Azərbaycanın mədəni irsini dəstəkləyirik

7 aprel 2018

Cənubi Qafqaz Boru Kəməri Şirkətinin (CQBKŞ) texniki operatoru olan BP və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) işləri zamanı əhəmiyyətli arxeoloji tapıntıların aşkar edilməsi haqqında ötən ilin sonlarında açıqlama vermiş və tapıntıların tam təhlil edilməsi üzrə əməkdaşlıq etmək üçün 14 dekabr 2017-ci il tarixində Qarşılıqlı Anlaşma Memorandumu imzalamışdılar.

Tapıntılar Goranboy rayonunun Kərpiclitəpə ərazisində yerləşən arxeoloji qazıntı sahəsində (CQBKG-nin 247-ci kilometrliyində) aşkar edilib.

Bu gün isə  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz həmin arxeoloji qazıntı sahəsinə səfər etmiş, Qarşılıqlı Anlaşma Memorandumu çərçivəsində aparılan əlavə qazıntı və araşdırma işlərinin gedişi ilə maraqlanmışlar. 

Bu sahədə aparılan birgə işlər hər iki tərəfin Kərpiclitəpə ərazisində aşkar edilmiş tapıntılarla bağlı Azərbaycanın mədəni irsinə dəstək göstərilməsində əməkdaşlıq etmək niyyətini təsdiqləyir. Bu, həmçinin, əhəmiyyətli arxeoloji tapıntılarla bağlı CQBKG üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədində CQBKŞ-nin götürdüyü öhdəliklərə uyğundur.

Anlaşma Memorandumu çərçivəsində görülən işlərin məqsədi Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunu təmsil edən altı nəfər arxeoloq tərəfindən həmin sahədə iki ay müddətində əlavə qazıntı aparmaqla tapıntıların miqyası və dəyəri haqda daha dəqiq və ətraflı məlumatlar əldə etməkdir. Hazırda həmin Memorandum çərçivəsində yerinə yetirilən əlavə işlər başa çatmaq üzrədir. Bu işlərdə arxeoloqlara on iki nəfər fəhlə dəstək verir.  

Görülən işlər nəticəsində arxeoloji sahənin 3-Ölçülü modelinin  hazırlanması da nəzərdə tutulub. Hazırda bu yönümdə işlər davam edir. 3-Ölçülü model əldə edilmiş məlumatların geniş yayılmasına kömək edəcək. Aşkar edilmiş bütün artefaktlar müvafiq qaydada tədqiq olunacaq və qorunacaq.

Bütün bu işlər CQBKŞ tərəfindən maliyyələşdirilir.

Arxeoloji tapıntılar haqqında əlavə məlumat

2016-cı ilin oktyabr ayında Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsinin (CQBKG) tikintisi aparılan dəhlizin 247-ci kilometrliyində (KG247) orta əsrlərə aid mühüm arxeoloji sahə aşkar edilmişdir. Layihə heyəti layihə öhdəliklərinə uyğun olaraq bu sahənin tədqiq edilməsi və orada qazıntı işlərinin aparılmasına imkan yaratməşdır. Görüləcək işlərin həcmi Arxeologiya və Etnoqrafiya İnstitutu (AEİ) ilə razılaşdırılmışdır.

Arxeoloji tapıntının əhəmiyyətini nəzərə alaraq, layihə bu tapıntının gələcək nəsillərə qorunub saxlanılması üçün kəmər marşrutunu dəyişərək sahənin yanından ötmək qərarına gəlmişdir. Marşrutun cənub istiqamətinə dəyişdirilməsinin həm texniki, həm də əməyin təhlükəsizliyi baxımından yeganə mümkün variant olduğu müəyyən edilmişdir və hazırda bu istiqamətdə işlər aparılır.

Proses ərzində Mədəniyyət və Turizm Nazirliyi və AEİ ( İnstitutun nümayəndələri qazıntı işləri ərzində həmişə sahədə olmuşlar) ilə əlaqə saxlanılmış və müntəzəm məlumat verilmişdir.

2017-ci ilin dekabr ayında AEİ-dən olan 6 nəfər arxeoloqun nəzarəti altında 12 fəhlə tərəfindən 2 ay ərzində əlavə işlərin aparılması üçün Mədəniyyət və Turizm Nazirliyi və BP arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Həmin iki ay müddəti və resurslar AEİ-nin öz qiymətləndirmələrinə (qazıntı işləri aparmaq və sahəni başa düşmək üçün) əsaslanmışdır.AEİ və layihənin beynəlxalq arxeoloqları ilə aparılmış məsləhətləşmələr əsasında müəyyən edilmişdir ki, orta əsrlərə aid ola bu sahə çox güman ki, qala/istehkam tikilisi olub.

Qazıntı işləri zamanı CQBKG layihəsi qazıntı işlərində qabaqcıl zzbeynəlxalq təcrübədən istifadə etməklə işlərin müfəssəl sənədləşdirilməsini aparmış, hərtərəfli arxeoloji araşdırmalar həyata keçirmiş, bunun ardınca isə boru kəmərinin xəndək sahəsi və daha geniş olan Kəmər Dəhlizi sahəsi əl ilə qazılmışdır (qazılmış ümumi sahə 12m enində x 56m uzunluğunda olub).

Qazıntı işləri nəticəsində çay daşlarından inşa edilmiş divarlar, gil təndirlər və ocaqlar, iki quraşdırılmış təndir, kərpic və saxsı məmulatların bişirilməsi üçün iri soba, çox sayda bütöv və tikilmiş sobalar, su quyuları və məişət quyularının qalıqları aşkar edilmişdir.

Bundan əlavə, çox sayda şirlənmiş və şirlənməmiş saxsı qablar və onların parçaları, mis sikkələr, şüşə məmulatlarının parçaları və qolbaqlar, gil muncuqlar, dəmir və sümük məmulatlarının hissələri və daşdan hazırlanmış əmək alətləri aşkar edilmişdir.

Tikililərin qalıqları, gil məmulatlar və numizmatika materialları göstərir ki, bu abidənin tarixi 10-cu əsrin sonlarına – 13-cü əsrin əvvəllərinə gedib çıxır. Abidənin tikintisində istifadə edilmiş memarlıq üslubları, zərif saxsı qab nümunələrinin çoxluğu və çox sayda sikkələrin aşkar edilməsi onu göstərir ki, bu abidə öz dövründə yaşayış məskəni olub.

Bu tapıntılar araşdırılacaq və elmi və tarixi baxımdan dəyərləndiriləcək.