Prezident İlham Əliyev və Joze Manuel Barroso Səngəçal Terminalına səfər etmişlər

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri canab İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrosonun rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü il 14 iyun tarixində  Səngəçal terminalına və Xəzər Enerji Mərkəzinə səfər etmişlər.  

Nümayəndə heyətini ilk olaraq  BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti  Gordon Birrell salamlamış  və Xəzər regionunda bənzərsizliyi ilə seçilən Xəzər Enerji Mərkəzi ilə tanış olmağa dəvət etmişdir.  Ölkəmizin dünya neft və qaz sənayesindəki rolunu geniş təbliğ edən bu Mərkəz 2005-ci ildə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Gürcüstan və Qazaxıstandan olan yüksək səviyyəli rəsmi qonaqların iştirakı ilə Prezident İlham Əliyev tərəfindən açılmışdır. Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışı ilə eyni vaxta təsadüf etmişdir.  Açildığı gündən bəri Xəzər Enerji Mərkəzinin 45 000-dən artıq ziyarətçisi olmuşdur. 
Nümayəndə heyətinə respublikamızın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verilmiş və bir daha vurğulanmışdır ki,  neft və qaz sənayesi Azərbaycan üçün milli qürur mənbəyidir.  Azərbaycanın  neft və qaz  tarixinin  misilsizliyini  əks etdirən  bəzi faktlar təqdim olunmuşdur. Qeyd edilmişdir ki, Azərbaycan  müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin rəhbərliyi ilə nəhəng  Azəri-Çıraq-Günəşli  yatağının işlənilməsi məqsədilə “Əsrin müqaviləsi” kimi tanınan hasilatın pay bölgüsü haqqında müqavilə imzalandı. Bu müqavilə ölkənin sürətli inkişafına təkan verərək, onu regional enerji mərkəzinə çevirdi. 

Təqdimatdan sonra qonaqlara   Şahdəniz və Cənub Qaz Dəhlizi  layihələrindən bəhs edən videoçarx nümayiş etdirildi. 

Terminalı gəzərkən  Prezidentlərə  məlumat verildi ki,  Səngəçal teminalı dünyada ən böyük və gəlir gətirən neft və qaz terminalıdır.  Terminalın yerləşdiyi sahə 550 hektardan çox və ya 5,5 milyon kvadrat metrdən artıq ərazini əhatə edir və bu da 600 futbol sahəsindən böyükdür.   Terminalda gündə 1,2 milyon barreldən çox xam neft və 40 milyon kubmetrdən artıq qaz emal edilə bilir. Onun xam neft saxlama həcmi 3,2 milyon barrel təşkil edir.  Terminalın sahəsi mürəkkəb boru kəmərləri və avadanlıq şəbəkəsi ilə əhatə olunmuşdur.  Dənizdəki qurğulardan terminala daxil olan boru kəmərləri müxtəlif marşrutlara istiqamətlənməklə Azərbaycanın yüksək keyfiyyətli xam neftini və qazını dünya bazarlarına nəql edir. Terminal həmçinin Qazaxstan və Türkmənistandan  nefti qəbul edir. Terminal iki əsas hissədən ibarətdir: İlkin Neft Layihəsi və Səngəçal Terminalının Genişləndirilməsi Proqramı .  İlkin Neft Layihəsi Xəzər dənizindəki Çıraq yatağından (İlkin Neft Layihəsi adlandırılır) hasil edilən nefti emal etmək, saxlamaq və ixrac etmək üçün inşa edilib. Terminalın bu hissəsində hər birinin həcmi 25500 kubmetr olan və ildə 6 milyon tondan artıq xam nefti emal etmək, saxlamaq və ixrac etmək iqtidarında olan 4 xam neft saxlama çəni yerləşir.
 
Terminalın “ürəyi” hesab edilən idarəetmə mərkəzi  Gürcüstan və Türkiyədən keçən ixrac boru kəmərlərinə nəzarət edir və problemləri aşkar edə bilir.  Nümayəndə heyətinə neft emalı ilə bağlı  görülən  işlər barədə məlumat verildi və qeyd edildi ki,   dənizdəki qurğulardan terminala səkkiz müxtəlif boru kəməri daxil olur və terminaldan da səkkiz boru kəməri çıxır. Onlar müxtəlif marşrutlara istiqamətlənməklə yüksək keyfiyyətli Azərbaycan xam neftini və qazını dünya bazarlarına nəql edir. Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistandan daxil olan üçüncü tərəfə aid nefti də qəbul edir.
 
Səngəçal həmçinin Şahdəniz Qaz Qurğusunda gündə 40 milyon kubmetrdən artıq qaz qəbul edə bilir. Mövcud Şahdəniz qurğusunun arxasında isə gələcək genişləndirilmə sahəsinin ərazisi yerləşir. Şahdəniz Mərhələ 2 çərçivəsində Səngəçal terminalında əsas genişləndirilmə aparılacaq. Bu genişləndirmə terminalın demək olar ki, ümumi qaz emalı həcminin üç misli qədər, yəni ildə əlavə 16 milyard kubmetr qaz emal etməsinə imkan verəcək və terminalın Azərbaycanın neft-qaz sənayesi üçün əhəmiyyətini daha da artıracaq. Tikintinin pik dövründə 5000 nəfərdən çox işçi işə götürüləcək.

Səngəçal terminalı öz neft və qaz ixrac sistemləri ilə birlikdə Azərbaycanı regional enerji şəbəkəsinin mərkəzinə çevirir və Xəzərdəki ehtiyatların dəyərini üzə çıxararaq ölkəni Avropa ilə Asiyanın kəsişməsində dayanan mühüm bir qovşağa çevirir.