər Əliyev Fondu və BP şirkəti birlikdə BP-nin sponsorluğu ilə çəkilmiş “Son iclas” bədii-sənədli filminin London şəhərində premyerasını təşkil edib.

Bu, filmin Azərbaycanın hüdudları xaricində ikinci premyerasıdır. Bundan öncə 23 oktyabr tarixində Ankara şəhərində filmin premyerası üçün qala gecəsi keçirilmişdi.

Britaniya Film və Televiziya İncəsənəti Akademiyasının (BAFTA) “Princess Anne” teatr zalında keçirilmiş tədbirdə görkəmli auditoriya toplanıb. Premyerada demək olar ki, 200 nəfər şəxs, o cümlədən hökumət rəsmiləri, diplomatik korpusun üzvləri, diasporlar, akademiklər, BP AGT-nin Böyük Britaniyadakı əməkdaşları, media nümayəndələri və digər şəxslər iştirak edib.
“Azərbaycan öz müstəqilliyini 1991-ci ildə bərpa edib və bu gün o, bütün dünyada uğurlu daxili və xarici siyasətə malik, inkişaf edən demokratik dövlət kimi tanınır. Böyük Britaniya Azərbaycanın etibarlı tərəfdaşıdır və biz ötən 27 il ərzində iki ölkələrimiz arasında güclü əməkdaşlıq yaratmışıq. Bu gün biz Azərbaycan və Böyük Britaniya arasında siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyinin şahidi ola bilərik.”
Rəşad Vahabzadə, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri
Filmin Londonda nümayişi Böyük Britaniya ilə Azərbaycan arasındakı əlaqələrin artan əhəmiyyətinə töhfədir və dünyaya Azərbaycanın zəngin mədəniyyətindən və tarixi irsindən bəhs etmək üçün gözəl imkan yaradır.

“Son iclas” bədii-sənədli film BP-nin Azərbaycan Demokratik Respublikasının 100 illiyinə töhfəsidir. Respublika cəmi 23 ay mövcud olsa da, istismar edilən xalqı Müsəlman Şərqində ilk parlamentar respublikaya çevirdi və Azərbaycan xalqının milli qürur mənbəyi oldu. Filmdə Qırmızı Ordunun işğalından əvvəl Respublikada son bir neçə gündə baş vermiş hadisələr və onun faciəvi sonu təsvir olunub.
BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “BP Azərbaycana 26 il bundan əvvəl, ölkənin Sovet İttifaqından azad olaraq öz müstəqilliyini yeni bərpa etməsindən bir az sonra gəlib. Uzunmüddətli və etibarlı tərəfdaş kimi BP Azərbaycanın tarixi irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyib. Azərbaycanın ilk demokratik respublikası əsl milli dəyərdir və BP şirkəti olaraq biz cümhuriyyətin 100 illiyinin bayram edilməsinə qoşulmaqdan və xalqın qürur hissini paylaşmaqdan şərəf duyuruq.”
Bu bədii-sənədli film Heydər Əliyev Fondunun dəstəyi və BP şirkətinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən çəkilib. Bu layihə altı ay davam edib və orada təxminən 700 nəfər, o cümlədən 50-dən çox peşəkar aktyor, kütləvi səhnələrdə yer almış 500-ə yaxın şəxs və 100 nəfərlik çəkiliş heyəti iştirak edib. Film 25 müxtəlif yerdə olmaqla 32 günə çəkilib.